İntiqam Qasımzadə: “İsa Muğannanı çap eləmədim” - Müsahibə

İntiqam Qasımzadə: “İsa Muğannanı çap eləmədim” - Müsahibə
25 oktyabr 2019
# 17:33

Kulis.az “Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə ilə tənqidçi Nərgiz Cabbarlının söhbətinin davamını təqdim edir.

əvvəli burda

- Yaxşı bir əsərmi yazdı?

- Çox gözəl. Kinostudiyada işlədiyim illərdə Adil İsgəndərov - kinostudiyanın direktoru - mənə bir sifariş verdi. Dedi: “Daşkəsən çox maraqlı bir yerdir. Orada dəmir filizi çıxarılır. Onun haqqında bir ssenari yaz”. Mən başqa sənədli filmlər yazanların necə işlədiklərini bilirdim. Məlumat kitabçası əsasında işləyirdilər. Mən isə dedim ki, Adil müəllim, mənə heç olmasa on günlük ezamiyyət verin. Xülasə, Daşkəsəndə 56 tonluq maşın sürən sürücünün yanında oturub gün ərzində 8 saat onunla mədəndə işlədim. Bütün varlığımla hiss etdim o prosesi. Düzdür, dünya ədəbiyyatı göstərir ki, evindən çıxmayan yazıçı da bəzən həyatı gözəl təsvir edə bilir. Amma həyatı yazmaq üçün həyatı bilmək daha doğru yoldur.

- Bəlkə, bu azad cəmiyyətin bizim hiss etmədiyimiz, görə bilmədiyimiz bir senzurası var, bir basqısı var yazıçının üzərində?

- Təbii ki var. Əlbəttə, var. Mən bəzən Rusiya kanallarında seriallara baxıram. “Mentavskiye voynı”... Cinayətkarı axtarırlar və çox zaman da cinayət axtarışı idarəsinin rəisinin özünə və daha yuxarılara gedib çıxır cinayətin izləri. Yəni bunu Rusiyada edirlər. Amma bizdə hələ edildiyini görməmişəm. Nə zamansa olmalıdır. Gec-tez olacaq da.

- Yəni deyirsiniz, elə cəsarətli müəlliflər tapılacaq?

- Mən arzu edirəm ki, tapılsın. Bu cür cəsarətli yazıçılardan biri kimi, məsələn, Şərif Ağayarı görürəm. Onun qələmi buna imkan verir. Cingiz Abdullayevdən də ciddi araşdırmalar romanı gözləyirəm.

- 80-ci illərin sonlarında Azərbaycanda baş verən hadisələr göstərdi ki, xalqın sözünə inandığı şəxsiyyətlər öncə yazıçılar, şairlərdir ki, xalq onların arxasınca gedir. Gözüyumulu gedir hətta... Halbuki o şəxsiyyətləri, yazıçıları sovet dövrü yetişdirmişdi. Onlar sovet adamları idilər. Amma bu gün bizim yazıçılar müstəvisini müşahidə edirəm və düşünəndə ki, Allah göstərməsin, hansısa oxşar hadisələr baş verərsə, Azərbaycan təhlükə qarşısında qalarsa, hansı yazıçının arxasınca xalq gedə bilər - tapa bilmirəm.

- O dövrün İsmayıl Şıxlısı, Bəxtiyar Vahabzadəsi, Yusif Səmədoğlusu indi yoxdur. O zaman meydan hərəkatını, əslində, idarə edənlər onlar idi. Gənclər - Etibar, Nemət Pənahlı, İsa Qəmbər, Elçibəyin özü və başqaları onların ardınca gedirdilər. Onları özlərinə dayaq götürmüşdülər. Amma vəzifə bölgüsünə gələndə hamısı yaddan çıxdı.

- Məni məsələnin mahiyyəti maraqlandırır. Bu gün bizim yaxşı yazıçılarımız var. Xalqın sözünü eşidə biləcəyi yazıçı, xalqı arxasınca apara bilən yazıçı isə yoxdur.

- Və yaxud alimi - Ziya Bünyadovu yoxdur...

- Bəlkə, filankəs ola bilər, deyə ağlımdan keçir, amma görürəm ki, yox, son illər ərzində, qəribədir, müstəqillik illərində inandıqlarımızın da şəxsiyyətinə çat düşüb. Əvvəlki, sovet dönəmindəki adamlar deyillər. Tez-tez büdrəyir, loyallıq göstərir, seçimdə səhvlərə yol verirlər və s. Belə filankəslərin sayı getdikcə artır.

- Bu, müstəqillik dövrünün bizim insanlarımızın küll halında şəxsiyyətinə, mənəviyyatına vurduğu zərbələrdən birinin nəticəsidir. Verilən azadlıq sayəsində əxlaq prinsipləri çox pozuldu. Sovetdən də əvvəlki dövrdə Azərbaycanda böyük-kiçik var idi. İndi yoxdur. Düzdür, texniki tərəqqinin də burada əli var. “Azadlıqdır, kimə nə istəsən demək olar” deyə bunu edirlər. Daha “Bu Azərbaycanın böyük alimidir, ya yazıçısıdır onun şəxsiyyətini təhqir etmək olmaz, ailəsinin hansısa bir çatışmazlığını qabardıb şişirtmək olmaz”, - deyə düşünən yoxdur. Bizdə şəxsiyyətləri kütləvi şəkildə gözdən salma prosesi gedir. Hiss etmisinizmi?

- Bəli. Həm də indi deyil, xeyli müddətdir.

- Amma o zaman bunun əksi var idi. Bəxtiyar Vahabzadə də insan idi, onun da bir sıra çatışmayan cəhətləri ola bilərdi və var idi də. Amma xalq bunu deyil, onun şair cəsarətini, gözəl istedadını qabardırdı, ondan danışırdı. İndi xalqın üzdə olan nümayəndələrini alçaldırlar. Mən Azadlıq meydanının düz yanında yaşayıram. Orada baş verən hadisələrin şahidi olmuşam. Yusif Səmədoğlunun kabinetində iclaslar keçirilirdi. O, bizim baş redaktorumuz idi. Baş verənləri öz gözlərimlə görürdüm. Şəxsiyyətlər onda var idi. Amma indi yoxdur. Halbuki şəxsiyyəti yetişdirmək də lazımdır, qorumaq da.

- Sizcə, özlərinin rolu olubmu o şəxsiyyətlərin belə bir vəziyyətin alınmasında?

- Yox, onların günahı yoxdur.

- Əminsiniz?

- Yox. Əmin deyiləm... (gülür) Sənin ikinci dəfə sual verməyin məndə şübhə yaratdı.

- Şəxsiyyətin günahı var, İntiqam müəllim. Şəxsiyyət olan kəslər daim obyektivdədir, özü də iri planda görünürlər. Yalnız öz maraqlarını düşünməməlidirlər; öz maraqlarını və yaxınlarının maraqlarını. Axı, hamının gözü səndədir! İllərlə qazandığın hörməti niyə itirirsən?

- Təəssüf, çox təəssüf. Xalq, millət ədalət tərəzisinin olduğuna inanmalıdır. Amma görəndə ki, müsabiqələrdə öz övladlarını irəli verir, yaxınlarına adlar verdirir, dediyin o çat düşür.

- Çünki ədaləti şəxsiyyətdən gözləyirsən.

- Nərgiz, dövlət də, cəmiyyət də bir ailədir. Əgər ailədə ata-ana övladlarına qarşı münasibətdə ayrı-seçkilik edirsə, obyektivlik edə bilmirsə, o ailə axır-əvvəl dağılacaq. Hətta bir müddət zor gücünə saxlaya bilsən də. Ona görə də insanlar, - şəxsiyyətdən söhbət gedir - gərək çiyinlərinə düşən məsuliyyəti hiss etsinlər. Bayaq meydandan danışırdım. Meydan axırda bilirsiniz nə olmuşdu? Ağız deyəni qulaq eşitmirdi. İsa Qəmbər bir yana, Elçibəy bir yana çəkirdi. Kütlənin gəldiyi ümumi nəticə həmişə düz olur. Bax, o zaman orada-burada eşidilirdi ki, Heydər Əliyevin yeri görünür. O ağsaqqallığa ehtiyac duyulur.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə

- Maraqlıdır ki, o proses də, hərəkat da bizim ədəbiyyatımıza sözün geniş mənasında yol tapmadı. Çox maraqlı proses idi.

- O proses haqqında əlimdə indi bir yazı var, sənədli-publisist mətndir. Böyükdür. Yaxşı yerləri çoxdur. Bir az təfərrüat və uzunçuluq, bir az da naşılıq hiss olunur. Struktur baxımından belə panoram əsəri düşünmək, qurmaq çox çətin məsələdir. Bəzən struktur kamilliyi çatışmayanda deyirlər ki, postmodern ədəbiyyat belə olur də. Pərakəndə şəkildə nəsə yazmaq elə postmodern deməkdir.

- Bizim nəsrimizdə postmodernizmi duyursunuz hələ də?

- Anarın “Ağ qoç, qara qoç”unda, “Gözmuncuğu”nda gördüm. Kamal Abdullanın “Yarımçıq əlyazma”sında, “Sehrbazlar dərəsi”ndə var.

- Sizcə, postmodernizmin mahiyyəti Azərbaycan ədəbiyyatına gətirildimi?

- Az-az gəzişmələr şəklində. Vallah, pis bir şəkildə gəlirsə, gəlməsin. Ənənəvi süjet nəqli ilə realist yol yüz qat daha effektlidir və oxucunun istədiyidir. Amma di gəl istedadsız adamlar postmodernizm adı ilə yol açırlar özlərinə. Bu, poeziyamızda da müşahidə olunur. Hər şeyin axı, məktəbi, əsası olmalıdır. Məktəbi insan özü şəxsən də yarada bilər. Bizdə mən bunu görmürəm. Bir də görürsən ki, qafiyə sistemindən, hecadan, ritmdən, bölgüdən xəbəri olmayanın biri şeir yazır. Əlifbasını öyrənmədən şeir yazmaqmı olar? Sonra da gəlib deyir ki, Avropa şeiridir, modern şeirdir və s. Poetik duyumları, təfəkkürləri var bir çoxunun. Amma bunu sənət səviyyəsində edə bilmirsənsə, şeir yaza bilməməyini bunun altında gizlətmək istəyirsənsə, keçməz. Mən beləsini şair kimi qəbul edə bilmərəm.

- Amma belələrini çap etdiyinizi də görürük bəzən... Və bir çox hallarda bu zəif mətnlərin çapı özünüzə qarşı çevrilir. Özlərini böyük ədəbiyyat adamı zənn edərək hücuma keçirlər sizə qarşı...

- Hə. Belə də olur...

- Sizcə, bu iddianın səbəbi nədir?

- Cahillik. Dünyanı və Azərbaycan ədəbiyyatını bilməmək. Söhbətimizin əvvəlində şeir yazmağımdan danışdınız. Mən o şeirləri üzə çıxarda bilərdim, sonra yenə də yaza bilərdim. Amma... Vaqif Səmədoğlu ilə daha əvvəllərdən tanış olsam da 63-cü ildən sonra dostluq etməyə başladım. Və o bloknotda yazdığı şeirlərini mütəmadi oxuyardı mənə. Könlümə elə yatırdı ki onun şeirləri. Vaqif mənim yazmaq istədiyimi, amma hələ də istədiyim səviyyədə alınmayan şeirləri artıq yazırdı, məndən daha yaxşı yazmışdı. Ona görə də şeir yazmağın daşını atdım.

- Amma sizə deyim ki, bəzən belə də olur; Kamal Abdullanın bir yazısında rast gəlmişdim: Ramiz Rövşənin şeirləri ilə müqayisə edərək yazmamaq qərarına gəlib. “Gördüm ki, Ramiz olmayacağam...” Halbuki onun gözəl şeirləri var idi.

- Bəli, çox uğurlu mətnlər idi. Amma bu, Nərgizin, mənim fikrimcə belədir. Kamal isə özü daxilən başqa şey hiss edib. Əgər hiss edibsə, deməli, başqa cür alınmayacaqdı. Çünki o, təslim olmuşdu. Amma Kamal özünü inandırıb ki, nəsrdə atını istədiyi cür çapa bilər. Çapır da.

- Bir məsələni də neçə vaxtdır soruşmaq istəyirəm sizdən. Səhv etmirəmsə, İsa Muğanna “Türfə” romanını çap üçün ilk olaraq Sizə təqdim edibmiş. Amma verməmisiniz. Bu faktı eşidəndə heyrətləndim. Çünki İsa Muğanna İsa Muğannadır. İkincisi, Siz o dövrdə onun povestlərini, hekayələrini ardıcıl çap edirdiniz. Həm də əmin idim ki, Siz yaxşı mətni geri qaytarmazsınız. Sonra o əsər kitab halında çap olundu və Ədəbiyyat İnstitutunun illik müşavirəsində onun haqqında çıxış etdim. Sizə haqq qazandırdım. O zaman İsa Muğanna sağ idi. Necə qarşılamışdı bunu?

- Yaxşı ki, bu sualı mənə verdiniz. Qoy danışaq, tarix üçün qalsın. İsa, düzü, çox təəccüb etdi. Çünki o zamanlar o, Rüstəm Kamala da, bəzi dostlarına da demişdi ki, İntiqam mənə yeni həyat verib; bir redaktor kimi. İsa müəllim atamla da işləmişdi. Mən onu həm yazıçı, həm də insan kimi çox istəyirdim. Ona demişdim ki, nə yazsa çap edəcəyəm, çünki o, Azərbaycan ədəbiyyatının canlı klassikidir. Və bu ədəbiyyat tariximiz üçün lazımdır. Mənə o əsəri gətirib verəndən sonra elə sevinirdim ki. Əvvəli də çox gözəl idi. Amma elə ki başladı Qurani-Kərimi analiz etməyə... Təftişə...

- Sanki iki ayrı-ayrı mətni calaq etmişdilər.

- O cür kamil sənətkarın bu əsəri sənətkarlıq baxımından da qüsurlu idi. O əsəri başlayıb davam etdirə bilməmişdi. Qurana öz etirazını bildirən bir əsər yazmışdı. Rüşdini xatırlayırıq da. Necə böyük hay-küy qaldırmışdı. Haqlı etirazlar. Mənim özüm də şəxsən Qurandakı bir çox ifadələrə ayələrə münasibətdə İsanın tərəfindəyəm. Haqq qazandırıram o düşüncələrə. Məsələn, orada “qorxun, qorxun” fikri ki var, mən özüm də hər dəfə Quranı oxuyanda o söz qulağımı dəlirdi. Allahı sevmək lazımdır, qorxmaq yox. Amma bunu küll halında dindarların çox yaşadığı, üstəlik, fanatiklərin olduğu bir cəmiyyətdə çap etmək təhlükəli idi.

- Bu məsələdə haqlısınız, amma Sizə haqq qazandırdığım bir məqam da var ki, o fəlsəfi qənaətlər, düşüncələr bədii mətnə otuzdurulmamışdı.

- Bəli. Etiraf edirəm ki, mən o əsəri verməyə qorxdum. Millət sizin kimi, mənim kimi, ziyalılar kimi qəbul etməyəcəkdi belə bir mətni.

- Rafiq Tağı ilə nə oldu, hamımızın yadındadır...

- Ona elə belə də dedim. Dedim ki, İsa, qorxuram bunu çap etməyə. Dedi, nədən qorxursan? Dedim, özümdən qorxmuram. Nadanlar o qədər çoxdur ki... Hələ cəmiyyətimiz elə bir şəkildə yetişməyib ki, hər düşündüyümüzü bölüşə bilək. Sonra bir yoldaş ona demişdi ki, gətir mən çap edim. Məşhur və gözəl insanlardan biri idi. Adını çəkməyəcəm.

- Yəqin ki, Nizami Cəfərov olub.

- (Gülür) O da ehtiyat etdi, vermədi. Mənimlə görüşəndə dedi ki, İntiqam, mən səni başa düşdüm.

- Əsər kitab halında çap olundu və sizin qorxduğunuz o reaksiyanı doğurmadı.

- Çünki oxumadılar. Jurnalda çıxsaydı, oxuyacaqdılar.

- Təcrübənizdə başqa belə bir əsər olubmu ki, onu çapa buraxmamısınız. Sonra əmin olmusunuz ki, nə yaxşı çap etməmisiniz?

- Yox. Mən qılıqlı redaktorlardanam. Elə əsərlər olub ki, kiçicik ixtisarlarla vəziyyətdən çıxmışam. Əsərə heç bir xələl gəlməyib. Məsələn, Seyran Səxavətin “Nekroloq” romanını çap etmişdik. Onu, sadəcə, inandırdım ki, müəyyən parçaları var, onları çıxarsa yaxşıdır. İstəsə kitabında bərpa edə bilər. Gedib müqayisə edənlər olsa, görərlər ki, o, çox kiçik ixtisarlarla çıxmış jurnal variantı daha məsləhətlidir. “Azərbaycan” jurnalının ənənəsi var. Bunu saxlamaq lazımdır. Bəziləri bizdən şou gözləyirlər. Nahaq. Şou ədəbiyyat işi deyil. Mənim üçün bu maraqlı deyil. Nərgiz Cabbarlı Nizami Cəfərovla, Nizaməddin Şəmsizadə ilə, Vilayət Quliyevlə söhbətini verir və mən də bunu çap edirəm. Çünki ciddi mətnlərə qapımız açıqdır. Hər halda, jurnalımız təyinatı üzrə işləməlidir.

- Və hansısa başqa orqanlarda dərc olunan müəlliflər üçün burada dərc qadağası qoymursunuz ki?

- Qətiyyən, Nərgiz xanım. Bu sual ünvanına yönəlməyib. Bizə, məzmunlu, yüksək bədii əyarlı yazılar lazımdır. Onu kimin yazdığı, müəllifinin daha hansı orqanlarla əməkdaşlıq etdiyi bizi qətiyyən narahat etmir, düşündürmür.

Son

Mənbə: "Azərbaycan" jurnal;

# 3850 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
#
#
# # #