İranda ədəbiyyat həmişə diridir. Orda hələ də şairlər şeilərinə görə dar ağacının altına gətirilir. Meyvəsi azad söz olan şairlər bir gün salxım kimi dar ağacından sallanır...
İranda gözəl kəsərli bir fikri qafiyəyə salan olsa, həmin şeiri əldə bayraq edib vəlvələ yaratmaq olar.
İranda inqilablar qafiyəylə olub...
İran sənətə senzura qoyaraq ya bilərəkdən, ya bilməyərəkdən onun inkişafına səbəb olur. Bu gün İran kinosunun dünyada öz sözünü deməsinin əsas səbəbi sənət rejissorları yox, daha böyük “rejissorlar”dır; hakimlərin qurduğu ölkə, bu ölkənin ssenarisi o qədər fərqlidir ki, kameranın qabağında asqırsan, səsin “dağ”a dəyib əks-səda verir.
İran senzura simlərilə elə bir qəfəs hörüb ki, rejissor artıq qollarını çırmalayanda, yazıçı qələmini axtaranda istəmədən simlərə toxunur, rezonans yaranır, səs aləmi götürür.
Xudu Məmmədov deyirdi, məhdudiyyət kəşfin anasıdır.
İranda sənətin inkişafının ilkin səbəbi məhdudiyyətdir. Mən uğur qazanan və festivallar fəth edən bir neçə İran filmi qeyd edə bilərəm ki, onlar ssenari, rejissor işi, operator işi, montaj, rəng gücünə deyil, sırf İrandakı vəziyyətə görə uğur qazanıb.
Məsələn, Məcid Məcidinin “Cənnətin uşaqları” filmi. Bu əsərin konflikti 17 manat üzərində qurulub, yəni Məcidinin qəhrəmanına çıxarıb 17 manat verən olsaydı, o, özünə bir cüt ayaqqabı alacaqdı və bu film də çəkilməyəcəkdi.
Cəfər Pənahinin “Bu film deyil” “film”i onun ev dustaqlığı səbəbilə “Qızıl şir” qazandı. Rejissora hakimiyyət tərəfindən çölə çıxma yasağı qoyulmasaydı, bu “film”in zərrə əhəmiyyəti qalmayacaqdı.
Eləcə də rejissorun “Qızıl ayı” qazanan “Taksi” filmi, “Bəhman Qubadinin “İran pişiklərindən heç kəs danışmır” filmi və s.
Xudu Məmmədovun lakonik qənaəti çox şeydən xəbər verir. Mövzudan göz görə-görə uzaqlaşsam da, bu məqamı qeyd etmədən keçməyim fikrə israf olar; İsveç rejissoru Ruben Östlündün 2017-ci ildə Kann Festivalının ən yüksək mükafatını – “Qızıl palma budağı”nı qazanan “Kvadrat”(The square) filminin də fəlsəfi mövzusu kvadratını, qadağalarını itirmiş insanın nəhəng kainatda parçalanmasıdır. O, sonda küçənin mərkəzində tabaşirdən kvadrat çəkərək içində çömbəlir.
Qızıl orta, əndazə hansı qütbə doğru deformasiya etsə, problem yaranır.
İranda əndazə əxlaqın ruhudur.
Hakimiyyət bütün sahələrdə əndazəni ciddi cəhdlə idarə edir.
Sənətdə, poeziyada da yuxarıdakı mühit əndazənin dəmir sərhədlərinin mövcudluğundan yaranır.
Sayın Ərdoğan böyük siyasətçidir.
Kiminlə hansı dildə danışmağın effektiv olduğunu sırağagündən bilir.
Azərbaycan ordusunun Zəfər Paradında səsləndirdiyi bayatı da bu siyasətin xırda təzahürlərindən biridir:
Arazı ayırdılar
Lil ilə doyurdular
Mən səndən ayrılmazdın
Zülm ilə ayırdılar...
Ardınca da deyir:
“Ay Laçın, can Laçın
Mən sənə qurban Laçın”.
Bu bayatıdan sonra İran diplomatiyasında narahatlıqlar baş qaldırdı...
Ərdoğanın dediyi bayatı o qədər ustalıqla seçilib ki, burada İranın iradı üçün yetərli əsas yoxdur.
Amma narahat olmaya da bilmir!
Ərdoğan işğaldan azad olunan Azərbaycan torpaqlarından danışır və sonu Laçınla bitən bir bayatı deyir. Hərçənd “Laçın” ifadəsi bayatıda deyil, bu bayatının istifadə olunduğu mahnıda keçir. Bunu da biz bilirik ki, buradakı “Laçın” rayon adı deyil, şəxs adıdır. Ancaq bu bayatı daim Laçın rayonu ilə əlaqəli səsləndirilir.
Ərdoğanın səsləndirdiyi bayatının görünməyən tərəfi daha ağırdır.
O bayatıdan hər kəs öz payını aldı; kütlə üçün bu şeir bir cümləlik sevgi mənası kəsb etdi: “Ərdoğan ay Laçın, can Laçın dedi”.
Amma İran da öz mesajını almışdı...
Bayatılar çarəsizlərin köksündən qopan ahdır. Bu ah hər şey əldən çıxandan sonra havalanır insan qəlbindən. O üzdən, kainatın bir bucağına çökərək sonsuza qədər qalır.
Bu bayatılar boşdan yaranmayıb. Kimlərinsə uzun illər köksündə saxladığı, sonda dözməyib çölə çıxardığı enerjidir. Təbii ki, belə enerjinin qənim olma potensialı yüksəkdir. Yoxsa, əsrlər sonra yeni bir epoxanın qaranquşu kimi diqqət çəkə bilməzdi.
Düzdür, belə məqamlarda şeiri kimin deməsi də çox önəmlidir, çünki biz güneylə bağlı çox söz, şeir demişik, amma buna indiki qədər reaksiya olmayıb. Ərdoğan o bayatını deyən kimi rezonans yarandı. Ancaq şeirin qüdrəti ordadır ki, ifadə üçün çox uyğundur. Məsələn, Ərdoğan orda açıq nitqlə Cənubi Azərbaycan məsələsinə toxuna bilməzdi. Toxunsaydı, diplomatik nitqi yaralanardı, İranın əlinə etiraz üçün möhkəm bir tutacaq vermiş olardı. Şeirin dili ilə İran yalnız narahat ola bilərdi.
Narahat da oldu.