Teatrımızda yüz il əvvəl də dəstəbazlıq vardı – ARAŞDIRMA

Teatrımızda yüz il əvvəl də dəstəbazlıq vardı – <span style="color:red;">ARAŞDIRMA
7 dekabr 2016
# 08:30

Azərbaycan teatrı instutsional mədəniyyətin faktı olmamışdan, yəni dövlət təsisatına keçməmişdən əvvəl müxtəlif truppalar şəklində fəaliyyət göstərib. Bugünkü Akademik Milli Dram Teatrının təməli sayılan dəstələr içərisində daha səmərili yaradıcılıq yolu keçən “Nicat”, “Səfa” və “Müdiriyyət” truppaları olub. Akademik teatrın dövlət təsisatı alması da maraqlı yaradıcılıq prosesidir. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli bu barədə silsilə məqalələr yazıb. Həmin yazıları ardıcıllıqla oxuculara çatdıracağıq.

İlham Rəhimli

2-ci məqalə

«Səfa» teatr truppası

Maarifçilik ölkədə geniş intişar tapdıqca, ziyalılar xalqın mədəniyyətini inkişaf etdirməyə daha səylə çalışdıqca və xüsusən «Nicat» mədəni-maarif cəmiyyətinin mütərəqqi fəaliyyətinin təsiri gücləndikcə iyirminci əsrin onuncu illərindən müxtəlif adda təşkilatlar yaranmağa başlayıb. Bunlardan ən səmərəli və məqsədyönlü çalışam «Səfa» mədəni-maarif cəmiyyəti olub. Nizamnaməsi və yaradıcılıq məramnaməsi «Nicat»la üst-üstə düşən «Səfa» cəmiyyəti 1910 -ci illərdə fəaliyyət göstərib.

1912-ci ilin yazında «Səfa»nın nəzdində eyniadlı teatr truppası yaradılıb. Bu truppa «Nicat»ın aktyor kollektivinin teatr sənəti təcrübəsi və potensial yaradıcılıq qüvvəsi ilə təşkil edilib. Milli səhnə sənətimizin yeni tərəqqisinə xidmət edən xeyirxah işin təşəbbüskarları və görülən əməllərin, atılan ilk addımların başında duranları əsasən Cahangir Zeynalov (aktyor və baş recissoor) və Səməd Mənsur olublar. İlk vaxtlar Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə, Rüstəm Kazımov, Mirmahmud Kazımovski, Hacıağa Abbasov, Cəlil Bağdadbəyov, Əliş Haqverdiyev, Məmmədbağır Əlinski, Əli İslam, Əhməd Qəmərli, Mehdi bəy Hacınski, Xəlil Hüseynov (aktyor və rejissor kimi), Məhəmmədhəsən Mərəndi və başqaları «Nicat»la bərabər «Səfa» truppasında da aktyor kimi çalışıblar. Bu ənənə sonralar da davam etdirilib. Yəni, eyni aktyor müqavilə ilə hər iki truppada işləyib. Hətta bəzən eyni aktyor səhər «Nicat», axşam isə «Səfa» truppasının tamaşalarında oynayıb.

Bununla belə, növbəti ildə «Səfa» truppasına Hilal Bağırov, Əliabbas Rzayev, Ağadadaş Həsənov, Ələkbər Əliyev, Dadaş Bünyadzadə, Cəfər Bünyadzadə, Əziz, Miirzə Muxtar Məmmədov, Əli Səbri Qasımov, Mircəlal Abdinov, Ələkbər Əliyev, Bağır Xəlilbəyov, Əhməd Səfərov (Anatollu), Şeyda Xəlilbəyov, Aslan Tahirov, Xasməhəmmədov, Musaxanov və bir neçə il işlədikdən sonra səhənə sənətindən uzaqlaşan gənclər qəbul olundular.

«Səfa» truppasının ilk tamaşası Nəcəf bəy Vəzirovun fransız dramaturqu Can Baist Molyerin «Xəsis» komediyasından iqtibas etdiyi «Ağa Kərim xan Ərdəbili» məzhəkəsi olub. Əsəri tamaşaya Cahangir Zeynalov hazırlayıb. Əsas rolları Cahangir Zeynalov (Ağa Kərim xan Ərdəbili) və Abbasmirzə Şərifzadə (Ağa Kərim xanın oğlu) oynayıblar. Bu tamaşa 1912-ci il avqustun 31-də Tağıyev teatrının binasında göstərilib.

Bundan sonra teatr truppası 1912 və 1913-cü illərdə Cahangir Zeynalovun quruluşlarında Nəcəf bəy Vəzirovun «Hacı Qənbər» (Qəmbər – Cahangir Zeynalov), Şəmsəddin Saminin «Dəmirçi Gavə» (tərcüməçi Səməd Mənsur. Fərhad – Cahangir Zeynalov, Gavə – Səməd Mənsur, Pərviz – Abbasmirzə Şərifzadə, Zöhhak – Məhəmmədhəsən Mərəndi), Mirzə Fətəli Axundzadənin «Lənkəran xanının vəziri» (Vəzir Mirzə Həbib – Cahangir Zeynalov, Şölə xanım – Şura Olenskaya), «Hacı Qara» (Hacı Qara – Cahangir Zeynalov, Sona – Şura Olenskaya, Əsgər bəy – Səməd Mənsur), Zülfüqar Hacıbəylinin «Evlikən subay» (operetta), Səməd Mənsurun və Abbasmirzə Şərifzadənin rejissorluqlarında Əbdülşəq Hamidin «Tariq ibn Ziyad və yaxud fəthi Ispaniya» (təbdil edəni Dadaş Bünyadzadə), ismayıl bəy Rüstəmbəyovun «Dövləti bisəmər», Jan Batist Morlyerin «Zorən təbib» (tərcüməçi Əhməd Qəmərli) əsərlərini tamaşaya hazırlayıb.

«Nicat» və «Səfa» truppalarının aktyorları bir yerdə də tamaşalar oynayıblar. Bu baxımdan «Yezid ibn Müaviyyə» (Mehdi bəy Hacınski), Əbdürrəhim bəy Haqverdiyevin «Bəxtsiz cavan», «Pəri cadu», İvan Turgenevin «Pulsuzluq» (təbdil edəni Ceyhun bəy Hacıbəyli) tamaşalarını göstərmək olar.

Hər iki truppanın qabaqcıl aktyorları «Səfa»nın fəaliyyətinin ilk iki il ərzində qüvvələrini vahid truppada birləşdirməyə bir neçə dəfə cəhd göstəriblər. Lakin cəmiyyətin rəhbərləri və bəzi iddialı aktyorlar buna mane olublar. Təəssüf ki, bu iki truppanın tam olmayan, yarımçıq görünən aktyor heyətinin fəaliyyəti sənəti yüksəlişə aparan, faydalı rəqabət doğurmayıb. Əksinə, anlaşılmaz qarşıdurma və yaradıcılıq əlaqələrinin sistemsizliyi, repertuar tərtibindəki nizamsızlıq fədakar teatr xadimlərinin səhnə sənətini inkişaf etdirmək zəminindəki potensial güclərini parçalayıb.

«Səfa» mədəni-maarif cəmiyyəti ədəbiyyat bölməsininn əsas qüvvələri teatr truppası heyəti ilə birlikdə 1913-cü il noyabrın 13-də Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə yubiley keçiriblər. Rəsmi hissədə Bakıdakı ən müxtəlif mədəni-maarif təşkilatlarının təbrikləri olub, ədibə hədiyyələr verilib. Bədii hissədə isə dramaturqun «Hacı Qənbər» («Yağışdan çıxdıq, yağmura düşdük») komediyası Cahangir Zeynalovun rejissorluğunda göstərilib. Teatrsevərlərin maraqla qarşıladıqları tamaşada əsas rolları Cahangir Zeynalov (Hacı Qənbər), Səməd Mənsur (Hacı Səməd), Məhəmmədhəsən Mərəndi (Cəbi), Abbasmirzə Şərifzadə (Əşrəf bəy) oynayıblar.

«Səfa» truppasının bəzi aktyorları bu il yaranan və bu il də fəaliyyətinə xitam verən «Ziya» və «Hilal» adlı teatr dəstələrinin tamaşalarında da yaxından iştirak ediblər.

1914-cü il yanvarın 6-da «Səfa» teatr truppasının geniş iclası keçirilib və yığıncağın qərarı ilə aktyor heyəti buraxılıb. Elə həmin gün truppanın təzə nizamnaməsi qəbul edilib və bu sənəd əsasında dəstəyə aktyorlar götürülüblər. Teatr bölməsinə Cahangir Zeynalov sədr, Mehdi bəy Hacınski isə sədr müavini, aktyorlardan Abbasmirzə Şərifzadə, Hacıağa Abbasov, Ələkbər Əliyev, Hilal Bağırov və Əli Səbri Qasımov isə heyətin üzvləri seçiliblər. Yeni nizamnaməyə əsasən «Səfa»nın aktyorlarına opera və operetta tamaşaları oynamağa da icazə verilib. Bu istiqamətdə truppanın ilk addımı yanvarın 17-də atılıb. Həmin gün Cəlal Yusifzadənin «Fərhad və Şirin» (tarzən Saşa Oqanezaşvilinin musiqi tərtibində) operasını tamaşaçılara təqdim edib. Operanın tamaşasında Xosrovun partiyasını Cəlil Bağdadbəyov oxuyub və Şirin rolunu İstanbuldan Bakıya qastrola gəlmiş Mərziyə xanım oynayıb. Operanın quruluşunu Cahangir Zeynalov verib və Abbasmirzə Şərifzadə ona yardımçı rejissor olub.

Həmin illərdə Üzeyir bəy Hacıbəylinin «Leyli və Məcnun», «Əsli və Kərəm», «Şah Abbas və Xurşid banu», «Rüstəm və Söhrab» operaları, «Ər və arvad», «Məşədi İbad» («O olmasın, bu olsun»), «Arşm mal alan» (1913-ü ildən) operettaları çox dəbdə idi. Geniş tamaşaçı kütləsi faciələrdən daha çox musiqi əsərlərinə maraq göstərirdilər. Bu əsərləri oynamaq səlahiyyəti isə bəstəkarla bağlanan müqaviləyə əsasən, bilavasitə «Nicat» truppasında idi. Buna görə də «Səfa»nın repertuarına göstərilən tamaşaçı marağı günü-gündən zəifləyirdi.

Həm mətni, həm də musiqi tərtibatı çox məqamlarda uyuşmayan, janrın estetik prinsipləri baxımından zəif və sönük olan «Fərhad və Şirin» operasının ardınca «Səfa»nın aktyorları dram və komediyalar oynayıblar. Cahangir Zeynalov dramaturq Əbdürrəhim bəy Haqverdiyevin «Millət dostları», Jan Batist Morlyerin «Zorən təbib», Abbasmirzə Şərifzadə osmanlı ədibi Şəmsəddin Saminin «Əhdə vəfa və yaxud arnaudlar» (çevirəni Səməd Mənsur), dəvətlə rejissorluq edən Hüseyn Ərəblinski tamaşaçıların maraq göstərdikləri Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin «Əmir Əbül Üla» əsərlərini tamaşaya hazırlayıblar.

«Səfa»nın bir qrup aktyoru ilin ikinci yarısında Hüseyn Ərəblinskinin təşkil etdiyi «Müsəlman dram artistləri şirkəti»nin hazırladığı «Otello», «Yezid ibn Müaviyyə», «Dəmirçi Gavə», «Qaçaq Kərəm» tamaşalarında oynayıblar.

«Otello» tamaşasından sonra, 1914-cü ilin lap son günlərində Ərəblinskinin truppası yenə dağılıb. Aktyorlar «Nicat» və «Səfa» teatr dəstələri arasında parçalanıblar. Aktyor ansamblı nisbətən güclənən «Səfa» 1915-ci il yanvarın 9-da tamaşçıların qarşısına Şəmsəddin Saminin «Tariq ibn Ziyad» (çevirəni Səməd Mənsur və rejissoru Cahangir Zeynalov) əsəri ilə çıxıb. Tamaşada əsas rolları Cahangir Zeynalov (Zübeyr), Səməd Mənsur (Fəttah ağa), Sidqi Ruhulla (Rəcəb), Yeva Olenskaya (Validə), Rüstəm Kazımov (Dəmir bəy) oynayıblar.

Yanvparın 30-da truppa ötən ilki repertuarından Əbdülhəq Hamidin «Tariq ibn Ziyad» («Tariq ibn Ziyad və yaxud ərəblərin müharibəsi» adı ilə) dramını Abbasmirzə Şərifzadənin quruluşunda ynidən repertuara daxil edib. Baş rollar Abbasmirzə Şərifzadəyə (Tariq ibn Ziyad), Sidqi Ruhullaya (Musa ibn Nasir), Mehdi bəy Hacınskiyə (Don Simanos), Yeva Olenskayaya (Səhra), Şura Olenskayaya (Zəhra), Hacıbaba Şərifzadəyə (Əziz) tapşırılıb.

«Səfa» truppası «Nicat»ın yardımı ilə fevralın 20-də Mayılov teatrında Abbasmirzə Şərifzadəyə («Ağa Məhəmməd şah Qacar» faciəsi ilə) və aprelin 17-də Şura Olenskayaya («Müsəlman səhnəsinin qəhrəmanları» tamaşa-kompozisiyası ilə) benefis keçirib. Şərifzadə ilk dəfə Qacar rolunu oynayıb.

Truppa beş aya yaxın fasilədən sonra sentyabr ayının 18-də Tağıyev teatrında mövsümü açıb. Gündüz Ağa Rəsul Şərifzadənin «Ənuşirəvani adil», axşam isə Şəmsəddin Saminin «Dəmirçi Gavə» dramlarının tamaşaları göstərilib. Hər iki tamaşanın səhnə quruluşunu Hüseyn Ərəblinski vermişdi. «Dəmirçi Gavə»də əsas rolları Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski (Fərhad), Kuznetsova (Mehriban), Nataliya Lizina (Mehri), Abbasmirzə Şərifzadə (Pərviz), Mirzə Muxtar Məmmədov (Möbid), Rüstəm Kazımov (Zöhhak), Cəlil Bağdadbəyov (Qəhtan) oynayıblar.

Bir neçə kiçik vodevil və məzhəkələrin, təbdil və iqtibasların üçünü eyni gündə bir neçə dəfə oynayan truppa oktyabrın 23-də İsmayıl bəy Rüstəmbəyovun «Dövləti bisəmər» pyesini yenidən və təzə səhnə təfsirində (rejissor Hüseyn Ərəblinski) repertuara daxil edib. Baş rollar Hüseyn Ərəblinskiyə (Ağabala), Cahangir Zeynalova (Hacı Sultan), Hacıağa Abbasova (Məşədi Cavad), Hüseynqulu Sarabskiyə (Vəli bəy), Məhəmmədhəsən Mərəndiyə (Hacı Fərəc) tapşırılıb.

Vano Mçedaşvilinin məşhur azərbaycanlı Qaçaq Kərəmin həyatından bəhs edən eyni adlı qəhrəmanlıq dramının tamaşası Hüseyn Mirzəcamalovun tərcüməsində dekabrın 11-də Tağıyev teatrında göstərilib. Qaçaq Kərəm, Çinovnik və Feyzulla rollarında səhnəyə Hüseyn Ərəblinski, Cahangir Zeynalov və Bacar Bacırzadə çıxıblar.

Gələcəyin tanınmış aktyoru və rejissoru Rza Darablı (Hüsenov) bu il səhnəyə qədəm qoyub və «Səfa» truppasının bir neçə tamaşasında iştirak edib.

«Səfa» truppasının yaradıcılıq ritmi 1916-cı ildə aşağı düşməyə başlayıb. Truppanın rejissoru Hüseyn Ərəblinski yenidən müstəqil teatr dəstəsi yaratmağa çalışırdı. Bakıda müvəqəti truppaların sayı çoxalmışdı. Üzeyir bəy Hacıbəyli özü əsasən musiqi əsərləri, eyni zamanda faciə və komediyalar oynayacaq dəstə yaratmaq fikrinə düşmüşdü. Təbii ki, bütün bunlar «Səfa»nın yaradıcılığına mənfi təsir göstərirdi.

Bütün bu çətinliklərə baxmayaraq, truppa 1916-cı ildə Hüseyn Ərəblinskinin rejissorluğunda «Hacı Qara» komediyasını (Hacı Qara – Cahangir Zeynalov), «Dursunəli və ballıbadı» məzhəkəsini (Ağa Cəfər – Hüseyn Ərəblinski, Dursunəli – Cahangir Zeynalov), yeni quruluşda «Qaçaq Kərəm» dramını, Səkinə Axundzadənin osmanlı ədibi Namiq Kamaldan təbdil etdiyi «Zavallı çocuq» («Bəxtsiz bala». Əta bəy – Hüseyn Ərəblinski, Tahirə – Gülbahar xanım) pyesini tamaşaya hazırlayıb.

İlin sonlarında «Səfa» mədəni-maarif cəmiyyətinin fəaliyyəti acınacaqlı vəziyyətə düşüb. Rəhbərlik üstündə daxili çəkişmələr, xəzinədar kürsüsündə oturanların maliyyə pozuntularını nizamlaya bilməmələri və Bakıda daha güclü teatr dəstələrinin yaranması nəticəsində «Səfa» truppası 1917-ci ilin lap ilk günlərindən fəaliyyətini rəsmi şəkildə dayandırmaq məcburiyyətində qalıb. Əslində isə truppa son tamaşasını 1916-cı ildə oynayıb.

«Səfa» teatr truppası milli teatrımızın inkişafında, aktyorların və rejissorların vacib peşəkarlıq səriştələrinə yiyələnmələrində müəyyən səmərəli rol oynayıb.

«Səfa» musiqi əsərlərinin vala yazılmasında xidmətlər və maddi yardım göstərib.

«Səfa» truppası teatr aksessuarının genişlənməsi, dramaturqlarla və aktyorlarla müqavilə bağlanması istiqamətində müəyyən faydalı islahatlar aparıb.

«Səfa» truppası tabeliyində olduğu cəmiyyətin açdığı və yardım göstərdiyi məktəblərdə, qiraətxanalarda teatr sənətinin geniş təbliğini qura bilib.

1-ci məqalə burda

# 2353 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #