Xalq yazıçısının qızı: “Atam bizdən gizlin ağlayırdı” - MÜSAHİBƏ

<span style="color:red;">Xalq yazıçısının qızı:  “Atam bizdən gizlin ağlayırdı” - <span style="color:red;">MÜSAHİBƏ
10 iyul 2018
# 11:01

Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən yazıçının qızı, Bakı Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Yaqut Sabirqızı ilə müsahibəni təkrar təqdim edir.

- Sizcə, atanız necə adam idi?

- Sabir Əhmədli ictimai fəaliyyətində və yazılarında necə idisə, evdə də elə idi. Cəmiyyətdən nə tələb edirdisə, ona hansı mesajları verirdisə o cür. Sabir müəllimə görə, yazıçı necə yazırdısa, nəyi təbliğ edirdisə, o cür də yaşamalı idi. O, düşünürdü ki, səmimi olmayan yazıçı oxucu üçün maraqlı deyil. Çox görmüşük, yazıblar, vətən belə, torpaq elə... Amma müharibədə, yadınızdadı də, hamısı qaçıb getmişdi. Cəbrayıl camaatının torpağı-evi necə getdi, Sabir müəllimin də torpağı evi-getdi, övladı necə şəhid oldu, Sabir müəllimin də övladı şəhid oldu. Xalqdan ayrılmadı heç vaxt. Əsərlərinə verilən qiymətdə də peşəkar tənqidçilərdən çox sadə oxucularına inanır, onları dinləyirdi. Rayona gedirdi hərdən, başına toplaşıb əsərlərindən danışan adamların fikrini böyük maraqla dinləyirdi. Deyirdi, bu insanlar daha səmimidir.

- Uzun müddət Yasamalda elə qaçqınlara yaxın da yaşadı...

- Əsərlərində də var... Evindən pilləkənlə düşür, BDU-nun “Qaçqın şəhərciy”indən keçib, gedirdi “Azərbaycan” nəşriyyatına. Yazırdı ki, bu uşaqlar vətənin nə olduğunu bilmirlər. Elə bu pilləkənlər onlar üçün vətəndir. Sabir müəllimin dörd tərəfi qaçqın idi. Bütün rayon – qohumlar, qonşular qaçqın idi. Avqustun 12-13-ü Cəbrayılda top-qrad mərmisi düşə-düşə ev təmir edirdi. Əvvəl rayonda evimiz yox idi. Əmim qoymurdu tikdirməyə, deyirdi, nə ehtiyac var, hamımız burdayıq. Axır-axırda dedi, yox, hamınızın ailəsi-filan var, özüm də təqaüdə çıxıb biryolluq rayona gələcəm. İnsanlar burda daha təmizdi. Rayonun ən ağır günlərində də orda idi. Yazdıqları hamısı real hadisələrdir.

- Üç uşaq olubsuz, mən bilən...

- Hə. Məndən böyük bir qardaşım var. Məhəmməd məndən səkkiz yaş balaca idi. Özü qəbul olunmuşdu Moskva Poliqrafiya Universitetinə. Atam dedi, uzaq düşüb bizdən, yarımçıq götürüb gətirdi. Təzədən burda AZİ-yə (İndiki Neft Kimya Akademiyası – Ş.A.) daxil oldu. Atam həmişə deyirdi ki, humanitar sahəyə getməyin. Özü haqsızlıqla döyüşürdü deyə, bilirdi ki, bizə çətin olacaq.

- Fikir vermişəm, ədəbiyyatın zəhmətini və cəfasını görənlər, övladlarını uzaq tutmağa çalışıblar...

- Elədir. Amma Sabir müəllim yazmağı qadağan eləmişdi bizə. Sabir Əhmədli ədəbiyyata qazanca görə gəlməmişdi, ədəbiyyatla nəfəs alırdı. Evimizə bir loxma da haram çörək gəlməyib. Mən bunu fəxrlə deyə bilərəm. Hətta bir vaxtlar dəb idi, nəzir-niyaz verəndə deyirdilər, gedin pulunuzu Sabir müəllimlə dəyişin, halaldı onun pulu.

- Necə oldu, humanitar təhsil istəmirdi, ancaq ikiniz də bu sahəyə gəldiniz... Böyük qardaşınız da tarixçidir...

- Deyirdi, amma mane olmurdu. Sabir Əhmədlinin evində böyüyüb humanitar sahəyə həvəs göstərməmək mümkün deyildi. Elə kitablar, jurnallar vardı ki, kitabxanasında...

- Mən olmuşam o kitabxanada... Qəribədir, Çingiz Abdullayevin xeyli kitabını görünən yerə düzmüşü...

- Çingiz Abdullayev özü bağışlamışdı. Onu bir dəfə də yazmışdılar ki, bu necə ola bilər? (gülür). Özü oxumurdu, məncə. Biz oxuyurduq, “Dronqo”nu-zadı...

- Qardaşınız könüllü getdi?

- Hə. Qorkidə əsgərlik çəkmişdi... 20 Yanvar hadisələrinə görə orda bunt eləmişdilər. Bu barədə Sabir müəllimin 20 Yanvar silsiləsindən hekayəsi də var. Sonra Azərbaycana gəldi, yoldaşlarından evlərinə məktub gətirmişdi. Komandiri demişdi, day nəyə qayıdırsan, ölkə dağılır. Amma atam ona geri qayıtmağı məsləhət gördü. Hətta gedib komandirinə hədiyyə üçün qəşəng bir hərbi papaq da tikdirdi. Burda yaxşı papaq tikirdilər... Getdi, bir-iki aya tərxis olunub gəldi. Cəbrayıl alınandan sonra Məhəmməd bir yerdə qərar tuta bilmirdi. Atam da evdə çox təbliğat aparırdı, cavanlara deyirdi, burda nəyə oturmusuz? O da könüllü getdi. Aparmırdılar. Bir neçə dəfə müraciət elədi. Axır ki, götürdülər, elə gedən kimi də şəhid oldu. O, çox müasir, həyatsevər, həm də zahirən çox yaraşıqlı idi. Murova aparıblar. Döyüşdə olduqlarını bilmirmişlər. Şəhər uşağı idi. Baxıb hamı bir qabda yemək yeyir, səliqəsizlik... Sıxılıb, bayıra çıxıb, çıxan kimi snayperlə başından vurmuşdular. Komandiri yasda bunları atama danışdı. Başında kaska olsa bəlkə də ölməzdi...

- Sabir Əhmədli də həmin vaxt döyüş bölgəsində imiş...

- Həmişə gedirdi. O vaxt “Ədəbiyyat qəzeti”ndə işləyirdi. Tez-tez gedib materiallar gətirir, problemlərdən yazırdı. Atam getmişdi ki, Məhəmmədin hara düşdüyünü öyrənsin. Söz vaxtına çəkər, fevralın 1-i Pirəkəşkülə apardılar. 8-i gəlib dedi, Gorana gedirik. Fevralın 12-si ad günü idi. Anam dedi, qal, ad gününü keçirək, sonra get. Dedi, olmaz, yoldaşlarıma söz vermişəm, vağzalda görüşərik.

- Sabir müəllim istəsə buraxmazdı...

- Əlbəttə.

- Siz necə?

- Mən də deyirdim, getmə, anam da. Sabir müəllim isə deyirdi, iki oğlum var, biri getməlidir. Hələ anam sonuncu gün gedib yuxudan qalxızıb ki, gecikməsin. Sonra yana-yana danışırdı. Deyirdi, mən bunu necə eləmişəm? 8-i Gorana, 9-u Murova aparıdlar, 12-si səhərə yaxın hadisə baş verib. Öz ad günündə şəhid oldu. Qardaşım İkinci Fəxri Xiyabandadır. Ora getsəniz, əsas girişin sağ tərəfində görərsiniz, 94-cü ildə, 3 ayın içində qəbiristanlıq dolub.

- Hələ şəhid olanların hamısı Bakıya gətirilmirdi...

- Hə, əlbəttə. Mən təkcə orda basdırılanları deyirəm.

- Sabir müəllim ölüm xəbərini necə bildi?

- Hərbi hissəyə gedib, deyiblər yaralandı, Bakıya apardılar. Amma ürəyinə damıb. Gəncəyə dostu Altay Məmmədovgilə gəlib. Altay müəllimə zəng edib demişdik. Biz bilirdik. Respublika xəstəxanasından evimizə gəlib qardaşıma məlumat vermişdilər. Altay müəllim atama deyib, yaralıdır. Atam deyib, bu, yara söhbəti deyil, yaralansa, mənə muştuluq verərdin.

- Oğlu Qarabağa əsgər gedən başqa xalq yazıçısı tanıyırsız? Bircə Xəlil Rzadı, məncə, onun oğlu gedəndə hələ xalq şairi deyildi...

- Tanımıram. Ancaq gənc yazıçı-şairlərdən gedən və şəhid olan varıydı...

- Buna görə Sabir müəllimi qınayan çox olardı: xalq yazıçısı da oğlunu odun içinə göndərər?

- O qədər qınadılar ki... Atam heç vaxt tərəddüd etmədi və peşmançılıq hissi keçirmədi buna görə.

- Amma oğlunu itirmək çox təsir elədi ona...

- Elədi, əlbəttə. Yasda, adamların yanında ağlamırdı, amma tək qalanda ağlayırdı.

- Ata kimi necə idi?

- Çəkinirdik ondan. Yaşlaşanda mülayimləşdi. Nəvələri onu dost kimi gördülər. Bizim vaxtımızda belə deyildi. Aramızda sərhəd vardı. Onun otağına istədiyimiz vaxt girə, istədiyimiz kitabı götürə bilməzdik. Evə gələndə bilirdik ki, yemək yeyib, azca dincələcək və səhərə kimi işləyəcək. Səs salmırdıq. Anam da orta məktəb müəlliməsiydi, dəftər yoxlayırdı çox vaxt.

- Tək qızsız, sizi çox istəyərdi...

- Üçümüzü də çox istəyərdi...

- Nədənsə, mənə elə gəlir, ailədə mühafizəkar olub... Geyim-kecim, sərbəstlik məsələlərində...

- Şitliyi sevməzdi. Hərə öz yerini, həddini bilirdi. Amma müasirliyin tərəfdarı idi. Geyimdə də, sərbəstlikdə də. Qadının işləməyini yüksək qiymətləndirirdi.

- Ailə quranda seçiminizə qarışmadı?

- Yox. Mənim həyat yoldaşım Tərlan Quliyev də ədəbiyyatçıdır. Atam onu çoxdan tanıyırdı və qiymətləndirirdi. Biz “Elm” nəşriyyatında bir yerdə işləmişik. Tərlan klassik ədəbiyyatı gözəl bilir. Atam deyirdi, əsl ədəbiyyatçı klassikanı yaxşı bilməlidir. Tərlanın “Ədəbiyyat qəzeti”ndə məqalələrini çap edirdi. Amma qohum olandan sonra çap eləmədi. Belə xasiyyəti vardı.

- Xəstəliyi vardı?

- Çox sağlam adam olub. Həm də döyüşkən idi. Heç kim atama bir söz deyə bilməzdi. Qardaşımdan sonra yavaş-yavaş sozaldı. Şəkər, qan təzyiqi əmələ gəldi. O, həm də təkcə ailəsinin dərdini çəkmirdi. Torpaqların işğalı, qaçqınların ağır vəziyyəti də bir yandan...

- Bir yandan da vururdular... Oğlunu vətənin torpağına, özünü ədəbiyyatına qurban verən kişini incidəcək qədər namərd adamlar da vardı...

- Belə şeyləri vecinə almırdı, inanın. Ona qalsa, sovet dövründən vururdular onu.

- Amma bir dəfə yubileyinin keçirilməməsindən şikayətləndi mənə...

- Yada salmırdılar dəəə... Haqqı vardı axı. İki-üç il öncə Mədəniyyət Nazirliyi yubileyini keçirmək istədi, dəvətnamələr də çap olundu, ancaq son anda təxirə saldılar. Biz də heç maraqlanmadıq – niyə belə oldu, kim elədi? Əsərlərini də latın qrafikası ilə çap eləmədilər. Qılman İlkin, Hüseyn Abbaszadə və atam siyahıdan kənarda qalmışdı. Ərizə ilə müraciət elədilər, o ikisi çap olundu, atam yenə qaldı. “Yazılmayan yazı”nı öz vəsaitimizlə çap elədik.

- Dəfninə də Azərbaycan Yazıçılar Birliyindən heç kim gəlmədi...

- Gəlmədi.

- Anarla arası olmadığı üçün?

- Mən bu söhbətlərə getmək istəmirəm, açığı... Keçib-gedib. İkinci Fəxri Xiyabanda, Məhəmmədin yanında dəfn eləmək istəyirdik, bu istəyimiz də alınmadı.

- Amma təqaüd alırdı... İkinci dəfə ev verdilər...

- Hə. Bunlar oldu. Yeni evdə hardasa 5-6 il yaşadı. Atam Yasamalı –köhnə evimiz olan məhəlləni çox sevirdi. Hərdən eyvana çıxıb dağlara baxır, bizə ulduzları göstərib maraqlı şeylər danışırdı. Amma Məhəmməddən sonra o evdən soyudu.

- Hər ikisinin ruhu şad olsun. Sağ olun ki, təklifimizi qəbul edib gəldiniz.

- Siz də sağ olun.

2015

# 4825 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #