Fikrət Qocanı yuxuda necə gördüm?

Fikrət Qocanı yuxuda necə gördüm?
15 fevral 2016
# 13:49

40 yaşın çoxlu özəllikləri var...

Biri də budur ki, adam yerli-yersiz intriqalardan yorulur.

Necə deyərlər, mübahisələr və qovğalar əvvəlki kimi ləzzət eləmir.

Odur ki, elə bu köşədəcə oxuculara söz verirəm: ədəbi intriqalardan çəkilirəm.

Enerjimi və vaxtımı daha çox yaradıcılığa ayıracağam.

Əlimdə maraqlı bir roman var.

Yazmağa başlamışam belə...

Arada hekayə, esse və məqalələr də olacaq, şübhəsiz...

İndi yazacaqlarımı da intriqaya yozmaq lazım deyil.

Bu bir yuxudur və həqiqətən görmüşəm.

Heç nə əlavə eləmədən diqqətinizə çatdırıram.

Əgər kiminsə şübhəsi varsa mətni kopiyalayıb Əkrəm Əylisliyə göndərə bilər.

Niyə, Əkrəmə?

Ona görə ki, Əkrəm Azərbaycanda gerçək yuxunu yalançıdan ayıran çox nadir adamlardandır. Misal üçün, sən bir yuxu uydurub yazsan, Əkrəm onun yalan olduğunu o saat tutacaq.

Bunun sirrini bir dəfə özündən soruşdum. Tam izah edə bilmədi. Başa düşdüm ki, mətndən sadəcə hiss edir, izah üçün heç bir məntiq və üsul yoxdur.

Mən özüm də bunu az-maz duyuram.

Xüsusən yuxunun keçidləri, montaj yerləri qeyri-adi olur.

Yuxuda hadisələr çox plastik cərəyan edir.

Çünki yuxuda heç nə kristal deyil, amorfdur.

Rənglər və hadisələr biri-birindən kəskin fərqlərlə ayrılmır.

Yuxuda montaj olmur.

Bizdə yalandan yuxu yazmağı bacaran azsaylı yazarlardan biri Murad Köhnəqaladır.

Onun “Yuxularım” adlı maraqlı bir kitabı da çıxıb.

Bir də var gördüyü yuxunu yaxşı, olduğu kimi yaza bilən və yaza bilməyən yazıçılar.

Əkrəm birincilərdəndir.

Yeni nəsil içərisində Səlim Babullaoğlunun yuxuları mənə maraqlı gəlib və inandırıb.

Onun dünyanın və Azərbaycanın ən məşhur qələm adamları ilə bağlı gördüyü yuxular əməlli-başlı mənəvi xəzinədir.

Ciddi deyirəm.

Mənsə, ortabab və lokal yazıçı olduğum üçün yuxuda uzağı Anarı görürəm.

Heç yuxuda da Biləcəridən o tərəfə keçmirəm.

Deyəsən, Biləcəri sindromum yuxuda da yoxdur.

Lafı çox dolandırmadan axşamkı yuxumu yazım, köşənin kəpənglərini endirək.

Vaxtımız azdır.

Demək, görürəm ki, Fikrət Qoca ilə bir otaqdayıq, ətrafımızda da çoxlu xanım var. Ya jurnalistdirlər, ya yazıçı. Nə tanıyıram, nə tanımıram bu qızları. Amma xoş münasibət var ortada. Daha dəqiqi, mən qızlarla oturub söhbət elədiyim yerdə Fikrət Qoca qəfil otağa daxil olur və çətin suallarla qızların yanında məni pərt eləmək istəyir. Mən bu sualların cavabını bilmirəm. Deyəsən, fizikaya aiddir suallar. Ona gör deyirəm ki, keçək ədəbiyyata, ordan suallaşaq, bir-birimizi yoxlayaq. Bu ara qızlardan biri Füzulidən bir beyt deyir. Hansı beyt olduğu yadımda qalmayıb, ancaq Füzulidən olduğuna əminəm. Fikrət Qoca beytin Bəxtiyar Vahabzadəyə aid olduğunu söyləyəndə gülmək tutur məni. Deyirəm, səhv tapdınız, Füzulinindir. Fikrət Qoca hirslənir, mübahisə edir mənimlə, nəsə deyir, mən də hirslənirəm. Onun nə dediyi yadımda deyil, öz dediyimi çox dəqiq xatırlayıram və hətta bu qədər dəqiq xatırlamağıma təəccüb edirəm: “Fikrət Qoca, siz yazıçı-hakimiyyət münasibətinin ən pis örnəyisiniz! Füzulinin şeirini bilməməyiniz, onu Bəxtiyar Vahabzadəninki hesab etməyinizin də əsas səbəbi budur. Avropa oyunlarına yazdığınız o şeir də məhz bu pis təcrübənin məhsuludur.”

Fikrət Qoca necə əsəbiləşirsə, təzyiqi qalxır, onu divana uzadıb sakitləşdirməyə çalışırlar, təzyiqini ölçürlər. Qəribə şəkildə inildəyir şair. Mən çox pis oluram, həm də qorxuram. Deyirəm, ona nəsə olsa, məni tutacaqlar. Bu vaxt mənim boynumdan da təzyiq ölçən cihaz və fenandoskop sallanır. Əynimdə isə ağ xələt var. Yaxınlaşıb Fikrət müəllimi xilas etmək istəyirəm. Bir də baxıram ki, onun təzyiqini ölçən qadınlardan biri tərcüməçi dostumuz Kamilə Əlizadədir. O, qəmgin baxışlarla mənə baxıb başını bulayır. Bu vaxt mən qorxudan yuxudan oyanıram.

Yuxudan oyanandan sonra hər şeyin yalan olduğuna necə sevindimsə...

İfadə eləməkdə acizəm...

Məncə, Fikrət Qoca son illər kimisə bu qədər sevindirməyib...

P.S. Yuxu suya danışılandan sonra qələmə alınıb

# 947 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #