Otuz ilin arzusu

Otuz ilin arzusu
21 oktyabr 2023
# 15:00

Kulis.az Şərif Ağayarın "Otuz ilin arzusu" adlı yeni yazısını təqdim edir.

Ötən gün mənə gözlənilməz bir zəng gəldi. Öz kəndçim, qonşum Müstəcəb! Səsini anındaca tanısam da, qulaqlarıma inanmadım. O, nəinki hər adama zəng eləməz, hətta tanıdığım qədər ünsiyyətdən qaçar, daha çox öz dünyasına çəkilmək istəyər. Bu dəfə isə tam əksini gördüm. Danışdıqca danışır, telefonun limiti bitincə məni xəbərdar eləyib təzədən yığırdı.

Kənddə sonuncu günləridir. Artıq arana, neçə ildir sığındıqları İmişli rayonuna gedirlər. Hiss etdim ki, dağlardan ayrılmağına kövrəlib və düşünüb-düşünüb mənə zəng edib.

Evimizdən danışdı. Hər səhər həyətimizlə – çay yoxuşa inəkləri örüşə apardığını söylədi. Almalarımız yetişib. Ətri aləmə yayılıb. Amma nəsə cırdılar. Biz kənddə olan vaxt yekə idi bu almalar. Eləsi vardı yemiş boyda idi. Yadımdadır, ağacı əyib qırmasınlar deyə atam budaqların altına haça vururdu. Bəs indi nə olub? Bəlkə, o ağaclar da qaçqın düşüb, yerinə başqa ağaclar gəlib? Müstəcəb də məəttəl qalır. Amma ağacın milləti olmaz ki! Böyük-balaca, dəxli yoxdur, bizim almadır, bizim həyətin bəhrəsidir.

Qardaşı oğlu əsgərlikdə imiş. Yadımdadır, çox yüksək bal toplamış, Azərbaycan Diplomatiya Akademiyasına (ADA) girmişdi. Bitirən kimi hərbi xidmətə yollandı. Tərtər istiqamətinə düşdü. O gedəndə 44 günlük müharibə bitmişdi. Həyəcan yox idi. Birdən məlum lokal antiterror əməliyyatı başladı.

Müstəcəb həyəcanla xatırlayır o yaxın günləri, deyir, qardaşımın uşaqlarını mən böyütmüşəm, ona görə elə bilirəm canımdan bir parça gedib müharibəyə, üzü qibləyə diz çöküb Allaha yalvardım, dedim, çox uzanmasın döyüşlər, övladlarımız ölməsin, Allah səsimi eşitdi, düşmən 24 saat keçməmiş təslim oldu.

Qardaşı oğlu sağ-salamat gəlib.

Bütün əsgərlərin sağ-salamat gəlməsinə dua edir.

Müstəcəbin 63 yaşı olsa da ailə qurmayıb. Gözümü açandan onu heyvan otaran görmüşəm. Qoltuğunda da radio. Özünün dediyinə görə, antiterror əməliyyatını qələbə ilə başa vurmağımızın xoş müjdəsini 41-ci radiosundan eşidib. Əvvəlkiləri gah özü qırıb, gah da müxtəlif səbəblərdən istifadədən çıxıblar. Birini hava haqqında yanlış məlumat verdiyi üçün daşa çırpmışdı. Sonrakı radiolardan bəd xəbərlər daha çox eşitdi. İşğal, qaçqınlıq, kasıblıq... Bir dəfə də mənim çıxışımı tutub təsadüfən. Onda hələ məcburi köçkünlüyün kövrək vaxtları idi. Əlbəttə, söhbət 90-cı illərin əvvəlləri və ortalarından gedir. Laçınlılar mal-heyvanla Ağcabədidən Daşkəsənə köçürmüşlər. Axşam saat 9-10 radələri imiş, Müstəcəb yatmaq istəyirmiş ki, bir azdan keşiyə qalxsın. Birdən görüb, bıy, öz kəndçisi, qonşusu, “Tükançı Ziyadxanın” oğlu danışır. Hay salıb camaatı başına yığıb, məni dinləyiblər.

İndi şükür, bir-birinin ardınca xoş xəbərlər eşidir. Başında da Laçının-Şuşanın azad edilməsi...

Kəndə köçən kimi çörəkxanalarını nisbətən salamat görüb oranı təmizləyiblər. Torpağın altından atasının durbininin qırmızı gözlükləri çıxıb. Atası gözlərinin salamat vaxtı durbindən çıxarıb özünə gün eynəyi düzəldibmiş. Sonralar gözü tutuldu, qərib-qürbət yerdə təkcə Laçına yox, dünya işığına da həsrət dünyasını dəyişdi. Amma ölən günəcən Laçın inamını itirmədi. Hətta videoların birində çıxışı da var. Eynən bu cür deyir: “Qayıdacağıq, amma gec qayıdacağıq, biz yox, cavanlar gedəcək...” Bu vaxt uzaqdan bir it hürür. Yurd yeri it səsi ilə yada düşür və tamaşaçıda deyilənlərə sarsılmaz inam yaradır.

Çörəkxanadan nələr çıxmır? Süd maşınının qabları, sac, qırxılıq, şiş, bir də dediyim gözlük... Müstəcəbin durbinlə bağlı da xatirəsi var. Deyir, bir dəfə “stolba”nın başına qoyub (tərpənməsin deyə) üzbəüzdəki kəndə baxdım, qəşəng bir qız aynabəndin açıq pəncərəsində qırmızı daraqla saçlarını darayırdı. İzah edir: o vaxt əyri daraqlar olurdu, qızlar başına taxırdı. Əlbəttə, indi elə daraqlar istehsal olunmur. İndiki daraqlar daraq deyil. Durbinlər də eləcə. İndi oğul istəyərəm bir durbin gətirsin, o boyda məsafədən qızın əlindəki darağı göstərsin. Ay-hay! Adamların da keyfiyyəti azalıb. Elə Müstəcəbi üzən də budur. Hanı kəndimizin o gözəl kişiləri? Hanı o hay-haraylı camaat? Kənddə yaşamaq bir az da ağırdır indi. Müstəcəb kimi adamlar buralara baxanda təkcə dağılmış evləri yox, dağılmış ömürləri də görür.

Əsl yazıçı kimi danışır həmsöhbətim. Detallarla. Özü də sənətkardır axı. Gözəl tütək çalmağı var. Gözlərini yumub balaca barmaqlarını deşiklərin üstündə gəzdirməyini görəsiniz.

Ayrı aləmdir!

Bir dəfə kimsə onun ifasını çəkib vatsapda mənə atmışdı, bir neçə saniyəlik ifa bütün uşaqlığımı gözlərimin qarşısında canlandırdı.

Uşaqlıq yaddaşının belə sirli açarları var, tapa bilsən, sonsuz bir dünyaya vararsan.

Müstəcəb və onun tütəyinin sehrli səsi mənim uşaqlığımın vətənidir.

Məcburi köçkünlük vaxtı kəndimizin üstündəki Ata yeri qayasından bir daş götürmüşdü və əhd eləmişdi ki, geri qayıdanda qaytarıb öz yerinə qoyacaq. Budur, ikinci ildir kəndə yaylağa gedir, amma hələ də daşı yerinə qoymayıb.

Özü danışır, deyir, istədim qaytaram, ürəyim gəlmədi, axı mən dədə-baba yolu ilə – Ağdamdan Şuşaya keçərək qayıtmaq istəyirdim.

Bəli, Müstəcəb – mənim vəfalı qonşum arzuları kənd-kəsəyə sığmayan adamdır. Həm də anlayır ki, vətən dərd-azardan bütövlükdə azad olmayınca, təkcə Laçında yox, Qubada, Lənkəranda da bizə rahatlıq yoxdur.

Amma indi... İndi o ideal arzulara çox yaxındır. Diləyi başa varıb. Bircə qalır yolların açılmağı. Uzağı gələn yay o daş öz yerinə qayıdacaq. Çünki daş öz yerində ağırdır. Vətən səsi

# 2320 dəfə oxunub

Müəllifin son yazıları

# # #