Tanınmış aktyor: “Fəhləlik edirdim”

Tanınmış aktyor: “Fəhləlik edirdim”
6 fevral 2015
# 10:30

Kulis.Az aktyor Hacıbaba Məmmədov ilə müsahibəni təqdim edir.

Hacıbaba Məmmədov indi Akademik Mili Dram Teatrının baş inzibatçısıdır. Ara-sıra tamaşalar da hazırlayır. Amma aktyor Hacıbaba Məmmədov 90-ların aktyor nəsli, ümumiyyətlə teatr adamları üçün az qala, mifdir. Müstəqil Azərbaycana ilk dəfə Qran PRİ-ni alıb gətirən aktyor. İlk yalnız bu deyil, Azərbaycanda ilk peşəkar pantomima tamaşası (S.Bekket “Ümid”, rejissor B.Xanızadə, aktyor H.Məmmədov, 1992-ci il) da onun adı ilə bağlıdır.

Çarıq

Adını çox eşitsəm də bu vaxtadək Hacıbaba Məmmədovu nə səhnədə, nə həyatda görməmişdim. Onun adı təxəyyülümdə bir cüt çarıq rəsmilə assosiasiya olunurdu: Yuğ teatrında, baş rejissor otağında, qapının üstündən asılmış, “Ümid” adlanan həmin o ilk pantomima tamaşasına rəssam Rəşid Şerifin çəkdiyi bir eskiz var. Lap ön planda isə bir cüt çarıq rəsmi. Əlbəttə ki, bu assosiativ əlaqə Hacıbabanın oynadığı “Ümid” tamaşasına görədir. Amma həm də və sanki bu, adını eşidib üzünü görmədiyimiz, teatrda parlayıb sonra harasa gedən aktyor Hacıbabanın çarıqları idi. Soyunub gedib.

Müsahibə üçün ilk suallarım da hara və niyə getdiyi idi. Amma bu, idarəolunan, kanonik söhbət olmadı. Təhkiyəvarı, fraqmental cavablar. Beləliklə, danışır aktyor Hacıbaba Məmmədov:

Hacı

“...Yeddi il kəcavəyə minmişəm. Culfada Sovet İttifaqı hakimiyyətinin ən qızğın vaxtları idi. Məhərrəmlikdə aşura mərasimləri və şəbihlər keçirirdilər. Ağ kəcavəyə minirdik, ağ geyinirdik, başımızı da çərtirdilər; axı imamın uşaqlarını oynayırdıq... “Nəsimi” filmini bizim kənddə çəkiblər. Uşaq idim. Kütləvi səhnələrdə camaat qaçanda biz də qaçırdıq-ölən və ya yaralananları oynayırdıq.

...Dinə çox bağlıyam. Din siyasət üçün yox, mənəviyyat üçündür.

Adım Hacıbabadı deyə, hamı mənə Hacı deyir. Amma içimdə həqiqətən belə arzu var, kaş ki, mən o müqəddəs yerə düşə biləm, o fırlanan milyonların arasında mən də olam...

İndi, 50 yaşımda məni nə iləsə təəccübləndirmək olmaz. Amma bu yaxınlarda balaca bir pritça oxudum. Ana bətnində iki körpənin söhbəti idi. Biri o birinə deyir ki, o biri dünya var, orada ana var, işıq var, yemək var... O biri deyir, ola bilməz. Onlar ana bətnində danışırlar. Oxuduqca birdən mənə elə gəldi ki, biz də o biri dünyadan danışan o körpələr kimiyik. Bəlkə biz də indi dünyanın bətnindəyik...

Deyirlər, dünyanı gözəllik xilas edəcək, amma məncə dünyanı sevgi xilas edəcək. İnsan kimi səni sevirəmsə, səni dəyişdirə də, bağışlaya da bilərəm. Biz o sevgini kobud şəkildə itiririk. Kişiyə, qadına, ataya, anaya, doğmalara, uşağa, şəhərə, işə... Bir sözlə, Allahın bizə verdiyi ən gözəl neməti itirə-itirə gedirik...

Qran Pri və Qida Pulu

1996-cı ildə Ufada keçirilən TUGANLIK Turkdilli Xalqların ikinci Beynəlxalq Teatr Festivalından Qran Pri ilə qayıtdıq. Bəxtiyar Xanızadənin hazırladığı “Ümid” tamaşası ilə getmişdik. Azərbaycana qayıdanda ev sahibi mənə dedi ki, bu ayın pulunu verməmisən, bu gün də verə bilməsən, əşyalarını yığ, xoş gəldin... Mən o günü bütün gecəni gedib sahildə gəzdim. Düz bir gün qabaq məni Rusiyanın ORT, RTR kanalları göstərirdi – 32 yaşımda Qran Pri almışdım. Amma məcburiyyət başqa şeydir. Deyirlər, sənətkar ac olmalıdı. Kim deyir bunu? Sənətkar niyə ac olmalıdır?

Bu vaxta qədər rollar oynadım, festivallarda iştirak elədim, yerlər tutdum. Yuğda 10 il, Pantomim teatrında 3 il işlədim. Sonra Teatrdan tamam bezib getdim.

Gerçəklik başqa şeydir. Biz onda festivala getmişdik, günümüzə 600 dollar pul xərclənirdi. Bura qayıdanda gördüm, mənə 15 gün üçün 64 manat pul yazılıb. Uşaq təzə doğulmuşdu, 80 manat təkcə onun qidasının pulu edirdi. Mən necə deyə bilərdim ki, sənətlə məşğul oluram? Körpənin gözünə baxmaq olmur… Gördüm ki, bununla yaşamaq mümkün deyil…

Yanğı

...Sevgi bizim həyatımızda iz buraxır. Düzdür? Bax, sənət o sevginin o biri üzüdür. Biz həmişə sevirik və çatmırıq e onda nakamlıq yaranır, bax sənət elə o nakamlıqdır. O nakamlıq həmişə aktyorun içində olur. Bütün aktyorlar nakamdır.

Hər halda çox istəyərəm ki oynayım...

…Teatrdan getdiyim vaxta görə ömrümün 10 ilini itmiş hesab edirəm. Çünki mən oynaya biləcəyim rolları oynaya bilmədim. Heç teatrda olanlar da oynaya bilmədi. Elə bil teatr bir nəsli itirdi. Köhnələr getdi, təzələr isə hələ formalaşmayıblar. Konkret özümə gələndə, 8 il teatrın içində olmadım. Mebel sexində işlədim, “Qanun” nəşriyyatında, Cap Evi mətbəəsində fəhləlikdən mətbəə müdirinə qədər işlədim. O dönəm mənə daha çox oxumaq şansı verdi. Hələlik tamaşalar hazırlayıram, Uşaq teatrının kollektivi ilə tamaşalarım var. Bilirsiniz, mən Akademik teatra inzibatçı vəzifəsinə gəlməzdən əvvəl Uşaq teatrında işləyirdim. Bir il olmaz, bu teatra dəvət etdilər işləməyə. Akademik teatr mərkəzi teatrdır. Qaldı yaradıcılığa, düşünürəm onun da vaxtı var yəqin. Amma çox güclü oynamaq azartım var.

Bir arada bəxtim açılmışdı. Mətbəədə işləyirdim, kinostudiyanın işçiləri Anar Almazov gəldi. Dəvət elədi filmlərə.

Dalbadal 6-7 seriala çəkildim. Hamısında da mənfi rola çəkdilər. Hamı deyirdi ki, sənin axı elə naturan yoxdu, niyə mənfi rollar oynayırsan? Nə bilim, rejissorlar məni elə görür də yəqin...Doğrudan gərək bir soruşam...

...Saçlarım tez tökülüb. Bir dəfə teatrda oturmuşdum fikirli-fikirli. Həsən Turabov gördü. Dedi: “Ayə nəyin fikrin eləyirsən? Saçın tökülür, onun dərdin çəkirsən? Saç-zad boş şeydir e, gərək aktyorun içi dolu olsun. Mənə bax...”

35-50 yaş aktyorun ən yaxşı vaxtıdır. Çox rollar oynaya bilərdim, amma təəssüf ki, olmadı getdi. Karyerada çox tez qalxdığımı deyirdilər, amma görünür tez qalxmağın tez enməyi də var imiş.

Tarkovskidən “Niyə sənin aktyorlarının hamısı bir-birinə oxşayır?” soruşanda o cavab verir ki, bəs niyə bütün içki düşkünləri bir-birinə oxşayırlar, çünki onların hamısını bir yanğı birləşdirir. Aktyoru da rejissor yetişdirir. Məsələn, Tofiq Kazımov gəldi və bir nəsil aktyor yetişdirdi. Bəyənsək də bəyənməsək də Vaqif İbrahimoğlu gəldi və öz arxasınca bir böyük aktyor heyəti qoydu. Mən fəxr edirəm ki, Vaqifin tələbəsi olmuşam, onun yetişdirdiyi, onu anlayan 5-10 aktyordan biriyəm...

90-ların teatrı…

1989-cu ilin noyabr ayından 2000-ci ilədək Yuğ teatrının gündəliyini aparmışam. 1996-cı ildə Vaqif İbrahimoğlunun düşündüyü teatr modeli Avropada 2004-cü ildə peyda oldu. Mən onda deyirdim ki, Vaqif Avropa teatrını 10 il qabaqlayır. Bu faktdır.

90-larda bir canlanma, bir teatr mühiti var idi. Siz bəlkə də bunu ictimai mühitlə əlaqələndirirsiniz, amma məncə səbəb yaradıcı personaların, fərdlərin olmasıdır.

Elə hesab edin ki, 1996-cı ildən bu tərəfə bir mərhələ boşluq oldu. Bir neçə aktyorumuz qalıb. Onlar da getsə, nə qalacaq.

Dəhşət burasındadır ki, son dövrdə meyarlar itib. Bu gün seriala çəkilən dünənin aktyoru, qırx ilin aktyoru ilə ayağını bir pilləyə qoyur ki, mən birinciyəm. 1996-cı ilə mənə universitetdə dərs deməyə dəvət etdilər; 26-27-yaşım var idi. Utandım, abrıma qısıldım ki, mən pedaqoq deyiləm, necə tələbə yetişdirəcəm? Amma sonra gedib universitetdə kimlərin dərs dediyini görəndə…

Kimisə aşağılamaq fikrim yoxdu, məni düz başa düşün. Vaqif İbrahimoğlunun dərs deməyi hara, Hacının dərs deməyi hara… Biz indi bu ölçünü itirmişik.

2000-lər...

Niyə teatr tendensiyası get-gedə dəyişir? 2000-ci illərdən teatr artıq sözdən qaçır.

Birinci radio gəlmişdi, biz eşidirdik və fantaziya, təxəyyül, təsəvvür işləyirdi. Ona görə teatrda da pafos var idi, monumentallıq var idi... Televiziya çıxdı. Görüntü var idi və həm də hərəkətli idi. Artıq o pafosla təsəvvürü canlandırmağa gərək yox idi; sözü sakitcə demək olurdu. İndi internet əsridir. Tutalım, Yaponiyada sunami oldu. Bir saat annotasiyaya baxırsan? Yox. Tezbazar, hətta canlı-canlı izləyirsən. İndi ona görə plastika, hərəkət teatrda sözü sıxışdırır...

Aktyora ilk növbədə faktura, plastika, səs daha sonra intellekt lazımdır. İlk görünən bu ardıcıllıqdır... Bundan başqa aktyor bədəninin nəyə qadir olduğunu bilməli və idarə eləməlidir... Çünki tam idarə olunan sərbəst bədən əzələ gərginliyindən azad olur və tam təbiilik yaranır... Mənimlə hər hansı xareoqrafın rəqs qurmağı cəmi bir saat çəkər. Sadaladıqlarım aktyorun sənət alətidir, onu tanımırsa iddiası boş iddiadır.

Bir də aktyor səhnəyə çıxırsa, onun daxili enerjisi gərək o qədər böyük ola ki, 500 adamlıq zala təsir edə. Energetik birləşməlisən…

50 yaşında aktyorlardan, fiziki forma baxımdan özünü qoruya bilən aktyorlardan məncə biri da mənəm... Xarici aktyorlar ömrünün sonuna qədər formada olur... Bizimkilər isə 50 yaşından sonra durub-otura bilmir... Təbii ki hamisi yox....

KİV

… Artıq “Şok şok şok” yazmağın da zamanı keçib. İndi artıq yazarların nə demək istədiyi, dünya görüşü, baxış bucağı, fərdi yanaşma tərzi, maraqlıdı. Mətbuatda bu gün barmaqla sayılan yazılar olur. İrad kimi qəbul etməyin. Mən oxucuyam və mənə yeni, maraqlı yazı lazımdır.

…Bir qızım var, bir olduğuna görə onunla dostuq. Ona deyirəm ki, bu kanala baxma, buna baxmaq olmaz, o kanala baxma… Bir gün də dedi ki, bəs hansı kanala baxım? Baxdım ki, həqiqətən uşağa təqdim edə biləcəyim bir kanal belə yoxdur. Birində müğənnilərin geyimlərini göstərirlər, o birində filankəs filankəslə oturub, başqa birində yekəxanalıq…

Uşaq dünyası üçün bir dənə də normal məlumat yüklü kanal yoxdur. Uşağın sualı qarşısında aciz qaldım.

Bu gün Azərbaycanda aktiv oxucu kütləsi elə də geniş deyil. Bir qrup təbəqə var ki, onlar gündəlik aparıcı qəzetləri oxumalıdır. Lazımsız informasiya çoxdur. Həm də hər şeyi istədiyimiz kimi görmək istəyirik. Gerçəklik necədirsə elə yox…

Bir də yazının, tirajlanmağın məsuliyyəti var. Tirajlanırsansa, deməli ictimailəşmisən və özünü də buna görə aparmalısan. Səni ən azından yüz adam oxuyacaq. Bunun qədrini bilməli, məsuliyyətini hiss eləməlisən. Bu, yoxdur. Və olmaması kütləvi hal alıb.

Yeni yazarları da oxumuşam. Bilirsiniz onlar məni yeni nədəsə təəccübləndirə bilməyiblər... Köhnəni bəyənmirsən, ortaya təzə bir şey də qoymamısan. Mən oxuyuram görürəm. Yalan deyərəm desəm istedadsızdırlar, amma məhsul yoxdur ortada. Yazılanların çoxu sosium üçün keçilmiş, köhnəlmiş və çeynənmiş mövzulardır... Üç yazıdan birində şəxsi ambisiyalar və ya fərdi əhvalatlar var. Oxuyursan və deyirsən ki, bunun mənə dəxli yoxdur...

Kitab

Allah-təala qismət eləsə, planlarım var, tamaşalar barədə də düşünürəm. İndi əlimdə bir kitab var, onu yazıram-“Vaqif İbrahimoğlu və onun teatr poetikasi. YUG modeli”

Həyat yoldaşım Afət deyir ki, (yuğçulardan biridi, aktrisadı), cox arxayınsan. Həyat, zaman çox sürətlidir, bəlkə tələsəsən hə? Məncə çatarıq... Təki Allah bizi o sevgidən məhrum etməsin...

# 2106 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #