Kulis.az tanınmış fizik Yalçın İslamzadə ilə pandemiya mövzusunda müsahibəni təqdim edir.
- Əvvəlcə, pandemiya xəbərinə reaksiyanızdan başlayaq. İlk eşidəndə nə düşündünüz?
- Artıq Marsın məskunlaşdırılması, ekzoplanetlərin kəşfi və onlara səyahət, ümumiyyətlə insanların Yer kürəsini tərk etmə imkanlarına dair müxtəlif elmi müzakirələr və mövzunun kinolarda və romanlarda işlənməsi populyar mədəniyyətin ayrılmaz hissəsinə çevrildi. Açıq etiraf etməsək də, bu müzakirələrin gizli motivi dünyanın yaşanılacaq yer olmaqdan tədricən çıxması və bizim aradan çıxıb qurtulmaq istəyimizdir. Ancaq nə Yer kürəsinin imkanları buna bəs edəcək, nə də bu planın baş tutması halında hər kəs ondan faydalana biləcək. 15 milyard ildə Yer üzündə orqanik həyat formalaşıb və biz hələ də tam adaptasiya ola bilməmişik. Çox qısa müddətdə Yerdən fərqli bir planeti həyat üçün əlverişli hala gətirmək olduqca çətindir. Biz ancaq qaçış variantını birmənalı istisna edib Yeri yaxşılaşdırmaq haqqında düşünməliyik. Bu kontekstdə müxtəlif görüşlərdə tez-tez Yer kürəsində insanı gözləyən təhlükələrdən danışırıq, müzakirə edirik. Mənə elə gəlir ki, insanın iki düşməni var: insanlar və mikroorqanizmlər. Bir tərəfdən dünyanın əhalisi sürətlə artır, digər tərəfdən dünyanın qaynaqları artmır, məhduddur. Metal filizi qaynaqları, əkin torpaqları və ya içməli su üzərində ciddi münaqişələr gözləniləndir. Heç bir texnoloji həll, əhalinin bu qədər sürətlə artması fonunda kafi deyil. Biz içməli suyun nə qədər az olduğunu təsəvvür belə etmirik. Dünyadakı su ehtiyatlarının sadəcə 3 faizi şirin sudur, bu miqdarın da sadəcə yarısı əlçatan qaynaqlardır. Yeri gəlmişkən, bizim ölkəmizin də su ehtiyatlarının 60 faizi ölkə sərhədləri xaricindən qaynaqlanır.
Bakteriyalar və viruslar daima mutasiya keçirir və antibiotiklərə və virus əleyhinə preparatlara qarşı müqavimət qazanırlar. Daima yeni antibiotiklər yaradılır, bakteriyalar mutasiya keçirib müqavimət qazanır, yeni antibiotiklər axtarışı davam edir. Qlobal səyahət və turizm insanlarla insanların və virusların təmasını artırır və mikroorqanizmlərin yayılması üçün əlverişli trayektoriya təqdim edir. Bu mutant bakteriyaların qaynaqlarından biri də, paradoksal olaraq xəstəxanalardır. Xəstəxana mənşəli infeksiyaları ifadə etmək üçün “xəstəxanada qazanılmış infeksiya” ya da, “nozokomial infeksiya” deyə ayrıca termin belə var.
Mən daima Çin xəbər səhifələrini izləyirəm, ilk məlumatları ordan oxudum, virus haqqında mütaliə etdim və həm hazırki epidemiyanın ciddiyətini, həm də bunun bir müddət sonra pandemiyaya çevriləcəyini hələ yanvarın 25-də yazdım. Sərhədlərin və məktəblərin bağlanmasını, ənənəvi Novruz şənliyinin təxirə salınmasını təklif etdim. ODTÜ-də (Orta Doğu Teknik Üniversitesi – red.) elektiv - seçməli dərs kimi mikrobiologiya dərsi aldığıma görə, bakteriya və viruslardan qaynaqlanan təhlükələrə dair müəyyən təsəvvürümün olması bu riski qiymətləndirməyimə kömək etdi. Hesab edirəm ki, elmi savadı olan hər kəs belə davranardı, çünki ağlın yolu birdir.
- “Şahmat taxtasının ikinci yarısı və Kassandra kəhanəti” adlı yazınızda göstərirsiniz ki, hələ 2007-ci ilin oktyabr ayında “Klinik mikrobiologiya” jurnalında koronovirus təhlükəsi haqqında ciddi mənbələrə əsaslanan məqalə dərc edilmişdi. Belə çıxır ki, faciənin qarşısını almaq mümkün olmasa da minumum itki ilə qarşılamaq mümkün imiş. Dünya harda səhv etdi?
- Bəli, bu məqalə həmin jurnalın 2007-ci il oktyabr sayında nəşr olunub; 400-dən artıq qaynağa istinad edən, 2003-cü ildə Çinin cənubunda baş verən SARS epidemiyasını analiz edən tədqiqat idi. Müəlliflər açıq şəkildə bugünkü təhlükəni proqnozlaşdırmış və yazmışdılar:
“Koronavirusların genetik mutasiya keçirib yeni genotiplər yaratması və yoluxma hallarına səbəb olma potensialı yaxşı bilinir. SARS-CoV tipli virusların yarasalarda geniş “hovuzunun” olması və Çinin cənubunda mövcud olan ekzotik heyvanları yemə vərdişi saatlı bombadır. SARS və digər yeni virus növlərinin yenidən yayılma ehtimalı hazırlıqlı olmanın vacibliyini yaddan çıxarmamağı tələb edir”.
Kifayət qədər açıq yazılsa və elmdən başqa heç bir institut gələcəyə dair proqnoz verə bilməsə də, təəssüf ki, insanlar idman yarışlarına, musiqi festivallarına, əyləncəyə daha çox vəsait xərcləyir, az-çox laqeyd olmayanlar isə siyasi və dini liderləri, ədabaz fikir hoqqabazlarını alimlərdən daha çox ciddiyə alırlar. Ortabab bir futbolçu, basketbolçu və ya popçuya xərclənən vəsaitlə şişirtmədən deyə bilərik ki, yüzlərlə doktoranta təqaüd vermək mümkündür. Bəs insanlar nə edir? “Dünyanın düz vaxtında” astronomdan çox astroloqa vəsait xərcləyir, etimad edirlər, belə kritik hallarda isə heç kim din xadimindən, ya da falçıdan həll tələb etmir. Elmə bu etimadsızlıq, hətta həqir münasibət isə bugünkü kimi ağır itkilərlə nəticələnir. Biz düşüncə öndərlərimizi düzgün seçməsək, prioritetləri də düzgün qiymətləndirə bilmərik, real problemlər əvəzinə psevdo-problemlərlə başımızı qatarıq. Kiçik bir sorğu keçirin və Oşo, Krişnamurti və ya Koelyonu tanıyanlarla Edvard Vilsonu tanıyanların nisbətinə baxın.
Səbəbin elm savadlılığının az olması və elmin düşüncə tərzi kimi qəbul edilməməsi, bunların nəticəsində elm institutunun nə siyasət, nə də kütlə nəzdində etibar görməməsi olduğunu düşünürəm. Bu mövzu xeyli genişdir, maraqlananlar “TEAS Press” nəşriyyatı tərəfindən nəşr olunmuş Karl Saqanın “İblislərlə dolu dünya elmin şam işığında” kitabını oxuya bilər. Mən həmin kitabı tərcümə edərkən bir anlıq “Bəlkə bu kitabda qaldırılan problemlər və təklif edilən həllər aktual deyil, dünya kitab yazılandan bu yana düzəlib?” tərəddüdünə düşdüm. Ancaq bu gün Saqanın uzaqgörənliyinə heyran qalmamaq olmur, kitab bu gün də tam aktualdır. Biz mətndən qorxuruq, daha çox avtoritetlərin qısa və qəti hökmlərinə etimad göstəririk. İnsanlar kitab oxuyub öz fikirlərini formalaşdırmaq əvəzinə qısa statuslarda ifadə edilən böyük mövzularda qəti hökmlərə etimad edir, zehni rahatlıq tapırlar. Öyrənmək əziyyətli işdir, statuslardan öyrənmək, ciddi mövzularda qısa və qəti hökmlərə sahib olmaq illüziyadır, zehni tənbəllikdir, komfort zonasında qalmaqdır.
- Mutagen xüsusiyyət... Mütəxəssislərin fikrincə məsələnin ən qəliz yeri budur. Siz nə deyə bilərsiniz bu haqda? Koronavirus mutasiyaya uğrayan ilk virusdurmu dünyada?
- Yox, əlbəttə. Bütün genetik materiallar kimi viruslar da təkamül keçirir. Məşhur misallardan biri QİÇS xəstəliyinə səbəb olan HIV virusudur, hazırlanan preparat bir müddət təsirli olur, ancaq bu preparata müqaviməti olan yeni HIV virusu yaranır. Məcburən, yeni preparat hazırlamalı olurlar. QİÇS xəstəliyinin tamamən ortadan qaldırılmamasının səbəbi virusun yüksək mutasiya qabiliyyətidir. Viruslar təkcə mutasiya ilə dəyişmir, eyni hüceyrəni işğal edən iki fərqli virus qarşılıqlı təsirdə olub rekombinasiya yoluyla yeni virus versiyası da yarada bilir.
- Virusun genetik mənşəyi haqqında nələri bölüşə bilərsiniz?
- Yer üzündə yaranan orqanik molekulların ilk təşkilatlanma formalarından biri, yeni bir nəzəriyyəyə görə hətta birincisi virus olub. Virusların yaranmasına dair digər iki fərziyyədən – proqressiya və reqressiya fərziyyələri – fərqli olaraq yeni fərziyyə virusların replikasiya qabiliyyəti olan ilk təşkilatlanma formaları olaraq hüceyrələrdən əvvəl yarandığını irəli sürür. Bu mövzuda elmi müzakirə və mübahisə hələ də davam edir.
- Mutasiya keyfiyyəti ilə yanaşı virusun insanların genetik xüsusiyyətlərinə görə fərqli təsirlərindən danışırlar. Hətta “filan millətə heç nə olmaz”, “filan millət çox yoluxmaz” söhbətlərinə qədər gedənlər var. Bu haqda nə deyə bilərsiniz?
- Doğru olduğunu düşünmürəm. Genetik səviyyədə milləti müəyyən edən bir faktor yoxdur. Millət daha çox sosial anlayışdır. İnsan qruplarının həyat tərzi fərqlidir, burada şəxsi gigiyeniyaya riayət, sosial məsafənin ölçüsü, tibbi xidmətin keyfiyyətli təşkili, qidalanma vərdişləri kimi faktorlar daha çox rol oynayır.
- Bəs müxtəlif coğrafiyada yaşayan insanlara müxtəlif cür təsir etməsi fikri necə, inandırıcıdırmı?
- Avropalılar tərəfindən Amerikaya gətirilən qrip virusunun yüz minlərlə yerlinin ölümünə səbəb olduğu tarixi faktdır. Çünki o insanların immunitet sistemi qrip virusunu tanımırdı və onun orqanizmdə çoxalmasının qarşısını almaq üçün aktivləşmədi. Virusların əksəriyyəti insanlara heyvanlardan keçib. İlk başda ölümcül olub, sonralar vaksini tapılaraq virus orqanizmə tanıdılıb və ölümcül olmaqdan çıxıb. Dünya əhalisinin 19-cu əsrin ikinci yarısından etibarən sürətlə artmasının bir səbəbi də tibbin mikroorqanizmlərə qarşı vaksinlər, antiseptiklər, dezinfektantlar və antibiotiklərlə effektiv tədbirlər görə bilməsidir. Bir çox virusu bizim orqanizmimiz tanıyır və immunitet sistemimizi ciddi şəkildə zəiflədən komplikasiya ilə müşayiət olunmadıqca qrip, ya da suçiçəyi ölümcül deyil. Ancaq koronavirus kimi bütün dünyadakı insanların immunitet sistemi üçün yeni olan bir virus bütün dünya insanları üçün təhlükəlidir.
- Bütün bu incə təsnifatlaşma içərisində Azərbaycan üçün özəl durum varmı?
- Mentalitetdən qaynaqlanan faktorlar baxımından ola bilər. Risk faktorunu ciddiyə almaq əvəzinə lağlağı materiallar, söz oyunları düşünmək, növbədə basabas yaratmaq, şəxsi məsafəni gözləməmək bizim üçün özəl durum sayıla bilər. SMS-lə icazə alınmaq üçün qurulan sistemə göndərilən 456 min sms-dən 284 mini, yəni yarıdan çoxu dəxilsiz sms-lərdir. Bir vaxtlar mobil telefonlarla zəng edib müştəri xidmətindəki operatorlarla “zarafatlaşma” vərdişi indi də belə təzahür edir. Dəxilsiz sms-lərin əksəriyyətinin “Gör qaqan necə məzələnir?” motivli olduğuna inanıram.
- Bəzi mənbələrdə virusun bioloji olmadığı, ətrafı yağ təbəqəsi ilə əhatə olunmuş protein molekulu olduğu haqqında məlumat yayıldı. Guya buna görə virus ölmür, sadəcə yağ qatı zədələnəndə və əriyəndə çürüyüb məhv olur.
- Virusun təsnifatlandırılması da problemlidir. Canlı olmadığını bilirik, çünkü metabolizması yoxdur. Maddi formada bir kod, bir alqoritmdir və uyğun mühitə, qaynaqlarını replikasiya üçün istifadə edə biləcəyi hüceyrəyə düşənə qədər, hüceyrədən kənar müxtəlif səthlərdə müxtəlif müddətlərdə yaşaya bilər. Hüceyrəyə düşməzdən əvvəl sabun və ya spirt məhlulu, ya da ultrabənövşəyi şüalar kimi kimyəvi və fiziki təsirlərlə strukturu pozulub “ölü” hala gətirilə bilər.
- Bu fikrin davamı kimi havaların istiləşməsinə ümid bağlayanlar var.
- Bu fərziyyə səsləndirildi, ancaq indilərdə virusu öyrənən laboratoriyalar istinin virusa destruktiv təsir göstərəcəyi fərziyyəsinə çox da etibar etmirlər.
- İnsanlar arasında “ABŞ və Çinin birgə layihəsi” inancı hələ də tam səngiməyib. Bunun belə olmadığına insanları hansı arqumentlərlə inandırmaq olar?
- ABŞ-la Çinin anidən ticarət müharibəsindən “müştərək virus layihəsi”nə necə keçdikləri, qarşılıqlı maraqlarının nə olduğu maraqlıdır. Bu epidemiyadan bütün dünya zərər görür. ABŞ-da pandemiyanın yayılma sürəti dünya üzrə ilk yerlərdədir. Pandemiyaya qədər ekonomik olaraq böyüyən və yüksək texnologiyalar sahəsində böyük irəliləyişlər edən Çində istehsalat dayanıb. Bu virus heç kimin xeyrinə deyil ki, yaradanın da o olduğu iddia olunsun. Əvvəl “ABŞ yayıb” dedilər, sonra “Çin yayıb” dedilər, indi də hansısa görünməz qrupdan danışırlar. Bu banal və bəsit konspirativ təfəkkürdür. Həmişə planı ABŞ qurur, həmişə İsrail bu plandan zərər görmədən çıxır . “Niyə İsraildə heç xərçəng xəstəliyi yoxdur?” sualı əvvəlki konspirasiya nəzəriyyəsdində - “Xərçəngin dərmanı tapılıb, ancaq dərman firmaları gəlirlərini itirməmək üçün satmırlar” sözlərini eşidirdik. İndi də “İsraildə koronavirusa yoluxan yoxdur” deyirlər, halbuki bu faktı yoxlamaq çətin deyil. Ancaq ehtiyac duymurlar, çünki bilirlər ki, onlara inananlarda skeptik yanaşma vərdişi yoxdur.
Məncə bu fərziyyələr elm savadlılığı olmayan insanların uydurduğu və elə insanların da inandığı fantaziyalardır. Onların təbiətdəki proseslər haqqında elementar anlayışları yoxdur.
- Çin kimi insan sıxlığı olan ölkədə ölüm sayını birdən-birə aşağı düşməsində sizcə şübhəli məqamlar varmı?
- Belə şübhələr var. Bilinir ki, Çin hökuməti başlanğıcda infeksiyanı gizlətdi, bu haqda yazan, narahatlıqlarını bölüşən həkim və bloqqerləri susdurdu, ancaq vəziyyət mürəkkəbləşəndə epidemiyanı etiraf etməyə məcbur oldu. Bu təhlükəyə ilk dəfə diqqət çəkən və özü də həmin infeksiyadan ölən göz həkimi Li Venlianqa qarşı ədalətsiz davranışlarına görə Çin rəsmiləri həkimin ailəsindən üzr istədilər. Mən Çin səhifələrini izləyirəm, qorxuducu xəbərlər birdən-birə optimist, xoş xəbərlərlə əvəz olundu. Sağalıb evlərinə yola salınanlar, həkimlərə verilən dəstəklər, istehsalın yenidən bərpa olunması xəbər başlıqlara çıxdı. Çinin əhalisi dünyanın 25 faizidir. İstehsal dayansa, ölkədə ciddi problemlər yaşanar. Qadağan olunmuş vəhşi heyvan ticarəti yenidən canlanar və yeni infeksiyalar yayılar. Çində bütün sosial şəbəkələr nəzarətdə olduğu üçün obyektiv məlumat almaq çətindir. Ancaq çox güman ki, vəziyyət tam normallaşmadığı halda, əvvəlki iqtisadi fəallığı bərpa etməyə çalışırlar. İndilərdə neftin su qiymətinə olması da onları təşviq edir.
- Virusun yayılma arealında şübhə doğuran nüanslar müşahidə edirsinizmi? Məsələn, Hindistan, Pakistan, xüsusən də Banqladeş kimi gigiyenik qaydalara az əməl olunan və insan sıxlığı intensiv olan ölkələrdə virusdan, demək olar ki, söhbət getmir. Türkmənistanda "koronavirus" sözü yasaqlanıb. Bu ölkələrdə virusun aşkarlanmamsı sizcə nəylə bağlıdır? Nəzərə alaq ki, dünyanın digər "qütbü" olan İtaliyada artıq 14 min şəxsin koronavirusdan öldüyü deyilir.
- Adlarını çəkdiyiniz ölkələrdə də infeksiya yayılıb. Artıq karantin də elan olunub. Qədim sivilizasiyalardan olan Hindistanda virusa qarşı tədbir kimi inək sidiyi içənlər də var, hökumət qüvvələri isə insanları zopa ilə döyərək evlərinə qovur. Bu ölkələrdə tibbi xidmət və statistika qənaətbəxş deyil, testlər aparılmır və əhalinin heç də az olmayan hissəsi demək olar ki, qeydiyyatsız yaşayır. O ölkələrdə də epidemiya var idi, bu haqda məlumat yox idi. Artıq məlumatlar da var. Epidemiya Qvatemalaya belə çatıb.
- Belə bir fikri də dolaşır ki, Qərbin daha çox qurban verməsi səhiyyəsindəki uğura bağlıdır. Belə ki, səhiyyənin inkişafı nəticəsində uzunömürlülərin sayı çoxdur və indi bu virusdan daha çox həmin adamlar ölür.
- Bu faktor rol oynayır, məncə. İtaliyada orta ömür uzunluğu 80 yaşı keçib. Bu yaşda insanlarda təzyiq, şəkər, ürək çatışmazlığı kimi xəstəliklərin olması normaldır və virusa yoluxma halında ölümlə nəticələnən ağırlaşdırıcı komplikasiya yaranması qaçılmazdır.
- Yuxarıda qeyd etdiyimiz məqalənizdə virusun həndəsi silsilə ilə çoxalma xüsusiyyətinin böyük təhlükə olduğuna işarə vurmuşunuz. Ciddi tədbirlər görülməsə bizi nə gözləyə bilər?
- Problem sadəcə koronavirus deyil. Bu yaxınlarda alimlər Tibet platosundakı buzlaqlarda 33 virus generası müəyyən etdilər ki, onlardan 28-i ümumiyyətlə elmə tanış deyil. Bu virusların 15 min il yaşı var. Buzlaqlarda və permafrostlarda çox sayda müxtəlif növ virus var və qlobal istiləşmə bu torpaqların donunu açıb buzlaqlardakı qarı əritdikcə, həmin viruslar təbii yolla – dağlardan axan sulara qarışıb su dövranına daxil ola, insana yoluxa bilər. Ciddi tədbirlər görülməsə, bu pandemiya yenidən təkrarlanar. Düşünürəm ki, hər bir dövlət pandemiyadan sonra bu prosesi ciddi şəkildə təhlil etməli və artıq virusların həyatı daima təhdid edən bir risk faktoru olduğunu nəzərə almalıdır. Top yarışına, pop tədbirinə xərclənən vəsaitlər tibbin və biologiyanın, əhalinin elm savadlılığının artmasına xərclənməlidir.
Görürsünüz, bizdə pandemiya ilə necə həvəslə lağlağı edirlər? Yumor kontenti az olan şit zarafatlar arasında həqiqi məlumatları tapmaq çətinləşir. Əhali elm savadsızı olanda lağ-lağı başlıca yanaşma formasına çevrilir. Başqa nə etsinlər? Münasibət göstərməlidirlər, ancaq onlara lağ-lağıdan başqa münasibət forması öyrədilməyib.
- Ölkəmizdə görülən tədbirlər sizi qane edirmi?
- İnzibati tədbirlər qane edir. Düşünürəm ki, burda problem daha çox əhalinin bir çox hissəsinin davranışı ilə əlaqədardır. İqtisadi tədbirlər haqqında nəsə deyə bilmərəm, inanıram ki, bizdə hökumət həmişə mümkün olandan az da olsa, nəsə verir. İllərlə ticarətlə məşğul olub pul qazanan alverçi zümrəsi var, bir faydalı işə baş qoşmazlar. Ancaq bazar yanan kimi “Hökumət zərəri qarşılasın” deyirlər. Niyə, xeyir ola? Sənədsiz, vergisiz, əmək müqaviləsiz işlə, sərf edir deyə səsini çıxarma, bazar yananda da bazar sahibindən yox, dövlətdən kompensasiya tələb et? Buna görə də orta siniflə hökumət arasındakı dəstək paketi mübahisə və müzakirələri mənə maraqlı gəlmir. Orta sinif öz haqqını qoruya bilməli, öz mənafeyindən çıxış edə bilməlidir.
Ancaq əhalinin aztəminatlı hissəsinə xüsusi diqqət ayrılmasını ürəkdən istəyirəm. Müəllim olduğum üçün, onlayn tədrisə keçdiyimiz bu ərəfədə, “dünyanın düz vaxtı” yüksək gəlirlə işləyən mobil operatorların təhsil prosesindən heç bir şagirdin kənarda qalmaması üçün sürətli və əvəzsiz internet paketi verməsini istəyirəm. Ortada yeyib kənarda gəzməsinlər.