Sevili iyirminci mərtəbədən itələyən əl

Sevili iyirminci mərtəbədən itələyən əl
22 fevral 2021
# 12:35

Azərbaycanda hər intihardan sonra “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılır. İntiharın səbəbləri araşdırılır. Cinayət işinin açılma səbəbi intihara səbəblər arasında digər şəxslərin rolunu, təqsirini araşdırmaqdır. Amma nədənsə, cinayət məcəlləsinin 125-ci maddəsilə başlanan cinayətlər sonrası kimsə təqsirli bilinmir, cəza almır...

İntihara adətən qurbanın əzizləri səbəb olur. Təbii ki, əzizini itirən bir adamın həmin vaxtı məsuliyyətə cəlb olunması ağır görünə bilər – kimsəyə bunu arzulamıram – amma unutmamalıyıq ki, intiharı tətikləyən, insanların, xüsusən də gənclərin yollarını məhdudlaşdıran şəxslər cəzalanmalıdır, azından həmkarlarına, digər valideynlərə dərs olsun deyə.

Hazırda İsveçrədə yaşayan yazıçı Vüsal Aydının “Dr. Səid” romanı intihar hadisələrindən sonra açılan cinayət işlərinə və bu işlərə bir qayda olaraq səthi yanaşılmasına diqqət çəkir. Qəhrəman – detektiv yalnız intihar işlərini araşdırır. Onun ardınca gedəndə hər intiharın altında illah bir cinayət görürük; miqyası kiçik, yaxud böyük ola bilər, amma var!

Ötən günlərdə intihar edən 20 yaşlı Sevil Atakişiyevanı da 20-ci mərtəbədən itələyən bir əl var, o əl ilk baxışdan görünməyə bilər. O qara əlin sahibi bir adam olsa, onu zərərsizləşdirmək çox da çətin olmaz. Təəssüf ki, o əlin sahibi tək deyil. Hazırda Azərbaycanın, demək olar, bütün evlərində həmin əl gah qızlarının başını sığallayır, gah da təpələrinə qapaz endirir.

Sevilin üzə çıxan mesajlarından görünür ki, evdə fikir-düşüncələrinə, arzularına məhəl qoyan olmayıb. Təbii, evlərdə atalar və uşaqların sözlərinin uyğun gəlməməsi ən çox rastlanan hadisələrdəndir. Bu, təkcə Samir Atakişiyevin ailəsində baş verməyib.

Amma Sevilin yarızarafat-yarıgerçək ölümünə işarə etməsi, özünün hər an stereotiplərin qurbanı ola biləcəyinə eyham vurması düşündürücü və ağrıdıcıdır.

Ümid edirəm, açılan cinayət işində detallar tam aydınlaşdırılacaq.

İndidən aydın olan bir neçə məsələyə diqqət edək...

Sevil deyir:

“Atam deyir, səhvini tutsam, sənə məktub yazdırıb dərman içirdərəm, guya intihar etmisən”.

Qızcığaz ardınca da gülüş “smayl”ı qoyaraq davam edir ki, başıma nəsə gəlsə, bu mesajları nəzərə alarsız.

Əminəm, hazırda prokurorluqda bu mesajlar nəzərə alınır.

Lap ata qızının intiharında – mesajda yazıldığı kimi birbaşa iştirak etməyibsə belə, övladı ilə bu müstəvidə davrandığı araşdırmada nəzərə alınmalıdır. Elə bu mesajdan görünür ki, evdə qızı intihara tətikləyən, hətta birbaşa intihar versiyasını dilə gətirən ata var.

Son günlər baharda budağından zorla qoparılıb atılan yarpaq kimi binaların pəncərələrindən düşən qızları görürük.

Ağır silsilədir!

Şəxsən mən istəməzdim ki, 33 yaşımda yaşadığım ölkədə belə silsilə ilə göz-gözə qalım.

Bu problemi bir çox cəmiyyətlər yaşayıb, yaşayır. Türkiyədə azərbaycanlıların kompakt yaşadığı Qarsda XX əsrin sonlarında yaşanan “hicablı qızların kütləvi intiharı” hadisəsi Orxan Pamukun ən çox satılan romanlarından olan “Qar”ın ana mövzusu olub.

Nuri Bilge Ceylanın “Bir zamanlar Anadoluda...” filmində prokuror tibbi ekspertizanın həkimindən soruşur:

- Doktor, bir adam başqasına görk olsun deyə özünü öldürə bilərmi?

Həkim cavab verir:

- İntiharlar adətən elə bu səbəblə olmurmu?

Bəli, intiharlar adətən başqalarından intiqam almaq məqsədilə olur. Təbii ki, Sevilin atası Samir qızını sevirdi, onun sevgisinə, istəyinə kimsənin şübhəsi yoxdur, atadır! Lakin bu sevgini müşayiət edən qayğı yeni nəslin arzularına, yaşam kriteriyalarına uyğun olmalıdır. Qayğı adı altında övladlara əşya kimi baxmaq, onları öz istehsalın olan cansız məhsul saymaq faciələrə yol açır, xüsusən də, övlad 18 yaşı aşandan sonra...

İstənilən halda köklü-köməcli bir problem olan intihar məsələsinə hüquqi-ictimai müstəvidə həssas yanaşılmalıdır. Xüsusən, gənclərin, gənc qızların intiharına... Çünki bu intiharların, demək olar ki, hamısı eyni səbəbdən baş verir: ailə, mental dəyərlər, sərt qadağalar, ata hökmü, ictimai qınaq (camaat nə deyər?).

Burada daha bir incə məqam üzə çıxır: bu tip intiharlara görə açılan cinayət işlərində səbəbkarlar cəzalandırıldıqda intihar potensiallı şəxslər səbəbkardan qisas almaq üçün bu yola daha ürəklə gedə bilər. Amma bütün bunlarla yanaşı, hüquqi müstəvidə məsələ mütləq detallı araşdırılmalı, amillər, səbəbkarlar tərksilah olunmalıdır. Yalnız bu halda biz hüquqi yolla ailə institutuna və ictimai qınağa vacib müdaxiləni edə bilərik.

Ümid edirəm, gün gələcək biz də Azərbaycanda gənclərin intiharını xəbər manşetlərində yox, ən yaxşı hallarda romanlarda, filmlərdə görəcəyik.

# 33074 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #