Evlənməyən əmircanlı dahinin yalqız çarpayısı - REPORTAJ

Evlənməyən əmircanlı dahinin yalqız çarpayısı - REPORTAJ
27 may 2014
# 08:00

9:30. Bir ovuc jurnalist “Hökumət evi”nin kölgəsinə çəkilib havadan-sudan danışırıq. Danışırıq deyəndə, onlar dil-dil ötüb qeybət edir, mən müdrik-müdrik susuram. Hələ desən, üzümdə ciddi-zəhrimar ifadə də var. Təxminən belə ki: əşşi, sizin bu hap-goplarınıza çənə ağrıtmaq həvəsi hardandır?! Nolub, şükür Allaha, bizim teatrımız da var, kinomuz da, hələ üstəlik, kinoteatrımız da! Necə yəni kinoya ayrılan pulu basıb yeyirlər, necə yəni Azdramada aktyorlarla direktor arasında dava gedir? Heç ayıb deyil, bu nə böhtan, bu nə iftiradır, yoldaşlar? Bu nə müxaliflik, bu nə nanəciblikdir? Siz mədəniyyətdən yazdığınız o həvəskar yazılarınızla evinizə çörək aparır, üstəlik, nankorluq da edirsiniz? Burdan belə nəticəyə gəlmək olar ki, sizin hamınız, bəli, sizin hamınız, gələcəyə iri addımlarla gedən çiçəkli Azərbaycan mədəniyyətinin uğurlarını xaincəsinə danır, onun gözdən salır, zəhmətkeş kütlələr arasında əkstəbliğat işi aparırsınız. Bəli, bəli, məhz əkstəbliğat iş aparırsınız! Mən bu haqda əlaqədar təşkilatlara mütləq xəbər verəcək, sizin cəzalandırılmağınız üçün əlimdən gələni edəcəyəm. Lap lazım olsa, yoldaş Bağırovun özünə məktub...

“Burda saxla, çox qabağa getmə” – içimdəki senzor şahə qalxan işverənlik ehtirasını cilovlayır. Və birdəncə, “Ədalət” qəzetinin yazarı, başına döndüyüm jurnalist Etibar Cəbrayıloğlunun səsi eşidilir:

- Görəsən, Səttar Bəhlulzadənin özü orda olacaq? Qəzetə müsahibə götürmək istəyirəm.

Bu uğursuz zarafatdan ortalığa ölüm sükutu çökür. Yox ey, gərək uğursuz yazmazdım, xətrinə dəyəcək. Etibar müəllimi dəhşətli dərəcədə çox istəyirəm, ona görə hamıdan çox ondan yazacağam. Məsələn, yazacağam ki, o göydəki Allah haqqı, çox səliqəli geyinmişdi: ütülü şalvar, qara ayaqqabı, biçimli pencək, ağ köynək, məmur boynuna layiq qalstuk... Hərdən mənə elə gəlir, Etibar müəllimin qalstuku qəzet jurnalistinin boynundan yox, ölən yeri nazirliyin mətbuat katibinin boynundan asılmalıdır. Özü də, həmin o may səhəri nadinc qalstuk tez-tez yerindən dingildəyib “Hökumət evi”nə sarı dartınırdı. Ki, and olsun “Ədalət”in zəfərinə, mənim yerim o xaraba nəşriyyatın uçuq divarları arası yox, nazirliyin səliqəli-sərin otaqlarıdır.

10:00. Ağzım qızışıb, mətləbi yazmağı unutmuşam. Həmin gün Mədəniyyət və Turizm Nazirliyi bizi Azərbaycanın böyük rəssamı Səttar Bəhlulzadənin yeni təmirdən çıxan ev muzeyinin açılışına dəvət etmişdi. “Hökumət evi”nin kölgəsinə də çəkilməkdə məqsədimiz nazirliyin ayırdığı avtobusu gözləmək idi. Avtobus gəlməyində olsun, sizə kimdən deyim, nazirliyin mətbuat katibi Zöhrə Əliyevadan. Tez-tez işim düşür deyə, məqsədli tərifləmirəm, özüm ölüm: mədəni siyasət haqqı, əlinizi hansı nazirliyin üstünə istəyirsiniz, qoyun: bu xanım kimi sehrkar mətbuat katibi tapa bilməzsiniz. Bir də gördün, tədbirin şirin yerində varid olub hamını öpüb qucaqladı, başımızdan tərif tökdü, çaya dəvət etdi, meyvənin-şirniyyatın üzlü yerindən çəkdi, nə bilim, gözəlim-əzizim deyə-deyə hamını sehrlədi və lap axırda ustufca dedi: uşaqlar, mənə problem yaratmayacaqsınız? Ki, birdən dilinizdən naqolay suallar çıxar, ha!

Bahoo, bütün Azərbaycan mədəniyyətinin problemi qurban olsun bu şirindil xanımın qayğıkeşliyinə! Hə, vallah! Özü vaxtilə jurnalist olub deyə, konsertdə-tamaşada jurnalistin xətrinə dəyən adamın basıb gözünü çıxarar. Sözüm onda yox, Zöhrə xanım gələr-gəlməz, nazirliyin avtobusu uzaqdan göründü. Diktofon-mikrofon əhli yerini tutar-tutmaz, üz qoyduq Əmircan səmtə.

* * *

Əmircan camaatı könül dolusu fəxr edə bilər ki, onları yetişdirən torpaq Səttar Bəhlulzadəni də Azərbaycan mədəniyyətinə bəxş edib. Bülbülədən keçib Əmircana aparan ən böyük küçə Səttar Bəhlulzadənin adını daşıyır. Əslində, Bülbülə ilə Əmircanın sərhədi itib. Nabələd adam yeni tikililərin arasında itib-batar, yerini-yurdunu soraq verə bilməz. Əmircanın “kənd soveti”nin qarşısında avtobusdan düşüb rəssamın ev muzeyinin yerini xəbər alırıq. Tində dayanan bir kişi əlini uzadıb “yuxarı çıxun, görəcəsüz” deyəndə, hamı təzə asfalt tökülən muzey yolunu tutdu.

Görün, nə deyirəm, bu asfalt məsələsinə aydınlıq gətirmək lazımdır. Elə ki, muzeyin qarşısında qələbəlik yarandı, mənə elə gəldi, burda mədəniyyət tədbiri yox, etiraz aksiyası başlayacaq. Tədbirdə Səttar Bəhlulzadənin qulluğunu tutan, siqaretini-yeməyini alan Sabir adlı kişi sevincək nə desə yaxşıdır: Allah rəhmət eləsin, yenə rəhmətliyin hesabına dünən bu asfaltı bura tökdülər, yoxsa kanalizasiya üçün qazmışdılar, qışda zığ-palçıq olurdu.

- Bələ olur da, insan rəhmət aparır, - Sabir kişi əlavə edir.

Təzə asfalt adamların ayağına yapışır, bir ucdan budu hey, ayaqlarını yerə döyürlər: çırp ki, çırpasan, bəlkə ayaqqabının altı təmizlənə. Və belə bir heyrətamiz mənzərə: bir azdan şahidi olacaqdım ki, təzə asfaltın qırı-çınqılı Suraxanı icra başçısı İlqar Abbasovun ayaqqabısına yapışmır. Yapışmır yox, yapışmağa “hünər” eləmir! Bu nə bir sirri-xuda, ki, qalmışam məəttəl!

* * *

Ev muzeyi ilə tanış olaq, sonra Sabir kişini lap yaxından tanıdacağam, dediklərinə bir yerdə qulaq verərik.

Səttar Bəhlulzadənin ev muzeyi 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi rəssamın yaşadığı evdə əsaslı təmir-bərpa işləri aparıb, ev muzeyinin yeni ekspozisiyasını yaradıb. Bəri başdan deyim ki, Allah tərəfi, təmir-bərpa işləri yüksək səviyyədədir, ən asası, təmir zamanı evin köhnəliyinə toxunulmayıb, rəssamın şəxsi əşyaları - kitabları, fırçaları, yatağı, yazı stolu olduğu kimi qorunur.

Muzey iki mərtəbədən ibarətdir. Dəhlizdə Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, “Yuxarı Daşaltı” əsərinin reproduksiyası nümayiş olunur. Muzeyin kiçik otağında “Corat qovunları” adlı əsərinin reproduksiyası, rəssamın boyaları, Səttar Bəhlulzadə haqqında mətbuat səhifələrində, elmi nəşrlərdə dərc olunan yazılar yer alıb.

Zalda rəssamın “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazardüzü” əsərlərinin reproduksiyaları, əlamətdar hadisələrlə əlaqədar “Aramızda gəzən dahi”yə ünvanlanmış təbrik məktubları, təbrik teleqramları, Səttar Bəhlulzadənin müxtəlif dillərdə dərc olunmuş kataloqları, rəssamın fərdi sərgilərindən dəvətnamələr və şəxsi sənədləri nümayiş olunur.

Ekspozisiyada rəssamın və anası Hökümə xanımın fotoları, “Qudyalçay vadisi”, “Füzuli”, “Məcnun” və başqa əsərlərinin reproduksiyaları sərgilənir.

* * *

Etibar Cəbrayıloğlu Səttar Bəhlulzadəni axtarmağında olsun, sizə kimdən deyim, Sabir kişidən. Hə, yaxşı xatırladım: Etibar müəllim yenə böyrümdə peyda olub dediyindən dönmür: özü gəlmədi? (Vay dədəm vay, başımızı hara götürüb gedək?)

Sağa baxanda gözümə inanmıram: qonşu evin pəncərəsindən eynən Səttar Bəhlulzadəyə oxşayan bir adam baxır. Sarsılıram! İnsan bir-birinə necə oxşayarmış, ilahi?! Kimdir bu adam, haradan gəldi? Saçları, gözləri, əlləri eynən Səttarınkıdır! Bəlkə Etibar Cəbrayıloğlunun falçılığı-şamanlığı, ruh çağırmaq vergisi var? Və həmin adam birdəncə pəncərənin ağzından çəkilib görünməz olur, bütün tədbir boyu gözüm həmin pəncərədə qalsa da, onu görmürəm, görə bilmirəm.

Tədbirin rəsmi hissəsi başlamazdan əvvəl Sabir kişi ilə tanış oluram. Kənardan durub sakit-sakit baxır, hərdən qucağında saxladığı nadinc nəvəsi ilə əlləşir. Yaxınlaşıb dilə tuturam, danışır:

- Rəhmətliyin şəhərdə də evi vardı, o vaxt bilmirəm kompozitorlardan hansınasa bağışladı. Orda emalatxanası vardı, amma bu ev ona əziz idi, hər gün gəlib-gedirdi. Bax, o darvazanı görürsən, rəhmətlik çıxardı ora, məni çağırardı ki, ay uşaq, get mənə mağazadan “Nərgiz” al gətir. Sən uşaqsan, bilməzsən, “Nərgiz”, “Arzu” o vaxtın siqareti idi. Özü də bahalı-zadlı deyildilər ha, elə ucuzundan çəkərdi. Xasiyyətində tərsliyi vardı, amma camaatla çox sadə olardı. Mən 56-danam, rəhmətlik öləndə 18 yaşım vardı. Xərçəng idi, meyitini Moskvadan gətirdilər. Özü vəsiyyət eləmişdi ki, kənddə basdırın, bəlkə mənim hesabıma bu kəndə gəlib gedən olsun. Rəhmətlik evlənmədi də, özünü bu sənətə həsr elədi. Ev eşiyini bacısı silib-süpürər, qulluğunu bacısının oğlu tutardı. Bu evi sonradan özü tikdi. 60-cı illərdə kənddə heç kimə ikimərtəbəli ev tikməyə icazə vermirdilər, bircə Səttar müəllimə heç nə deyə bilmədilər. Evi muzey olandan sonra ata evi ilə muzeyin arasından hasar çəkib ayırdılar.

Sabir dayıdan soruşuram ki, rəssamın pulu-parası olubmu? Dolanışığı-filanı necə idi? Deyir, vallah, bildiyim qədər heç nəyə görə özünə korluq çəkdirməzdi.

- O vaxt danışırdılar ki, sərgilərdən aldığı qonorarları uşaq evlərinə köçürərmiş. Mən də eşitmişəm ha, danışırlar ki, o vaxt Leninin portretini çəkib Polşaya satıbmış. Buna əlli min qonorar veriblər, hamısını paylayıb uşaq evlərinə. Sənə bir hadisə danışım, bunu yazmazsan. O vaxt əsgərliyə gedən uşaqları Azərbaycanda saxlamazdılar. Atam gəldi rəhmətliyin yanına ki, ay Səttar müəllim, deyin, uşağı uzağa salmasınlar. “Vayenkom” respublikada bir general vardı, Səttar müəllim ona zəng edib bir kəlmə dedi, qardaşımı Sabirabada göndərdilər. (Bağışla, Sabir dayı, əlim dinc dayanmadı, yazdım!) Kənddə kimin nə işi vardı, gəlirdi yanına, heç kimi əliboş qaytarmazdı. Niyə deyirəm çətin adam idi? Bir də gördün, vəzifəli qonaqları olurdu, sözləri çəpləşirdi, evdən qovurdu. Xarakteri tərs idi. Yadıma gəlir, bir Elxan Kərimov vardı, raykomun katibi, onu evdən qovmuşdu. Katibi evdən qovmaq bilirsən, nə deməkdi? Amma rəhmətlik babat vuran idi. O burda olanda səsimizi çıxarmağa qorxardıq.

Sabir kişinin nadinc nəvəsi danışmağa imkan vermir, özünü ora-bura atıb axır babasını da dalıyca aparır. Bu dəfə söhbətə Səttar Bəhlulzadənin əmisi nəvəsi Faiq kişi qoşulur. Başqa bir Əmircanlı – şair Tofiq Bayramla rəssamın münasibətlərindən danışır. Deyir, Tofiq Bayramı öz vəsiyyəti ilə Səttar Bəhlulzadənin ayağının altında dəfn ediblər:

- Tofiq Bayramla Səttar müəllim bilirsən nə qədər araq içiblər? Həmişə bu evə gəlib-gedərdi. Yerin məlum, atam da mənim kimi yeyib-içən olub. Hərdən məni göndərirdi ki, get atana de, Səttar əmi çağırır, gəlsin bizə.

Soruşuram, Faiq kişi, sən də vuransan? Gör nə deyir: Hih, sən məndən soruş ki, Faiq dayı, vurmayan günün var?

Deyir, sonra ləzzətlə gülür eyy, gülür...

* * *

Ev muzeyinin rəsmi açılış mərasimi başlayır. Nazir Əbülfəs Qarayev, Rəssamlar Birliyinin sədri Fərhad Xəlilov, icra başçısı İlqar Abbasov Səttar Bəhlulzadənin sənətkarlığından, dövlət tərəfindən onun irsinə göstərilən diqqətdən danışırlar. Sonra ev muzeyi ilə tanışlıq başlayır. Fotoqrafımız Ramil Zeynalovla adamlara qoşulub evə keçir, otaqlara göz gəzdirir, “Sənətin Məcnunu”nun yatağına, iş stoluna, fırçalarına baxırıq.

Ev muzeylərində qoşa gördüyüm çarpayılardan biri bu evdə kəm idi. Sənət üzündən “Aramızda gəzən dahi”nin evlənməyə macalı olmamışdı. Və mənə elə gəldi, Səttarın nəfəsi üçün ən çox darıxan yan-yana düzülən fırçaları, bir də rahatlıq tapdığı çarpayısı idi.

* * *

Tədbirin sonuna yaxın, hər kəs narahat-nigaran bir-birindən xəbər alırdı: görəsən, Səttar müəllimin məzarı ziyarət olunacaq? Əmircan qəbiristanlığı ilə muzeyin arası iki kilometr olmazdı. Tədbir təşkilatçılarından birinə yaxınlaşıram. Aldığım cavab nə olsa, yaxşıdır:

- Yox, məzar ziyarət olunmayacaq. Proqramda yoxdur.

Proqramda ha, proqramda...

Dərd başqadır, eyy: Səttar Bəhlulzadə proqrama sığmayan adam olub.

İnanıram, möhkəm inanıram: o Günəşli may günündə şəhərə üz tutan maşınların arxasınca boylanan tənha rəssam ruhu əl sallayıb dedi: gəlmədiniz, hə nolar, barmaqlarım köməyiniz olsun!

# 6759 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #