Dəfn sükutu ilə bitən tamaşadan RESENZİYA

Dəfn sükutu ilə bitən tamaşadan <span style="color:red;">RESENZİYA
10 iyun 2017
# 15:00

Kulis.az Aliyənin “Bir, iki... Bizimki...” yazısını təqdim edir.

“Bir iki, bizimki...” Gizlənqaç oyununda uşaqların söylədiyi sadalamalardandır. Kamal Abdulla pyesin dramaturgiyasını bu sadalamanın üzərində qurub. Məktəb həyatında özü də bilmədən sevdiyi qızın-qadının xəyalı ahıl kişiyə baş çəkir, onu bu dünyadan alıb öz yanına uşaq vaxtı gizlənqaç oynayarkən gizləndikləri qaranlıqlara çəkib aparmaq istəyir.

Kişi tərəddüd edir, amma onu o qaranlıqlara çəkən qadınsa xəyal olduğu qədər gerçək olduğunu bilir...

Yuğ teatrının “Səsimi unutma” tamaşasında Kişi aktyor Məmməd Səfadır, Qadın aktrisa Gülzar Qurbanova. Rejissor kukla teatrının kiçik zalında düzəldilən səhnəsini üç tərəfdən məktəb lövhəsilə əhatə edib. Bir tərəfsə tamaşaçlardır. Anlaşılan, Məmməd Səfanın qəhrəmanının bu xəyaldan qaçmağa yeri yoxdur.

Tamaşaçıları əhvalata kökləməkdənsə darıxdıran ekspozisiyada da, az sonra da aktyorlar əliyalındır. Əlbəttə, xəyalları ilə, yaşadıqları ilə, sevgisi ilə təkbətək qalan adamın əlində rekvizit olmasını gözləmirik, əliyalın dedikdə aktyorların əhvalatda, bədii məkanda sərbəst hərəkəti üçün, rahatlığı üçün bir kömək, bədii vasitələr, metaforalar nəzərdə tutulur. Çünki, aktyor narahatdırsa, tamaşaçı ikiqat narahat olacaq. Səhnənin ortasındakı dekorlar bu mənada aktyora köməkdənsə maneçilik yaradır. Məmməd Səfa və Gülzar Qurbanova Kişi və qadın münasibətlərində əbədi çəkişməni oynamalılar. Gülzar Qurbanovanın Qadınısa xarakterdən çox situasiyanı oynayır, Kişini xəyal kimi çəkməli Qadın məişət hikkəsi göstərir. Qəsdən düşünülübsə, onda musiqilər bu dinamikanı ötürmür, ümumi yozumda bu açar qoyulmur, yox qəsdən düşünülməyibsə, bu oyun müstəvini dəyişməklə tamaşaçını çaşdırır.

Məktəb xatirələri-Amid Qasımov və Ləman Novruzovanın səhnələri fraqmentallıq ötürür. Bu mizanların uğurudur. Əlbəttə, çevik, diri aktyor oyununun həm də.

Kişi xəyalın gedər-gəlməz olduğunu bilir, tərəddüdləri də bu üzdəndir. Lakin aktyor mətnindəki bəzi hissələr onun tərəddüdlərini göstərməkdənsə, tamaşaçını dolaşdırır; “uzununa yox, eninə getməli yolu”, “əvvəli və sonu varsa, bu yolun özü hanı” və s. kimi ifadələr duyğuya köklənən tamaşaçını fikir yoxuşlarına salır, vur-tut bir dekorun da artıqlıq etdiyi dar səhnədə (Kukla teatrının kiçik zalı tamaşaçıya hər hansı dərinlik hissi ötürə bilmir) ən mükəmməl mizanlarla olsa belə onsuz da təntiyən aktyor-tamaşaçını daha da təntidir. Sözlərdən ki, imtina etmək olar?!

Olmur yəqin. Bir, iki bizimki!

Hər şey bir-biri ilə səsləşir. Tanıyır da demək olar. O mənada ki, bu yazı özü də resenziyadan çox, tamaşa üzərinə düşüncələrdir. Əgər tənqid yazırıqsa özümüzü də unutmamalıyıq. Resenziya aktyor oyununu, detalları, işığı, dramaturgiyanı o üz bu üz çevirib qənaətlər təqdim etməlidir. Amma hanı? Mövzudan giriş edib, bir-iki fikir, bir iki xatırlatma, bir az süjet, vəssalam! Burada özgəsi yoxdur, özümüzük; Üç-dörd qapını ört!

Axı bu mətbuat üçündür, spesifik nəşr deyil, mənim dünən baxdığıma vur-tut 60 adam baxar, ya baxmaz. Odur ki, peşəkar resenziya sözünü bu başdan unudun. Spesifik nəşr olanda o da olacaq. O olanda isə hər şey başqa cür olacaq. Bizəsə hələ ki, bir xəyal bəsdir.

...Həm də təsirləndiyim tamaşadan kənara çıxmağa qıymıram.

Tamaşasa deyir: “Səsimi unutma!”

Bu ad tamaşanın finalına aksent edir: “Səsimdən yapış” deyə-deyə qadın kişini öz qaranlığına çəkir. Burada artıq fəlsəfə axtarmağın yeri var- qadın-bətn-qəbir-torpaq... İstəməz. İstəyən düşünsün, istəməyənin yadına salmayaq. Çünki, yeri olsa belə bunlar yuğçuların da çox sevdiyi Ramiz Rövşəndən bəri dəfələrlə işlənmiş yozumlardır. Gəlin, bunu elə burada unudaq: Beş, altı daşaltı!

Bir bölümlü yuğlama kişinin ölümü ilə başa çatır. Yəni axırda anlayırıq ki, bütün bu göstərilənlər Kişinin yuğlamasıdır. Amma finalda qədim yuğlamalarda olduğu kimi yeni həyat yüngüllüyü yox, bir yas ab-havası yaranır. Dramaturq səssizcə çiçəkləri pərt aktyorlara verir, başsağlığı verərcəsinə pıçıltıyla nələrsə deyir, dəfn sükutu kimi bir ağır sükutla zaldan çıxırıq...

Teatrın bir missiyası da bu günün gerçəkliklə çabalayan insanına özünə zaman kəsməyə imkanlar yaratmasıdır. Gəlib baxdın, özün haqda, yaşadıqların haqda düşündünsə, üstünə öz xəyalların töküldüsə, duyğulandınsa, hesab et ki, udmusan. Gərçi, sən də tamaşaçıdan çox istehlakçısan, uduzmaq yox, udmaq istəyirsən...

# 1184 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #