Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən hesab olunan Aşıq Ələsgərin yaradıcılığına münasibət birmənalı deyil. Bəziləri onun şeirlərini sadəcə folklor nümunəsi, bəziləri isə ciddi ədəbiyyat hesab edir. Bu mövzuda yazıçı Şərif Ağayar tənqidçi Mehman Qaraxanoğlu ilə söhbət edib. Kulis.Az həmin müsahibəni təqdim edir.
- Aşıq Ələsgəri folklor saymaq olarmı?
- Birmənalı olaraq, yox! Əvvəla, baxaq görək nədir aşıq yaradıcılığı? Orta və ali məktəb dərsliklərində aşıq yaradıcılığını, yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında xüsusi bir sahə kimi təqdim edirlər. Bunu da aşıq sənətinin sinkretikliyi ilə əlaqələndirirlər. Yaxşı, onda bəs niyə H.Arifi, Z.Yaqubu və başqalarını aşıq hesab eləmirik? Axı onlar da yazır, sazda çalır və oxuya bilirdilər. Bu cür yanaşma sosrealizmdən gəlir, çünki aşıqlardakı azadlıq ruhu - ən azından Sücaəti xatırlayın! - bu ədəbiyyatın ölü qəliblərinə sığmır, müti ruhu ilə uzlaşmırdı və ən rahat yol isə koloniya tikdirib onları ora salmaq idi. Və postsovet məkanı dağılsa da, bu günəcən o koloniya göz bəbəyi kimi qorunur!
- Mənim də arqumentlərim var. Təcnis və divanilərində o cür - klassik ədəbiyyata xas dərin irfani mətləblərdən bəhs edən bir sənətkarı necə folklor hesab etmək olar? Hansı ki, məsələn “Ələstüdə bəli deyən (dedim)...” ifadəsi ilə başlayan iki divanisini xırdalamaq üçün böyük bir məqaləyə ehtiyac var. Xalq belə dərin məzmunlu şeir yarada bilməz axı...
- Doğru arqumentlərdi. Allahın: “Mən sizin Rəbbiniz deyilmiyəm?” sualına bu təqva sahibi cani-dildən “Bəli!” deyir. Tanrı önündəki bu itaətlik onun bütün yaradıcılığına hopub. Özünü “”Qul Ələsgər” adlandıranda da buna işarə edir. Amma bir nüansa diqqət yetirməliyik: irfaniliyi təkcə klassikada axtarmaq yanlışlığa aparar. Folklorumuzda da bu qata gen-bol rast gəlinir. Bu, həm də bir yaşam tərzidir. Niyə Dədə Ələsgərin - “Dədə” hər kəsə müyəssər olan titul deyildir, məhz titul, təxəllüs, ləqəb yox! - sələfləri və xələfləri bu mərtəbəyə yüksələ bilmədilər? Bu suala özü cavab verir:
Arif ola, еyham ilə söz qana,
Naməhrəmdən şərm еyləyə, utana,
Saat kimi mеyli haqqa dolana,
Doğru qəlbi, doğru yolu gərəkdi.
- Aşıq Ələsgərlə Məhəmməd Füzuli arasında qəribə bir ruh və məzmun yaxınlığı görürəm. Sizcə də belədirdmi?
- Hər ikisi arifliyin ən uca mərtəbəsinə yüksəlib. Necə ola bilər ki, ucalığın o məqamında onların “ruhi görüşü” baş tutmasın?! Həm də təriqət eyniliyini də nəzərə almaq lazımdır. Füzuli “Həqiqətüs-şüəda”nı, Dədə isə bu mövzuda “Mərsiyə”sini yazdı. Digər tərəfdən, irfan elminin öz “dili” vardır. Dədə Ələsgər də buna vaqif idi. Ona görə də Füzulidəki sözlər, məcazlar və adlar yumşaq bir sıçrayışla onun lirikasına adlayırdı. Yenə də dürüst cavabı Dədədən alaq:
Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü gövhər süzülə,
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdi.
Məcaz və Müəmma! Onun yaradıcılığını göylərə ucaldan iki qanaddır…
- Füzulinin “Titanik” gəmisində gətirdiklərini, Aşıq Ələsgər izafətlərdən arınmış təmiz Azərbaycan dilinə - yəni qayığa yükləyə bilib. Bu mənada, lap sehrbaz kimi görünür.
- Çox obrazlı dediniz. Çalışıb mən də obrazlılıq qatam gərək. Bu qayıq hələ büsbütün təmiz sulara çıxmamışdı. Ona görə də onun avarlarına “mürği-ruhum”, “xaki-payına”, “çərxi-kəcmədar” və s. izafət birləşmələri ilişirdi. Bunlar öz yerində! Bilmək istəyirəm, niyə paralellər aparanda dil faktorunu bu qədər qabardırlar? Hətta Vaqiflə Füzulini müqayisə edəndə də! Dədə Ələsgərdən əvvəl Qurbani də belə sehrbazlıq eləmişdi. Və başqa əsrdaşları da. Yazılı ədəbiyyatda isə Vidadi. Bəs niyə onların da haqqı kəsilib Vaqifə verilir?! Ona görə də sənətkarlar müqayisəyə cəlb olunanda daha dərin layları tərpətmək lazımdı. Dil olsa, olsa bu laylara enmək üçün kəndir rolunu oynayır.
- Onun bəzi mövzuları Nizami ilə də səsləşir... Allaha həmd sənalar, peyğəmbərin meracı, igidliyin tərənnümü, qadın və təbiət gözəlliyinin vəsfi və s.
- Səsləşməyə bilməzdi. Çünki onlar ruh qardaşları idi. Amma Nizaminin fikir kotanı çox dərinlərə işləyirdi. O, dünya elminə dərindən bələd idi. Həmçinin, islami fəlsəfənin həm yaradıcısı, həm də təbliğatçısı idi. İsgəndərin qırx alimlə söhbətini xatırlayın. Bütünlüklə bu söhbət “Quran” ayələri üzərində qurulmuşdur. Burada dünyadərkinin müəmmalı kodları çözülür. Dədə Ələsgərdə isə bir qədər başqa cürdür - o, dini-islami fəlsəfənin sayrışmalarını anlaşıqlı bir formada xalqa çatdırmaq missiyasını öz üzərinə götürmüşdü. Necə deyərlər, haqq sözünü isbat edirdi: “Ələsgər haqq sözün isbatın vеrə” Onun “Allahın adı ilə”, “Peyğəmbərin meracı”, “İmamlar”, “Pənc Ali-Əba” şeirləri dediklərimizin sübutudur. Klassik divan ədəbiyyatına xas olan düzgüyə diqqət yetirdinizmi? Yeri gəlmişkən, 2014-cü ildə “Şərq-Qərb nəşriyyatında 25 min tirajla buraxılan Aşıq Ələsgər “Əsərləri” kitabında “pənc” sözünün “rənc” kimi getməsi bağışlanmaz kobud bir səhvdir!.
- O savadsız idi... İnsanlar arasında dolaşan bu sadəlövh qənaətlə bağlı nə düşünürsünüz?
- Sərt olsa da, deyəcəyəm: onu savadsız adlandıranların özü savadsızdır. Xırda bir ədəbi fakt: “Allahın adı ilə” başladığı şeirində ərəb (“Quran”) hərflərini bir alim kimi mənalandıran bir şair necə savadsız ola bilər?
“Za” – zülm еdəcək düşmənə,
“Еyn” – həyati-çеşmanə,
“Ğеyn” – ğül-ğüli-dövranə,
“Fе” – fəna, “qaf” – qiyamətdi.
“Kaf” – “kun” ilə tutub qərar,
“Lam” – lal, nеcə hеsab vеrər,
“Mim” – möminə yol göstərər,
İsmi-paki Məhəmməddi.
Hələ onun dodaqdəyməz, cığalı, müstəzad təcnislərini, dildönməz gəraylısını və qəzəllərini demirəm. Dilin fonetik sistemi və qrammatik quruluşunu dərindən bilmədən bu janrlarda necə yenilik etmək olardı?
- Firdovsi, Nizami, Hafiz, Nəsimi / Onlar da yazdığı aya məndədi – aşıq yalanmı danışırdı?
- Nə yalan?! Sıralanmaya diqqət yetirin. Şairin klassikaya bələdliyi burada da özünü göstərir. Özünüz deyin, bu sənətkarları oxuyub tanımadan onlar barəsində necə söz demək olar? Onun istəyinə bir baxın:
Mən istərəm, alim, mömin yüz ola,
Mеyli haqqa doğru, yolu düz ola,
Diliylə zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban еylər.
- Aşıq Ələsgəri hecada ən gözəl şeirlər yaradan Molla Pənah Vaqif və Səməd Vurğunla necə müqayisə edərdiniz? Məncə, ikisindən də ustadır.
- Əvvəla, Vaqifə qədər hecada çox gözəl şeirlər yazılmışdı. Təkcə müasiri Vidadi lirikasına nəzər yetirsəniz, bunun şahidi olarsınız. İkincisi, haqqında danışdığımız şair-aşıqların heca vəznli şeirləri də Vaqifə təsir etməyə bilməzdi. S.Vurğuna gəlincə, saxta epoxa və onun doğurduğu yalançı pafos onun axırına çıxdı. Bu gün nə qədər çalışsaq da, onu necə var, o cür xilas eləmək çox çətindi. S.Vurğunun şeirlərini, istəsək, istəməsək də zaman ələkdən keçirməlidir. O, gələcəyə xəstəhal kimi gedir… Vaqif də eynən o cür… Bu baxımdan Aşıq Ələsgər gələcəyə daha şux və üzüağ gedir…
- Belə bir fikir var ki, əruzda Füzuli, sərbəstdə Nazim Hikmət, hecada isə Aşıq Ələsgər... Bu bölgü nə dərəcədə realdır?
- Real deyil! Bütün bölgülər şərtidir… Nəzərə alın ki, dahi Nizami də əruzda parlaq iz qoyub, Xaqani də. Lakin mövcud tərcümələr bunu çatdıra bilmir… Onların günahıdırmı? Görürsünüzmü, yenə də təhtəlşüurumuzdakı dil faktoru öz işini görür – Füzulini önə veririk.
N.Hikməti də kontekstdən ayırmaq olmaz, kontekst isə dünya poeziyası idi. O, Q.Lorka və P.Nerudanın müasiri idi… Həmçinin, S.Vurğunun da…
Və Aşıq Ələsgər də hecada yeganə deyildi.
- Aşıq Ələsgərin ən vacib və özünəxas özəllikləri daha hansılardır, sizcə?
- İlk növbədə, bu amansız dünyada uzun və gözəl yaşamağın formulunu təqdim edir. Vidadi kimi…
İslami dəyərlərə əvvəldən axıra qədər sadiq olan az-az sənətkarlarımızdandır. Hər şeydə pəhrizkarlığı gözləyir, hətta dilində də...
Nəsihətçilik ruhu yaradıcılığında çox qabarıqdır. Bu, məhdudluq yaradır. Ənənələri dağıdan Mirzə Şəfi kimi müasiri və sələfi olsa da, nədənsə dünyəviliyə çox da meyillənmir.
- Aşıq Ələsgəri Türkiyədə çox məşhur olan Yunus Əmrə, Pir Sultan Abdal, Qaracaoğlan və Aşıq Veysəllə necə müqayisə edərdiniz? Belə bir fikir var ki, bədii güc baxımından Ələsgər tək Azərbaycan yox, Anadolu və Orta Asiya aşıqlarından da üstündür.
- Yunus Əmrə böyük sufidir. Obrazlı desək, o, körpü idi – çoxsaylı sufi məktəblərindən və Mövlana Cəlaləddin Rumidən “götürdüklərini” xalqa ötürürdü. Və bu ötürücülük missiyasını bir ozan olaraq ustalıqla yerinə yetirirdi. Sirli, gizli təsəvvüf sadə şifrələrlə xalq ruhuna nəqş olunurdu:
Məni məndən sorma, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri...
Ümumtürk ozan sənəti nəzəri baxımdan “Dədə Qorqud” eposundan başlanır. “Çoxgörüntülü” Dədə, Qurbanidə konkretləşir. Qurbani türk dünyasının ilk Ozan faktıdır. Şah İsmayıl Xətayi adı ilə bağlı mövcud ictimai-siyasi və ədəbi mühit bu faktın gerçəkləşməsində misilsiz rol oynadı. Pir Sultan Abdal bundan sonra gəlir. Baxın, o da qızılbaşlığın el-el, oba-aba gəzən səyyar dilidir.
Nəticə budur ki, ümumtürk aşıq sənətinin pərvəriş tapdığı məkan Səfəvilər dövlətidir. Bu baxımdan Dədə Ələsgər ruhən Qurbaniyə və Pir Sultan Abdala yaxındı. Bu hal onun yaradıcılığında açıq-aşkar sezilir.
Qaracaoğlanın türküləri “Koroğlu” eposundakı ruh üzərində köklənmişdir. Onda gərək Koroğlunu da aşıq kimi götürək. Niyə də götürməyək? Xalq nə zamandan şeir qoşan olub?! Söhbət, təbii ki, toplumdan, ümumidən gedir...
Aşıq Veysəl Dədə Ələsgərdən sonra gəlir. Dədə Ələsgərin Qurbanidən üzübəri gələn Anadolu və Orta Asiya aşıqlarından üstün olması fikri isə dərin araşdırma tələb edir. Fikrimcə, bədii siqlət, elmilik, janrlar üzərindəki cəsarətli “cərrahiyyə əməliyyatları”na görə o, əvəzsizdir.
- Bir dəfə Ramiz Rövşən söhbətlərinin birində demişdi ki, şair nə qədər yadda qalırsa, elə o qədərdir. Bu belədirsə Aşıq Ələsgər çox böyük sənətkar olmalı...
- Şübhəsiz. Dədə həm də əsrarəngiz şəxsiyyəti ilə yadda qalır. Bəzən sənətkarın şəxsiyyəti ilə yaradıcılığı arasında bilərəkdən Çin səddi çəkirlər, bu, çox qorxulu (həm də bic!) tendensiyadır. Həyatda nəsənsə, ədəbiyyatda da o-san… Dədə ilk sevgisinə nə qədər sədaqətli idisə, sözə də o qədər olur…
- Adətən böyük sənətkarla epoxa başlayır, amma Aşıq Ələsgər sonuncu mogikan sayılır. Yəni onunla epoxa bağlanır. Bunun mistik bir mənası varmı, yoxsa bizi bu gerçəkliyi qəbul etməyə Aşıq Ələsgərin böyüklüyü məcbur edir?
- Əgər Dədə Ələsgəri sonuncu mogikan hesab eləsək, sələflərimizin səhvlərini təkrar etmiş olarıq. Belə ki, varislik prinsipini pozaraq onu ümumtürk kontekstindən ayıracağıq. Epoxanın bağlandığı yer, həm də xələflərə açıq yerdir. Məhz o yerdən XX əsr türk dünyasının ən böyük ozanı Aşıq Veysəl daxil oldu. O Aşıq Veysəl ki, ismarıclarını bizlərə yollayırdı:
Məni xor görmə, qardaşım,
Sən altunsan, mən tuncmuyam?!
Eyni vardan var olmuşuq,
Sən gümüşsən, mən sacmıyam?!
Nə var isə səndə, məndə,
Eyni varlıq bir bədəndə.
Yarın məzara gedəndə,
Sən toxsan da, mən acmıyam?!
Yekun sözü, şübhəsiz ki, Dədə Ələsgər deyir:
Kibridən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı.
Yüz sənin tək ahu gəzən şahmarı
Fələk kəməndinə saldı dünyada.
- Dili müxtəlif qatlarını o səviyyədə bilmək, o rəvanlıq, o obrazlılıq, metaforik düşüncə, simvolik dərinlik, sətiraltı məna, işarə, istehza və s. dağlarda sərgərdan dolaşıb toy çalan bir aşığın timsalında mənə möcüzə kimi görünür, açığı... Sizcə?
- Sözsüz, möcüzədir.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.
Aşiqlik, Dərvişlik və Dəlilik… O, şeirlərində də bu Üçlüyün sintezini təqdim edir. Öz canı da bir yol, bir nərdivandı… Dil, Tanrı Ucalığına bu nərdivanla çox rahat qalxıb enir. Şeirə boylanın: “İnsan payız ölə, yazda dirilə! Zimistanda boran-qarı çəkmiyə” Misralar o qədər təzə-tərdi ki, adama elə gəlir, indicə dərilib. Və ya:
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
- Onu Azərbaycan oxucusu lazımı qədər tanıyırmı? Tanımırsa, bu yöndə nə etməliyik?
- Yaxşı tanımır. Bu tanışlıq çox mozaikdi. Elə digər klassiklərimiz də bu aqibəti yaşayır. İfrat inkarçılıq daha çox buradan qaynaqlanır. Peyğəmbər buyurur: “İnsan bilmədiyinin düşmənidir”
Ədəbi irsimizə hələ də sosrealizmin rəngli pəncərəsindən (qırmızı, yaşıl) baxılır. Yeni, modern təhlil metodları formalaşmalıdır. Klassiklərimizə və istedadlı çağdaş yazarlarımıza dünya ədəbi kontekstindən yanaşmasaq, o pəncərə şüşələrini qırıb tökməsək, Dədə Ələsgərin qınaq və töhmətindən heç bir zaman qurtula bilməyəcəyik:
Yazıq aşıq, vеrmə ömrünü zaya,
Qədirbilən can bu yеrdə tapılmaz.