Səhnədən qovulan Xalq artisti – Məzəli Teatr Əhvalatları

Səhnədən qovulan Xalq artisti – <span style="color:red;">Məzəli Teatr Əhvalatları
28 aprel 2019
# 10:10

Kulis.az professor İlham Rəhimlinin təqdimatında məşhur aktyorlarımızın bir neçə məzəli əhvalatını diqqətinizə çatdırır.

Quru balıq

Akademik Dram Teatrının kollektivi Lənkəran – Astara bölgəsinə bir aylıq qastroldan qayıdırmış. Axşam sərinində Lənkərandan çıxanda Port-İliç deyilən yerdə yol qırağına çoxlu satlıq balıq yığıblarmış. İçəridə əyləşənlərdən kimsə deyir ki, avtobusu saxlayın, düşək ev üçün təzə balıq alaq.

Avtobus magistralın kənarına çıxıb dayanır. Kollektivin əksəriyyəti aşağı düşür.

Ağasadıq Gəraybətli Aqşin Vəlixanlı ilə əyləşibmiş O, görür ki, hamı düşür, üzünü Aqşinə tutub deyir:

– Sənin rəhmətlik atan Məmmədəli həm əla akyor idi, həm də yaxşı ovçu. Balıqdan da başı çıxırdı. Yəqin sən də balıq tanıyansan. Gəl düşək mənə balıq alaq.

Aqşin tez cavab verir:

– Mənim gözüm üstə.

Onlar da avtobusdan düşürlər. Görürlər ki, bir nəfər iki sırada qurudulmuş kütüm balığı düzüb. Bir sıra iri, o biri sıra onlardan xeyli kişik kütümlərdi. Ağasadıq Gəraybəyli beş dənə iri kütüm alır. Aqşin də ikiqat ucuz olan beş dənə xırda kütüm götürür. Satıcı balıqları eyni rəngli kağız torbaya qoyur. Aqşin ağsaqqala hörmət əlaməti olaraq Gəraybəylinin də torbasını götürür və qalxırlar avtobusa. Hamı öz yerində əyləşir. Gəraybəyli ilə Aqşin yenə yanaşı otururlar. Bir azdan avtobus yola düşür.

Gecə avtobus Bakıya daxil olur. Əvvəlcə Azadlıq meydanının arxa tərəfində dayanırlar. Qonşu binalarda yaşayan Nəcibə Məlikova, Məhluqə Sadıqova, Məlik Dadaşov və Ağasadıq Gəraybəyli avtobusdan düşürlər. Aqşin tez Gəraybəylinin əl çantasını və özünün kiçik balıqlar yığılmış torbasını götürüb aşağı düşür. Yerdə onları aktyora verib qayıdır avtobusa. Avtobusa əyləşənlər növbə ilə evlərinə paylanırlar.

Əvvəldən avtobusda elan olunmuşdu ki, maaşlarını və məzuniyyət pullarını almaq üçün kollektivin üzvləri səhər saat 12-də teatrda olsunlar. Aqşin adəti üzrə gecikir. Binaya daxil olan kimi Aqşinin dostu, rejissor köməkçisi Nəcəf Həsənzadə hövlnak özünü ona çatdırıb deyir:

– Tez ol, qalx bufetə. Bayaqdan Gəraybəyli əlimyandıda səni axtarır.

İşin nə yerdə olduğunu bilən Aqşin gəlir bufetə. Görür ki, bir neçə aktyor yığılıblar qocaman sənətkarın ətrafına, söhbətləşirlər. Yaxınlaşır onlara və bilərəkdən üzünə təəccüb ifadəsi verir.

Image result for Ağasadıq gəraybəyli

– Ağasadıq qədeş, salam. Eşitdim məni axtarırsınız, xeyir ola?

Ağasadıq Gərəybəyli əsəbiləşir.

– Adə, cüvəllağı, nə xeyir ola. Necə olur, mən iri balıqlar alıram, amma gətirib evdə açanda görürəm ki, hamısı xırda-xırdadı?

Aqşin özünü itirmir.

– Ağasadıq qədeş, bəs bilmirsiniz, quru balıq beş-altı saat maşında isti havada, özü də bükülü gələndə quruyub balacalaşır?! Gərək biz avtobusda onları torbadan çıxardardıq. Vallah mənimkilər kiçilib əl boyda olmuşdular.

Gəraybəyli, heyrətlənir:

– Aaaa, mən heç bunu bilmirdim. Təbiətin qəribə-qəribə işləri olurmuş.

Nazir arvadlarının prəstişkarı

Əvvəldən təsdiqlənmiş aylıq repertuara əsasən axşam yuqoslav dramaturqu Branislav Nuşiçin (tərcüməçisi və qurluşçu rejissoru Tofiq Kazımovdur) komediyasının tamaşası oynanacaqdı. Günortaya yaxın məlum olur ki, doktor Ninkoviç rolunun ifaçısı Hamlet Qurbanov xəstələnib. Rejissor Tofiq Kazımov əksər tamaşalarında olduğu kimi, burada da dublyorlardan istifadə etməmişdi.

Truppa müdiri Qürbət Qurbanov yaranmış vəziyyət barədə teatrın direktoruna və baş rejissor Tofiq Kazımova məlumat verir. Qısa məşvərətdən sonra qərara alır ki, görkəmcə yaraşıqlı olan Ramiz Məlikovu çağırıb rolu ona həvalə etsinlər.

Ramiz gəlir teatra, rolun sözlərini alır. Tələsik baxıb görür ki, mətn cəmi iki səhifədi, özü də asan, dilə yatımlı cümlələrdi. Razılaşır.

Doktor Ninkoviçin səhnəsi əsasən nazirin xanımı Jivka ilə bağlı epizoddadır. Jivka rolunun ifaçısı, Xalq artisti Barat xanım Şəkinskaya ilə mizanları ötəri məşq edir, səhnəyə çıxış yerlərini müəyyənləşdirir.

Ramizin rahatsız olduğunu görən, təbiətcə çox xeyirxah, gənclərə diqqətcil Barat xanım ona ürək-dirək verir.

– Ramiz, oğul, qorxub eləmə, nə də təlaş keçirmə. Cümlələrin əvvəlki sözləri yadından çıxsa çaşma, ötür getsin. Sən çalış mənim replikalarımı dəqiq verəsən. Replikanı (mükalimənin son sözünü– İ.R.) düz versən çalışacam ki, vəziyyətdən çıxaq.

Axşam tamaşa başlayır. Ramiz Məlik pul, şöhrət, vəzifə üçün hər cür dona girən doktor Ninkoviçin geyimində – əynində frak, altdan ağ köynək, yaxasında “kəpənək” bant... bir sözlə, görkəmcə cazibədar “kavaler” libasında səhnəyə çıxır. Jivkanın qarşısında reverans edir, obrazın xarakterinə uyğun əttökən hərəkətlərlə sözlərini söyləyir.

Epizodun axırına yaxın Ninkoviçin bəlağətli cümlələrdən ibarət nisbətən iri həcmli mətni var. Onun yöndaşına replikası, yəni son sözləri belədir: “Mən nazir xanımlarının pərəstişkarıyam”.

Ramiz pafosla mətni deyir, ancaq “pərəstiş” sözü yadından çıxır. “Mən nazir xanımlarının” ifadəsini dönə-dönə təkrarlayır. Təkrarlayır və birdən lap ucadan deyir: “Mən nazir arvadlarının bazıyam”.

Barat xanımı gülmək tutur. Salondakılar heç nə hiss etmədən sözə və yaranmış vəziyyətə gülürlər. Barat xanım duyur ki, Ramiz o biri cümlələri deyə bilməyəcək. Gülə-gülə, ancaq kinayəli tərzdə deyir:

– Cavan oğlan, onu bil ki, mənim hər cür “baz” kişilərdən zəhləm gedir... Rədd ol burdan...

Ramiz tez fürsətdən istifadə edib səhnədən çıxır.

Sən boyda olardı

İki il idi Sumqayıtda dövlət teatrı açılmışdı. Bir neçə nəfərdən sonra teatra baş rejissor, Leninqradda ali təhsil almış Ağakişi Kazımov təyin olunmuşdu. Vaxtilə akademik teatrda aktyor işləmiş Ağakişi Kazımov gənc kollektivdə öz işinə böyük yaradıcılıq ehtirası ilə başladı. O, on il əvvəl Akademik teatrdan inciyib getmiş, Xalq artisti Rza Əfqanlını və yeni rejissorlarla işlməyə ciddi səy göstərən Barat Şəkinskayanı Sumqayıt teatrının truppasına dəvət etdi. Onlar ikisi teatrın 1970-ci ildə hazırladığı Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” tamaşasında Mələk xanım və Rüstəm bəy obrazlarını ustalıqla yaratdılar. Sonra başqa tamaşalar üzərində işləməyə başladılar.

Bir gün məşq zamanı məlum olur ki, Barat xanımın yöndaşı cavan aktrisa məşqə gəlməyib. Barat xanım xeyli gözləyir, ancaq aktrisa gəlib çıxmır. Onun evində də telefon yoxuymuş.

Səhəri Barat xanım yenə teatrın avtobusu ilə Bakıdan Sumqayıta gəlir. Cavan aktrisadan xəbər çıxmır və onun məşqi yenə baş tutmur. Növbəti gün yenə belə keçir. Nəhayət, dördüncü gün cavan aktrisa gəlib çıxır. Ona çatdırırlar ki, bəs, Barat xanım sənin əlindən zəncir çeynəyir, aşını-duzunu verəcək. Bu sözlərə o qədər də məhəl qoymayan aktrisa nazlana-nazlana gəlir qrim otağında əyləşmiş Barat xanımın yanına.

Barat xanım onu görəndə əlindəki rol dəftərçəsindən gözünü çəkir. Altdan yuxarı aktrisasını süzüb soruşur:

Image result for Barat Şəkinskaya

– Bu neçə günü hardasan, ay qızım? Mən yaşlı arvad, hər gün avtobus silkələyə-silkələyə o boyda yolu gəlirəm teatra, amma sən yoxsan.

Aktrisa özündən razı-razı xumarlanır:

– Bilirsiniz, Barat xanım, özümü pis hiss eləyirdim, getdim həkimə.

– (Rahatsızlıqla) Olmasın azar, haran ağrıyırdı?

– Ürəyim bulanırdı...

– Niyə?

– Hamiləyəm.

Barat xanım nərmənazik bu qızı yenidən başdan-ayağa süzür. Onun görkəmində heç nə hiss eləməyib, bir qədər əsəbiliklə soruşur:

– Neçə aylıqdı, az, qarnındakı?

– Bağışlayın... iki aylıqdı.

Od aktrisanı götürür:

– Nə bağışlayım, az? Hələ utanmaz-utanmaz da deyirsən ki, iki aylıqdı. (Durur ayağa) Elçini tanıyırsan? Mənim oğlumu deyirəm ey. “Yeddi oğul istərəm” filmində Mirpaşanı oynuyur.

– (Bir qədər təəccüblə) Əlbəttə tanıyıram, Barat xanım. Həmin kinoya bir neçə dəfə baxmışam.

– Lap yaxşı. 1946-cı il idi. Mayın 25-də mən Şkspirin “On ikinci gecə” tamaşasında Violanı oynadım. Özü də tamaşaçı ilə ağzınacan dopdolu idi teatr. Dörd gün sonra, mayın 29-da oğlum Elçini doğdum. Görürsən də nə boydadı? İndi sən bir siçan boyda şey doğassan deyin, məşqə gəlməyib mən boyda adamı avara qoyacaqsan?.. Sənin dekretə çıxmağına hələ çox vaxt var, bala, haydı məşqə.

Onlar ikisi də qrim otağından çıxaraq məşq zalına tərəf addımlayırlar. Səhv iş tutduğunu hiss edən aktrisa istəyir ki, Barat xanımın könlünü alsın.

– Üzr istəyirəm, Barat xanım, bir də məşq buraxmaram. Amma sizə bir sualım var.

Barat xanım çəp-çəp ona baxır:

– Nə sual?

– Soruşmaq istəyirəm ki, bəyəm siz Elçini doğanda elə bu boydaydı?

Barat xanımın gülmək tutur.

– Ay ölmüş, bu boyda olmasa da, hər halda sən boyda vardı.

# 3726 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #