Adəm kişi olsaydı... – ALİYƏ YAZIR

<b>Adəm kişi olsaydı... – <span style="color:red;">ALİYƏ YAZIR </b>
14 iyun 2018
# 09:00

Kulis.az Aliyənin “Kimdir müqəssir?” tamaşasına yazdığı resenziyanı təqdim edir.

Azərbaycan dramaturgiyasının ən diri pyeslərindəndir. Burada diri aktual deməkdir. Amma həm də “Kimdir müqəssir?” səhnə üçün çoxqatlı əsərdir.

Pyes bir kəndli ailəsindən bəhs edir. Ər-arvaddırlar – Mahmud və Bahar. Kişinin deyinməyi, qadının geyinməyi. Kişi dünyada rahatlıq axtarır, qadın kişidə. Deyinməklər bir mübahisə yaradır. Mahmud “Qadın – Həvva nəfsinə hakim olsa, cənnətdən qovulmazdıq”, Baharsa, “Adəm - Kişi kişi olsa qovulmazdıq”- deyir.

Qeybdən bir varlı ağa gəlib cənnətdən qovulma əhvalatının mini modelini təklif edir. Yerdə bir cənnət göstərir və deyir: “Bircə o qaba toxunmayın, bu cənnət sizin olsun”. Əlbəttə ki, qaba toxunurlar, o “dövlət” quşu “pırr”edib uçur gedir. Cənnətdən qovulma təkrarlanır.

Bəlkə də Cənnətdən qovulma dünyanın əvvəli yox, sonu haqqında əhvalatdır. Və dini kitablarda yer alan bu əhvalat insanlara dünyanın sonu haqda xəbər verir. İnsan bitib-tükənməyən arzuları ilə, alma misallı, cənnət kimi dünyanı xaraba qoyacaq. Hətta xaraba qoymağa başlayıb: istehlak cəmiyyəti günü-gündən artır, insan öz arzularının zibilliyindən çıxa bilmir. Hətta bu günlərdə kosmik zibillər haqda məlumat oxudum. Kosmosu müxtəlif kosmik qurğulardan, kosmik stansiyalardan, peyklərdən qopub fəzada gicəllənən dəmir qırıntılarından təmizləmək üçün tor və qarpun düzəldilib.

İstehlak cəmiyyəti inkişaf edir, amma buna istehlak tanrıçası kimi təqdim olunan qadın deyil, həm də onu görə bilməyən kişi təkan verir. Əlbəttə, qadın daha çox istehlak edir, həm də ilbəil seksual baxımdan laqeydləşən kişi üçün edir. Haqverdiyevin pyesində də qadın hər vəchlə kişinin diqqətini özünə çəkmək istəyir, kişisə deyinir, söhbətdən yayınır.

Yalnız istehlak deyil, bilmək, öyrənmək ehtirası dünyanı insanın gözündə kiçildib, bir toz yumrusuna çevirib. Elm, texnologiya durmadan inkişaf edir. Və bu inkişafla planetin məhvi təhlükəsi də artır. Bu cənnət alması – Yer bir gün ayağımızın altından qaçacaq.

İnsana yaşamaq üçün nə lazımdır? Adını unutduğum bir filosof demişdi: bütün dünya.

İnsana bütün dünya bəs eləmir.

İnsan ona lazım olanları qiymətləndirməkdə naşıdır. Hətta minimalizm özü də dəb kimi, üslub kimi var. Yeni arzular istehsal edən beynin qarşısına keçmək mümkünsüz kimi görünür.

Kimdir müqəssir? Nə fərq edər? O məşhur bayatıda deyildiyi kimi: “Qoy mən olum almadərən” Kimin müqəssir olması nəyi dəyişir?

Mədəniləşdikcə, sivilləşdikcə tənbəlləşən insan – odunçu Mahmud olsun lap, ya da İT mütəxəssisi Elmin – xoşbəxtlik, cənnət həsrətindədir. Hələ ki, bu kainatda Yerdən başqa cənnətə rast gəlməsə də, özü bu yer deyilən mavi gözəlliyin üstündə yaşasa da bu həsrət bitib tükənmir. Ona görə yox ki, o bir zamanlar xoşbəxt olduğu cənnətdən qovulub. Ona görə ki, müqəssir axtarır.

Bunları Bakı Uşaq Teatrının “Kimdir müqəssir?” tamaşasına baxa-baxa düşünürəm. Baxmayaraq ki, tamaşa bu yozumlara ip ucu vermir, vurğulamır. Sadəcə tamaşa müəllifləri pyesin səhnə ekvivalentini təqdim etməyə çalışır. Qadın hökmranlığı, kişi qorxaqlığı və ya “komandir”, “Arvadağa” kimi köhnəlmiş məişət zarafatları tonallığında konflikt qurulur.

Üstəlik, bu tonallıq üçün seçilən aktrisa (Məlahət Əhmədova) və aktyor (Niyaz İlyasoğlu) əhvalatı bədii kontekstə daşıya bilmir, yorulurlar. Aktyorlar yorulursa tamaşaçı da yorulacaq. Çünki, aktyorun toxunacağı məqam-nöqtələr qeyd olunmayıb, ya da düzgün qeyd olunmayıb. Xüsusən sözsüz, mətnin olmadığı mizan səhnələr tamaşanı uzatmaqdan başqa heç nəyə xidmət etmir. Bunlarda biz nə qəhrəmanın vəziyyətini, hansısa ekzistensial konfliktini, dilemma tərəddüdlərini görmürük.

Görünəni, rejissor insan nəfsinin idarəolunmazlığını əsas ideyaya çevirmək istəyir. Hətta tamaşanın iki final versiyasını göstərir: bunlardan birində ər-arvad cənnət vəd edən ağanı boğub öldürürlər.

"Tanrı ölüb" ideyasına gəlmiş insan kimi.

Bu epizod cənnətdən qovulma rəvayətinin mini modeli olan Mahmud-Bahar əhvalatında tanrının ölümü kimi eyhamlaşmır. Olsa-olsa biri cinayət xəbəridir. Bəlkə də rejissor Elşən Zeynallı başqa cür düşünüb: ağanın ölümü heç də acgözlükdən baş verən cinayət deyil, özünü görüb qəbullanmayan insanın üsyanıdır. Amma əfsus ki, fikir səhnədə həllini tapmır.

İkinci versiya pyesin özündə olandır. Şərtə əməl etməyən Bahar və Mahmud “cənnət"dən - ağanın hər naz nemət olan evindən qovulur. Tamaşa başladığı yerdə bitir. tanrının hüzurunda kimin müqəssir olması haqda dinləmə təsvir olunur. Baharın əlində dəhrə, Mahmudun əlində balta var. Hərçənd bunun özü - tamaşanın başladığı yerdə bitməsi, Həvva və Adəmin cənnətdən qovulma əhvalatına yeni bir yozum qazandırmış olardı (əvvəldə də, axırda da insan cənnətdən qovulur). Əgər doğrudan da formativ yox, bədii həll olsaydı...

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #