Hazır cavablardan qaçan yazıçı - Con Faulzun sirri nədədir?

Hazır cavablardan qaçan yazıçı - Con Faulzun sirri nədədir?
5 noyabr 2025
# 18:40

Bu gün ingilis yazıçı Con Faulzun adım günüdür.

Kulis.az bu münasibətlə müəllif haqqında yazını təqdim edir.

Con Faulzun 1965-ci ildə yazdığı “Maq” romanı sadəcə ədəbi əsər yox, insan zehnində qurulmuş psixoloji tələdir. Oxucu kitabı vərəqlədikcə təkcə qəhrəman Nikolas Urfun deyil, özünün də oyunun içində olduğunu hiss edir. Gerçəklik daima dəyişir, sürüşür, bir anlıq əmin olduğun fikir növbəti səhifədə dağılır. Romanın sirri elə burdadır, oxucunu düşünməyə, şübhəyə, bəzən də özündən qorxmağa məcbur edir.

Niyə “Maq”ı oxumağa dəyər?

“Maq” həm sehrləyir, həm də narahat edir. Çünki hər sətrində insan zehninin nə qədər kövrək, asan yönləndirilə bilən quruluşa sahib olduğunu göstərir. Oxuyarkən anlayırsan ki, insan ən çox öz düşüncələri tərəfindən aldadılır. Münasibətlərdə, işdə, gündəlik həyatda yaşadığımız psixoloji manipulyasiyalar bu romanda sanki laboratoriya şəklində göstərilir.

Nikolas Urf həyatdan yorulmuş, mənasızlıq içində boğulan gənc bir ingilis müəllimdir. O, Londondakı cansıxıcı həyatından qaçaraq Yunanıstanın Fraxos adasına gedir və orada Mauris Konçis adlı sirli, varlı bir adamla tanış olur.

Konçisin malikanəsində qəribə hadisələr bir-birini təqib edir: maskalı adamlar, uydurma hekayələr, saxta ölümlər, sevgi oyunları... Bu, adi bir roman deyil. Faulz “gerçək”lə “oyun” arasındakı sərhədi elə bulanıqlaşdırır ki, oxucuda sual yaranır: “Əslində, nə baş verir?

Amma əsl sual bu olmalıdır: “Nikolas kimdir və kimə çevrilir?

Romanın ən diqqətçəkən tərəfi "gaslighting" fenomeninin ədəbi dillə göstərilməsidir. "Gaslighting" bir nəfərin gerçəklik hissini pozmaq, onu öz düşüncələrinə şübhə etməyə məcbur etmək deməkdir. Mauris Konçis bunu sənətə proyeksiya edir.

O, Nikolasın beyninə müxtəlif reallıqlar yerləşdirir, onun sabit güvən nöqtələrini dağıdır, emosional asılılıq yaradır və qəfil bu bağı qırır. Nəticədə, Nikolas özünü tamamilə itirir, nə gerçəyə, nə hisslərinə, nə də gördüklərinə inana bilir.

Bu səhnələr bizə tanış gəlir. Çünki biz də eyni şeyi bəzən yaşayırıq; münasibətlərdə, sosial mediada, iş yerlərində. Faulzun romanı adada baş versə də, əslində, hamımızın beynində davam edir.

Nikolasın səyahəti qaçış kimi başlayır, amma daxili dünyasının dərinliklərinə enməklə sona çatır. Psixoloq Viktor Franklın dediyi kimi, “İnsanı yaşadan məna axtarışıdır”. Faulz da eyni fikri roman dili ilə təkrarlayır: "İnsan yalnız öz maskaları dağılanda həqiqi “mən”i ilə qarşılaşır".

Konçis qəddar görünsə də, onun məqsədi yalanlarla dolu həyat yaşayan gənci silkələməkdir. Elə buna görə Nikolas dəyişir və bu dəyişiklikdən sonra geriyə yolu qalmır.

Konçisin etdikləri bəzən psixoloji işgəncə kimi görünür. Amma Faulz oxucuya çevrilir və deyir: “Bəs sən? Sən gerçəkliklə bu cür oynaya bilərdinmi?

Romanın təsiri də burdadır. Heç bir hazır cavab yoxdur. Oxucu həm Nikolas, həm Konçis, həm də onların arasında qalan müşahidəçidir.

Oxucu da oyunun içindədir. Faulz oxucunu sakitcə oyuna salır. Hər səhifədə, hər dialoqda sanki sən də testdən keçirsən. Kimə inana bilərsən? Nəyə inanmaq istəyirsən? Romanı oxuyarkən bəzən özün də şübhə duyursan.

Faulz göstərir ki, biz çox vaxt öz yaratdığımız illüziyalarda yaşayırıq. Gerçəkliyə ən böyük zərbəni bəzən başqası yox, öz beynimiz vurur.

“Maq” 1965-ci ildə yazılıb, amma 2025-ci ildə də oxucuya eyni sualları verir: "Gerçək nədir? Kimliyimizi kim yaradır? Azadıq, yoxsa manipulyasiyanın içindəyik?"

Bu gün “deepfake” videolar, saxta xəbərlər, sosial mediada qurulan kimliklər - hamısı Faulzun 60 il əvvəl yazdığı sualların müasir formasıdır.

Əsl sehrbaz kimdir?

Romanın sonunda anlayırıq ki, əsl sehrbaz Mauris Konçis deyil, əsl sehrbaz insan zehnidir. Çünki gerçəyi yaradan da, ona inanan da, onun altında əzilən də bizik. Bəzən ən qəddar manipulyasiyanı bizə başqası yox, öz beynimiz edir. Özümüzə söylədiyimiz yalanlarla, gizlətdiyimiz həqiqətlərlə.

“Maq” bu yalanları sakitcə sındırır.

Oxuyanda narahat olursan, bəzən qəzəblənirsən, amma kitabı bağlayanda artıq eyni adam olmadığını başa düşürsən. Təkcə bu keyfiyyətinə görə "Maq" romanı dünya ədəbiyyatının klassiklərindən biri hesab olunur.

# 394 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə televiziya binasına silahlı basqın olub

Türkiyədə televiziya binasına silahlı basqın olub

13:50 10 noyabr 2025
Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi... - Norman Meylerdən sitatlar

Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi... - Norman Meylerdən sitatlar

13:40 10 noyabr 2025
Dünya ədəbiyyatı korifeylərinin əsərlərini  dilimizə tərcümə edən şair

Dünya ədəbiyyatı korifeylərinin əsərlərini dilimizə tərcümə edən şair

13:19 10 noyabr 2025
Bursa vilayətində “Azərbaycan günləri”

Bursa vilayətində “Azərbaycan günləri”

13:00 10 noyabr 2025
750 illik sirr açıldı

750 illik sirr açıldı

13:00 10 noyabr 2025
Yəqin təzə günah hissi baş qaldırıbdı onda... - Günün şeiri

Yəqin təzə günah hissi baş qaldırıbdı onda... - Günün şeiri

12:30 10 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər