Müşahidə edirəm, sözü istedadla deməyi elə-belə, hamının bacaracağı şəkildə deməklə qarışdırırlar. Məncə bu, çox incə məsələdir. Ona görə bu barədə bir balaca yazmaq istədim.
Sözü istedadla demək sözü istedadla yazmağın başlanğıcıdır.
Bəs sözü istedadla demək nədir? İstedadla demək, sözün təsirini, enerjisini artırmaq, müxtəlif üsullardan istifadə edərək ona məxsusi biçim verməkdir.
Sadə bir misalla fikrimi izah etməyə çalışacam.
Gəncliyimizdə tələbə dostum Bakıya qonaq gəlmişdi. Dedi, gedək o biri tələbə yoldaşımızın atası ilə görüşək. O biri tələbə yoldaşımız ali məktəbi qurtarar-qurtarmaz ölkəni tərk eləmişdi, xəbəri gah İrandan gəlirdi, gah Turandan. Deyilənə görə, küsüb getmişdi. Məqsədimiz o idi ki, atasına baş çəkək, bu binəvanın yerini-yurdunu öyrənək, əlimizdən gəldiyincə kömək edək. Ən azı yaşlı və övladı üçün qəribsəmiş ata-anasının könlünü alaq.
Görüş baş tutdu. Yaxın ətrafdakı qohum-qonşular yığıldı. Çox şirin bir söhbət getdi aramızda. Zarafatlaşdıq, dedik-güldük. Söz gəlib tələbə yoldaşımıza çatanda atası qaşlarını qaldırıb ah çəkdi, anası ağladı... Sonra baş verənləri təfsilatı ilə bizə danışdılar. Məlum oldu ki, bu səydərəş qıza görə cəlayi-vətən olub. Ata-anası, xüsusilə anası sevdiyi qızı almaq istəmədiyi üçün baş alıb evdən gedib. Əvvəl Rusiyaya, Türkiyəyə, sonra Çinə - Urumçiyə... Axırıncı xəbəri Ərəbistandan gəlib. Məcnunun vətənindən...
Söhbət bitən kimi araya kədərli bir sükut düşdü. Heç kim nəsə deməyə cürət eləmədi. Qəfil tələbə dostumun səsi eşidildi: “Onun dərdi eşq dərdidirsə, Ərəbistanda da bənd almayacaq!”
Bu sözdən sonra gərilmiş ortama elə bir gülüşmə düşdü ki, hamı gözləri yaşaranacan güldü...
Mən düşündüm: söhbətin bu kədərli məqamında belə bir gözlənilməz effektə nail olan nə idi? Və dərhal da tapdım: sözün istedadla deyilməsi! Fikri tapmaqla deyil, onu ruslar demiş “udaçnı” ifadə eləməkdir məsələ...
Söz “Qız sevirsə o, heç yerdə rahatlıq tapa bilməyəcək”, “Belə getsə, hələ çox ölkələrdən sorağı gələcək” və s. kimi deyilsəydi heç bir effekt verməzdi və mənim yadımda qalmazdı. Dostum sözün ən gözəl variantını tapıb demişdi. Və hətta bəlkə o anda bu söz ona ilham kimi göndərilmişdi.
Bax bunun adı yaradıcılıqdır!
Məsələyə yaradıcı yanaşmaq və onu dəqiqliklə ifadə edə bilmək!
Başqa bir misal da deyim, sözümün mustafasına gələcəm.
Kolxoz dağılan vaxt kəndlərimizdə hərə ağlına gəldiyi kimi torpaq sahələrini tutmalayırdı. Ən yaxın qohumların, hətta bəzən qardaşların arasında dava-qırğın gedirdi. Taryel adlı bir yerlimiz lap ağ eləmişdi: tualetini kəndin kənarındakı evindən inanılmaz dərəcədə uzaqda tikmişdi. O, bic adam idi. Bilirdi ki, nə qədər mübahisə olsa da heç kim tualetlə evin arasına girib yer nişanlamaz. Bu hərəkət dini-mental və sentimental dəyərlərə yaddır!
Adamlar Taryelin bu hərəkətinə baxırdı-baxırdı, heç kim vəziyyətə uyğun o ilahi sözü tapıb deyə bilmirdi. Günlərin bir günü tanrı bizim rus dili müəlliminə bu vəhyi göndərdi: “Taryel, sən yəqin tualetə gedəndə yola çörək götürürsən!”
İstənilən yazıçıda heyranlıq doğura biləcək bu mükəmməl ifadənin içində torpaqların qanunsuz tutulması və bunun nəticəsində baş verən hərc-mərclik, eyni zamanda Taryelin bic hərəkəti inanılmaz dərəcədə uğurla ifadə olunmuşdu.
Ona görə, kolxozun adı yaddaşlardan silinib, torpaqlar bölünüb qurtarıb amma bu sözə hələ də gülürlər.
Əslində nədir bu cümlənin mesajı? - Tualeti çox uzaqda tikmisən, bu, diqqət çəkir!
Bəs ideyası? - Torpaqları belə başlı-başına tutmaq olmaz.
Bu söz mesajına və ideyasına görəmi dəyərlidir? Cavabım budur: qətiyyən!
Bu söz necə deyildiyinə görə dəyərlidir.
İfadə tərzindəki estetik ecaza görə dəyərlidir.
Ən mütərəqqi ideyaları, ən dəyərli mesajları zibil eləyib yerə vurmaq olar, eyni zamanda ən bəsit ideya və mesajlardan şedevr yaratmaq olar. Baxır qələm kimin əlindədir və o, necə işləyir.
Ona gör bədii əsərləri oxuyarkən və yazarkən “yekə söhbətlər” bizi aldatmamalıdır. Tanrıdan bəhs edən zəif mətn keçidən bəhs edən yaxşı şeirə uduzur.
O başqa məsələ ki, istedadla yazılmış mətndə ideya və mesaj da böyük olsa lap əntiqə olar.
Amma hanı?
Halvadı bəyəm?