Yalçın Adıgözəlov: "Qadın ailə başçısı ola bilməz" – Müsahibə

Yalçın Adıgözəlov:  "Qadın ailə başçısı ola bilməz" – Müsahibə
11 fevral 2022
# 14:40

Kulis.az Yalçın Adıgözəlovun APA-ya müsahibəsini təqdim edir.

Bakı Musiqi Akademiyasındayıq, Yalçın müəllimi gözləyirik. Zəng vurub bir qədər gecikəcəyini deyir. Düşünürəm ki, müsahibəyə gəlməsə də incimərəm. Çünki on gün qabaq Yalçın müəllimin anası Xalidə xanım vəfat edib. Ancaq onun necə intizamlı bir insan olduğunu da bildiyim üçün müsahibəyə gələcəyindən əminəm. Və gəlir də. Görkəmindən yasda olduğu bəllidir, ancaq mən müsahibəyə cavabını bildiyim bu sualla başlayıram…

– Necəsiniz, Yalçın müəllim?
– Yaxşı deyiləm. Ona görə yaxşı deyiləm ki, on gün əvvəl anamız vəfat edib. Bilirsiniz, anaların yaşı olmur. Bu, bizim ailəmiz üçün çox böyük itkidir. Ancaq nə etmək olar, həyatın qanunudur. Nə qədər ki, valideynlərimiz həyatdadır, biz qollu-qanadlı oluruq. Elə ki, özümüz valideyn oluruq, övladlarımıza qol-qanad olmağa başlayırıq. Ancaq çox sarsılmışıq. O, bizim ağbirçəyimiz, Vasif Adıgözəlovun yadigarı idi...

– Allah rəhmət eləsin. Ananızı Qubada dəfn etdiniz. Ana tərəfiniz qubalı, ata tərəfiniz qarabağlıdır demək.
– Bəli, anamın əsli-kökü qubalıdır. Anamın vəsiyyəti idi ki, onu Qubada, valideynlərinin və qohumlarının yanında dəfn edək. Ata tərəfdən qarabağlıyıq, əslimiz Şuşadandır. Düzdür, Zülfü babam Ağcabədidə doğulub. Bu da ona görə belə olmuşdu ki, yayda Şuşada qalırmışlar, qışda isə Şuşa soyuq olduğu üçün Ağcabədiyə enirmişlər.

– Lap Üzeyir bəy kimi. Üzeyir bəyə qohumluğunuz çatmır ki?
– Uzaqdan qohumluğumuz çatır. Üzeyir bəyin də əsli-kökü şuşalı olsa da, Ağcabədidə doğulub. Hətta babam Zülfi Adıgözəlovla Üzeyir bəy bir kənddə anadan olub. Qaradolaq kəndi məşhur kənddir. Zülfi Adıgözəlovun Bakıya gəlməyində Üzeyir bəyin mühüm rolu olub. 1928-ci ildə babamız Bakıya köçür və 1935-ci ildə atam doğulur.

Yalçın müəllimin yarasını təzələməmək üçün ailəsi ilə bağlı söhbətə fasilə verib mövzunu dəyişirəm.

– Sankt-Peterburq Filarmoniyasının baş dirijoru Yuriy Temirkanov ötən həftə vəzifəsindən istefa verib.
– İstefa da bir mədəniyyətdir. 83 yaşında olan dahi musiqiçi onun yolunu davam edən həmkarlarına imkan yaradır. Hər-halda vəzifəsindən ikiəlli yapışmaqla hörmət qazanmadığını anlayır. Ağıllı adam və böyük şəxsiyyətdir.

– Həmin Temirkanov qadınların yaxşı dirijor olmadığını deyirdi. Nəinki o, bir çox kişi dirijorlar “orkestrin təməlində güc dayanır, qadında isə bu güc yoxdur”, yaxud da “qadın orkestrdəki kişilərin diqqətini yayındıra bilər” kimi arqumentlər irəli sürür. Mənə maraqlıdır, bir kişi dirijor kimi Siz bu mövzuda nə düşünürsünüz?
– Orkestr bir ailədir. Düşünün, 90 nəfərlik bir heyət hər gün bir araya gəlir, hər gün məşq edir, həftədə bir neçə dəfə konsertdə birgə çıxış edir. O 90 nəfərin hər birinin öz həyatı, ağrısı, acısı, sevinci var. Buna görə də rəhbər, başçı mütləqdir. Mənim həyat fəlsəfəmə görə isə ailənin başçısı kişi olmalıdır. Qadın ailənin ruzi-bərəkətidir, ailənin abu-havasıdır, qadın ailənin mehribançılığıdır.

– Əsrlərdir ki, bu sözlərlə başımızı aldadırsınız.
– İnanın, bunun əksi olanda, yəni başçı qadın olanda hər şey baş-ayaq olur. Mən o modeli qəbul edə bilmirəm. Bizim qohumlarımız, yaxınlarımız arasında belə ailə yoxdur. Mən onu hiss edəndə belə rahat ola bilmirəm. Ola bilər ki, qadının vəzifəsi olsun, qadın ictimai xadim olsun, ancaq ailənin dolandırıcısı kişi olmalıdır. Kişi qadına sığına bilməz. Kişi donordur. Təbiətdə də belədir. Orkestrin qarşısına əsl kişi çıxanda orkestrdəki nizam-intizam ordudakı kimi olur. Başqa cür 90 nəfərin bir yerə gəlməsi mümkün deyil. Sən ata olmalısan, ata sərt də davrana bilər, ağır söz də deyə bilər, söhbət təhqirdən, alçaltmaqdan getmir, təbii ki.
Qadından isə o güc gəlməməlidir, qadın sərt olmamalıdır. Qadın yüksək səslə danışmamalıdır. Qadın zərif olmalıdır.

– Yalçın müəllim, mən sizinlə razı, qadın zərif olmalıdır. Ancaq bu günün həyat şərtləri başqadır. Əgər mən səhərdən axşama kimi işləyirəmsə, hələ üstəlik buna məcburamsa, əgər mən kişinin düşdüyü situasiyalara düşürəmsə, mənim elə kişi kimi davranmaqdan başqa yolum qalmır axı.
– Mənim qızım da sənin kimi danışır: “Ata, mən həyata hazır olmalıyam”, “Ata, zəmanə dəyişib”. Zəmanə dəyişib, razıyam. İndi heç əvvəlki kişilər də yoxdur axı... Hər şey cırlaşıb.

– Köhnə bəstəkarlar necə? Onlardan indi varmı?
– Çox böyük bir boşluq var. Məsələn, rəssamlıqda bu problem daha azdır. İstedadlı gənc rəssamlarımız var. Ədəbiyyatda deməzdim çoxdurlar, ancaq istedadlı imzalar var. Ən böyük problemimiz bəstəkarlıq sahəsindədir. Bu yaxınlarda Heydər Əliyev Sarayında simfonik orkestr gənc və orta nəsil bəstəkarlarımızın yen əsərlərini ifa edirdi. Mən o konsertdən çox qanıqara və təəssüf hissi ilə çıxdım. Problemlərimizin olduğunu bilirdim, ancaq vəziyyətin bu qədər acınacaqlı olduğunu təsəvvür etmirdim.

– Heç təsəllimiz yoxdur?
– Şükürlər olsun ki, Ceyhun Allahverdiyev, Ayaz Qənbərli, Firudin Allahverdi, Türkər Qasımzadə, Səid Qəni, Tahir İbişov kimi savadlı və professional bəstəkarlarımız var. Onlara çox ümid bağlayıram. Mənim professionallara daha çox hörmətim var, nəinki istedadlılara, çünki istedadı tanrı verir. Professionallıq isə üzərində işləməklə əldə olunur. Bilirsiniz, bizim nə qədər istedadlı gənc pianoçumuz, vokalçımız olub? Onlar öz üzərlərində işləmədikləri üçün yox olub getdilər. Amma orta səviyyəli istedad öz üzərində çalışanda uğur qazanır. Mən onların qarşısında papağımı çıxarıram. Professionallıq çox vacibdir. Sən insanı sevməyə də bilərsən, küsülü də ola bilərsən, ancaq o professionaldırsa, ona hörmət etməyə məcbursan.

– Sizcə, klassik musiqi, opera Azərbaycan insanının musiqi zövqünə nə qədər xitab edir?
– Şərqdə ilk dəfə 1908-ci ildə yaranan operamız “Leyli və Məcnun” 114 ildir ki, səhnəyə qoyulur və nə vaxt səhnəyə qoyulsa, anşlaqdır. Zal dolur və bundan sonra da dolacaq, çünki xalqımız muğamı sevir, xalqımız Üzeyir bəyi sevir, xalqımız milli musiqimizi eşitmək istəyir. Fikrət Əmirovun, Niyazinin, Qara Qarayevin əsərlərin hər zaman dinləmək istəyir. Gəlin sizə bir sual verim. Sizcə, Qara Qarayev Şərqə daha yaxındır, yoxsa Fikrət Əmirov?

– Məncə, Fikrət Əmirov.
– İkisi də dahidir, ikisi də sırf Azərbaycan bəstəkarıdır. Onların əsərlərində bu hiss olunur. Sadəcə Qarayev Qərbə bir az daha yaxındır. O, şəhər adamıdır, professor oğludur. Fikrət isə Məşədi Cəmilin oğludur, tarzəndir, şuşalıdır. Ona görə Şərqə daha yaxındır. Nəticə etibarilə hər ikisi azərbaycanlı bəstəkardır. Ancaq bu gün bizim elə bəstəçilərimiz ortaya çıxıb ki, əsərlərinə baxırsan, bilmirsən türkdür, rusdur, yoxsa farsdır. Çünki yaradıcılıqlarında milli əsas yoxdur. Çaykovski rus bəstəkarıdır, Vaqner alman, Şopen polşalıdır, Bartok macar, Paliaçvili gürcüdür. Onlara qulaq asanda bunu hiss edə bilirsən. Əgər bəstəkarın yaradıcılığında milli əsas yoxdursa, mən bunu faciə kimi qəbul edirəm.

– Millətçisiniz?
– Millətçi deyiləm, ancaq vətənpərvər olduğuma inanmaq istəyirəm, bunlar başqa-başqa anlayışlardır, mənim üçün pis millət anlayışı yoxdur. Mən azərbaycanlı olmağımla qürur duyuram və bizim bir çox məsələlərdə başqa millətlərdən üstün olmağımıza əminəm.

– Məsələn?
– Məsələn, musiqidə. Keçmiş sovet məkanında bizimlə müqayisə oluna biləcək bir xalq yoxdur, yalnız böyük Rusiya istisnadır. O vaxt Moskvada keçirilən bəstəkarlar qurultaylarında öndə hər zaman rus, Azərbaycan bəstəkarları olurdu. Məsələn, hamı bilir ki, kinematoqrafiya Gürcüstanda daha güclü olub. Bizdə isə bəstəkarlıq səviyyəsi çox yüksək olub. Şairlərimiz, yazıçılarımız, rejissorlarımız inciməsin məndən.

– Sizcə, istedadın bölgəsi var?
– Bax (divarı göstərir) asılan kimin şəklidir? Cahangir Cahangirov… Atam həmişə ona deyirdi ki, Qarabağdan olan bəstəkarlarımız oradakı gözəllikləri görüb yaradırdılar. Sən ki Balaxanıda doğulub böyümüsən, orda da neft buruqlarından başqa heç nə yoxdur. Səndə bu qədər melodiya, ürək, istedad haradandır, ay Cahangir? Yəni istedad varsa, var.

– Atanız... Onun oğlu olmaq, bu imzanı daşımaq həm şərəf, həm də məsuliyyət olmalı.
– Elədir. Mənim səhv etmək ixtiyarım yoxdur! Həm atam, həm babam, həm də əmim – onlar çox diqqətli yaşadılar. Son nəfəslərinə qədər Azərbaycan mədəniyyətinə xidmət etdilər. Üzeyir bəyin bizə qoyduğu üç böyük dağ, üç böyük şəxsiyyət – Fikrət Əmirov, maestro Niyazi və Qara Qarayev tələbələrinə təkcə professionallığı yox, həm də həyatı öyrətdi. Bu gün Azərbaycanın fəxr etdiyi, təbliğ etdiyi bəstəkarlar məhz onlardır. Mənim və qardaşımın da başqa cür yaşamaq haqqı yox idi. Deyim ki, atam bizə ciddi tapşırıqlar verirdi, yox. O, heç vaxt belə etmirdi. Biz sadəcə onun həyatına, dostları ilə münasibətlərinə baxırdıq və çalışırdıq o cür olaq. O, bizim həyat məktəbimiz idi.
Hər kəsin bu həyatda öz missiyası var. Deməli, mən musiqiçi olmalıymışam, deməli qardaşım həkim olmalıymış. Atamın 71 yaşa çatmasında qardaşım Toğrulun bir həkim kimi mühüm rolu olub. Toğrul atamı fiziki yaşadırdı, mən isə mənəvi. Çünki əsərlərini ifa edirdim. Bu yaxınlarda “Qarabağ şikəstəsi” oratoriyasının premyerasında çəkilən kadrlara baxırdım. Atamla anam da zalda oturub. Mən atamın gözündəki qürur, fərəh hissini indi görürəm. O vaxt mən onu hiss etmirdim. Bir kərə yaşayırıq. Gərək elə yaşayaq ki, dünyamızı dəyişəndən sonra övladlarımıza desinlər ki, Allah rəhmət eləsin. Necə ki, mən bu vaxta qədər bu sözləri eşitmişəm. Tutaq ki, Bakı kəndlərinə gedəndə babam Zülfü Adıgözəlovu xatırlayırlar. Görürəm yaşlı kişilər var, onlar tez-tez Zülfü deyir. Hətta övladlarına bu sevgidən Zülfü adını qoyanlar var. Bizim də birinci övladımızın adı Zülfüqardır, böyük babasının adını daşıyır. Baxmayaraq ki, o, qarabağlı idi, ancaq Bakı kəndlərində daha çox sevilirdi. Ümumiyyətlə, Bakı kəndlərində pəsdən oxuyan müğənniləri seviblər, babam da pəsxan idi. Məsələn, Xan əmi zilxan idi, ona görə Qarabağda daha çox sevilirdi. Həm də babam Əliağa Vahidin yaxın dostu olduğuna görə qəzəlləri də düzgün seçirdi.

– Valideynlər təkcə qazandıqları hörməti yox, həm də düşmənlərini övladlarına miras qoyur.
– Tamamilə razıyam bu fikirlə.

– Miras qalan düşmənlər Sizə varlığını tez-tez hiss etdirirmi?
– Əlbəttə, hiss etmişəm. Bir söz var, deyir ki, oğullar atalarının əməllərinə görə cavabdeh deyil. Ancaq, mən atamın etdiyi hər şeyə görə cavabdehəm. Çünki bilirəm ki, mənim atam haqsız heç nə etməyib. Atamı sevməyənlər məni də sevmir. Çox maraqlıdır ki, mən onlara heç nə etməmişəm. Çoxu da dünyasını dəyişib. Biz Bəstəkarlar evində yaşamışıq, mən orda böyümüşəm. Biz 65-ci ildə ora gələndə Tofiq Quliyev, Süleyman Ələsgərov, Arif Məlikov, Ramiz Mustafayev, Əşrəf Abbasov, Musa Mirzəyev, Xəyyam Mirzəzadə, İbrahim Məmmədov kimi bəstəkarlar orada yaşayırdılar. Ancaq bu gün onların heç biri yoxdur. Bəstəkarların xanımlarından bir anam qalmışdı, bir də Oqtay Zülfüqarovun həyat yoldaşı İnarə xanım. İndi o 30 mənzilli binada tək qaldı İnarə xanım.

– Doxsanıncı illərdə hamının soyuq Filarmoniyadan qaçdığı bir dövrdə siz ordaydınız.
– Mən gedə bilməzdim, nəinki mən, çox adam getmədi.

– Amma gedənlər də oldu.
– Getdilər, on ildən sonra da qayıdıb dedilər ki, bəs bizim vəzifəmiz vardı, o vardı, bu vardı. Şəxsən mənim getməyənlərə hörmətim daha çoxdur, o adamlara ki, soyuq Filarmoniyada maaşsız çalışdılar, orkestri dağılmağa qoymadılar. Məsələn, Fərhad müəllim getmədi, konservatoriyanı qoruyub saxladı.

– Siz də getmədiniz.
– Mən gedə bilməzdim. Ancaq onu da deyim ki, Bakıda yaşamaq şərt deyil. Məgər Lütfizadə Bakıda yaşamışdı? Tahir Salahov Bakıda yaşayıb? Qara Qarayev ömür boyu Moskvada yaşayıb. Rüstəm İbrahimbəyov Bakıda yaşayır? Sən vətəninə, torpağına, millətinə, bayrağına xidmət etməlisən, mənən burada olmalısan. Övladlarıma da deyirəm ki, istəyirsən, Amerikada yaşa, Avropada yaşa, Fransada yaşa, fərqi yoxdur, əsas vətəninə bağlı ol, çünki kökün burdadır. Mən də 1989-cu ildə diplomumu alıb Azərbaycana qayıtdım və simfonik orkestrin dirijoru vəzifəsində çalışmağa başladım. Bir il sonra isə məni Avstriyaya göndərdilər. Mən orda olanda Bakıdan zəng edib dedilər ki, hamı qoyub qaçıb, dərhal qayıt. O vaxt burda maaş 20 dollar, Türkiyədə isə 2000 dollar idi, yəni yüz dəfə çox. Və mən Bakıya qayıdıb 1991-ci ildə baş dirijor təyin olunanda keçmiş SSRİ-də ən gənc bədii rəhbər və baş dirijor idim.
Özü də mən o vaxt subay idim, xaricə gedə bilərdim, imkan da vardı, çağırırdılar, ancaq getmədim. Bilirdim ki, getsəm, orkestri dağıdacaqlar, çünki heç kim yox idi. O şərtlərlə doqquz il çalışdıq. Sonra bunlar qayıtdılar. Gedib yaxşı pul qazanıb qayıtmışdılar. Mən orkestrdən çıxandan sonra 25 ildir ki, bütün fəaliyyətimi Azərbaycan musiqisinin təbliğinə həsr etmişəm. 35 ölkədə Azərbaycan musiqisi səslənibsə, burada mənim də payım var.

– Bəs azad Şuşada “Xarıbülbül” festivalında bir şuşalı kimi nə hiss etdiniz?
– Ən birinci onu hiss etdim ki, atamın ruhu artıq şaddır. Haqq-ədalət axır-əvvəl gəlib yerini tapır. Mən orda özümü hiss etmirdim, uçurdum. Mən atamın vəsiyyətini yerinə yetirdim. Orda uçan qartal var ha, o qartal Üzeyir bəyin, Natəvanın, Bülbülün, atamın, Süleyman Ələsgərov, Zülfü Adıgözəlovun ruhu idi. Mənə dedilər ki, həmin qartallardan orda çox az qalıb. “Qarabağ şikəstəsi” orda səslənəndə operator qartalların uçmağını necə gördü? Bunu əvvəlcədən təşkil etmək mümkün deyildi. Məncə, bu, tanrının bir işarəsidir.

– Yalçın müəllim, Vasif Adıgözəlovun “Ölülər” əsərini çoxdandır ki, eşitmirik. Həmin əsərə müraciət etməyi düşünürsünüz?
- “Ölülər” əsəri Vasif Adıgözəlovun diplom işidir. Təsəvvür edin, 24 yaşlı Vasif Adıgözəlov “Ölülər” kimi ağır, mürəkkəb bir əsərə müraciət edib. Buna çox böyük bir cürət lazımdır. Əsər dörd-beş dəfə tamaşaya qoyuldu, ancaq dinlə bağlı məqamlardan dolayı qaldı. Otuz il sonra mən əsəri bərpa etmək istəyəndə atam rəhmətə getdi. Bu yaxınlarda isə bir rejissordan mənə təklif gəldi. İnşallah, o əsəri biz səhnəyə qaytarmaq istəyirik. Düşünürəm ki, bunu etmək mənim mənəvi borcumdur.

– “Yalçın” sözünün mənası sərt deməkdir. Yalçın müəllim adı kimidir?

– Bilmirəm. Yalnız onu deyə bilərəm ki, mən heç vaxt haqq olmayan hadisələri, hərəkətləri qəbul edə bilmirəm. Mən savaşmağı da sevmirəm. Bu, mənim üslubum deyil. Ancaq içimdə üsyançıyam, mən qaraya ağ deyə bilmərəm. Ona görə də çox vaxt problemlər yaşayıram.

– 1990-ci ildə Filarmoniyadan səslənən “Rekviyem” də o üsyanın səsi imiş yəqin...
– O vaxt hamımızın gözü dolu idi. Hamımız sarsılmışdıq, çünki heç kim bunu gözləmirdi. Sovet ordusu deyəndə düşünürdük ki, bu, həm də bizim ordumuzdur. Ruslar bizi alçaltdı. Gəldilər, zəbt elədilər, cavanlarımızı qırdılar. Xalqın üzünə tüpürüb getdilər. Biz ona görə ağlayırdıq. Kişi nə vaxt ağlayar? Gücü çatmayanda. Kişi xeylağı ağrıdan ağlamaz. Çarəsizlikdən ağlayar. Bax, biz ona görə ağlayırdıq. Çünki biz heç nə edə bilmirdik. Mən nə edə bilərdim? Mənim çubuğum mənim silahımdır. Təsəvvür edin, tanklar hələ şəhərdədir. Biz filarmoniyada “Rekviyem”i repertuara qoymuşuq. Kim nə deyə bilərdi bizə? Baxmayaraq ki, Bakıda hələ komendant saatı hökm sürürdü. O ifa zamanı zaldakı insanlar filarmoniyanın balkonlarından yapışıb qalmışdı, çıxmırdılar. Çünki orada üsyan vardı. O bizim etirazım idi. Eyni şey də Moskvada 1991-ci ildə baş verdi. Orada “Qarabağ şikəstəsi”ni elan edəndə “Qarabağ” sözünü çıxarıb eləcə “şikəstə” kimi təqdim etmişdilər. Amma nə oldu? Ötən il düz otuz il sonra həmin zalda “Qarabağ şikəstəsi” yenidən səsləndi. Həmin vaxt Alim Qasımov da yanımda idi. O vaxt mənim və Alimin otuz yaşı vardısa, indi isə 60 yaşımız var.

–Həyatınızın dirijoru ola bildiniz?
– Mən həmişə çalışmışam ki, doğru bildiyimi edim, sonra nə olar olar. Hər şey tanrının əlindədir. Mən Allaha inanıram...

# 10154 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #