Quzu dirilib xalamı axtarmağa getmişdi - “ƏŞYALAR VƏ SÖZLƏR”

Quzu dirilib xalamı axtarmağa getmişdi  - “ƏŞYALAR VƏ SÖZLƏR”
13 mart 2014
# 11:19

Kulis.Az “Əşyalar və sözlər” layihəsindən Sevinc Elsevərin “Quzu” essesini təqdim edir.

Xalam nişanlanmışdı. Tez-tez nənəmgilin evində qonaqlıqlar olurdu. Onda qardaşımla mən balacaydıq. Bu qonaqlıqların nə üçün təşkil olunmağı vecimizə də deyildi. Bizi bu qonaqlıqlarda ən çox maraqlandıran çoxlu şirniyyatların, şokoladların, limonadların olması idi. Qurbanlıq bayramı idi. Oğlan evinin adamları əllərində xonçalarla, boğazına qırmızı lent bağlanmış qoçu da qabaqlarına qataraq xalamgilə gəldilər. Anam da bizi yanına salıb aparmışdı. Biz sevinirdik. Boğazı lentli qoçu bizə göstərdilər, dayım çağırdı ki, gəlin əlinizi də vurun, kənarda durmayın. Mən yaxınlaşıb onun yumşaq tüklərinə toxundum. Xalam üçün bu qoyun nişanlısının özü qədər əziz idi. Az qalırdı qoyunun qığından muncuq düzəldib boğazına assın.

İçəridə bizi başqa sürpriz gözləyirdi. Xonçalardan birinin içində təzə doğulmuş quzu oturmuşdu. Qəhvəyi rəngli bu quzunun boğazında da bayırda gördüyümüz qoçunku kimi qırmızı lent var idi. Gözlərimizə inanmırdıq, quzu boynunu burub elə baxırdı, sanki bu saat mələyəcək. Amma qəhvəyi, göründüyü qədər də şirin olan quzu mələmədi. Çünki quzu biskvit xəmirindən düzəldilmişdi... Quzunu qız evində hamı bəh-bəhlə təriflədi, onu xalamın gələcək baldızı öz əlləriylə hazırlamışdı. Baldız da dil qəfəsə qoymurdu ki, qardaşım on gündən yuxarıdı əsir-yesirdi bu quzu qəlibini tapmaqdan ötrü. Dediyindən belə çıxırdı ki, nişanlısının xətrinə Qaf dağına göndərsən gedər.

Biləndə ki, bu quzu biskvitdi, qardaşımla mən qonaqlığın sonunadək ağzımızın suyunu zorla saxladıq. Elə istəyirdik ki, həmin quzunu kəsələr, bir damcı dadaq. Amma quzunu heç kim kəsmək fikrində deyildi. Qonaqlar gedəndən sonra da quzu kəsilmədi. Gözümüz baxa-baxa xalam quzunu qaldırıb servantın başına qoydu. Anamın böyrünü o qədər dürtmələmişdik, yara olmuşdu. Anam da qorxurdu özündən böyük, yaşı da bir az ötmüş bacısına bir söz deməyə. Onsuz da böyük bacısını qoyub özbaşına qoşulub qaçmağıyla üzağlıq eləməmişdi.

Biz nə vaxt nənəmgilə getdik, gördük quzu yerindədi - servantın üstündə. Heç kim ona toxunmayıb. Həmişə də həsrətlə baxırdıq quzuya, düşünürdük ki, görəsən dadı necədi.

Xalamın nişanlısı tutuldu, toyu gecikdi. İki il ötənədək biz də böyümüşdük. Qəhvəyi, şirin quzu isə olduğu kimi qalmışdı, servantın başında durub eləcənə "ye məni" deyə ağzımızın suyunu axıdırdı. Bir dəfə evdəkilərin tut çırpmağa başı qarışanda qardaşımla fikirləşdik ki, bu quzunu heç olmasa əlimizə alaq, baxaq. Bəlkə bir dişlək də qoparaq. Ayağımın altına stul qoyub yuxarı çıxdım. Qardaşım da stulda oturub ağırlığını saldı ki, mən stulun kürəyinə çıxanda aşmasın. Birtəhər əllərim əsə-əsə quzunu götürdüm. Quzu daş kimi idi. Elə bil gipsdən tökülmüşdü. Quzunun arxa tərəfindən bir qırıq dişləmək istədim. Arxası divara tərəf olurdu, dişləsəydim bilinməzdi. Gördüm ki, yox, diş batırmaq mümkün deyil. Qardaşım da israr elədi ki, o da dadına baxmaq istəyir. Quzunu ötürdüm ona. Qulağı qardaşımın dodağını cırdı. Qanı görüncə özümüzü itirdik. Quzunu alıb tələsik yerinə qoydum. Düşüb qardaşımı sakitləşdirməyə çalışdım.

Xalam gəlin köçəndə quzunu ər evinə apardı.

Qonşu rayonda yaşadığından biz onunla az görüşürdük. Cəmi iki-üç dəfə onlarda olmuşdum. Quzu atası evindəki kimi yerində durmuşdu. Xalamın qəssab ərinin həyəti əsl quzularla dolu idi. Arvadın ömrü demək olar ki, quzuların arasında keçirdi. Amma xalam xoşbəxt deyildi, çünki uşaqları olmurdu. Bu səbəbdən əriylə tez-tez dalaşırdılar.

Bir gün eşitdik ki, xalam ölüb. Vəsiyyət edibmiş ki, onu öz rayonlarında – bacısı, qardaşı yaşayan yerdə dəfn eləsinlər. Yəqin buna səbəb xalamın övladının olmaması idi. Onun dəfni ilə bağlı tərəflər arasında mübahisə düşdü. Dayım bacısını rayonumuza gətirib torpağa tapşırandan sonra xalamın əri ona məxsus bütün əşyaları gətirib babamın həyətinə tökdü. O gedən də getdi! Onu bir də görmədik, heç xəbərini də almadıq.

Mən nə qədər çətin olsa da o əşyaları görməyə getdim. Servantların qırılmayan dəstəyi üstündə ovaxtkı qırmızı lent olduğu kimi qalmışdı. Qutulardakı qabların servislərin, boşqabların yanında bir qutu da gördüm – içində xalamın adama gülə-gülə baxan kuklaları vardı. Mən o kuklaların, oyuncaqların hamısını bir-bir əlləyib yerinə qoydum. Bir vaxtlar xalam onları bizə qıymazdı ki, cehiz aparacaq. Kövrəldim və qəfil həmin quzu yadıma düşdü. Ha axtardım, tapmadım. Əşyaların içində yox idi. Mənə bir anlıq elə gəldi ki, quzu dirilərək xalamı axtarmağa gedib.

Digər yazılar:

http://news.lent.az/kulis/news/8187

http://news.lent.az/kulis/news/8003

http://news.lent.az/kulis/news/8042

http://news.lent.az/kulis/news/8153

http://news.lent.az/kulis/news/8136

http://news.lent.az/kulis/news/8170

# 4920 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #