Kulis.az Sərdar Aminin yazısını təqdim edir.
Bizim camaatın diaqnozunu təyin etmək istəsək, belə bir kodla kifayətlənə bilərik: ani-emosianal. Mirzə Cəlilin təbirincə desək, bir atımlıq barıt.
Bura birincilərin yurdudur.
İkincilər heç vaxt qəbul edilmir və başa düşülmür. İllah da tarixi şəxsiyyətlər timsalında.
Deyilənə görə, Nəriman Nərimanovun Naxçıvandakı büstü təbii təsirlərdən aşıb.
Burada yıxılan adamı baltalayırlar, o da qaldı yıxılan heykəl ola.
Xor budur: “Nəriman Nərimanovun abidələri sökülsün!”
Ən cahil münasibət isə onun Rəsulzadə ilə müqayisə edilməsidir.
Deyirlər, onun abidəsi sökülüb əvəzində Rəsulzadəninki ucaldılsın?
Niyə?
Ölkədə yer qalmayıb? Rəsulzadənin abidəsini ucaltmaq üçün Bakıda uyğun yer tapmırsınız?
Bunu yazan adamların zərrə kreativliyi olsaydı, belə bir post yazardı:
“Necə ki, Nərimanov Rəsulzadə hökumətini yıxdı, biz də tarixi ədalətsizliyi aradan qaldıraq, Nərimanovun abidələrini yıxıb Rəsulzadəni qaldıraq”.
Hanı o kreativlik? Həmin adamlar heç bir əsr əvvəlki tarixi prosesləri, coğrafi rəngarəngliyi bilmirlər. Bunlar hələ də düşünür ki, cümhuriyyəti Nərimanov yıxıb.
Uzun illər SSRİ-yə xidmət edən, hətta yaltaqlanan onlarla ictimai, mədəni, siyasi xadim adı çəkmək olar ki, bu gün onlar öpülüb göz üstündə saxlanır, amma Stalinlə, Leninlə kəllə-kəlləyə gələn, Azərbaycan naminə onlara xəbərdaredici məktublar yazacaq cəsarət sahibi olan, elə bu cəsarəti səbəbi ilə də öldürülən Nərimanovun üstünə düşülür.
Azərbaycanda toplumun Nərimanova birmənalı münasibət göstərməməsinin iki əsas səbəbi var:
1) Onun haqqında konteksdən çıxarışlarla təqdim olunan və təhrif olunan tarixi informasiyalar.
2) Toplumun ağıllı yox, çılğın şəxsiyyətlərə dəyər verməsi.
Birinci barədə çox danışmaq olar: Rəsulzadənin Nərimanov haqda fikirləri, Naxçıvan, Zəngəzur məsələsi və s.
Lakin dəfələrlə deyilən və nəzərə alınmayan bir məqam var: XX əsrin birinci yarısında baş verənləri XXI əsrin birinci yarısında müzakirə edərəkən, həmən saf-çürük etməliyik, tarixi bilgilərimiz kompleksdirmi?
Çar Rusiyası tarixi və həmin ərəfədə Azərbaycan ərazisi, adı nüfuzu barədə nə qədər bilgimiz var?
Əgər məsələyə XX yox, XXI əsr reallığında baxırıqsa, Nərimanovu Zəngəzura görə qınayırıqsa, onda cümhuriyyətin ilk Baş naziri Fətəli xan Xoyskinin yazdığı məktubdan bir sitat gətirmək kifayət edər ki, onun da portretini tərsinə asaq:
“Biz İrəvanı ermənilərə güzəştə getdik”.
Təbii ki, biz Xoyskini başa düşürük. Çünki Qaqfqaz əl boyda yerdi, içində onlarla xalq. Kənarında iki-üç əjdaha. Hər biri Qafqazı udmağa hazır. Bu reallıqda Qafqazda xalqının bir-birini qırması o deməkdir ki, yaranan tarixi şərait boşa gedir. Ən acı reallıq isə budur ki, bu fürsətdən istifadə olunmasa, yəqin ki, Azərbaycan adlı dövlət yer üzərində bir daha heç vaxt qurulmayacaq.
Həmin qırğına son vermək üçün ortaya bir tarixi şəxsiyyət çıxmalı, illər sonra qınanılsa, hətta təhqir olunsa belə, ziyalılar tərəfindən anlaşılacağına sığınaraq qərar verməli idi. Xoyski İrəvanı ermənilərə verməklə, həm də, Azərbaycanı bir daha müstəqil etdi. Çünki həmin zaman Azərbaycanın, demək olar hər rayonunda erməni yaşayırdı və onların da bu tarixi şəraitdən istifadə edəcəyi bəlli idi, onlar da respublika quracaqdı. Xülasə, İrəvan qurban idi.
Biz Xoyskinin həmin qərarını tarixin tələbi kimi qiymətləndirirksə, Nərimanovun bu kimi təklifini niyə qəbul edə bilmirik?
Çünki biz çılğın, ağzı köpüklənən, onun bunun qarasınca danışan, öldürən, ölən şəxsləri qəhrəman etməyə öyrəşmişik.
Biz qəhrəmanlarımızın başında dəbilqə, əlində qılınc olmasını istəyirik.
Əynində bəyaz xalat, gözündə səbir, qulağında fonendoskop, əlində qələm olan, xalqın nəbzini, ruhunu duyan, onun diaqnozunu kağıza yox, kitaba yazan bir ziyalını qəhrəman edə bilmərik. Xalqı üçün tər tökən yox, göz yaşı, qan tökənlərin abidəsini ucaltmağa vərdiş etmişik.
Guya Nərimanov olmasaydı, Sovet ordusu Azərbaycana girməyəcəkdi?
Girəcəkdi, həm də başında erməni siyasi xadim.
Təsəvvür edirsiniz, sırf Nəriman Nərimanova görə Stalin, xüsusilə də Lenin Azərbaycana nə qədər güzəştlər etməyə məcbur olub?
1924-cü ilə qədər Sovet Azərbaycanının bayrağı Nərimanovun qazandığı nüfuz və Nərimanovun portreti idi.
O, sosializm bayrağı altında gələn Rusiyanın Qafqazı ələ alacağından əmin idi.
Qarşıda bir neçə yol var idi, ölkədən qaçmaq, fərdi mübarizə aparıb həbs olunmaq, susmaq və bir də, bütün bacarıqlarını səfərbər edib son ana qədər millətinin xilasına çalışmaq. Nərimanov sonuncunu seçdi.
Nərimanov Azərbaycan üçün nə edib?
Nə qədər acı olsa da, Nərimanov əleyhinə xora qoşulmadan öncə hər kəs zəhmət çəkib bu və bu kimi sənədlərlə, faktlarla tanış olmalıdır.
O, nüfuzundan istifadə edərək Lenin qarşısında bəzi öhdəliklər götürmüşdü, Lenin də öz növbəsində Şərqlə bağlı qərarlarında Nərimanovla hesablaşırdı.
O gün gələndə, hansı ki, həmin gün artıq mərkəz Nərimanova verdiyi sözə əməl etmirdi, Nərimanovun da Leninə yazdığı məktubları kəskinləşdi:
"Vladimir İliç! Çoxmillətli əhalinin hüququ və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu, kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?"
Həmin dövrdə Leninlə bu müstəvidə danışan ikinci şəxs göstərə bilməzsiniz.
Digər bir məktubunda isə o Leninə belə bir sual verir:
“Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdırmı?”
Nərimanov SSRİ rəhbərliyində təmsil olunmasaydı, çox güman ki, keçdiyi bütün vəzifələrdə onun yerində erməni dövlət xadimi əyləşəcəkdi. Belə olduqda Azərbaycan üçün nəticələri təsəvvür etmək belə qorxuludu.
Bakını 1918-ci ildə ermənilərdən təmizlənməsində Osmanlı ordusu xidmət göstərmişdisə, Sovet işğalından həmən sonra bu işi görən, Bakının əsl simasını ermənilərdən qoruyan, onu bir müsəlman, Şərq şəhəri kimi saxlayan Nəriman Nərimanov oldu.
Nərimanov Stalinə məktubunda yazırdı ki, Bakını erməniləşdirmək planı var və bunun qurucusu məhz Mikoyandır:
“Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Lakin elə işimin ilk günlərindən açıq deyirəm: bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir. Cənubi Qafqazın keçmişi, xüsusilə 18-ci ildə Bakıdakı vəziyyət bu məsələ üzərində düşünməyə məcbur edir”.
Nərimanov digər bir məktubunda Leninə Mərkəzin siyasətindən narazı olduğunu bildirir:
“Əgər qısa bir müddətdə Mərkəz daşnak-kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcək. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm”.
Nərimanov Qarabağın Azərbaycan tərkibində qalmasında misilsiz xidməti olub. Qarabağ mövzusunu dəfələrlə, son anda ermənilərin lehinə səs verən komisiyaların müzakirəsindən çıxara bilib.
Nərimanov 1921-ci il iyul ayının 19-da keçirilən iclasda deyir: Sovet Konstitusiyası çərçivəsində vilayət icraiyyə komitəsi başda olmaqla daxili özünüidarə hüququ verilməklə Dağlıq Qarabağ Sovet Azərbaycanının ayrılmaz hissəsi kimi qalacaq”.
Nərimanov sonralar bu məsələ ilə bağlı Stalinə məktubunda yazırdı:
“Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edildi. Mənim vaxtımda bu, mümkün olmamışdı”.
Nərimanov milli aviasiyanın yaradılmasına, Bakı-Tiflis-Batum neft kəmərinin, Bakı-Culfa dəmiryolunun çəkilməsinə birbaşa xidməti var.
Nərimanov fərdi fəaliyyəti ilə Şərqdə qazandığı nüfuzunu uzun illər Azərbaycan naminə xərcləyib. Onu Şərq dünyasında yaxşı tanıyır, sevirdilər. Nəriman Nərimanov olmasaydı, bu gün də Bakıda ermənilərin nüfuzu davam edəcəkdi.
Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman olan "Bahadır və Sona"nın müəllifidir. Bütün fəaliyyəti boyu Bakının simasının qorunmasına, şəhərin erməni rəhbərlərdən arınmasına çalışan bir şəxs romanında, yəni daha yüksək müstəvidə erməni qız və azərbaycanlı oğlanın sevgisindən yazıb, bu münasibətdə sevgini bütün maraqlardan yüksəkdə saxlamağı bacarıb.
N.Nərimanov - Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir.
N.Nərimanov - ruslar üçün Azərbaycandilli, azərbaycanlılar üçün rusdilli dərsliklərinin ilk müəllifidir.
Şərqdə ilk abidə 1922-ci ildə N.Nərimanovun göstərişi ilə görkəmli şair M.Ə.Sabirin əziz xatirəsinə ucaldılıb.
Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanıb. Məsələn, Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək verib, nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı mücadilədə pay sahibi olub.
Təbii ki, Nərimanov da qüsursuz siyasətçi deyildi. Necəki Lenini, Trotsikini aldatmışdılar, eləcə də onların silahdaşı Nərimanovu aldatmışdılar. Necə ki, inqilabın rəhbəri Leninin, silahdaşı Trotskinin başına müsibət gətirdilər, eləcə də Nərimanovun həyatın son qoydular.
Bəli, təsadüfi deyil ki, Stalin hakimiyyəti fəaliyyətə başlayan kimi məşhur repressiyadan 13 il əvvəl, 1925-ci ildə ilk olaraq Nərimanov aradan götürüldü. Deməli, Stalin İmperiyasının birinci düşməni elə Nərimanov idi. Hansı ki, bu gün bəzi insanlar Nərimanovdan illər sonra öldürülmüş, sürgün edilmiş ziyalılarımızı layiqincə xatırlayır, Nərimanovun adı gəlincə isə naxələflik edir.
Halbuki Nəriman Nərimanov da bir çılğın hərəkətilə bu gün Azərbaycan tarixinin ən parlaq tarixi şəxsiyyətinə çevrilə bilərdi. Amma o tarix üçün yox, ümmətinin bu günü üçün yaşadı.
Həm də hümmətlə...
Qeyrət almas kimidir, zərbə aldıqca cilalanır.
Ona görə də bu bahar günündə Nərimanovun Bakıdakı əzəmətli abidəsinə pıçıldamaq yetərlidir:
“Narahat olmayın, doktor. Sağalacağıq”.
Qafqazinfo