Brilyant Dadaşova: “Mənə baxmaq olar, toxunmaq olmaz”

Brilyant Dadaşova: “Mənə baxmaq olar, toxunmaq olmaz”
26 noyabr 2013
# 10:31

“Sonuncu dəfə əlimə balaca vaxtı kart almışam. “Durak” oynayanda. Yadımda qaldığı qədər valetlərin rəngləri, qırmızı, yaşıl, qara idi. Yəqin bu rənglərə görə geyinsəydiniz, daha yaxşı olardı”. Bu fikirləri APA TV-də yayımlanan “Üç valet” verilişinin qonağı olan xalq artisti Brilyant Dadaşova deyib.

Sənətçi fala inanmadığını bildirib: “Amma bəzilərinin bizdən fərqli olaraq başqa güclərinin olmasına inanıram. Altıncı hissin güclülüyünə inanıram. Fala müraciət etməyə vaxtım olmur. Amma istəyərəm. Qarşıma çıxan olsa deyərəm ki, mənim də falıma bax. Bayaq qəhvə içdim. Bir az başım çıxır, baxdım ki, içində dəvə rəsmi yaranıb. Uşaqlara dedim, onlar da baxdılar. Mənim altıncı hislərim güclüdür. Qonşumuzun qızına nə deyirdimsə, hamısı olurdu. O qədər vərdiş eləmişdi ki, özü deyirdi, sən nə desən edəcəyəm, çünki sonradan düz çıxır. Bu mənim özümdən asılı deyil. Birdən olur ki, kiməsə deyirəm ki, sən filan yerə getmə. Sonradan baxırıq ki, orada nə isə xoşagəlməyən bir şey olub. Əslində bilmirəm ki, nə baş verir, amma hiss edirəm ki, nə isə narahatçılıq olacaq. Bax neçə gündür mənə deyirlər ki, APA TV çağıracaq, çağırır, mən bilirdim ki, bura gələcəyəm və əmin idim ki, burada yaxşı simalar görəcəyəm. Elə də oldu. Amma elə yerlər olur ki, bir ay qabaqdan deyirlər və bilirəm ki, orada o qədər də yaxşı olmayacaq. Və elə də olur. Amma haradandır bu hisslər, deyə bilmərəm. Mən sizə deyim ki, bu şeylərə böyük dövlətlərdə inanıblar. Mən altıncı hisslərin varlığına inanıram”.

Brilyant Dadaşovanın fikrincə, kişilərə inanmaq olmaz: “Bir də görürsən, oğlum mənə nə isə deyir. Deyirəm ki, bax ha, kişilərə inanmaq olmaz, amma mən sənə inanıram. Belə şeylər çox olur. Ətrafımda kişilər çoxdur. Tam inanmamaq da olmur. O üzdən bir də görürsən ki, inanırsan. Amma sonradan baş verənlər deyir ki, gərək inanmayaydın. Ona görə çalışıram insanları cinsi mənsubiyyətinə görə bölməyim. Bir qadın üçün bir kişi var. Qalanlar hamısı insan qismindədir. Mənə görə belədir”.

Sənətçi sadəlövh olmadığını deyib: “Amma döyüş üçün də yaşamıram. Bir də problemimi bölüşməyə çalışmıram. Sevincimi bölüşürəm. O qədər olub ki, bacım, yaxınlarım gəliblər ki, sənin filan problemin var, biz bilmirik. Mən gerçəkdən belə şeyləri bölüşmək istəmirəm. Səhər duranda döyüş üçün yox, sevinc bəxş etmək üçün, yaxşı hisslərlə oyanmaq lazımdır. Həyatda hər şeyi etibar etdiyim insan həyat yoldaşımdır. Elə bir şey yoxdur ki, ona deməyim. Bəzən bacılarıma demədiyimi belə ona deyirəm. Nərgiz Cəlilova var, Zülfiyyə Xanbabayeva var. Onlarla da hər şeyi bölüşə bilirəm. Və güman edirəm ki, onlar haqqında da hər şeyi bilirəm. Məsələn, gecə saat 3-də zəng edə biləcəyim adamlardırlar. Oğlumun 23 yaşı var. Oxuyur. Ondan danışmağı xoşlamıram. Çünki bunu özü qadağan edib. Bir dəfə ondan danışdım. Sual verdilər ki, ev işlərindən nə bacarmırsınız, dedim ki, hər şey bacarıram. Mətbəxdə də, ev işlərində də hər şey əlimdən gəlir. Amma bircə yaxşı ana ola bilmədim. Dedim və məni ağlamaq tutdu. Çünki o həmin arada xəstə idi və mən onu xəstə qoyub verilişə gəlmişdim. Çox pi oldum. Gəldim evə, mənə dedi ki, məndən istifadə edib reytinq qazanırsan. Xeyli güldük.

Adını əmisi Cahad qoymaq istəmişdi. O vaxtlar məscidlər filan təzə-təzə açılırdı. Mənə dedilər ki, dini tərifi də var bu adın. Öz dini uğrunda mübarizə aparana deyirlər. Əslində mən köhnə bakılı adlarımızdan qoymaq istəyirdim. Mənə o vaxt pis gəlirdi ki, məscidlərin hamısını bağlayıb, başqa yer kimi istifadə edirlər. Mənə nənəm bütün duaları öyrətmişdi. Hələ yadımda deyil ki, kəlmə şəhadətimi deməmiş yatım. O qədər adət etmişdim ki, evlilikdən sonra da deyirdim. Bir gün yatanda yenə dedim ki, yataram inşallah, duraram inşallah, əgər durmasam əşədü ənna la ilahə illəllah.... Bu yerdə yoldaşım qayıtdı ki, haradadır bizdə o bəxt ki, sən yatasan, durmayasan. Xeyli güldük. Mən deyib bitirə bilmədim”.

Brilyant Dadaşovanın sözlərinə görə, uşaq vaxtı onu çirkin kimi qəbul ediblər: “Mən böyüyə-böyüyə gördüm ki, qəşəng imişəm. Balaca vaxtı mənə deyirdilər ki, nə çirkin qızdır, kifirdir. Qaçıb güzgüyə baxırdım. Və məni inandırmışdılar buna. Təzə-təzə televiziyaya çıxanda görürdüm ki, ay Allah, mən nə gündəyəm. Çünki işıq problemi də var idi. İndi o köhnə kadrlara baxanda deyirəm ki, mən böyümüşəm.

Gərək inan qəlbini şeytana satmasın. İnsan danışdıqca bilinir ki, kimdir.

Mənim indiki ağlım olsaydı, oğluma Cahad adını qoymazdım. Uşaq ağlı vardı o vaxt məndə. Dəyişkənlik dönəmi idi, mən də bunu bir vasitə kimi qəbul elədim. Mübarizə vasitəsi. İndi uşaq deyir ki, ay ana, bu nə addır qoymusunuz mənə, hamı qəribə baxır. Əslində mübarizə deyə tərcümə etməmişdilər mənə Cahad sözünü”.

Sənətçi indiyə kimi heç kimə haqsızlıq etmədiyini deyib: “Hələ olmayıb ki, kiməsə haqsızlıq edim, sonra əzabını çəkim. Çünki uşaq vaxtından adət etmişəm ki, səhv bir şey edərəm, Allah görər. Səhv başqa şeydir, günah başqa, haqsızlıq başqa. Səhvi hər gün, hər addımda edirik, görürük. Səhv əslində insanın özünün özünə qarşı olan haqsızlığıdır. Məsələn, bilirsən ki, qarşındakı insanın itirəcəyindən qorxduğu heç nə yoxdur. Ona inanırsan. Bu da haqsızlıqdır. Mənə bir vaxt var idi ki, deyirdilər ki, Ənvəri çıxardın ortalığa. Sakitcə oturmuşdu Səbinə İlyasovanın ansamblında arxada. Sonra populyar oldu, səni qoydu getdi. O məni qoyub getməyib. Mən ona demişəm ki, Ənvər, sən Abbasa lazımsan. O səndən istifadə edib çıxacaq. Qazanacağınız da artıq olacaq. O mənə bəzən zəng edib deyirdi ki, onu qınayırlar. Deyirdi nə vaxt istəyirsən, sənin yanında olum. Mən deyirəm ki, nə qədər cavansan, get qazan. Çünki barmaqlar elə şeydir ki, bir müddətdən sonra yaşlanıb adamın sözünə qulaq asmır. Məsələn, tutalım mən toya çıxıram, oradan mən sənə 300-500 verə bilərəm. Amma məsələn Abbas 5 min qazanacaqsa, onun yarısını qazana biləcəksən. Məsələn, mənə lazım deyil ki, qarmon çalana 5000 manat pul verim. Çünki mən Brilyantam və adıma, özümə görə qazanacağam. Amma bu məbləği verə biləcək adamlar var. Ənvər yaxşı musiqiçidir. Mən pis olurdum ki, o, bacarığıma uyğun yaşamır. Gözəl çalmasına baxmayaraq çox pul qazana bilmirdi, maşın, ev ala bilmirdi. Mən özüm pis olurdum. O yaxşı musiqiçisidir. Onun arxamda olmaması ilə özümə pislik edirdim. Amma bu Ənvərə yaxşılıq idi”.

Sənətçi toyların mədəniyyət ocağı olduğunu düşünür: “Toylarımız mədəniyyət ocağıdır. Bizim mədəniyyətimiz, tərbiyəmiz ailə mədəniyyəti üzərində qurulub. Konsertə gələn hər kəs ola bilər. Amma toy seçmə adamlarımız üçündür. Toyu kiçiltmək düzgün deyil. Bu, mədəniyyətsizlik olardı. Mən Kobzonla, Tatlısəslə, Ajda Pekkanla, Alla Puqaçova ilə toyda olmuşam. İndi durub deyək ki, onlar toy müğənnisidirlər. Mən özümü sou-biznesdə hiss etmirəm. Şou göstərsəydim, akrobatika göstərərdim. Rəqs etməyi xoşlayıram, amma onu da kimdənsə öyrənməmişəm. Musiqi insanın həyat tərzidir. Çox konsert-konsert deyirlər. Mən 15 günə elədim o konserti. Sonra mənə Mədəniyyət Nazirliyindən deyirlər ki, xəbərin varmı, biletlərin əldə 500 manata satılıb. 15 günə konsert verdim. Xalq on beş günə göstərdi ki, məni sevir. Mənə cəmi 24 bilet vermişdilər. Onları da bilet almağa imkanı olmayanlara payladım”.

Sənətçi vərdişləri barədə də danışıb: “İdman etməyəndə özümü pis hiss edirəm. Bağda moruğumuz var. Evdə heç kim onu yığmaq istəməyəndə mən gedib yığıb gətirib hazırlayıram. Mən iş sevənəm. Kollardan pomidoru, filanı da yığıram. Beləliklə həm də idman eləmiş oluram. Həm də bədənim möhkəmlənir, qaralır. Sonra da təkrar idman edirəm. Səsimin formada qalması üçün məşq edirəm. Pianino çalıram. Təbii ki, sevdiyim dostlarım çağıranda gedib, mən də kabab yeməyi xoşlayıram. Çox tez kökəlirəm. Çünki qurmanam. Son vaxtlar “Facebook”da da çox vaxt keçirirəm. Məncə Qadın 30 yaşdan sonra gözəl olmalıdır. Ədasına, oturuşuna fikir verməlidir. Özünü kənardan görməyi bacarmalıdır. Davranışına diqqətli olmalıdır. Evinə, ailəsinə bağlı olmalıdır”.

“Mənə baxmaq olar toxunmaq olmaz” deyən Brilyan Dadaşova hesab edir ki, bir insanı məhv eləmək üçün onun mədəniyyətini əlindən almaq kifayətdir: “Mədəniyyət insan üçün ən vacib keyfiyyətdir. Bizim mədəniyyətimiz bərbad vəziyyətdə deyil. Bizim Nizamimiz, Füzulimiz, Fikrət Əmirovumuz var. Biz onu lazım olsa Şekspirlə də müqayisə edərik. Hətta daha böyük dəyərləndirmək olar. Kişilər ağıllı olmalıdır. Elə qadınlar da. Ona görə dedim ki, insanları cinsə bölmürəm. Əsas odur ki, adamı Allah sevsin və sevdiyinə də ağıl versin. Bir misal var, deyirlər ki, ağıllı insan neynər ata malını! Ağılsız insan neynər ata malını? Yəni birinin ağlı yoxdur, ona mal lazım deyil. İkinci isə ağıllıdır, özü qazanacaq deyə ona ata malı lazım deyil. Kişinin pulu olması yaxşı şeydir. Amma bu da bir az bəxt işidir. Elə adamlar var ki, səhərdən-axşama işləyir, çalışır, pulu yoxdur. Amma adam da var ki, baxırsan bir qəpiklik deyil, amma pulu var”.

# 3714 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #