Xaricdə yaşayan xanımlarımız seksist təcrübələrini danışır

Xaricdə yaşayan xanımlarımız seksist təcrübələrini danışır
5 dekabr 2014
# 14:27

Ötən yazıda ictimai həyatda tanınan xanımların seksizm (cinsinə görə insanların diskriminasiyaya məruz qalması) hekayələrini təqdim etmişdik. Bu dəfə xaricdə yaşayan xanımlarımızın fikirlərini təqdim edirik.

Xalisə Şahverdi (Latviya): İnsanın cinsinə görə diskriminasiyaya məruz qalması əksər toplumlarda var, sadəcə fərqli dərəcədədi.

Amerikada tədqiqat apardığım universitet - Kanada ilə sərhəddə yerləşən, bir az kasıb və miqratların çoxluq təşkil etdiyi balaca şəhərdə idi. Əksər günlər universitetə professorumun maşını ilə gəlib-gedirdim. Bəzən vaxtlarımız üst-üstə düşməyəndə ictimai nəqliyyatdan istifadə edirdim. O zamanlar metronun çıxışında müxtəlif yaşlarda qara dərili kişilər dayanardılar. Onlar hərdən keçənlərə söz atar, bəzən isə birgə yeriyib əlaqə qurmaqda israr edərdilər. Bu məsələni professorumla müzakirə də eləmişdik. Müzakirələrimizdən belə bir nəticə hasil olmuşdu ki, o insanlar yaxşı təhsil almadıqları və normal sosial mühitdə formalaşmaqları üçün seksizmə meyllidirlər.

ABŞ-da 2008-ci il prezident seçkiləri ərəfəsində maraqlı bir diskriminasiya müşahidə etmişdim. O zaman demokratların iki əsas namizədi vardı: Barak Obama və Hillari Klinton. Çoxsaylı televiziya debatları, müzakirələr, dialoqlardakı alt məna onu deməyə əsas verirdi ki, Hillarinin məhz qadın olduğu üçün şansı azdır. Amma dünya və cəmiyyətlər sürətlə dəyişir. Artıq Amerikada əksəriyyət 45-ci Amerika prezidentinin Hillari Klinton olacağına əmindir.

Hazırda yaşadığım Latviyada vəziyyət əksər Avropa ölkələrində olduğu kimidi. Daha az gəlirli iş sahələrində qadınlar çoxluq təşkil edir. Burda da aparıcı vəzifələri kişilər tutub. Buna baxmayaraq əksər latviyalılar ilk qadın prezidentlərinin olması ilə fəxr edirlər. Ötən ay universitetimizdə Latviyanın sayca altıncı prezidenti olmuş (o həm də ilk qadın prezident idi) xanım Vaira Vike-Freiberga ilə görüşdüm. Orta nəslin qəhrəmanı (daha çox qadınların) olan bu xanım prezidentliyi dövründə Latviyanın Avropa İttifaqı və NATO-ya üzvlüyünü nail olub. O, insan haqlarından, demokratikləşmədən, siyasi iştirakçılıqdan danışaraq, təcrübəsini paylaşdı. Xanım Vike-Freiberga sonda etiraf elədi ki, o, da qadın olduğu üçün məhdudiyyətlərlə qarşılaşıb, amma bunlara baxmayaraq mübarizəsini davam etdirib və sonda özünü qəbul etdirməyi bacarıb.

Tezliklə insanlar üçün cinsəlliyin sosial anlamda yox, olsa-olsa bioloji anlamda var olacağı bir toplumda yaşayacağımıza ümid etmək istəyirəm.

Nurlana Cəlil (Türkiyə): Cinsiyyətə görə ayrı seçkiliyə məruz qalmaq dedikdə, ilk ağıla gələn qadın və onun problemləri olur. Halbuki bu ədalətsizliyə hər iki cins eyni dərəcədə, lakin fərqli şəkildə düçardı. Bu çox acı həqiqətdir. Ən acısı isə odur ki, kişi cinsi qadından fərqli olaraq, öz durumunun fərqində deyil. O, içindəki “saxta kişilik” kimliyi ilə hələ buludlarda uçur. Bu sosial problemi yaradan yenə patriaxat zehniyyətdir. Bütün toplumlar, eləcə də biz zamanla bu düşüncə tərzindən arınmalıyıq. Bu hədəf olmalıdır.

Azərbaycanda seksizm kimi mənfi halın ildən-ilə azalmasına töhfə verənlər hər iki cinsdən ibarət marjinal kəsimdir. Bu kəsim bizdə miqdarından daha azdı, amma çox güclüdür və kəskin təsir gücünə malikdir. Ona görə məncə bizim cəmiyyəti artıq inkişafa meyili toplumdur. “Hardan hara?” deyəcəyimiz uğurlar var. Məncə, cəmiyyətimizdə bu inkişafın ən fəal iştirakçısı bütün maneələrə baxmayaraq, qadındır, çünkü Azərbaycanda qadın kişiyə nisbətən dəyişikliyə, müasirliyə və çağdaş düşüncəyə daha çox meyllidir. Sözsüz ki, Azərbaycan kişisi də bu prosesdə ləng də olsa harmoniya yaradır. Cəmiyyətimizdə xoşuma gələn daha bir məqam da odur ki, nə də olsa, bu iki cins bir-biri ilə sülh içində yaşayır. Tanıdığım Türkiyə cəmiyyətində isə bu belə deyil.

Qısası, Azərbaycanda qadın peşəkar və əzmlidirsə onun cinsi ayrı seçkilik qurbanı olduğunu düşünürəm. Mübarizə aparıb, amma məğlub olan qadın görməmişəm hələ. Cinsi ayrı seçkiliyə məruz qalan kişilər isə patriarxal zehniyyəti mühakimə etməlidirlər, çünki bu, onların yaratmış olduğu problemdir.

Şahnaz Kamal (Rusiya): Əslində, dünyada bütün qadınlar xaraktercə bir-birilərinə oxşayırlar. Sadəcə, onlar fərqli toplumlarda doğulub yaşadıqları üçün, onlara münasibət, verilən tərbiyə, diqqət, gözlənti fərqli olur.

Xeyli vaxtdır Sankt-Peterburqda yaşayıram. Rusiyada yaşayan azərbaycanlı qadınların güzəranına, həyat tərzinə yaxından bələdəm. Yaşadıqlarım və eşidib gördüklərim məni hər yerdə, hamıya belə deməyə məcbur edir :Rusiyada yaşayacaq oğlana qız verməyin. Əgər qızınızın ali təhsili varsa, o zaman bu barədə ümumiyyətlə düşünməyin.

Mən belə deyəndə çox xanımlar “Guya biz Azərbaycanda qalmışıq, əlimiz balamı batıb?” deyərək, haqsız çıxartmağa çalışırlar. Ancaq yenə də fikrimdən dönmürəm. Çünki burada yaşayan və ya yaşamağa məhkum olunan azərbaycanlı xanımların tam əksəriyyəti onları gətirib buraya çıxaran talelərindən bərk şikayətçidirlər. Peterburqda mühit fərqlidir. Buraya gələn xanımların çoxunda ilk illər dil baryeri olur ki, bu da onların rus mühitinə yaxınlaşmasına ciddi maneə törədir. Burada yaşayan azərbaycanlıları bir şey maraqlandırır: birtəhər başını dolandırmaq və lazımı şəraiti düzəldib “uşaqları bir yana çıxardandan sonra” birdəfəlik çıxıb Azərbaycana getmək. Bu da bir ömür bahasına başa gəlir ( ya da heç gəlmir).

Elektron mətbuatda, sosial şəbəkələrdə Peterburqda yaşayan qadınların həyat tərzi haqqında bir neçə yazı, status yazmışam. Hər dəfə belə yazılardan sonra mütləq mənə yazıb dərdini bölüşən ən azı bir azərbaycanlı qadın tapılır: “Elə yazmısınız, sanki məni tanıyırdınız, həyatımdan xəbərdarsınız”. Bu həyatı özüm də bu və ya digər şəkildə yaşadığım üçün onları yaxşı anlayıram. Azərbaycanda qadın nə qədər hüquqsuz, gözüqıpıqdırsa, burada yaşayan azərbaycanlı qadın ondan betərdi. Sanki qadın yalnız nəsil artırmaq üçün doğub törəyən, uşağının və ərinin hər bir qayğısını çəkməli olan bir məxluqdur.

Peterburqda yaşayan azərbaycanlı xanımlardan birinin mənə yazdıqları:” Keçirdiyim həyat tərzi məni nevropotoloqun qəbuluna gətirdi. Həkim müayinə edib müalicə yazandan sonra məsləhət gördü ki, psixoterapevtə də müraciət edim. Bıçaq sümüyə dirənmişdi deyə hamıdan və hər şeydən kömək gözləyirdim. Psixoterapevtə getdim, həkim qadın idi. Mən ailə qurandan dərhal sonra Peterburqa gəlmişdim. O vaxtdan bu günə kimi başıma gələnlərin hamısını həkimə danışdım. Ailədə olan ən böyük problemlərimi dedim. Həkim mənə diqqətlə qulaq asıb soruşdu: “Nə etmək istəyirsiniz, gələcək planlarınız nədir?” Mənim gələcək üçün planım yox idi, heç bu barədə düşünməmişdim də. Həkim ikinci sualı verdi: “Valideynləriniz sağdırmı, onlar sizin durumunuzdan xəbərdardılarmı?”

Dedim: “Bəli, sağdırdırlar. Anam olanları bilir. Bilir ki, ali təhsilim olsa da, rus dilini bilsəm də, yoldaşım burada işləməyə icazə vermir. Kirayələrdə bir qarnı ac, bir qarnı tox yaşayırıq. Yoldaşım nə istəsə edə bilər və ona qarşı çıxmağa ixtiyarım yoxdur. Amma anam deyir, döz, yaxşı olacaq.”

Həkim titrəyən əllərimə, tökülən göz yaşlarıma baxıb heyrətlə pıçıldadı: “Nəyə döz, necə döz? Axı bu həyat insana bir dəfə verilir və sizin də onu belə gənc yaşınızdan bu qədər xəstəlik taparaq keçirməyiniz düzgün deyil”.

Susdum. Başa düşdüm ki, hər ikimiz qadın olsaq da, psixoloq xanım məni anlamayacaq. Çünki, o, rusdur. Onun təsəvvüründə “döz, birtəhər, yaxşı olacaq” kimi anlam yoxdur. Rus qadın dərk eləmir ki, bizdə ər evi gor evidir, boşanmış qadınlara “ikinci sort” kimi baxırlar.

Həkimə deyəndə ki, ərim mənə heç yerə getməyə icazə vermir, məsələn, mənim uşaqlarımla gəzməyə, konsertə, teatra getmək ixtiyarım yoxdur, o lap şoka düşdü. Həkimin: “Bunun üçün siz niyə ərinizdən icazə istəyirsiniz ki?”- dedi. Bax bu zaman ikitərəfli şok yaşandı. Mən təəccübləndim: “Necə ola bilər ki, ərdən icazə almamış harasa gedəsən?!””

Bir müddət öncə Facebookda elan yazdım ki, istəyirəm Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Peterburqda yaşayan azərbaycanlı xanımlarla onların balaları bir yerə yığışaq, həm tanış olaq, həm də bayramları qeyd edək. Xeyli xanım təklifimlə razılaşdı, dekabrın 28-i yığışacağıq. Xanımları bir yerə yığmaqda mənim daha bir məqsədim var. Onların çoxu bu və ya digər səbəblər üzündən işləmirlər. Biz qadınlar tanış olsaq bir-birimizə yardım edə bilərik. Məsələn, biri dadlı şirniyyat bişirə bilir, digəri dərzidir. Qalanlarımız da onlara sifariş verib pul qazanmaqlarına şərait yarada bilər. Bu realdır, mümkündür. Artıq bir neçə qadınımıza iş tapmaq mümkün olub. Qadının öz gəliri olanda daha inamlı, özgüvənli olur.

Bu elanı oxuyan xanımlarımızdan biri mənə şəxsi ismarıc yazıb soruşdu ki, toplaşacağımız kafe azərbaycanlınındımı? Dedim yox, rusundur. Xanımın niyə soruşduğunu yaxşı bilirəm. Əgər kafe azərbaycanlının olsa, sabah uşağı ilə şənliyə gələn xanımın ərinin əmisi oğlunun kirvəsi gəlib ərinə deyəcək ki, sənin arvadının filan kafedə nə işi vardı? Arvad hara, kafe hara? Bayramdır, “paytaxt” salatını hazırlasın, aşını bişirsin, yolkasını da bəzəyib balalarını başına yığsın, evində otursun.

Mənim gördüyüm rus qadınlarının azərbaycanlı qadınlardan fərqləndirən bir xüsusiyyəti var: onlar özünəinamlıdırlar. Bu, insan üçün, onun cəmiyyətdə layiq olduğu yerini tutması üçün çox önəmli məsələdir.

Rus ailəsində birinci qız uşağı doğulsa ata ikinci uşağının oğlan doğulması üçün dava salmaz, ana da bunu özünə dərd eləməz. Bax, rus qadınının böyüyəndə özünəinamlı olmasının kökündə bu durur. O, uşaqlıqdan hiss edir ki, oğlan uşaqları ilə eynihüquqludur. Valideynləri üçün də ikinci dərəcəli deyil.

Bizdə çox nadir ailələr bir qız uşaqlarının olması ilə kifayətlənirlər. Hətta bəzi ailələrdə iki və ya daha çox qız uşağı olanda, yenə də oğulsuz ailəni tam hesab etmirlər. Bunun nəticəsində də, selektiv abortlar baş alıb gedir.

Oğul istəyində olan ailələrdə böyüyən qız uşaqları özlərini ailədə, cəmiyyətdə ikinci dərəcəli hiss edirlər. Özünəinamsız olurlar. İstək və arzularını reallaşdıra biləcəklərinə ehtiyatla yanaşırlar. Çünki uşaqlıqdan onların alt şüurunda qardaşlarından fərqlənməsi, aşağı olması fikri kök salıb.

Uşaqlıqdan öz üzərində qardaşlarının, qohumlarında olan oğlan uşaqlarının hegemonluğunu hiss edən azərbaycanlı qız da böyüyəndə gözüqıpıq, ələbaxan, aciz olur.

Ancaq rus ailəsində belə deyil.

Çox qəribədir ki, ailəsində qızı yuxarıda dediyim kimi tərbiyə edən ata, müqayisədə rus qadınına üstünlük verir. Azərbaycanlı kişi öz yaratdığı, tərbiyə etdiyi qadını bəyənmir. Anacaq başqa cür olmasını da istəmir.

Bizim toplum "azadlıq", "sərbəstlik" sözünü müxtəlif mənalarda qəbul edir. Bura özbaşınalıqdan tutmuş əxlaqsızlığa qədər hər şey başa düşülə bilər. Bizim babalar qızı yük, həm də ən ağır yük olan duz yükü hesab edib, qızı olan atalara gözaydınlığı əvəzinə "canın sağ olsun" deyiblər.

Qadınlar iqtisadi cəhətdən azad olmalıdırlar. Ancaq bir çox kişilər bundan qorxurlar, mümkün qədər iqtisadi azadlığa da mane olmağa çalışırlar. Mənə Azərbaycanda qadınların sərbəst çalışa bilməsini, bilik və bacarıqları hesabına irəli getmələrini misal göstərməyin. Düzdür, belələri var, ancaq kişi hegemonluğunun qurbanı olan qadınların sayı onlardan çoxdur, lap çoxdur.

Selektiv abortların kökündə də bu fakt durur: Azərbaycanlı kişi də, qadın da doğulacaq qızlarının xoşbəxt, azad ola biləcəyinə inanmırlar.

Bu yay Bakıda bir yazıçı ilə bir xanımın dialoqunun şahidi oldum:

- Sizcə, necə etmək lazımdır ki, xoşbəxt olaq?

- Azərbaycanda qız doğulub xoşbəxt olmaq mümkün deyil.

Bunu yazarımız, evində qız balasını böyüdən ata, bir xanımın güvəndiyi ər dedi.

Azərbaycanlı xanımlar bacarığı, işguzarlığı, sədaqəti, insanpərvərliyi... ilə nə rus xanımlardan, nə də digər xalqların xanımlarından geridə qalırlar. Onlarda bircə şey çatışmır - özgüvən.

Elə buna görə də, 40 yaşında olan rus xanım deyir: “Hələ 40 yaşım var”. Azərbaycanlı isə köks ötürür: “Artıq 40 yaşım var”.

Vefa Cəfərova (Hollandiya): Hollandiyada yaşadığım üç ildə məişət səviyyəsində heç bir seksizm ile qarşılaşmamışam. Bir dəfə küçədə söz atıblar, o adam da mərakeşli idi. Uşaqlara tərbiyə veriləndə cinsi ayrı-seçkilik yaratmırlar. Burda 60-cı illərdən belədir. Məsələn, bağçada oğlan və ya qız oyuncaqları yoxdur. Oğlanlar qızlarla bir masada oturub gəlinciklərə çay içirə bilər, qızlar oğlanlarla bərabər maşınlarla oynaya bilər. Yəni burda uşaq vaxtında kişi və ya qadın bölgüsü yoxdur. Qadın və kişi hər şeyi bacarmalıdır. Qonşu qadınların bağçalarında daş döşəməni dəyişdiklərini görəndə mədəni şok yaşadım. Holland qadınları kişilərində maçoluğun öldüyünü bəzən qürurla, bəzən də təəssüflə vurğulayırlar.

Hollandiyada seksizmin olduğu yeganə sahə bəlkə siyasətdir. Məncə hollandlar bu sahədə mühafizəkardırlar. Hollandiyada konstitusiyalı monarxiyadır. Heç bir real səlahiyyətləri olmayan kral və kraliçanı çox sevirlər, amma real idarəçilik və qanunverici orqanlara çox vaxt kişilər seçilir. Düzünü desəm bu sahədə qadınların aktivliyini də görmədim.

Başqa sahələrdə, hətta ən ekstremal peşə olan polis və yanğınsöndürmə sahələrində də qadınlar kişilərlə bərabər çalışır. Uşaq doğub evdə oturmaq məsələsi də burda maraqlı həllini tapıb. Hansı valideyn az qazanırsa o da işdən çıxıb evdə uşaqla oturur.

Konul Derya Qasımova (Fransa): Azərbaycanla müqayisədə həddindən artıq öndə olsa da, kişi-qadın bərabərliyinin reallığı baxımından Fransada da problemlər var. Hələ də qadınlarla kişilər eyni işə görə fərqli maaş alırlar (qadınlara daha az maaş verilir), yüksək vəzifə tutan kişilər daha çoxdur. Həm siyasi, həm də ictimai həyatda kişilər daha çox gözə dəyir. Özəl sektorda işə qəbul zamanı seksist yanaşma geniş tətbiq olunur. Cəmiyyət həyatının hər addımında seksizmi görmək olar.

Gündəlik həyat səviyyəsində Fransada daha çox immiqrantların konservatizm mühitində böyümüş, vətəndaşlığına görə fransız olan övladları (əslən turk, ərəb, təzəlikcə də köhnə sosialist blokundan olan şəxslər) seksist olurlar. Özü də seksizm təkcə kişilər tərəfindən deyil, həm də qadınlar tərəfindən tətbiq olunur. Mənim tanışlarım arasında da belələri var. Amma fransız qadınlar, hətta müəyyən dərəcədə kişilər də seksizmlə mübarizədə həddindən artıq həssas, ciddidirlər. Bu həssaslıq uşaqlara elə məktəbdəcə aşılanır. “Mənəviyyat” və ya “Cəmiyyət həyatı” dərsində uşaqlara cinsi ayrı-seçkilikdən danışırlar. Mən bu məsələyə olduqca həssasam, ömrüm Azərbaycanda seksizmlə mübarizə ilə keçib, istər ailəmdə, istər universitetdə, istərsə də işlədiyim yerlərdə. Əslində burda da davam edir. Övladlarımı da seksizmdən kənar böyütməyə çalışıram. Nə qədər dilimizi, folklorumuzu sevsəm və gündəlik danışıqda zərb-məsəllərə, mənim “atalar sözü” ifadəsinə etiraz olaraq analar sözü adlandırdığım deyimlərə çox tez-tez müraciət etsəm də, oğluma “kişi ol”, “arvad kimi ağlama”, ya da qızıma “sən qız uşağısan” ilə başlayan cümlələr demirəm. Bu mənim ən ağrılı yerim, əslində insan hüquqları sahəsinə məni gətirən elə bu məsələdir. Bu haqda günlərlə danışa, yaza bilərəm. Amma anekdot kimi hadisəylə bitirim fikrimi.

Fransada iki il idi yaşayırdıq. Azərbaycana tətilə gəlmişdik. Elə ilk gün Nabranda istirahət düşərgəsi getmişdik. Yaşıdları ilə mübahisə edən altı yaşlı oğlum sonra gəlib mənə şikayətləndir: “Azərbaycanda hamı seksistdir!!! Ordakı oğlanlar dedilər ki, bacın bizlə futbol oynamasın. Mən də dedim niyə? Dedilər qızlara olmaz. Mən də dedim ki, onda mən də oynamıram sizlə, siz seksistsiz. Onlar da mənə tərbiyəsiz dedilər...”

Ülviyyə Əsədzadə (ABŞ): Mən 2010-2011-ci illərdə ABŞ-ın Ohayo ştatında yerləşən Kent Dövlət Universitetində “Televiziya jurnalistikası” üzrə magistr təhsili almışam. Bu müddət ərzində hansısa gender diskriminasiya ilə üzləşdiyimi deyə bilmərəm.

Əslində, Azərbaycan ictimai mühitində də gender diskriminasiyasına məruz qaldığımı deyə bilmərəm. Cinsim əsasən ailəm tərəfindən qabardılıb və mənə xatırladılıb. Məsələn, ailəm məhz cinsimə görə xaricdə təhsil almağımın əleyhinə olub.

ABŞ-da ailə münasibətlərini müqayisə etmək imkanım olmadığından, ordakı ailələrin vəziyyətini detallı təsvir edə bilmirəm. Ümumi təəssüratım isə belədir ki, ailələr qız uşaqları ilə oğlan uşaqları arasında fərq qoymurlar.

Amma məsələn, Azərbaycandakı həddə olmasa də, küçədə qızlara söz atılması təcrübəsi ABŞ-da dar var. Xüsusilə immiqrantlar bunu edirlər. Nyu-Yorkun küçələrində gedərkən, yolboyu kişilər kompliment deyir, tanış olmağa cəhd edirlər. Amma bunu daha çox immiqrantlar edir. Ağ amerikalı kişilər belə açıq formada müdaxilə etmirlər.

Oxuduqlarımdan bilirəm ki, ABŞ-da iş yerində qadınların cinsi istismarı halları var. Ola bilsin ki, onlar bu haqda açıq danışırlar deyə, məsələ ictimailəşir.

Ümumilikdə Amerika immiqrantlar-müxtəlifliklər ölkəsi olduğu üçün medianın əsas xətti məhz istənilən növ diskriminasiyaya qarşı təbliğat aparmaqdır.

Odur ki, ABŞ-da qadınlara qarşı ayrı-seçkiliyin olmaması medianın ana mövzularından biridir.

# 1282 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #