Hitler Londunu bombalayanda ingilislər bu almanı dinləyirdilər

Hitler Londunu bombalayanda ingilislər bu almanı dinləyirdilər
29 dekabr 2012
# 11:45

Lascia ch'io pianga

300 il əvvəl qələmə alınmış ariyanın Lumiere qardaşlarının ixtirasında məşum reinkarnasiyası

Dahi alman bəstəkarı Georg Fridrich Händel (1685-1759) dünya musiqi və incəsənət tarixinə ən parlaq simalarından biri kimi daxil olub. Zəngin və çoxşaxəli yaradıcılığında o, musiqinin bir çox janrlarına müraciət etmiş, xüsusən o zamankı Avropa musiqisində əsasən dini alqış xarakteri daşıyan oratoriya və kantataya alternativ təşkil edən dünyəvi bir janr kimi, operanın təşəkkülündə bəstəkarın əvəzedilməz xidmətləri olmuşdur.

Lakin bu essenin məqsədi bəstəkarın yaradıcılığının araşdırılması, onun dəst-xəttinin, üslubunun, musiqi dilinin xüsusiyyətlərinin təhlili deyildir. Bu yazıdakı mövzunu açmaq üçün Händelin zamanına, onu əhatə edən mühitə, sənət aləminə, cəmiyyətə, eyni zamanda sənətkarın yaşayıb-yaratdığı dövrün xüsusiyyətləri və ictimai problemlərinə nəzər salmağımız vacibdir.

1685-ci il Avropa musiqi tarixini üçün xüsusi ildir. Məhz bu ildə onun gələcək inkişafını öz yaradıcılığında əhatə etmiş üç dahi bəstəkar: iki alman - Johann Sebastian Bach, Georg Fridrich Händel və italyan Domenico Scarlatti dünyaya gəlmişdi. Hər üç bəstəkar öz yaradıcılığında gələcək üçün vacib nəsnələr vermiş, müxtəlif janrların inkişaf istiqamətini müəyyənləşdirmişdi.

Maraqlıdır ki, doğum tarixi eyni olan sənətkarların dünyadan getdikləri tarix də eyni onillikdə baş verir, belə ki, Bach 1750, Händel 1759, Scarlatti isə 1757-ci ildə vəfat edir.

Lakin bu tarixlər və tarixi fiqurlar miqyasına görə nə qədər yanaşı olsalar da, tarixi ədalətsizlik onlardan yan ötməmişdi. Öncəki nəsibi sadəcə unudulmaq olmuş hər üç bəstəkarların XIX əsrdə “yeni doğuluşundan” sonra ikisi - Händel və Scarlatti faktiki olaraq J.S.Bach (onun ismini dilimizdə Bax kimi yazmaq olmaz, bu səhvə gətirəcəkdir, çünki ismi belə yazılan XIX əsrdə yaşamış bir ingilis bəstəkarı mövcuddur) kimi titanik bir fiqurun kölgəsində qalır. Hərçənd ki, ən azından Händel Bach ilə nəinki müqaisə edilə, hətta öz ictimai əhəmiyyətinə görə yanaşı qoyula biləcək bir tarixi fiqurdur. Məsələ burasındadır ki, əgər sırf musiqi mənasında yox, çox iri planda götürsək, tarixi və ictimai miqyasda Bach öz yaradıcılığında istənilən halda oratoriya və kantata janrlarına üstünlük verərək dini-konservativ mövzular dairəsindən çıxmamışdısa, Händel əksinə, sırf dünyəvi janr olan operanı üstün tutmuş, öz yaradıcılığı ilə faktiki olaraq Avropa musiqisində dünyəvilik prinsipinin dominantasına nail olmuşdu. Bu da əslində bəstəkarların yaşadığı fərqli ictimai-siyasi quruluşların atmosferindən irəli gəlirdi.

Məsələ burasında idi ki, Händel həyat və yaradıcılığının çox vacib dövrünü doğulduğu və təhsil aldığı Almaniyadan uzaqlarda, Böyük Britaniya İmperiyasında keçirmişdi. O zamanın Almaniya (əslində konfederativ xarakter daşıyan - – Heiliges Römisches Reich Deutsches Nation, yəni əslində I Reich) və İngiltərəsi bu mənada çox kəskin fərqlənirdi. Bəstəkarın sənəti və karyerası, məhz burada, bəlkə də o zamanın ən mütərəqqi şəhərində - Londonda öz zirvəsinə çatmışdır.

Buraya o Almaniyadan, sarayında kapellmeister vəzifəsinə kimi yüksələ bildiyi Hannover kurfürstü, sonradan isə bu sülaləyə uyğun olaraq İngiltərənin kralı olmuş Georg Ludwig von Hannover ilə bərabər gəlmişdi.

Maraqlıdır ki, XVIII əsrdə xarici vətəndaşlara əsla yumşaq münasibəti ilə fərqlənməyən, kifayət qədər mürəkkəb dövrlər Britaniyasında (Händelin orada yaşadığı 1712-1759 illər dövrünü əslində monarxiyadan real parlamentarizmə keçid zamanı kimi qeyd etmək olar), ingiliscə pozuq danışan alman Händel, qeyri-rəsmi olaraq baş saray bəstəkarına çevrilir, bir qədər sonra isə o zamankı London operasına və bununla faktiki olaraq ümumən kültür həyatına nəzarət edir. Daha maraqlısı odur ki, o dövrlər üçün belə vacib məqamlara yetmiş “xarici” bəstəkar, faktiki İngiltərənin hazırkı zamanadək ifa edilən milli himninin (God Save the King/Queen) müəllifi olur.

200 il sonra, Hitler Almaniyası ilə “İngiltərə” uğrunda savaşda, amansız Luftwaffe bombardmanları altında qorxunc tərəf müqabili ilə üzbəüz qalmış Böyük Britaniyanın tarixinin ən dəhşətli zamanında ingilis radiosu, ordu və mülkü əhali arasında ruh yüksəkliyini saxlamaq üçün dayanmadan milli himni, yəni alman bəstəkarı tərəfindən yazılmış təranəni yayımlayırdı...

Xarakterikdir ki, öz dövrünün bəstəkarlığının bədii üslub yaradıcılarından biri olan sənətkarın yaradıcılığı müasir dövrdə də aktuallığını əsla itirmir, müasir incəsənət ilə refleksiyada olur. Bədii konsepsiyası və estetik təmayülünə tamamilə dünyəvi xarakter daşıyan “Il trionfo del Tempo e del Disinganno” (“Zaman və həqiqətin təntənəsi”) oratoriyası Händel tərəfindən 1707-cı ildə, bəstəkarın yaradıcılığının erkən dövründə yazılmışdır. Maraqlıdır ki, bəstəkarın ölümündən düz 250 il keçəndən sonra bu əsərdəki məşhur “Lascia ch'io pianga” (“İzn verin ağlayım”) ariyası müasir kinematoqrafda bir neçə dəfə xarakterik dəhşət atmosferini çatdırmaq üçün istifadə edilmişdir. Nədən müasir kinematoqraf öz zamanının bəstəkarlarına yox, 300 il əvvəl yazılmış musiqiyə müraciət edir? Görünür bunların səbəbini ümumiyyətlə incəsənətinin ən yeni tarixində axtarmaq gərəkdir. Belə ki, “ən vacib incəsənət növü” olan kinematoqraf daxilində baş verən proseslər, ayrıca götürülmüş fərdlərin - rejissorların yaradıcılığında deyil, bütöv “tarixi layları” əhatə edərək, özünü ümumi inikas etdirir.

İlk dəfə bu, Belçika rejissoru Gerard Corbiau tərəfindən lentə alınmış və Avropa incəsənət tarixi üçün çox ağrılı bir mövzu olar kastrat mövzusunda çəkilmiş "Farinelli" filmində olmuşdu. Kastrat tarixi Avropa musiqisini üz qarasıdır və bu məşum ənənə çox ağrılı bir mövzu kimi kinematoqrafda da özünün əksini tapmışdır. Filmin süjeti XVIII əsrdə yaşamış məşhur italyan kastratı Carlo Broschi, 10 yaşında ikən onun böyüyəcəyi təqdirdə səsini itirəcəyindən qorxan qardaşı Riccardo tərəfindən kastrasiya edilmiş bu faciəli insanın taleyi haqdadır. Maraqlıdır ki, bu filmdə Händelin də obrazı yaradılmış, bəstəkarın kifayət qədər sərt, hətta bəzən qaba xarakteri verilmiş, lakin filmin sonunda onun qardaşlara münasibətində haqlı, ədalətli olduğu meydana çıxır.

İkinci dəfə isə məşhur bu ariya dəhşətin sanki səssiz, lal fonu kimi, Danimarka rejissoru Lars von Trier və ümumiyyətlə Avropa kinematoqrafı üçün mərhələ xarakteri daşıyan, 2009-cu ilə çəkilmiş “Antichrist” filmində öz ifadəsini tapmışdı...

Doğrudan da həyatın həqiqi sənət insanına verdiyi sonsuz iztirablar qarşısında “incəsənətin böyük qurbanlar tələb etməsi” ifadəsi, sanki heç bir şeyi ifadə etməyən mənasız və saxta söz yığınından başqa heç bir şey deyildir.

P.S. Maraqlıdır ki, həyatının sonunda korluqdan əzab çəkən Bach (son əsəri, “Die Kunst der Fuge” - “Fuga sənəti”ni çarpayıda diqtə edərək yazırdı), uğursuz göz əməliyyatı nəticəsində 1750-ci ildə dünyasını dəyişir. Eyniliklə həmin dərdə düçar olmuş Händel də korluqdan xilas üçün məhz həmin cərrah tərəfindən əməliyyat edildikdən sonra 1759-cu ildə vəfat edir...

# 4589 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #