Tatu ustası: “Yetmiş yaşında kişi gəlib ki...” - MÜSAHİBƏ

Tatu ustası: “Yetmiş yaşında kişi gəlib ki...” - <span style="color:red;">MÜSAHİBƏ
9 sentyabr 2016
# 13:02

Ayxan Ayvaz

Tatunun tarixi lap qədimə gedib çıxır. İnsanlar o vaxtdan bu günə kimi bədənlərinə müxtəlif rəsmlər döydürüblər. Bəzən bu tatu insanın şəxsiyyət vəsiqəsi hesab olunub, bəzən də cəza forması kimi.

Tatu ustası Tuncay Həsənoğlu ilə də elə söhbətimizin əvvəlində tatunun qədimliyindən danışıdıq.

- Tatunun adı hardan gəlir?

- Kolumb İndoneziyada Tatoo qəbiləsi tapıb. Günümüzə də tatu kimi çatdırılıb. Tatu ictimai icma quruluşundan bəri var. Amma tatunun bilinən yaşı 60 min il bundan əvvəldir. – deyir Tuncay Həsənoğlu. Onun tatu studiyasında müxtəlif rəsmlər sərgilənib. Divarlarda əks olunan portretlər, rəsm tabloları, maraqlı əşyalar...

- Tatunu damğa kimi də vurublar insanlara...

- Tatu damğa kimi də işlənib. Oğruları, zina edənləri cəzalandırmaq üçün damğa vururdular. Əslində, tatu cəza üçün deyil. Xoşbəxtliyi bildirmək üçündür. Qədim xristian mifologiyasına görə, xoşbəxtliyi bildirmək üçün tatu etdirirdilər. Amma cəza üçün də tatu var idi. Yəni, cəhənnəmi həyatda yaşatmaq mənasını verirdi.

Tatu şəxsiyyət vəsiqəsi kimi

Tatu vurdurmaq qədimdə insanları bir-birindən ayırmaq üçün idi. Hansısa insanı adına, soyadına görə deyil, bədənindəki yazılara görə tanıyırmışlar: “Lap qədimdən Afrika qəbilələrini bir-birindən, rəqibləri bir-birindən ayırmaq üçün tatu vurdururdular. Döyüşçülər də həmçinin... Eramızdan əvvəl şəxsiyyət vəsiqəsi kimi idi tatu. İnsanların həyat tərzini onların üzərindəki tatudan bilirdilər”.

- Sizin əlinizdə gül şəkli var. Nə məna verir?

- Bu gül gözəlliyi ifadə edir. Yəni, mən gözəllik paylayıram.

- Qanuni oğruların üzərində də döymə olub. O da tatudur?

- Qanuni oğrulara vurulan döymə iynə ilə vurulur. Professional şəkildə olunmur. Rəssamlıq qabiliyyətin olmalıdır tatu üçün. Biri var iynəni sən özün tənzimləyirsən, bir də var maşınka. Maşınkadakı üç balaca nazik iynə olur. Türmədə vurulan isə incə olur. Professional olanlar türmədə vurulanla digərini ayırd edə bilir. Bu cür döymə təhlükəlidir. Hepatit, dəri xəstəlikləri yarada bilir. Hərənin tutduğu mövqeyə görə tatusu olur. Elə adam var ki, türmədə çaynik tutandı, ona çaynik rəsmi vururlar. Elə adam var ki, üzr istəyirəm, ona qadın alt paltarı rəsmi vururlar. Gördüyü işə, əməlinə görə...

Uşaqlıqdan başlayan tatu sevdası

Tuncay Həsənoğlu beş yaşında anası ilə metroya minir. Balaca Tuncay qaranlıqda meşənin içi ilə getdiklərini düşünüb qorxurmuş. Başı aşağı anasının yanında oturub bu “işgəncə”nin bitməyini gözləyirmiş. Birdən qarşıdakı yaşlı kişinin barmağındakı yazı diqqətini çəkir.

- Bu, mənim xoşuma gəldi. Sonra başladım araşdırmağa. Həvəsim oyandı. Şəkillər çəkirdim. Rəssam deyiləm, “nabrasok” eləyirəm. Xəyalımda canlandırdığım şeyləri çəkirəm. Məktəbdə çəkirdim şəkillər, bunun üstündə döyülürdüm. Erotik şəkillər idi, nu-art. Papa-mama qarşı çıxırdı. Deyirdilər, sən “turemşik” deyilsən. Heç kim tatu vurmağıma razı olmurd. İlk dəfə 15 yaşımda tatunu özümə vurdum. İynə ilə. Yoxlamaq istəyirdim. Bunun təhsilini almaq üçün Hollandiyaya getməli idim. Çox dava-dalaş oldu evdə. Axırda atam razılaşdı.

Tuncay Həsənoğlu beləliklə, istəyinə nail olur və Amsterdamda pirsinq, tatirovka üzrə peşəkar təhsil alır.

- Bir il maşınka görmədik. Anatomiya, tatunun tarixi haqqında maraqlı materiallar öyrəndik. Mişel Van idi müəllimimiz.

Sonra yollar Bakını göstərdi. Əslində Tuncay bəy qayıtmaq istəmirdi, amma yaş az, üstəlik də ata-ana yeniyetmə oğullarını dünyanın o başında tək-tənha qoymaq istəmədilər...

- Amma Hollandiyaya üç dəfə seminariyaya getmişəm. Bir dəfə 200 adamın arasında 13-cü yer tutmuşam. Bir dəfə 11, bir dəfə 26-cı yer... “Qızıl Əllər” fəxri mükafatını da burda qazanmışam.

Yazı yazılan tək yer: insan bədəni

Bakıya qayıdır, xırda-xırda, “dama-dama göl olar” prinsipi ilə işə girişir və axırda “Tatoo Baku” mərkəzini açır. Ürəyində bu sənətə böyük sevgi onu yaymaq üçün əlindən gələni edir.

- Mən tatunu Azərbaycanda tanıtmaq üçün artıq yetərincə şeylər eləmişəm. Buna sənət kimi baxıram. Televiziya verilişlərinə, saytlara müsahibə vermişəm, dəfələrlə tatu haqqında danışmışam.

- Azərbaycanda sizə bir nömrəli demək olar.

- Kazım var, tatu master. Onun 35 illik təcrübəsi var, mənim isə 11 il. O olan yerdə bir nömrəli deyə bilmərəm. Amma professional üç nəfər varsa, onlardan biri mənəm. Mən heç kimi özümə rəqib kimi görmürəm. İdeal kimi görə bilərəm. Kazımı və müəllimim Mişel Vanı ideal kimi görürəm.

Əvvəllər insanlar daşlar üzərinə şəkil çəkirdilər, bundan daş kitabələr yarandı. Sonra heyvan dərilərinə, papirusa. Dünya inkişaf etdi, qələm, makina, daha sonra kompüter çıxdı. İnsanlar hər şeyin üzərinə yazılar yazdı, şəkillər çəkdi. Tuncay Həsənoğlu düşünür ki, indi yazılan ən son yer insan bədənidir. Tatu ustaları da içlərindəki incəsənəti insan bədəni üzərində əks etdirirlər.

Tatu etdirmək

Siz tatu eləməmisiniz və ümumiyyətlə, bu prosesdən xəbəriniz yoxdur. İndi kresloya yayxanın və elə zənn edin ki, Tuncay bəy sizin bədəninizin hansısa bir hissəsinə tatu çəkir.

- Saniyədə 180 iynə girir sizə. – deyir tatu ustası. – Elə bil sizə dəfələrlə arı sancır. Beyin yavaş-yavaş bu siqnalları qəbul edir və daha sonra ağrını hiss etmirsiniz. Sanki isti bir çaynikə toxunub, əlinizi çəkdiyiniz kimi ağrı olur. Bu da dəfələrlə təkrar olunur.

Tuncay bəyin xüsusi bir iş üsulu var:

- İşə başlamamışdan əvvəl müştəri ilə söhbət edirik. Mən hər kəsi müştəri kimi götürmürəm. Mənim müştəri seçmək hüququm var. Buna sənət kimi baxıram, qazanc kimi yox. Tatuya hörməti varsa onu qəbul edirəm. Bir də qanacaq əsas şərtdir. “Pulundan döy?” söhbəti eləməsin. O gün bir nəfər gəlib. Deyir, qaqa, 50 manatlıq nə vura bilərsən. Mən də dedim, get filankəs var, ona yaxınlaş, vurar. Belə söhbətlərin yeri yoxdur. Bura ərzaq dükanı deyil. Mən sənət deyirəm, sən də 50 manatdan dəm vurursan.

- İşə başlamadan əvvəl müştərini tanıyırsınız...

- Söhbət edirəm müştəri ilə. Onun ideyası yaxşıdırsa əla, pisdirsə düzəltməyə çalışıram. Gərək onun tatuya sevgisi olsun, elə-belə “onda var, məndə də olsun” deyə vurdurmasın.

Müştəri ilə razılığa gələndən sonra: “Əlimizdəki çəkilmiş eskizi transferlə kağızın arxasına köçürürük. Sonra tato kley vasitəsi ilə o kağızı onun bədəninə yapışdırırıq. Sonra şəkli çıxardırıq, maşınka ilə işləməyə başlayırıq. Şəklə baxa-baxa. Hamısı diqqətlə işlənməlidir. Gözəl şeylərin alınması həmişə baha olur”.

6 min manatlıq tatu

- Nə qədərdi qiymətlər?

- Standart qiymət yoxdu məndə. Minimal qiymət, aparatın açılışı 50 manatdır. 40 manat öz itkimizdi.

- İndiyə qədər ən bahalı işiniz hansı olub?

- Mənim 6 minlik işim olub. Bütün kürəyə tatu işləmişəm.

Tatu hazır olandan sonra ona diqqətlə, sevgi ilə baxmaq lazımdır deyir Tuncay bəy: “Üç gün su dəyməməlidir, gündə üç dəfə paraşokla təmizlənməlidir...”

Tuncay Həsənoğlunu narahat edən bir məsələ də var:

- İndi hərə əlinə bir maşınka alıb özünə tatu master deyir. Mən kiminsə qabağını kəsib deyə bilmərəm bu işlə məşğul olma. Bəlkə gələcəkdə məndən də peşəkar olacaqlar. Ancaq alternativ bir yol tapıblar. Mən boyanı 195 manata alıram. Müştəri indiyə qədər üstümə qayıtmayıb ki, bu niyə soldu. 10 manatlıq mürəkkəb tapırlar, 20 manata tatu eləyirlər. Mən isə adi yazı da yazsam 50 manat olacaq, çünki professional işləyirəm. İşin xırdalıqlarına görə də qiymətlər dəyişir.

-Müştərilərinizi neçə seçirsiz?

- Mən ancaq öz müştərilərimlə işləyirəm. İndiyə qədər tatu elədiklərimin hamısını üzbəüz tanıyıram. O gün hindistanlıları qovduq burdan. Turistlərlə işləmirəm. Minimal qiymət 50 manat dedim. Onlarda bu qiymət 150-200 manat idi. Bir nəfər aralarında dedi ki, belə olmaz. Mən də qovdum. Bizim məhəllədə də bir dəli var, qapını açanda bunlar ona dəydilər, dəli də söydü onları – gülüşürük.

- Mən tatu haqqında oxuyanda bir məlumat diqqətimi çəkdi: qadınlar daha çox tatu vurdururlar.

- Azərbaycanda da qadınlar tatu eləyir. Amma Avropada daha çoxdu. Öz həyat yoldaşıma, qızıma, bacıma da razı olardım tatu eləsin. Çünki mən tatunun sənət olduğunu bilirəm, onun dərinliyini dərk edirəm.

Qəfil məndən soruşur:

- Tutaq ki, sən razı olardın buna?

- Əgər bacım, sevgilim istəsə, niyə də olmasın...

- Ay sağ ol. Amma bizim kimi düşünənlər çox deyil.

Bu yerdə fotoqrafımız etiraz edir:

- Mən razı olmazdım. Çünki bura Azərbaycandır.

Tuncay onun sözünü də təsdiqləyir:

- Çünki burda sənət kimi baxmırlar tatuya. Mən deyə bilmərəm tatusu olan qız pozğundur. Amma Azərbaycanda tatusu olan qız pozğun sayılır.

Elə bu vaxt qapı açılır, içəriyə oğlanla qız girir.

Oğlan:

- Xanım tatu etdirmək istəyir.

Tuncay bəy bizə danışdığı kimi, müştəri ilə də söhbət etməyə başlayır, ona bunu nəyə görə etdiyini soruşur və sonunda razılaşmayıb başqa bir tatu ustasının yanına göndərir.

- Çox adam tatunu qrim kimi, kiməsə göstərsin deyə vurdurmaq istəyir. O tatunu bilmir, dərk eləmir. –müştərini yola salandan sonra mənlə fotoqrafa deyir. – Mənim 76 yaşında ağsaqqal müştərim olub. Dedi, ilan istəyirəm qoluma vurasan. Maraqlı gəldi, dedim, dayı, niyə belə yaşda tatu, dedi, sən tatu mastersən, sən məndən yaxşı bilməlisən, qabağıma tatu çıxdı və içdən gəldi mənə, ürəyim istədi. Tatu sevgidən yaranmalıdır. Bezsən belə, pis xatirə olsa belə tatunu sildirməməlisən. Bir də görürsən oğlanlar gəlib sevdiyi qızın adını yazdırırlar, deyirəm inşallah fikrini dəyişməzsən. Amma hamısı gəlir onun yerinə başqa tatu vurdurur. Tatunun qanunları var: yaşayan insanların şəkilləri və adları vurulmamalıdır. Tatu inancdır. Kimsə gələr qardaşının şəklini vurdurmaq istəyər, mən də onun qardaşını ifadə edəcək bir şey vurduraram bədəninə.

- Heç olubmu bir anın içində öz xəyalınızdakı rəsmi tatu kimi kiminsə bədəninə çəkmisiniz?

- Olub. – göstərir. – Bir xanım istədi, mən də bir anın içində yaranan rəsmi xanımın sinəsinə çəkdim. Kompleksi yox idi. Sırf gözəl görünməyini istəyirdi o.

Maraqlı bir hadisə danışır:

- Bir dəfə bir qız istədi tato çəkim ayağına. Bir ay bezdirdi məni. Tatu elədim, güzgüdə baxdı, başladı hönkürməyə. Dedim, niyə ağlayırsan. Cavab verdi ki, atam məni evə buraxmayacaq.

Son

Tuncay bəyi tatu sənətinə biganə yanaşanlar narahat edir: “İntim yanaşırlar. Qadının sinəsinə, ayağına tatu eləyəndə soruşurlar, qaqa, nəsə olmadı aranızda. Əvvəl qız tutmaq istəyən fotoqraf olurdu. Qızdısa pulsuz fotosessiya eləyirdilər. Belə sənət yoxdu, qardaş. Azərbaycanda alçaldırlar bu sənəti”.

Amma yenə də bütün bunlara baxmayaraq, Tuncay bəyi sevindirən tərəflər də var:

- Bu il tatu ili elan eləmişəm. Köhnəlmiş nəsil tatunu sənət kimi qəbul edir artıq. Yeni nəsil onsuz da tatu ilə böyüyür.

- Söhbətimizin əvvəlində qədimdə tatu nə ifadə edir soruşduq. Bəs müasir insan üçün tatu nədir?

- Özüm üçün tatu həyatın önəmini kəsb edən bir şeydir. Müasir dövrdə tatu bəzək kimi vurulur. Amma istəyərdim sənət kimi yanaşsınlar...

Mən də tatu etdirmək istədim, amma sizdən nə gizlədim, həm cibimdə pul az idi, həm də qorxdum.

# 3544 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #