Ələmut - Mehdi Dostəlizadənin yeni hekayəsi

Ələmut - Mehdi Dostəlizadənin yeni hekayəsi
4 fevral 2026
# 12:00

Kulis.az Mehdi Dostəlizadənin "Ələmut" adlı yeni hekayəsini təqdim edir.

Qılıncın dəstəyini bərk-bərk sıxıb qala divarındakı daşların bir-birinə necə sığındığına baxdı. Uçurumun dibində Şahrud çayı qaranlığın içində boğulur, səsi bura, Ələmutun ən uca nöqtəsinə can verən bir adamın xırıltısı kimi gəlib çatırdı.

İki ildir bu divarların üstündə eyni susqunluqla addım atırdı, lakin bu gecə bir başqa sükuta bürünmüşdü. Elə bil hava həmişəkindən daha ağır, daşlar da daha soyuq idi. Baş barmağı ilə qılıncın dəstəyindəki xırda çata toxunanda diksindi. Sanki bu kiçik qüsur onun mütləq itaət andına düşən ilk çat idi. Uzaqda, dərənin qaranlığında bir tonqal işığı öləziyirdi, o qədər kiçik və o qədər aciz görünürdü ki, bir anlıq özünü o işığa, o hər tərəfi zülmətlə əhatə olunmuş, amma hələ də sönməmək uğrunda mübarizə aparan işartıya bənzətdi.

Yaxınlıqdan keçən bir fədainin ayaq səsləri daşların üzərində quru bir əks-səda yaratdı. Onunla üz-üzə gələndə baxışlarını qaçırdı, çünki bu qalada gözlər şübhələrin, ehtiyatların, nigaranlıqların yuvalarına çevrilmişdi. Bu qalanın sakinləri bir-birinə baxmayaraq, həm də öz həqiqətləri ilə üzləşməkdən qaçırdılar. Eyni libaslar, eyni silahlar, eyni donuq ifadələr. Belə maraqsız görkəmlə üzləşib özünün də o cür olduğunu etiraf etməyə heç kimin cürəti çatmırdı.

Kürəyini kələ-kötür divara söykədi. Yadına anasının xalça toxuyarkən vurduğu toxmaqdan xüsusi ahənglə çıxan səs düşdü. İndi həmin səs Ələmutun bu amansız sükutu qarşısında çox cılız və əhəmiyyətsiz görünürdü. Gözlərini yumub toxmağın tappıltısını yenidən eşitməyə çalışdı, amma uğultudan başqa heç nə duya bilmədi. Elə bil keşiyini çəkdiyi bu qalanın divarları təkcə düşməndən qorunmaq üçün yox, həm də onu öz keçmişindən, öz doğmalarından birdəfəlik ayırmaq üçün ucaldılmışdı. Sanki bu daşların soyuğu yavaş-yavaş közərmək istəyən xatirələrini dondururdu. Anasının xalçaya vurduğu hər ilməni ömürdən bir ləhzə hesab etmək olardısa, burada, bu hündür yerdə keçirdiyi hər saniyə də həmin xalçadan sökülüb atılan bir sap parçası idi.

Ağır, dəmir bəndli qapının küt səsi sükutu bıçaq kimi kəsdi. Diksinib gözlərini açdı, o an xalça ilmələri də, anasının xəyali surəti də dumanın içində itib-batdı. Qılıncın dəstəyini yenidən, bu dəfə daha qətiyyətlə sıxdı. Bayaqdan dərənin qaranlığında izlədiyi o aciz tonqalın işığından da əsər-əlamət qalmamışdı. İndi hər tərəf eyni rəngdə idi, dağ-dərə qapqara libasa bürünmüşdü. Dərindən nəfəs alıb yerindən tərpəndi, ağır addımlarla bürcün o biri küncünə tərəf yeridi.

Fikir eləməkdən hesab-kitabını qarışdırmışdı, sübhün nə vaxt açılacağını təxmin edə bilmədi. Dayandı, ayağının altındakı daşların titrədiyini hiss etdi, amma deyəsən titrəyən daşlar deyil, öz dizləri idi. Baxışlarını yenidən uçurumun dibinə dikdi. İndi Şahrudun səsi can verən adamın xırıltısına yox, qaranlığın dibində yığılıb qalmış lal bir təlatümə bənzəyirdi. Bir anlıq ona elə gəldi ki, bu qalanın bünövrəsi yerdə deyil, göydədir, o asimandan asılıb və indicə ucsuz-bucaqsız zülmətin içində azıb yolunu itirəcək.

Yenidən qılıncın dəstəyini sıxdı. Bu döyüş aləti artıq onun bədəninin bir parçasına çevrilmişdi. Düşündü ki, daha bu qılınc ona xəsarət yetirə bilməz, ətrafındakı hər şey bu qılınc kimi olsa, aralarındakı pərdə qalxsa, heç bir dərdi olmaz. Əgər o da bu divarların bir daşına çevrilə bilsə, nə xatirələr onu incidər, nə də bu bitmək bilməyən, sübhünün nə vaxt açılacağı məlum olmayan gecə. Amma qılıncının dəstəyindəki həmin çata toxunanda hələ də diri olduğunu xatırladı. Bu çat həm onun lənəti, həm də yeganə həqiqəti idi.

Gözləriylə bayaq sönən tonqalın olduğu yeri axtardı. İndi orada heç nə yox idi, amma hələ də o közün işartısını xəyalında canlandırırdı. Tonqalın işığı varlıqla onun arasındakı sonuncu rabitə idi, sönməyiylə əlaqələr kəsilmiş, irtibat pozulmuşdu. İndi isə yalnız yuxarıda, buludların arxasında gizlənən ulduzlar və aşağıda, qaranlığın dibində boğulan çay barədə, daha doğrusu onların hansına pənah aparmalı olduğu barədə fikirləşirdi. Bu iki məşum mənzərənin arasında ilişib qalmışdı.

Boğazında acılıq hiss etdi. Udqundu, amma acılıq daha da dərinə getdi. Başını qaldırıb göyə baxdı. Buludların arxasında rənglər yavaş-yavaş dəyişirdi, amma o bunu sübhün qayıtmağı kimi yox, qaranlığın cilddən-cildə girməyi kimi başa düşdü. Nə olur olsun bir bəhanə axtarırdı ki, səhərin nə vaxt açılacağı onun üçün müəmma olaraq qalmaqda davam etsin. Qaranlığın bitməsini, hər şeyin aydın görünməsini istəmirdi. Axı onda eyni libaslar, eyni silahlar, eyni donuq ifadələr açıq-aşkar gözə batacaqdı, yox, bu mənzərəylə üzləşməyə hələ hazır deyildi.

Ovcundakı tər qılıncın dəstəyini tamamilə islatmışdı. O, silahını bir anlıq yerə qoymaq istəsə də, fikrini tez dəyişdi. Bilirdi ki, bu mümkün deyil. Qılıncı yerə qoysa, bütün varlığının sarsılacağına inanmışdı birdəfəlik. O bu silaha məhkum idi, necə ki bu daşlar bu qalaya məhkumdur. Hər şey öz yerində dayanmalı idi ki, dünya dağılmasın. O öz yerində, bu uca bürcün həndəvərində donub qalmalı idi.

Baxışlarını uzaqdakı boşluqdan ayırıb öz çəkmələrinin ucuna, daşların arasındakı nazik yarıqlara dikdi. Toz-torpaqla dolmuş o kiçik boşluqlarda qəribə bir aramlıq vardı. Onlar nə kiminsə əmrlərinə itaət edir, nə də vicdanın sızıltısını eşidirdilər. Bir anlıq özünü o toz zərrələrindən biri kimi təsəvvür etdi. Namsız, nişansız və ən əsası, ixtiyarsız. İxtiyarsız, seçimsiz olmaq bu qalada ən böyük ehtiyac idi, çünki seçim və azad iradə olan yerdə mütləq şübhə də əmələ gəlirdi. Şübhə isə insanı Ələmutdan dərəyə yuvarlanan hər hansı bir daşdan daha sürətlə uçuruma sürükləyə bilərdi. Qılıncının dəstəyindəki o xırda çatı baş barmağı ilə yenidən yoxladı, o çat sanki onun bədənindəki bir yara idi, sağalmırdı, amma artıq ağrısına da öyrəşmişdi.

Duman dərənin dibindən yavaş-yavaş yuxarıya, qalanın bürclərinə tərəf dırmaşmağa başladı. Bu ağ kütlə hər şeyi udur, qayaları, otları, sıldırımları, cığırları acgözlüklə yeyib bitirirdi. O, dumanın içində itən barmaqlarına baxdı, elə bil bədəni yavaş-yavaş havada əriyir, maddi varlığını əldən verirdi. Elə bu vaxt mütləq itaətin nə olduğunu dərk etdi. Mütləq itaət özünü bu dumana yem etmək, görünməz olmaq və sadəcə bir iradənin içində itib-batmaq, ona qarışıb öz müstəqil varlığını əldən vermək idi artıq onun gözündə. Boğazındakı acılıq daha onu incitmirdi, əksinə, doğmalaşmışdı. Dərindən nəfəs alıb gözlərini yumdu və dumanın onun üz-gözünü isladan toxunuşunu hiss etdi.

Qəflətən bir quşun səsi eşidildi. Haradansa uçub gələn və bu zülmətin içində yolunu azan tənha bir quş qalanın kənarından süzülüb keçdi. O, gözlərini açanda uzaqda, üfüqdə çox sönük, demək olar ki, seçilməyən boz bir zolağın peyda olduğunu gördü. Başa düşdü ki, bir azdan səhər açılacaq və o yenidən qılıncının parlaqlığını, divarların qorxunc ucalığını və özünün kiçikliyini görəcək. Bu anın, bu qeyri-müəyyənliyin heç vaxt bitməməsini arzuladı. Çünki işıq hamının eybini açıb-tökür, qaranlıq isə ən azından xəyal qurmağa, keçmişin ilmələrinə toxunmağa, toxmağın səsini xatırlamağa imkan verirdi.

Bu məqamda dumanın ən qatı yerindən, dərənin dar cığırlarından qopan at kişnəməsinin səsi aləmi bürüdü. O qeyri-ixtiyari qılıncını çəkib irəli boylandı. Bir atlı dumanın içindən kölgə kimi sıyrılıb çıxdı, qalanın darvazasına doğru elə amansız sürətlə çapdı ki, elə bil arxasınca ölüm gəlirdi. Qala qapısının ağzına çatanda atını şahə qaldırıb yerində dövrə vurdu. Başını qaldırıb yuxarı, bürcə tərəf baxanda, göz-gözə gəldilər. O qılıncını daha da bərk sıxdı, lakin nə qədər çalışsa da, yerindən tərpənə bilmədi.

Atlı necə sürətlə gəlmişdisə, elə həmin cür də dumanın içində itdi, lakin ardınca buraxdığı sükut bayaqkindən daha qorxulu idi. Başını qaldırıb sonuncu dəfə göy üzünə baxdı, buludların arxasında sökülən sübh artıq ümid yox, Ələmutun üzərinə enəcək bir kəfən kimi ağarırdı.

# 183 dəfə oxunub

Oxşar xəbərlər

Durna və qarışqa - Ceyhun Ərmən Vedilinin hekayəsi

Durna və qarışqa - Ceyhun Ərmən Vedilinin hekayəsi

13:30 4 fevral 2026
Kompüter və e-maildən istifadə etməyən yazıçı - O, hansı hadisəni ömrü boyu unutmadı?

Kompüter və e-maildən istifadə etməyən yazıçı - O, hansı hadisəni ömrü boyu unutmadı?

12:00 3 fevral 2026
Onun ən böyük arzusu mənim yasımda oturmaq idi - Bəhruz Tağızadə

Onun ən böyük arzusu mənim yasımda oturmaq idi - Bəhruz Tağızadə

10:00 31 yanvar 2026
İsanın günahı - İsaak Babelin hekayəsi

İsanın günahı - İsaak Babelin hekayəsi

13:30 27 yanvar 2026
Düzbucaq - Kəmalə Mirzəyevanın hekayəsi

Düzbucaq - Kəmalə Mirzəyevanın hekayəsi

11:00 24 yanvar 2026
25 Avqust 1983-cü il - Borxesin hekayəsi

25 Avqust 1983-cü il - Borxesin hekayəsi

14:10 17 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər