“Bəyin oğurlanması”ındakı Ələsgər: “Avaralar məni dolayır”

“Bəyin oğurlanması”ındakı Ələsgər: “Avaralar məni dolayır”
28 fevral 2014
# 09:00

Sevilən, tanınan aktyor tipi var: bir rolla, bir filmlə, hətta balaca bir epizodla şöhrət tapdımı, tamaşaçılar, rejissorlar, jurnalistlər və ən pisi aktyor özü o şöhrətli rolun ətəklərindən bərk-bərk yapışıb bu sevginin-məşhurluğun ömrünü bacardıqca uzadırlar. O aktyor da rejissorun nə verməsindən asılı olmayaraq, hər filmə, hər tamaşaya o sevilən obrazı-tipajı aparır. Bir də baxırsan ki, obrazı ondan ayırmaq mümkün deyil. Aktyor Əsgər Məmmədoğluda olduğu kimi. Hərçənd çoxunuz onu Ələsgər Məmmədoğlu kimi tanıyırsız. Obrazının adı ilə.

“Xəsis” rejissorun qıydığı balaca bir epizodla Əsgər Məmmədoğlu nəinki oynamadığı rolların, oynayacağı rolların da acığını çıxır - filmdə çox uzun yerləri olan aktyorlardan da çox məşhurlaşır, dediyi o bircə kəlmə dillərdə gəzir, camaat onu əziz adamı kimi sevir... Amma hərdən adama elə gəlir ki, o dediyi bir cümlə ilə özü ilə bağlı çox şeyi ifadə edir: “Nə var e, Ələsgər, Ələsgər...”

“Adam qorxur ki, küçədə qalar...”

Əsgər Məmmədoğlu ilə söhbətə təbii olaraq cari məsələlərdən başlayırıq. Dram Teatrının arxasında, sökülməsi nəzərdə tutulan “Sovetski” küçəsində yaşadığını bilirəm. Sualıma bədbin cavab verir:

- Görək də hələ… Bizə az pul verirlər. Evlər bahadı. Ömründə evlər manatla satılmayıb, həmişə dollarla satılıb, indi manatla sövdələşirlər. Həm də lap tutalım bunlar verilən pulu artıracaqlar, ordan da evin qiyməti bahalaşacaq. Buraları “Basin”lə bir tutmaq olmaz, böyük ərazidi, burada “Basin” kimi 50 yer var.

- Bu küçələr özünün dəyərləri, qayda qanunu olan yer kimi məşhurdur…

- Yox, o şeylər əvvəl var idi. İndi yerli-dibli dəyişib. Əvvəllər böyük-kiçik var idi. İndi hamı alacağı məbləğin davasını edir. Çətindi də zəmanə, camaatda nə təqsir? Adam qorxur ki, aldığı pula ev ala bilməz, küçədə qalar, ona görədi bu söz-söhbət. Burdan köçdü, hara getsin bu adam? Mənim uşaqlığım “Kubinka”da keçib. 1977-ci ildə oranı da sökmüşdülər, heç bir səs-küy olmadı, insanları çağırıb danışdılar. Kim hara istədi, ora da köçürtdülər. Bizi o vaxt Əhmədliyə köçürmüşdülər. 2001-ci ildə yenə də mərkəzə köçdük... Amma dediyim kimi uşaqlıq illəri “Kubinka”da keçib. Ora “Güllüdərə” də deyirdilər.

Atam ticarətçi idi. Biz çoxuşaqlı ailə olmuşuq-dörd bacı, iki qardaş. Zəhmətkeş olmuşam, 16 yaşımdan işləmişəm: alver də etmişəm, gəmidə də işləmişəm. Montin adına zavodda “tokar” kimi də çalışmışam 17 yaşımda Dram Teatrında tamaşaya baxmışdım, aktyorluq məni çəkdi. Lütfi Məmmədbəyovun Xalq Teatrına getdim. Sonra sənədlərimi instituta verdim, gündüz Musiqili Komediya Teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi işləyirdim. Kütləvi səhnələrdə də böyük həvəslə çəkilirdim. Bax belə...

“5 aktyorun imtina etdiyi rolu oynamışam”

Əsgər Məmmədoğlunun bir neçə məşhur rolunu xatırlatmaq istəyirəm: “Qərib cinlər diyarında” filmində Əsra, “Evləri köndələn yar”da şair, “Qatarda”da narsatan, “Yaşıl eynəkli adam”da milis işçisi... Bu obrazlar haqqında nə demək olar indi? Bunca il sonra? Zaman göstərdi ki, o narla (“Qatarda” tamaşası) şer kitabını (“Evləri köndələn yar”) eyni üz ifadəsi ilə təqdim etməkdə haqlı imiş.

- Çox filmdə, amma epizodik rollarda oynamısınız. Qəhrəman rollarına iddianız var?

- Yox, heç bir rola iddiam olmayıb. Nə veriblər ona qane olub, oynamışam. 1974-cü ildən bu sənətdəyəm. Televiziya tamaşalarında elə rollarım var ki, beş aktyora veriblər imtina edib, amma mən elə oynadığıma görə yadda qalıb. Bir də mənim öz rollarım var. “Hamlet”də qəbirqazanı oynayırdım, Hamleti Fuad Poladov oynayıb. Mənə Hamlet verəsi deyildilər ki...

- Heç rejissorlardan, dramaturqlardan incikliyiniz olmayıb?

- Yox, niyə inciyim ki?

- Uman yerdən küsərlər, deyirlər…

- Nə bilim…. Çox da balaca rollar deyil. Topal Teymur… Elə tamaşalarda. “Xəcalət”də rolum balacadı, amma çox yaxşıdır. Tikənin böyüyünü başqasına verirlər. Epizodda və ya ikinci dərəcələ rolda da oynamaq asan deyil. Rolu doldurmalısan. Kramarov da ikinci dərəcəli rollarda oynayıb.

- Məşhur olmağınızın mənfi tərəfləri nə olub?

- Mənim üçün nə müsbət olub, nə mənfi. Adi baxmışam. Nə xeyri olub, nə ziyanı. Heç o maşın siqnallarına mənim epizodumun səsini yerləşdiriblər, onu da eşitməmişəm. “Parni iz Baku”da çəkdilər, onda eşitdim. Telefonlara-zada yazıblar, bilirəm.

Tamaşaçı mənim hər rolumu yaxşı qarşılayıb. Mənim bütün televiziya-kino rollarım yadda qalıb. “Topal Teymur” da, “Qatarda” da. “Rəqiblər” isə ümumiyyətlə çox sevildi. Tamaşaçı həmişə məni sevib də, hörmət də edib. Küçədə gedəndə yaxınlaşıb söhbət etmək istəyirlər, şəkil çəkdirirlər. Əlbəttə, avara adamlar da olur, söz atırlar, guya “dolayırlar”. Bir tamaşamız var idi Soltan Məcid Qənizadənin “Xor-xor” əsəri. Orada oynayırdım-lap zəhləm tökülmüşdü, harda otururdum yanımda biri xoruldayırdı. Sonra da bu “Ələsgər”... Adam yorulur ee.... Bezir...

“Gözləmişəm, istədiyim rol gəlməyib”

- Vaqif Mustafayevin son filmində...

- Vaqif Mustafayev məni cəmi iki dəfə çəkib-biri “Bəyin oğurlanması”dır ki, çəkildim və təsadüfən yaxşı alındı. Balaca bir rol idi. Bir də “Musiqi ilə xaş” filmi vardı, diplom işi idi - ona çəkilmişəm. Hər halda çəkə bilərdi. 20-dən artıq film çəkib. O filmlərdə mənə uyğun rol çox idi.

- O zaman teatrdakı mühit və indi. Nə fərqlər var?

- O zaman teatrın reklamı var idi. Televiziya teatrı təbliğ edirdi. İndi heç afişanı böyük formatda vermirlər. Reklamla bağlıdır. Rafaellə Coşğun konsertlərini iki ay reklam edirlər, tamaşaçı da gəlir. Rus Dram Teatrı nə boyda afişalar vurur, özünün tamaşaçısı var. Bir də gərək yaxşı tamaşa qoyasan. O zaman yaxşı tamaşalar var idi-üç tamaşa idi, amma 15 il gedirdi.

Tamaşanın da, filmin də yaxşısı da olur, pisi də. Belə də olmalıdı –yaradıcılıqdı, hamısı yaxşı olmaz ki. Baxın, Amerika “Oskar” verir. Amma bizim bir qiymətləndirməmiz yoxdur. Düzdü, adlar verirlər. Elə camaat sağ olsun, sevir, hörmət edir. Yenə razıyam. Canım sağdır. Təqaüddəyəm, amma İsrafil müəllim sağ olsun, məni saxlayıb işdə.

- Teatrda neçə əsərdə oynayırsız?

- Təzə tamaşam yoxdu, elə köhnələrdi-“Xəcalət”də, “Oliqarx”da, “Qaraca qız” və “Xanuma”da oynayıram.

- Yeni tamaşalarda oynamaq istəyirsiniz?

- Böyük həvəslə gəlib oynayaram. Məni ən çox acığıma gələn odur ki, komediya hazırlayırlar, məni çağırmırlar. Niyə mən orada olmayım? Dramatik əsəri də o artistə verirlər, komediyanı da. Kinoda serialda, televiziyada, aktyorun rolu gəldi, gərək verəsən. Aran yaxşı oldu, olmadı. Qocalar evindən film çəkirlər (Fikrət Əliyevin istehsalatda olan “Kapitanın xəzinəsi” filmini nəzərdə tutur-A.), niyə məni çağırmırlar? Elə teatrda da... Gözləyirsən, heç nə də yoxdur... İstəyirəm Şaban kimi, Çelentano kimi komediyalarda oynayam. Mənim üçün də film ssenariləri yazılsın, çəkilim. Olmayıb. Gözləmişəm, istədiyim rol gəlməyib...

Pərdə

- Bu harda gedəcək?

- Saytda.

- Televiziyada?

- Yox, internet saytında. İndi çox adam yazını saytdan oxuyur.

- Məndən o gün də gəlib intervyu alıblar. Qəzet kimi bir şeydi, hə?

- Təxminən.

- Hər nə. Sağ olun ki, yada salırsınız...

# 8865 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #