İlham Namiq Kamal: “Bir var fahişəni fahişə oynaya, bir var aktrisa...” – MÜSAHİBƏ

<span style="color:red;">İlham Namiq Kamal:  “Bir var fahişəni fahişə oynaya, bir var aktrisa...” – <span style="color:red;">MÜSAHİBƏ
29 noyabr 2017
# 13:42

Kulis.az Xalq artisti İlham Namiq Kamalla müsahibəni təqdim edir.

- İlham müəllim, dediniz vaxtım azdır, hansı tamaşanı məşq edirsiz?

- Rus bölməsində Rauf Hacıyevin “Qafqazlı qardaşoğlu” operettasının son məşqləridir. Əsas rolu Bəbirlini oynayıram. Hər gün orkestrlə məşqdir, ona görə, bir az vaxt məhduddur. “Qafqazlı qardaşoğlu” Sovet İttifaqında məşhur idi, indinin özündə də Rusiyanın hər yerində oynanılır.

- Məşq maraqlı prosesdir, ya tamaşa?

- Peşəkarlar üçün məşq yaradıcı prosesdir. Məşqdə nələrsə tapırsan. Tamaşada onu göstərirsən. Həm də sən aktyorsan, rejissorun tablosunu korlaya bilməzsən. Mən özüm tamaşa hazırlayanda bilirəm ki, kimin yeri nədir. Mən aktyoram, rejissora tabe olmalıyam. Aktyor bunu bilməlidir. Yoxsa hər aktyor ədyalı öz üstünə çəksin ki, mənim üçündür hər şey, belə tamaşa ola bilməz.

- Heç olmasa 50 faiz aktyordan asılı deyilmi obrazın keyfiyyəti?

- Rolun keyfiyyəti birinci rol bölgüsündən asılıdır. Elə götürün Seyidzadəni, “O olmasın, bu olsun” filmində rolu necə bölüb? Çox aktyor istəyərdi ki, Məşədi İbadı oynasın. Amma rejissor heç razılaşmaya-razılaşmaya Əliağa Ağayevi seçdi. Heç kim inanmır, amma rejissor Əliağa Ağayevi o rolda görür. İndi də Məşədi İbad deyəndə gözümüzün qarşısına Əliağa Ağayev gəlir. Deməli rejissordan asılıdır.

- Yeri gəlmişkən, “Arşın mal alan”dakı Soltan bəy səhv etmirəmsə Opera Teatrının kollektivi ilə ilk işinizdir. Bu iş prosesində sizin üçün nə yenilik oldu?

- Hər şey çox gözəl oldu. Klassik operalarda da Fransadan, Gürcüstandan artist çağırırlar. Yaxşıdır ki, məni Azərbaycandan çağırıblar, doğma paytaxt şəhərdən (gülür). Məncə tamaşaçıya da maraqlı oldu.

- Heç opera aktyorları ilə bir arada səsə görə kompleks keçirmədiniz ki?

- Mən solistəm, amma vokalist deyiləm. Qəhrəman partiyalarını da təbii ki oxuya bilmərəm. Məsələn, Gülçöhrənin, Əsgər bəyin ariyaları başqa məsələdir. Bir də var, xarakterik obraz. Həm də Soltan bəyin bir mahnısı var orada. Burada elə tamaşalar var ki, beş mahnı oxuyuram. Operettalarda oxuyuram. O dəfə Emin Sabitoğlunun xatirəsinə aid olan gecədə “Nəğməli könül” tamaşasından öz obrazımın partiyasını oxudum, yüz nəfərlik orkestrlə. Mən 35 ildən artıq Milli Dram Teatrında işləmişəm. Tofiq Kazımovun elə tamaşaları var idi ki, Emin Sabitoğlu, Oqtay Kazımov mahnı yazırdı, biz də səhnədə canlı oxuyurduq. Buranın 45 nəfərlik orkestri varsa oranın 20-25 nəfərlik canlı orkestri var idi.

-Tofiq Kazımovun işi idi bu...

- Oradakı bütün yenilikləri Tofiq Kazımov etmişdi də. Mehdi Məmmədov bizim böyük rejissorumuzdur. Amma Tofiq Kazımov novator idi. Qeyri-adi rejissor idi, Turabovdan, Fuaddan, məndən tutmuş, Yaşara, Şəfiqəyə kimi aktyorları ordan-burdan gətirib bütöv bir ansambl yaratmışdı. Uğurlu da alınmışdı. Gedirdin teatra, orkestrin səsi gəlir, biri tarını, biri skripkasını kökləyir və sən o atmosferi hiss edirdin. Fonoqrama heç nədir, cansızdır. İnsanı itələyir fonoqrama.

- İlham müəllim, hazırda oynadığınız rollar sizi həm keyfiyyət, həm kəmiyyətcə qane edirmi?

- Mən tək teatrda işləmirəm. Beş ildir mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, professoram. Onlarla tələbəm var ki, indi gəlib mənimlə birlikdə rol oynayırlar.

Image result for ilham minatür teatrı

- Yəni pedaqoji iş önə keçib?

- İstər-istəməz. Bilirsiniz, məni universitetə Adil İsgəndərov götürüb, sonra Rza Təhmasib dərs deyib, Tofiq Kazımov müəllimim olub - Allahın verdiyi şansdır. Bu adamlar məni düzgün istiqamətləndiriblər. Gərək zəmanənin müasir fərdi ola biləsən. Ola bilməsən, səninlə danışa bilməyəcəklər. Çox çətin məsələdir.

- Bir aktyor müasir olmaq üçün nə etməlidir?

- Dünya qloballaşıb. Gərək hər hadisəyə özünün mövqeyin olsun.

- Bu mövqeni harada göstərə bilərsiniz məsələn?

- Oynadığın obrazda istər-istəməz onu büruzə verirsən. Mən tamaşaçıyam, tutalım, oturmuşam zalda. Amma bilirəm ki, hansı aktyorun səviyyəsi nədir. Bunu biləndən sonra onun gözündən çox şey oxuyursan. Bilirsiz, bir var ki, fahişəni fahişə oynasın, bir də var peşəkar aktrisa oynasın. Bunlar fərqlidir. İkincidə tamaşaçı nəsə götürə bilir bu ifadan.

- İlham müəllim, sizi yeni çəkilən filmlərdə görmürük. İstər “Azərbaycanfilm”in çəkdiyi layihələr, istər müstəqil kino layihələr...

- Qoy açıq deyim. Əgər bir layihədə bir seriyanı bir günə çəkirlərsə, ona çəkilməyin mənası yoxdur. Biz əvvəl çəkiləndə bilirdik ki, filmin rəssamı var, geyim rəssamı var, qrimçisi var. İndi onlar yoxdur. Hərə öz evindən paltar gətirib filmdə oynayır. Bəs qıraqdan baxan nə deyər? Ayıbdır e. Bilirsiniz, o vaxt ki, aktyorun qüruru ölür, o aktyor deyil. Aktyor həmişə uşaqdır. Sizə bir şey danışım. Ağasadıq Gəraybəylinin 90-a yaxın yaşı var idi. Tamaşadan sonra güllə gəldim yanına, təbrik elədim. Bir də baxdım kövrəlib ağlayır. Qayıtdı ki, kaş bu günümü atam da görərdi. 90 yaşında adamın sözünə bax... Aktyor gərək uşaqlığını qoruya bilə.

Image result for ilham minatür teatrı

- Universitetdə dərs deyirsiniz, nə müşahidə edirsiniz gənc nəsildə?

- Savadsızlıq. Oxumurlar. Ancaq internetdə baş qatırlar.

- Bəs necə qəbul etmisiniz universitetə?

- Mən etməmişəm, qəbul edib verirlər mənə. Dəhşət elə burasındadır. Mən yalnız mənə tapşırılan tələbələrə düzgün istiqamət göstərməyə çalışıram. Amma o vaxt qəbulu kursun rəhbərləri edirdi: Adil İsgəndərov, Tofiq Kazımov, Rza Təhmasib... Yəni, bunlar çox mürəkkəb məsələlərdir, bunlara qarışıb yaradıcı məsələlərdən uzaqlaşmaq istəmirəm.

- İlham müəllim, bir yaradıcı insan kimi nədən ruh alırsız?

- Şamaxının Sarıtorpaq məhəlləsindənəm. Əslən. Heç orada böyüməmişəm. Amma oranı görəndə əlim-ayağım əsir. Yerlipərəst deyiləm ha. Amma Şamaxı mənim üçün qeyri-adidir. Öz aramızdır, balaca bir torpaq bu qədər şair yetirib, aktyor yetirib.

- Şamaxıda eviniz varmı?

- Bağım var Mədrəsə kəndində. Balaca bir evdir - xudmani. Bir mərtəbəli, sadə. Mənim babam Ağacəfər Əhmədov Şamaxının manufaktura tacirlərindən olub. Sonra zəlzələdə atam Bakıya köçüb. Bilirsiniz, zəlzələdə şamaxılılar hər yerə dağılıblar. Bakının elə 85 faizi şamaxılıdır. Sözüm onda yox. Babamın adını qardaşım Cəfər Namiq Kamala qoyub atam. Sovet vaxtı Ağanı çıxarıblar, qalıb Cəfər.

- İlham Namiq Kamal. Biri öz adınızdır bəs Namiq Kamal?

- Namiq Kamal atamın adıdır.

- Onda babanız şair Namiq Kamalı tanıyırmış?

- Əlbəttə tanıyıb. Mənim Babam tacir olub, amma savadlı olub, oğluna türk şairinin adını qoyub. Atamı tez itirdik. 63 yaşı var idi. Sağlam adam idi, 15 günün içində xəstəlik tapdı və həyatdan getdi.

- Peşəsi nə idi?

- Mühəndis-energetik... Zavod direktoru olub, müavin işləyib, metroda işləyib.

- Hər iki qardaşın aktyor sənətində olmasının üstünlüyü, ya maneələri nədir?

- Elə bir maneəsi yoxdur. Tərəf müqabili olmuşuq Cəfərlə. Cəfər peşəkardır. O adam başını aşağı salıb işi ilə məşğuldur. Özünü göstərmək, yorğanı öz üstünə çəkmək kimi şeylər onda yoxdur. Cəfərlə “Diaqnoz D”, “Mənim ərim dəlidir”, “Sərguzəşti-vəziri-xani-Lənkəran”da bir səhnədə oynamışıq.

- İlham müəllim, sizcə, bugünkü zəmanənin komik qəhrəmanı kimdir?

- O vaxt dramaturqlarla işləyirdik. Müzakirə edirdik, təklif edirdik. Mən teatrda mənə tapşırılan obrazları ifa edirəm.

- Amma sizin İlham Miniatür Teatrınız var idi.

- Var idi. O vaxt, sağ olsun Polad Bülbüloğlu, Ədalət Vəliyev – mənə Gənc Tamaşaçılar Teatrında yer verdilər. Təmirdən sonra ora üç teatrı yerləşdirdilər - Kamera Teatrı, Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı... 150 nəfərlik işçisi olan yerdə özəl teatr necə işləsin? Heç maraqlanmadılar biz necə olduq. Halbuki, özəl teatr ölkəyə hava-su kimi lazımdır. Nə vaxtsa dövlət teatrı lap az olacaq. Hətta dünyada yoxdur. Necə ki, Türkiyədə bələdiyyə teatrları çoxdur.

- Dövlət teatrları hər ölkədə var və demək olar ki, inkişaf etmiş, etməkdə olan ölkələrin hamısında dövlət teatra dəstək verir.

- Ay sağ olun. Sözünüzə qüvvət, belə baxanda Azərbaycan balaca yerdir. Amma 27 dövlət teatrı var. Zarafat deyil. Bu teatrları saxlamaq, maliyyələşdirmək... Bu qədər teatrlar təmir olundu - qayğı var. Amma alternativ teatrlar da lazımdır. Miniatür teatrlar, estrada teatrları Moskvada, Sankt-Peterburqda nə qədərdir. Bizdə özəl deyəndə elə bilirlər, dövlətə dəxli yoxdur. Halbuki, bu da dövlətindir. Özəl teatrların inkişafına kömək etmək lazımdır.

- İlham müəllim, bugünkü tənqidçilərin obrazı necədir, sizcə?

- Tənqidçinin də öz dünyagörüşü, prinsipləri var. Yaradıcı tənqidçi aktyorun, rejissorun iç dünyasını görüb yazar. Bəzən mediada görürəm ki, düşmən kimi yanaşırlar. Axı o da sənin dövründə yaşayan insandır. Bəlkə ona da kömək etmək lazımdır. Mən indi bir şeyi müşahidə edirəm: Özünü gözə soxmaq prinsipi! Mediada da var, bizim sənətin özündə də. Belə şeyi xoşlamıram.

- Sosial şəbəkələrdə statuslarınızı izləyənlər onlarda bir pozitivlik görürlər. Amma ironiya, yumor axtaranlar da var...

- Bilirsiniz, əgər həyatı yumorla qəbul edə bilmirsənsə, onda sən maraqsız adamsan. Yuxudan bir az tez oyanıram. Bir kəlmə ilə dostlarımla sosial şəbəkədə salamlaşıram. Aradabir də yazıram ki, Şamaxıda əmin-amanlıqdır (gülür).

# 6688 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #