Tanınmış rejissor: “Mehriban Zəki hansı peşəkarlıqdan danışır?”

Tanınmış rejissor: “Mehriban Zəki hansı peşəkarlıqdan danışır?”
13 yanvar 2015
# 08:30

Kulis.az rejissor, aktyor Namiq Ağayevlə müsahibəni təqdim edir.

- Namiq müəllim, çəkildiyiniz “Axınla aşağı” filmi təqdim olundu. Nə düşünürsünüz film haqda?

- Mən filmə baxa-baxa ağladım. Bu münasibət subyektivdir, həm də ilk dəfə idi baxırdım.

- Bəs narazı qaldığınız yerlər...

- Montajı səhv etmirəmsə rejissor özü edib, kobud montajdır, bəyənmədim. Filmə gəlincə, məncə burada montaj böyük rol oynayır. Montaj artıq kino deməkdir. Eldar Ryazanovun “Karnaval gecəsi” filmi iflas olubmuş, sonra onu montajla yenidən yığıblar və film uğur qazanıb...

- Oyununuz haqqında tərəf müqabiliniz, aktrisa Mehriban Zəki “qeyri-peşəkardır” kimi bir fikir işlətdi...

- Peşəkarlıq nəyə deyirlər axı? Bir dəfə rəhmətlik Vaqif İbrahimoğluna dedilər ki, sənin teatrın psixoloji deyil, qayıdıb iri bir siyahı ilə gəldi ki, bu psixoloji menyusudur, siz hansını deyirsiniz? Mən konfliktə girən adam deyiləm. Mehriban məni təbrik edəndə dedi: “Əla oynamısan, çünki peşəkar deyilsən. Amma bir daha oynama. Bu dəfə təsadüfən alınıb”. Amma o, peşəkarlıq nəyə deyilir? Mən rejissorluqda oxumuşam və aktyor sənəti dərsini keçmişəm... Qoyun, mən də dedi-qodu edim (gülür) Mehriban xanımı iyirmi dubla çəkəndə məni bir dubla çəkiblər.

- Bəs bu çəkilişin bütün texniki xırdalıqlarına, dağıdıcı gücünə qarşı obrazın daxili gərginliyini saxlamaq, ruhu qorumaq üçün əsas silah nə olub?

- Daim özümə nəzarət edirdim, bütün çəkiliş boyu Stanislavski nə deyibsə, yerinə görə beynimdən keçirmişəm. Bilirsiniz ki, Stanislavskidə onlarla aktyor menyusu var. Fiziki şərait uyğunsuzdursa Stanislavski dediyi kimi emosional yaddaşa qaçmışam. Və ya emosional yaddaşa ehtiyac olmayıb, təxəyyülə getmişəm. Amma əsas odur ki, o əlaqədar hissi özümdə oyatmışam. Hər an o hissi qaçırmaq təhlükəsi vardı. Aqressivlik, əsəb, gərginlik var idi, konsentrə olduğum məqamda zarafat edən dostlar vardı ətrafda. Ya da texniki problemlər - kimsə kadrdan keçirdi və ya bizi səsi canlı yazırdıq deyə, müxtəlif səslər olurdu və yenidən yazırdıq. Amerikalılar səsi canlı yazırlar, həm də onların kino şəhərcikləri var, daha narahat olmurlar ki, oradan keçən sürünün səsi düşməsin və yaxud traktor nərildəməsin... Bizsə Mingəçevirdə səsli yerlərdə çəkirdik. Bir məsələ yaxşı idi ki, kinolentə çəkilmirdi, rəqəmsal kamera ilə çəkilirdi və istənilən qədər dubl etmək olardı. Məsələn, ekskavatorun ətrafında bir epizod vardı - texniki olaraq onu çəkmək üçün bir neçə dubl etdik. Rejissor bir epizodu bir planda çəkirdi – ona görə də hər dəfə bir texniki məsələyə görə yenidən çəkilirdi. Bu təkrarları etmək var idi. Bilmirəm necə oynamışam, amma hissi içimdə saxlamaq qəhrəmanlığını etmişəm. Sapdan sallanacaq qədər bir təhlükə var idi. Özümü əsəbiləşməyə qoymurdum. Bir dəfə əsəbiləşsəm ki, belə olmaz, nə bilim nə, o hiss qaçacaqdı. Hələ rejissorun narazı əl yelləməklərini də görürdüm...

- Bəs filmdəki əsas mövzu-ata oğul mövzusu sizə nə qədər yaxındır?

- Bu mövzu mənə maraqlı deyil. Heç şəxsi baxımdan da mənim üçün belə bir problem yoxdur. Hətta Asif deyəndə ki, mövzunu müzakirə edək, mən o qədər də həvəslə qatılmadım. Müəllif istəyir və çəkir. Yəni məni elə də maraqlandırmadı. Bu mövzuda milyonlarla film var. Amma bu yaxınlarda bununla bağlı maraqlı bir fikir oxudum-övladlar ən çox heç haqq etmədikləri anda atalarının diqqətinə ehtiyac duyurlar.

- Filmin finalında qəhrəmanın tanımaq üçün cəsədə baxmadan çıxıb “mənimkidir” deməsini, ağlamasını bir neçə səbəbə bağlayan tamaşaçılar oldu: o adam ya intuitiv olaraq cəsədin onun oğluna aid olduğunu, ya düşdüyü bədbəxtliyi dərk edib əslində bunun heç bir mənası olmadığını hiss etmişdi. Bəlkə də artıq bu ağırlığa tab gətirmirdi, bütün bu axtarış ağırlığının bitməsini istəmişdi...

- Qəhrəman təbii ki, yoruldu, tab gətirmədi. O epizod dondurma sexində çəkilib. Həqiqətən də orada temperatur mənfi 60 dərəcə idi. İki dubldan artıq oynaya da bilməzdim. Adamın beyni donurdu, o qədər soyuq idi...

- Bu film sizin dediyiniz “sənət yaşam gücü verməlidir, sağlam enerji verməlidir” şüarına uyğundurmu?

- Mən sağlam enerji verməkdən yanayam. Həyatda qəlizlik axtarmıram. Konseptual əsər təqdim etməyi sevmirəm. Bunu məsciddə, ya kilsədə moizə oxumağa oxşadıram. Mən intizamlı xaos təqdim etməyin tərəfdarıyam.

Məncə film qəhrəmanın moruq yediyi səhnə ilə bitsə idi, daha yaxşı olardı. Onda bütün problemlər, onun arvadı ilə, məşuqəsi ilə bağlı sualları ortadan qalxacaqdı. Qəhrəman katarsis keçir və mənən arınır. Mən belə anlamışam.

- Akademik Milli Dram Teatrında hazırladığınız tamaşa haqqında danışmağınızı istəyirəm.

- Akademik Teatrda Lope de Veqanın “Kələkbaz məşuqə” komediyasını hazırlayıram. Mənim tamaşamın adı “Eşq divanələri” olacaq. Eşq xətti var - kapitan gənc qıza evlənmək istəyir, amma iş elə gətirir ki, o qızın anası ilə - özü yaşda bir qadınla evlənməli olur... Təxminən bizim Məşədi İbad kimi. Həmin ana rolunu Zemfira Nərimanova oynayacaq...

...Üç-dörd pyes təklif olundu. Amma bunu istədim. Ətrafında intriqalar olan bir eşq əhvalatı. Bunu müxtəlif plastlarda işləmək olacaq. Burada tamaşaçıya lazım olan bütün hisslər var. Düzgün kombinə olunsa o lazımi katarsisə gəlib çıxacaq. Flamenko sənəti üzərində qurmaq istəyirəm. Tamaşanın temporitmi bu sənətin üzərində qurulub. Canlı ifalar, flamenko rəqsləri olacaq. Rimma Məmmmədova kimi peşəkar xareoqraf onlarla işləyir.

İndi tamaşanın məşqləri bəzi səbəblərdən marta qədər təxirə salınıb. Əslində buna sevinirəm ki, xeyli vaxt udacağam, individual olaraq düşünmək üçün. Hələliksə “Qanlı Nigar” tamaşasını bərpa edirik. Bu tamaşa Firəngiz xanım Mütəllimovanın səhhətinə görə repertuardan çıxmışdı. İndi Nigar Güləhmədova ilə dublyor kimi bunu məşq edəcəyik.

...Mən Akademik Milli Dram teatrına böyük futbol sahəsi kimi, rejissora məşqçi kimi baxıram. Məsələn, tamaşadan tamaşaya temporitm düşür. Bunun üçün aktyorların həyat tərzi çox vacibdir, nəfəs məşğələləri vacibdir...

İndi teatrımız keçid dövrünü yaşayır. Akademik Teatrın ənənəsindən danışırıqsa, hər hansı məktəbdən yox, şəxsiyyətlərdən danışırıq. Tofiq Kazımov, Mehdi Məmmədov... Bir-birini qəbul etməyiblər. Onları həmişə misal çəkirəm. Mənə rəqsə və ya canlı musiqiyə görə irad tutulanda deyirəm ki, Mehdi Məmmədov xor işlədirdi, yadınızdadır? İndi gücü repertuar teatrına verilir. Bura Akademik Milli Dram Teatrıdır- əsas diqqət buradadır. Səhnədə ayrı-ayrı məktəblərin aktyorları çıxış edəndə onlara diqqət edirəm. Akademik teatr böyük səhnədir, onun özünün mistikası var və onun səhnəsi hamıdan o səhnənin qanunlarını tələb edir. Bura böyük meydandır, nəfəs çatdırmaq məsələsi var.

Lope de Veqada iddialıyam ki teatrın həyatında strateji bir tamaşa olsun. Çünki teatrın ətrafında mübahisələr, dartışmalar, qalmaqallar...

- Yəqin Zemfira xanıma rol vermək də bu strategiyaya aiddir? Axı o, rol almamaqdan şikayət edirdi...

- Zemfira xanım mənim rejissor parametrlərimə uyğundur: musiqi duyumu var, həvəslidir, yeniliyə açıqdır... Bilirsiniz, teatrda baş rejissor anlayışı var, bir də var rejissor. Mən həmişə bu ikisini içimdə birləşdirmişəm. Türkiyədə 10-a yaxın tamaşa hazırlamışam. Harada tamaşa hazırlamışamsa, oranın anbarı ilə, səhnə işçilərinin vəziyyəti ilə, o ətrafdakı tamaşaçıların maraq dairəsi ilə tanış olurdum. Teatr vəziyyətə uyğunlaşmalıdır. Teatr uğrunda mübarizə gedirsə, aktyor bunu rolu ilə isbatlayır, mən də tamaşa ilə bunu etməliyəm.

- Akademik Mili Dram Teatrında xeyli islahatlar aparıldı. Çox da qalmaqallarla müşayiət olundu. Elə təkcə baş rejissorsuz teatr məsələsi. Ümumiyyətlə, teatrdakı inzibati idarə sistemi yaradıcılığa necə təsirini göstərir?

- Baş rejissor məşqçidir. Bu, olmalıdır. Baş rejissor olmalıdır ki, o yalnız özünün yox, o biri tamaşaların da qayğısına qalmalıdır. Burada bu məsələlər hamısı İsrafil İsrafilovun üzərinə düşüb, o həm inzibati işlərlə məşğuldur, həm də bədii yaradıcılıq işlərinə istiqamət verir. Bu tək adamın işi deyil. Lider rejissorlar da deyirlər ki, yoxdur. Gənc Tamaşaçılar Teatrında peşəkar baş rejissor var. Ora gedib gəlmirəm, amma mənə elə gəlir ki, orada problem yoxdur, hər şey yaxşıdır.

- Bir dəfə söhbətimizdə demişdiniz ki, sənətin ötürməli olduğu həyat gücüdür. O yalnız həyat gücü verməlidir. Bunu bayaq da sizə xatırlatdım...

- Əvvəl subyektiv deyirdim, indi birmənalı və obyektiv deyirəm: sənətin əsas məqsədi insanlara sağlam enerji verməkdir. Sağlam enerji vermək üçün özü sağlam enerjili bir təşkilat olmalıdır, həmfikirlər olmalıdır. Hərə bir yerə dartmasın gərək. İndi bölgüylə seçirlər ki, bu guya elit tamaşaçı üçündür, bu kassa üçündür, ya bu klassika olmalıdır. Teatr sosial təşkilatdır və kütlə üçündür. Mən belə düşünürəm. Elit teatr hökmdar sarayında olan teatrlar olub. Məsələn Noh teatrı, kögönlər o qədər estetikləşmişdi ki, geniş kütlə onu anlaya bilmirdi, hökmdarın qonaqları-filan baxırdı. Bu gün bizim ağırlaşdırdığımız, fəlsəfi dediyimiz Şekspir əsərlərini öz dövründə çox kobud və kütləvi hesab edirdilər. Amma biz bu gün onu çox elitləşdirmişik. Kassa tamaşasına nəyə görəsə yaxşı baxmırıq, amma tamaşa kassa üçün, kütlə üçündür. Necə yəni? Təsəvvür edin, müştəri acdır və sən deyirsən ki sən mənim verdiyim yeməyi başa düşməzsən... (gülür) Düzdür, kütlənin də istəyi çeşidlidir-deyir “müsəlman məhəlləsində salyanqoz çorbası verilməz”. Siz yəqin mənim nə dediyimi anladınız. Amma “biz səviyyəliyik, tamaşaçının səviyyəsinə enməməliyik” yanaşması nadanlıqdır.

Antik yunan teatrı ən demokratik teatr idi-auditoriya baxımdan padşahdan hambaladək hər kəsi əhatə edirdi. Teatr heç vaxt darıxdırıcı sənət ola bilməz. Sovet zamanında kinoda-teatrda belə bir problem var idi: müsbət qəhrəman darıxdırıcı alınırdı, mənfi qəhrəman dadlı-duzlu. Çünki cəngavəri oynayan gərək özündə o cəngavərliyi tapa-hiss edə biləydi.

Bu gün Rafael və Coşğunun, “Bozbaş Pictures”in dalınca gileylənirlər. Onlara deyirəm ki, qədim dünya teatrında da belə sənət növləri var idi. Yeməyənin payını yeyərlər.

# 1186 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #