Nobel Komitəsi ətrafında baş verən qəribə olaylar səngimək bilmir. 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı publisistik mətnləri ilə diqqət çəkən, daha çox jurnalist kimi tanınan Svetlana Aleksiyeviçə veriləndə dünya ədəbiyyat ictimaiyyətindən təəssüf nidası eşidildi.
Bir il sonra – 2016-cı ildə isə mükafat musiqiçi Bob Dilana verilən zaman bu nida bağırtı halına keçdi və əksər ədəbiyyatçılar – hətta soyuqqanlılığı ilə diqqət çəkən türkiyəli Nobel laureatı Orxan Pamuk da Nobelin bu seçiminə narazılığını ifadə etmişdi. Bu hadisələrin ardınca komitə gah seçimi ilə bütün gözləntiləri və proqnozları yerə vurdu, gah qocalardan ibarət münsiflər heyətində seks qalmaqalı baş verdi, hətta Oskardan sıçrayan qalmaqala görə mükafatın verilməsi bir il yubandı.
Bu gün də oxşar olay: Soyqırımı qalmaqalı! Yüz ölçülüb bir seçilən Peter Handke sən demə, soyqırımı dəstəkçisi imiş. O, 20 il əvvəl Yuqoslaviyada Bosniya müsəlmanlarını qətlə yetirən rejimə dəstək verib, “balkan qəssabı” Slobodan Miloşeviçə rəğbət bəsləyib.
Əksər sənət adamları baş verənlərdən sonra “Nobel mükafatı”nın nüfuzunu itirəcəyini, prestijini bada verəcəyini düşünür. Amma nə kəramətdirsə, istər mükafatın publisistik mətn müəllifinə verilməsi, istər musiqiçiyə təqdim olunması, istər seks və soyqırımı qalmaqalı – heç biri Nobelin nüfuzuna axıracan sarsıda bilmir. Əksinə il-ildən Nobel bizə daha da yaxınlaşmağa, gündəmimizə bir az da daxil olmağa başlayır. Bəlkə bütün baş verənlər Nobel komitəsinin PR kampaniyasıdır!?
Niyə soyqırımı qalmaqalı laureatların seçilməsindən iki ay sonra aktiv hal aldı? Bu proses təbii şəkildə cücərsəydi, bu gün – 10 dekabrda başlanan etiraz aksiyaları 10 oktyabrda baş verməli deyildimi?
Xüsusilə də Şərq cəmiyyətlərinə inanılmaz görünən bu təbliğat kampaniyaları ildən-ilə donunu dəyişir. Təəssüf ki, innovasiyaların təsiri ilə hər şeyin funksionallığını itirdiyi bir fonda sənət və sənət tədbirləri də belə ağlasığmaz kampaniyalardan kənarda effektiv olmur.
Məşhur rəssam Sakit Məmmədov ustad həmkarlarından biri haqqında deyirdi: “O, rəsmi bitirənə qədər qırmızıdan, demək olar ki, istifadə etmir. Sonra yaranan əsərə xeyli baxır, qırmızı rəngi götürüb anidən əsərə yaxınlaşır, sanki əsərin sonuna qırmızıyla imza atır. Bayaqdan donuq baxan rəsm əsəri bu qırmızı müdaxilədən sonra başlayır hərəkət etməyə. Sanki rəsmə yox, videoya baxırsan. Qırmızı rəng halə kimi əsəri hərəkətə gətirir”.
Mən o qırmızı barədə çox düşünürəm. XX əsrin sonları, XXI əsrin əvvəllərində artıq çox böyük sənətkarlar sanballı bir əsəri yazmaqla işini bitmiş saymır, əsəri sona çatdırdıqdan sonra “o qırmızı” imzasını harasa atmaq zorunda qalır.
Seymur Baycan yazmışdı: “İndi Azərbaycan yazıçısı toyuq kimidir, yumurtlayandan sonra mütləq qaqqıldamalıdır ki, oxucular prosesdən xəbərdar olsun”.
Hər nə qədər postmodernizmin “müəllifin ölümü” təklifini rəhbər tutsaq da, bir yerdən sonra biz “o qırmızı”ya, “qaqqıltı”ya ehtiyac olduğunu görürük.
Dövrümüzün ən böyük yazıçılarından olan Markes son əsərlərini yazdıqdan sonra mətn ətrafında xırda qalmaqal yaratmağa çalışırdı: “Bu mənim ən yaxşı romanımdır”, “Mən digər romanlarımı ona görə yazdım ki, hər kəs “Polkovnikə məktub yoxdur” romanımı oxusun” və s. kimi.
Son illər Nobel ətrafında baş verən hadisələrin də eyni qəbildən olduğunu düşünürəm. Artıq Nobel kimi qədim ənənələrə sahib bir komitə də özünü innovasiyalarla, yeniliklərlə ayaqlaşmağa məcbur sayır. Biz hər il Nobel mükafatının verilməsi ərəfəsində təkcə laureatların kimliyini özləmirik, həm də gözləyirik ki, görək, Nobel komitəsi nə “hoqqa çıxaracaq!”
Dünyanın ən məşhur mükafatlarından sayılan Nobel nə qədər nüfuzlu olsa da, mərasimləri və laureatları ilə yalnız seçilmiş müstəvidə tanınır. Təşkilatçılar hər il milyonlarla pul xərcləyən, sənətin və digər elmlərin flaqmanı olan bir mükafatın yeni proseslərə tab gətirməyib effektivliyini itirəcəyindən çəkinir. Hər gün yeni PR formaları qazanan elektron dünya qarşısında dözmək üçün qoca Nobel də artıq əyninə güllü şortik geyinb, qara eynək taxıb və gənc həmkarlarına qoşulub diskotekada rəqs etməyə başlayıb.