Sənubər İsgəndərli orijinallıq elədi - FOTO

Sənubər İsgəndərli orijinallıq elədi - <span style="color:red;">FOTO
17 aprel 2015
# 15:43

Kulis aprelin 15-də Akademik Milli Dram Teatrında təqdimatı keçirilən “21.15 qatarı” tamaşası haqqında qələm əhlinin rəyini təqdim edir. Qeyd edək ki, tamaşanın rejissoru Bəhram Osmanov, pyesin müəllifi türk yazıçısı Toqun Orbaydır (Tərcüməçi: Dilsuz).

Ramilə Qurbanlı:

“Yaxşı tamaşadır, heç olmasa, ona görə ki, “Azdrama”nın ampluasından kənara çıxıb. Tamaşanın əvvəli bir az darıxdırıcıdır, amma az keçməmiş tamaşanın ruhuna daxil ola bilən tamaşaçının darıxması keçir, əksinə ahəngə qoşulub axır. Klassik fəlsəfədir, ona görə də çox mütaliəli insanlara bəsit görünə bilər, çox teatr görən - əsl teatr tamaşaçısı üçünsə mətləblər açır bu tamaşa. Bol mesajlar var, o qədər ki, adam hamısını yığıb birdən qavramağa çatdırmır. Ona görə də, 15 yaşlı qızımın dili ilə deyim: "Bəhram Osmanovun iki tamaşasına baxmışam, ikisində də tamaşadan sonra düşünüb anlamışam onu". “Bax, əsl sənət elə odur, qızım, - dedim - İnsan tamaşadan, kinodan çıxandan sonra da o barədə düşünürsə, deməli o sənət işi alınıb”.

Bir az daha dinamika qatmaq olar. Məncə, gedişatda həzin musiqinin yeri görünür, sondakı musiqi həm də onu tamamlamış olardı.

Aktyorların oyununa söz yox, üç sənətkarın ifası xoşuma gəldi, elə bil öz dövrlərini oynayırdılar: Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Sənubər İsgəndərli. Hər üçü barədə nə vaxtsa “Hayıf onlardan” deyiləcək sənətkarlardır.

Doğrudan da hər birimiz vağzalda öz qatarımızı, yalnız bir dəfə gəlib bizi yüksüz götürəcək qatarımızı gözləyirik”.

Azad Yaşar:

“Tamaşadan sonra müəllif haqqında internetdə axtarış etdim, amma heç nə tapmadım. Axtarırdım ki, görəsən başqa nə yazıb? Əsər sanki “Qodonun intizarında” pyesinin bir başqa variantıdır. Demək olar ki, pyesdə hərəkət yoxdur, qapalı bir məkanda absurd situasiyalar... Heç vaxt gəlməyən qatar və qatarın gəlişini gözləyən qadın (Sənubər İsgəndərli) və kişi (Nürəddin Mehdixanlı). Bir də vağzalın müdiri (Hacı İsmayılov). Hərəkətsizlik adama bir az yorucu gəlir. Qəhrəmanların yürütdüyü fəlsəfi fikirlər hamısı məlum məsələlər idi, yeni bir şey yox idi. Məni içdən silkələyən, tamam gözləmədiyim bir şey yox idi. Aktyor oyununa gəlincə, istər Sənubər İsgəndərli, istər Nurəddin Mehdixanlı, istərsə də Hacı İsmayılov əvvəlki amplualarında idilər. Adam hiss etmirdi ki, bu yeni tamaşadır. Qətiyyən dəyişməmişdilər. Mizanlarda yenilik hiss olunurdu. Amma qıcıqlandıran məqamlar da var idi: Sənubər İsgəndərli orijinal görünmək üçün fənəri tamaşaçıların gözünə tuturdu. Bu, xoşagələn idi. Və yaxud iştirakçıların zala düşməsi – bunlar işlənmiş şeylərdir.

Bir də musiqilər kilsə musiqiləri idi. Bu, mənim heç xoşuma gəlmədi. Onun yerinə təsəvvüf musiqisindən istifadə etmək olardı. Məncə təsəvvüf musiqisi dünyanın gedişatını xristian musiqisindən heç də pis təsvir etmir”.

Həmidə Nizamqızı:

“21.15 qatarı” dramaturji cəhətdən zəif idi. Sadəcə ideyası var idi. Amma bir tamaşaya görə də fəlsəfəsi həddən çox idi. Bir aktyorun üzərində qurulmuşdu. Bir aktyorun üstündən dalbadal böyük mesajlar verilirdi. Bu, istər-istəməz pafos yaradırdı.

Səhnələr müəllim şagird söhbətinə bənzəyirdi. Nurəddin Mehdixanlının qəhrəmanı həyat görmüş müdrik idi sanki, Sənubər İsgəndərli, şıltaq və sadəlövh qadını oynayırdı.

Tərcümə Dilsuzun idi. Orijinalda məncə söz o qədər yüklü deyil, amma tərcümədə mətn çox ağırdı, hətta aktyorların bir neçə yerdə dilləri dolaşdı. Türkiyə türkcəsində dil çox yüngüldür, amma tamaşanın dili ağırdır. Tərcüməçi mürəkkəb cümlələr qurmuşdu. Azərbaycanın müasir dramaturgiyası bu türk müəllifi ilə müqayisədə daha sanballıdır. O türk müəllifdənsə, bizim yerli müəlliflərin əsəri səhnələşdirilsəydi, daha uğurlu olardı məncə.

Bu müəllif peşəkarca dramaturgiya ilə məşğul deyil, əsərləri də kiçik teatrlarda tamaşaya qoyulub. Məncə, akademik teatra belə əsər gəlməməlidir. Yəni, məhsul akademik teatr səviyyəsində deyildi. Ona görə də rejissor da, aktyorlar da əziyyət çəkirdi. Amma ümumi götürəndə, maraqlı, baxımlı tamaşa idi. Cəsarətli ideyalar var idi.”

# 1377 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #