Canəli nəyi düz deyir, nəyi əyri? - MUĞAMIN PƏRDƏARXASI

Canəli nəyi düz deyir, nəyi əyri? - <span style="color:red;">MUĞAMIN PƏRDƏARXASI
9 fevral 2017
# 13:34

Özündən demək çıxmasın, mən bu muğam ifaçılarını azdan-çoxdan tanıyıram. 2000-lərin əvvəllərində məşhur qəzetlərin birində mədəniyyət müxbiri idim və “Vahid” evindəki şeir-sənət məclislərinə tez-tez gedirdim. Muğam ifaçıları da, toy musiqiçiləri də hər bazar “Vahid” evinə toplaşırdılar.

Onda imkansızlıq idi. Ölkədə pul yox idi. Muğam ifaçıları bütün günü “Vahid” çayxanasının müdiri, uğursuz tarzən Şahin müəllimin onlara 30 faiz endirimlə satdığı çaydan hörtdədib keçmişdən, gələcəkdən gap eləyirdilər.

Sizə deyim, hamısı maraqlı adamdır.

Unikal söhbətləri, koloritli jarqonları, dozası yüksək zarafatları var.

Canəli Əkbərov bunların arasında ən biclərindən hesab olunurdu.

O, aclıq vədələrində də haradansa, necəsə qazanırdı, şux idi, 15 yaşında cavan oğlana oxşayırdı.

Həm də özünün qanacağı, mərifəti ilə seçilirdi. Müsahibələrində savadlı danışmağa cəhd edirdi. Düzdü, alınmırdı, amma Canəli müəllimi müğənni sayanlar üçün kifayət edirdi.

İçlərində ən təmizi, ikibaşlı oynamayanı Sabir Mirzəyev idi. Az qala bütün həmkarlarını qarasına da, üzünə də söyürdü. Səbəbini soruşanda, çox ciddi arqumentlər gətirirdi.

Habil Əliyev ən ustalarıydı. Güclü yumor hissinə görə musiqiçilər üzərində hakimi-mütləqə çevrilmişdi. Habilin dilindən, atmacasından hamı çəkinirdi.

Əlibaba Məmmədov daha yaşlı olduğu üçün hamı hörmətini saxlayırdı. Amma az-az onun da dalınca danışırdılar. Məsələn, deyirdilər, Faiq Ağayev bunun “Dəşti”sini oxuyub deyə hər yerdə tərifləyir, halbuki əvvəllər deyirdi, oxuya bilmir və s.

Habil Əliyev kimi nataraz adam da Əlibaba Məmmədova hörmətlə yanaşırdı. İnsafən, Əlibaba müəllim öz biliyi, öyrətmək ehtirası, ünsiyyətcilliyi ilə buna layiq idi.

Həm də onu Seyid Şuşinskinin yerində görürdülər. Muğamın son mogikanı kimi...

Canəli Əkbərovu həmkarları heç vaxt əsl oxuyan kimi qəbul etməyiblər. Amma bunu ondan ustalıqla gizləyiblər. Mən düşünmürəm ki, Canəli müəllim bunu hiss eləmirdi. Eləyirdi, sadəcə, anlayırdı ki, dövlətə də, xalqa da, musiqiçilərə də, elə Canəlinin özünə də sərf edəni budur: Canəli müəllimi də ustad kimi qəbul etmək!

İnsandır. Musiqiyə ömür həsr edib. İndən belə də əl çəkəsi döyül bu işdən. Çox gecdir. Adı-sanı, orden-medalı da var. Azərbaycan ifaçılığının (metodikanı demirəm – Ş.A.) Canəli Əkbərov adlı yanlışını düzəltmək üçün 70 il əvvələ qayıtmaq lazım idi. O da ki mümkün deyildi...

Açığı mən Canəli müəllimi danışdığı bir əhvalatdan sonra özüm üçün kəşf elədim. Yoxsa indi mən özüm də onun sadəlövh fanatları arasında qala bilərdim. Guya bunun atası Xanəli kişi Xan Şuşinskinin qarşısında oxumayıb! Deyib, ustad qarşısında oxumaram-zad... Tamam, hörmət edib, Allah ikisinə də rəhmət eləsin. Ancaq adam nə qədər istedaddan zəlil ola bilər ki, bu əhvalatla fəxr eləsin, bu miskin jestin üzərində sənətkar karyerası ucaltmağa çalışsın. Təsəvvür edirsiniz, Canəli müəllimin əlini sıxırıq və deyirik: “Atanızın Xan əminin qarşısında oxumaması münasibəti ilə sizə ürəkdən təşəkkür edirik! Halal olsun! Atanız orda bir oxumamaq oxumayıb ki, gəl görəsən! Elə bircə bu faktdan bilinir - rəhmətliyin özü də, oğlu da böyük sənətkardır və ən yüksək titullara layiqdir!”

Canəli müəllim atasından fərqli olaraq hər yerdə, hər zaman “oxuyub”. Yeri gəldi-gəlmədi döşünü qabağa verib. Hər daşın altından çıxıb. Sanki atasının qisasını alıb hamıdan.

O, oxumağı bacarmaya-bacarmaya bir sənətkarın əldə edə biləcəyi bütün uğurları qazandı. Bu, fenomenal hadisədir və dünyada analoqu yoxdur. Bu bacarığına görə Canəli müəllimə qibtə eləmək olar.

Eyni zamanda biz Canəli Əkbərova həm də minnətdar olmalıyıq.

Ona görə ki, o, Azərbaycanın sənət reallığını gözlər önünə sərən şəxsiyyətdir. Sən bacarmadığın bir işdə bütün uğurları qazana biləcəyin cəmiyyətdə yaşayırsan! Ayağını dəng al! Yoxsa hardansa, haçansa yıxılıb, yumalanacaqsan!

Ancaq bir az dərinə gedəndə Canəli müəllimin o qədər də bic olmadığını anlayarsan. Yəni, istedadsızı qabağa buraxmaq bir az bizim şakərimizdə var. Heç kimə ziyanı yoxdur anlamında. Misal üçün, həyatı boyu Arif Babayev hansısa tədbirə birlikdə çağırılarkən “Canəli müəllim şəhərdə yoxdur, rayona gedib!” – deməz. Amma Yaqub Məmmədovla birlikdə çağırılsa, deyər. Necə ki deyib! Özü də dəfələrlə... Səbəb çox sadədir: Arif Canəlinin yanında çox böyük sənətkar kimi görünəcək, ancaq Yaqubla işlər fırıqıdır! Adam erkək at kimi kişnəyir. Onunla baş eləmək olar? “Yox, yox, qağa, Həzrət Abbas haqqı, Yağub burda döyül. Dünənciyəz xəbər gəldi ki, gedib Ağcabədiyə. Canəli burdadı. Böyük sənətkarımız!”

Gördüyünüz kimi, son abzasda yazımıza iki ad da əlavə olundu: Yaqub Məmmədov və Arif Babayev...

Mən Yaqub Məmmədovdan müsahibə alsam da elə yaxından tanıya bilmədim. Biz tanış olandan az sonra rəhmətə getdi. Həm də o, “Vahid” evinə nadir hallarda gəlirdi. Özünə görə balaca çaplı çoxbilmişlikləri olsa da Yaqub xeyli sadəlövh adam idi. Hamı asanlıqla aldada bilirdi. İllah da başında yeddi tülkü hərlənən manıs tayfası...

Ancaq muğamdan söz düşən bütün məclislərdə Yaqubun əzəmətli kabusunu görürdüm. Səssiz-səmirsiz başımız üstündə dolaşırdı.

Ondan söz düşəndə hamı heyrət ifadə edirdi: “Ooo!!! Yağub heç də!”

Özü də Yaqub yox, Yağub. Sanki q hərfi onun əzəmətinə dözməyib qığırdaqlara bölünürdü.

Sabir Mirzəyev kimi nadinc də, Habil Əliyev kimi əzazil də, Canəli Əkbərov kimi bacarıqlı adam da Yağubdan, üzr istəyirəm, Yaqubdan ürəkdolusu danışırdılar.

Eyni zamanda, heç biri onunla məclisə düşmək istəmirdi.

O ki qaldı Arif Babayevə... Vay-vay-vay-vay! Adam diplomat olmalı imiş, bir “Segah”ın zibilinə düşüb. Nə olsun yaxşı səsi var? Vur-tut bircə yanıqlı muğama görə o boyda qabiliyyəti boğmaq olar?

Həmişə tanrının Arif Babayevə o cür səs verməsinə təəccüb eləmişəm. Misal üçün, o səs Canəli kimi adama daha layiqdir, nəinki Arif Babayevə. Adamın oxumaqdan zəhləsi gedir. Sizi əmin edirəm. Özü də həmişə candərdi oxuyub. Sehrli balıq əlinə düşsə bircə söz deyər: durum yerimdə, başımdan qızıllar, orden-medallar tökülsün, hamı qarşımda səcdəyə gedib əllərimi öpsün. Bunu muğam ifaçıları, musiqiçilər, manıslar hamısı yaxşı bilir. Ancaq heç vaxt, heç yerdə dilə gətirmirlər. Ağızlarını bıçaq açmaz bu mövzuda!

Ancaq bəzən jurnalistlərə məqsədli sızdırmalar olur ki, vaxtı gələndə belə yazılar yazılsın. Bəli! Bu da həyatın bir qızıl qaydasıdır.

Biz də dolanmalıyıq axı!

Canəli Əkbərovun biclikdə yüksək hesabla uduzduğu yeganə adam Arif Babayevdir. Ağdamın işğalı, Qarabağ dərdi Arif müəllimin gücünü birə-beş artırıb. Lənkəran nəynən maraqlı olacaq? Çaydı, limondu, onu da almağa pul yoxdu. Başına dönərəm Qarabağın! Çörək ağacıdı! Prestijdi! Gedib qaçqın obalarında bir-iki ağız ağladınsa, iş tamamdır. Yazıq Canəli müəllimin bu performans üçün hansı şəraiti var? Ağlasa da heç kim inanmayacaq. Üzündən məmnunluq və rahatlıq tökülür. Hirslənəndə də xoşbəxt görünür. Arif müəllimin vəziyyətə müvafiq kədərli sifəti var. Özü də yaraşıqlıdır, maşallah. Hamıya doğma gəlir. Elə bil atan, əmin, ən azı kirvəndir. Koloritdir başdan-ayağa. Dili-felinə baxasınız hələ. Elə lətifə danışır, adam gülməkdən qıc olur. Canəli müəllimin belə danışığı var? Elə bil dilini arı sancıb...

Arif Babayev Səxavətin, Qədirin, Yaqubun yanıqlı səsindən də “güc alır”. Heç kimin əli çatmadığı rəhmətliklərə qiyabi hörmət də nağdılaşanda bircə ünvan tapır: Arif Babayev! Üstəlik, o biri mogikanları da şirin dillə yanına ala bilib. Bir yandan da olmayan Qarabağdan əzəmətli səslər çıxmaqda davam edir və məlum, onların da bircə ağsaqqalı var. Ona gücmü çatar!

Bəli, Canəli müəllimin “politik” addımları həmişə Arif Babayevə dəyib çiliklənib.

Canəli müəllim ömür boyu bundan əziyyət çəkib, indi də çəkir və məncə onun Mənsum İbrahimova təhqiramiz hücumu da bu səbəbdəndir.

Əlibaba müəllimə isə ona görə qəzəblidir ki, sən niyə durub-dururkən, qarabağlıları müdafiə edirsən? Ona görə, mənim tanıdığım Əlibaba yox, Əlibobbisən!

Nə qədər çoxbilmiş olsa da qocaman şöhrət sahibinin arada-sırada “sepdən çıxıdığı” məqamlar olub. Yadımdadır, bir dəfə “Utancaq qız” imzasıyla yazan bir xanımın diktofonuna elə onun özüylə bağlı erotik duyğularını anlatmış, sentimental təkliflər eləmişdi. Sən demə “Utancaq qız”ın çörəyi belə ağlagəlməz işlərdən çıxırmış. Şöhrətpərəst, intellektdən məhrum, nəfsinə düşkün tanınmışları tərifləyə-tərifləyə yoldan çıxarıb söhbəti eşq qonusuna gətirir, onları yumşaldıb ən munis duyğularını etiraf etdirir, sonra səslərini yazıb çap edirir!

Allah amansan!

Kişini intihar həddinə gətirmişdi.

Amma yenə toxdadı, Canəli müəllim!

Nə sınaqlardan çıxıb qurbanolduğumun sayəsində...

Bir sarsaq jurnalist nəmənədir o boyda kişini yıxa...

Belə...

Bu uzunluqda yazını yazmaqda məqsədim, bircə cümlə demək idi: məqsəd sənət olmayanda belə iyrəncliklər çıxır ortalığa!

Bütün bu ürəkbulandırıcı mühitdən qorunmağı bacaran bircə Alim Qasımov oldu və bəhrəsini də gördü.

Gözümüzün qabağındaca...

# 2554 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #