Səməd Vurğunun KQB-yə verdiyi gənclər - ARAŞDIRMA

Səməd Vurğunun KQB-yə verdiyi gənclər - <span style="color:red;">ARAŞDIRMA
8 dekabr 2014
# 09:00

1944-cü il mayın 10-da Azərbaycan Yazıçılar İttifaqının plenumunda Səməd Vurğun müasir Azərbaycan ədəbiyyatının səviyyəsinin aşağı olmasından narazılıqla dolu məruzə ilə çıxış edir və həmin plenumda Səməd Vurğun Azərbaycan Yazıçılar İttifaqı sədrliyindən kənar uzaqlaşdırılır...

Azərbaycanda antisovet meyllərin gücləndiyi bir dövrdə 8 gənc öz aralarında razılaşaraq, gizli fəaliyyət göstərən antisovet təşkilatın adından Səməd Vurğuna aşağıdakı məzmunda məktub yazırlar:

“Hörmətli Səməd Vurğun! Bu məktub sizə Azərbaycanın azadlıq və istiqlaliyyətini, sərbəst inkişafını düşünən, arzulayan və öz həyatını bu yolda qurban verməyə hazır olan gənclərin adından yazılır.

Hörmətli Səməd, bu məktubu yazan bizlər – zəncirlənmiş Azərbaycan xalqının vətənpərvər gəncləri çox şadıq ki, bizim bu cür ağır şəraitdə olsa belə, böyük sənətkar şairimiz vardır. Biz sizinlə, sizin sənətiniz və tutduğunuz müqəddəs amalla fəxr edirik.

Bu sonsuz fəxr ilə yanaşı, bizim həm də böyük kədərimiz, həyəcanımız, təşvişimiz vardır: bütün dünya ədəbiyyatında özünə mühüm yerlərdən birini tuta biləcək Azərbaycan dahilərinin, yüksək sənət ustalarımızın əlimizdən alındığı yadımıza düşərkən biz həyəcanlanır və qorxuruq ki, sənətə və ədəbiyyata mane olan, onun çiçəklənməsinin qarşısına sədd çəkən indiki həyasız qanunlar sizin də qaynar istedadınızı çərçivə içərisinə ala bilər.

Biz qızıl qəfəs içində süni mahnılar oxuyan bülbülü yox, gözəl bahar bağında əlvan çiçəklər içində incə, zərif rübailər tərənnüm edən bülbülü dinləmək istəyirik.

Hörmətli Səməd, nə üçün vaxtilə bütün dünyada dahi şairləri ilə tanınmış Azərbaycan indi, sovet cümhuriyyəti qurulduğu bir dövrdə 60 üzvü olan bir yazıçılar ittifaqına malik olsun? Nə üçün öz Vətənində əsarət və ehtiyac içərisində yaşayan azərbaycanlı öz milli hüquqlarından istifadə etməsin? Buna səbəb azərbaycanlıların özləridirmi?

Əcnəbi balaların təhsil almağa hər cür imkanları olduğu halda, böyük zəkaya, zehnə malik azərbaycanlı uşaqların səhərdən axşama kimi bir parça çörək üçün avara qalmalarına səbəb nədir?

Azərbaycanın institutlarında tədris edilən elmi kitabların dilimizə tərcümə edilməməsinə səbəb nədir?

Azərbaycanlıları daim ruslardan asılı etməkdirmi?

Cəbhədə ruslarla birlikdə çarpışan azərbaycanlıların milli dövlət dilinə malik olmamasına səbəb nədir?

Ədəbiyyatımızın süniləşdirilməsinə və çərçivə içərisinə alınmasına səbəb nədir?

Bunlar bizi daim düşündürən məsələlərin cüzi bir hissəsidir!

Əziz Səməd! Biz Sizə edəcəyimiz mübarizənin məqsəd və yollarının hamısını şərh etmək fikrində deyilik. Lakin sizə çatdırmaq istəyirik ki, qolları bağlı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda son ana qədər mübarizə edəcəyimizə and içmişik. Bizim sayımız sonsuzdur: bir sıra qab dibi yalayanlardan başqa hamı bizimlədir!

Hörmətli dramaturqumuz Cəfər Cabbarlının aşağıdakı misraları isə bu gün bizim şüarımızdır:

Döndər günəşin atəşə,

saç qərbə, şimala.

Topla nə gücün varsa,

giriş qəti cidalə.

Ya haqqını al, ya əbədi ol

laməhalə.

Qoy gülləri ya qan

sulasın, yaxud ədalət,

Qoy ya bəşəriyyət yaşasın,

yaxud əsarət.

Bizim bu məktubu yazmağımıza əsas səbəb sizin son çıxışınız oldu. Həmin çıxışınız bizə Namiq Kamalın bu sözlərini xatırlatdı: “Ədəbiyyatsız bir xalq dilsiz insana bənzər”. Dil kəsənlər isə cəlladlardır.

Siz heç bir şeydən çəkinməyin. Bütün xalq sizinlədir! Biz gənclər isə siz ziyalılardan dərs almaq istərdik. Əfsus ki, sizinlə danışmağa ümumi “dilimiz” yoxdur.

Hörmətli Səməd! Əgər siz, heç olmazsa, bizim bu fikirlərimizin biri ilə razılaşırsınızsa, o zaman bunu bizə bildirmək məqsədilə Azərbaycan şərəfinə “Vətən ulduzları” adlı bir şer yazın. Biz yalnız o zaman fəxr ilə əmin ola bilərik ki, müasir şerimizin atası bizim səsimizə səs verdi. 11 may 1944-cü il.

Dönməzlər”.

Bu imzasız məktub hansı yollarlasa dörd il beş aydan sonra Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının əlinə düşür. Məktub Səməd Vurğunun əlinə çatmışdımı? Bunu bilmirik. Amma məktubun DTK əməkdaşlarının əlinə düşməsinin iki ağlabatan variantı var, ya Səməd Vurğun nəzarətdə saxlanılırdı, ya da şair partiyaya sədaqətini sübut etmək üçün məktubu şəxsən DTK-ya təqdim etmişdi. Dövrün şərtlərini nəzərə alsaq hər iki variant inandırıcı görünür.

Amma yazıçı Şərif Ağayar bu faktla bağlı maraqlı bir məqamı vurğulayır: “Təşkilat üzvlərindən biri olan xalq şairi Gülhüseyn Hüseynoğlu şəxsən mənimlə olan söhbətində dedi ki, Səməd Vurğun onların agent olmasından qorxaraq KQB-yə məlumat vermişdi. Yəni düşünmüşdü ki, şairi yoxlamaq üçün bu gənclər öyrədilərək onun yanına göndərilib. Buna görə Gülhüseyn müəllim ondan incimədiyini söyləyirdi. Deyirdi ki, xüsusilə yaşlanandan sonra Səməd Vurğunu çox yaxşı başa düşdüm”.

“İldırım”ın andı: xalqın tam istiqlaliyyəti uğrunda mübarizə!

1948-ci il sentyabrın 22-də DTK beşinci şöbəsinin dördüncü bölməsinin rəisi, mayor İsmayılov qərar çıxarır:

“1944-cü ilin mayında Azərbaycan Yazıçılar İttifaqının sədri şair Səməd Vurğunun adına açıq antisovet məzmunlu məktub gəlmişdir. Həmin məktubun müəllifi partiya və hökumətin milli siyasətinə əksinqilabi böhtan ataraq, Səməd Vurğunu Sovet hökumətilə mütəşəkkil mübarizəyə girişən “həmfikirlərə” qoşulmağa çağırırdı. 1945-ci ilin yanvarında ekspertlər müəyyən etmişlər ki, həmin məktubun müəllifi APİ-nin aspirantı İsmixan Məmməd oğlu Rəhimovdur. Azərbaycan SSR DTK-də olan materiallar izah edir ki, Rəhimov İsmixan praktiki antisovet fəaliyyəti ilə məşğul olurmuş.

Bundan sonra Rəhimovun azad gəzməsini ictimaiyyətə təhlükəli hesab edərək, qərara alıram: İ.M.Rəhimov həbs edilsin”.

1948-ci il sentyabrın 27 və 28-i ikinci dəfə dindirilən İsmixan Rəhimov istintaqa aşağıdakıları bildirir:

“Mən həmişə dövlətimiz, partiyamız tərəfindən qayğı görmüşəm. Odur ki, mənim şüurumda heç bir yaramaz fikirlər doğa bilməzdi. Bir dəfə mənə ADU-nun filologiya fakültəsində oxuyan Elman Əliyev Azərbaycanın əsl demokratik qanunları olmadığı üçün əsl Demokratik Kommunist Partiyasının yaradılmasını təklif etdi ki, bu da gələcəkdə bütün Şərqi bürüyəsi idi. Elman öldü və fikir də yox olub getdi. 1944-cü ildə ADU-nun filologiya fakültəsində, mənimlə oxumuş Gülhüseyn Abdullayev (Gülhüseyn Hüseynoğlu-red.) bir təşkilat düzəltməyi təklif etdi. Bu da elə bir təşkilat olmalıydı ki, Azərbaycanın tam müstəqil bir respublika olması haqqında çalışsın. Baxmayaraq ki bizim indiki Azərbaycan Sovet Respublikasının Konstitusiyasında azəri dilinin dövlət dili olduğu qeyd olunmuşdur, əsl həqiqətdə bütün idarələrdə rəsmi dil rus dilidir, burada dövlət aparatında işləyənlərin əksəriyyəti ruslar olur. Odur ki, çoxlu azərbaycanlı kadrlar yetişə bilmir. Biz elə bir Azərbaycan kommunist respublikası nəzərdə tuturduq ki, orada bu kəsir olmasın, bütün idarələr azərbaycanca işləsin, vəsiqələr, arayışlar belə azərbaycanca verilsin. Bütün dünya mədəniyyətinin ən yaxşı nailiyyətlərinə öz ana dilimizdə nail olmaq istəyirdik. Biz bunlara nail olacaq bir respublika düzəlməsini nəzərdə tuturduq. Bu təşkilata sonra Hacı Zeynalov, Aydın Vahidov, Kamal Əliyev, Musa Abdullayev də üzv oldu”.

Üçüncü dindirmədə də İsmixan Rəhimov antisovet fəaliyyətini etiraf etməsə də, Səməd Vurğuna yazılan məktubu Gülhüseyn Abdullayevlə birlikdə, onun evində yazdığını etiraf edir. Və demokratik sovet Azərbaycanı qurmaq istəyən təşkilat üzvlərinin adını açıqlayır. Sonrakı istintaq materiallarına nəzər salanda məlum olur ki, “İldırım” adlandırılan antisovet təşkilatının sədri İsmixan Rəhimov olsa da, lideri və ideya müəllifi Gülhüseyn Abdullayev olub. İsmixan Rəhimovun səkkizinci və doqquzuncu dindirməsində təşkilatın andı haqqında geniş məlumat var.

Səməd Vurğuna məlum məktubu göndərən gənclər, həm də mübarizə üçün and içir:

“Duz-çörəyə and içirəm ki, Anamın qanına, ana torpağa and içirəm ki, xalqımın tam istiqlaliyyəti uğrunda mübarizədə öz yoldaşlarıma ömrümün sonunadək sadiq qalacağam. Əgər mən bu andı pozsam, onda öz cəzamı almalıyam”.

Dissident şairin planları: gizli əlifba, adsız sənədlərin nəşri üçün mətbəə

1948-ci il oktyabr ayının 21-də ADU-nun aspirantı Abdullayev Gülhüseyn Hüseyn oğlunun həbs olunması haqqında (Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələrilə ittiham olunurdu) qərar qəbul edilir və o, oktyabrın 23-də 339 nömrəli order əsasında həbs olunur.

İlk dindirmələrdə ifadə verməsə də, üçüncü dindirmədə Gülhüseyn Abdullayevin iradəsini qırırlar və o ifadə verməyə razılaşır:

“Mən qərara gəldim ki, müqaviməti atıb bütün məsələ haqqında doğru ifadə verim. 1944-cü ilin yazında Rəhimov İsmixan mənə antisovet-millətçi qrup yaratmağı təklif etdi. Bu qrupa antisovet millətçi ruhlu ali məktəb tələbələri daxil olmalı idilər. Mən buna razılıq verdim”.

Növbəti dindirmələrdə Abdullayev Gülhüseyn daha incə detalları və təşkilatın fəaliyyətinin gizlinlərini açıqlayır:

1948-ci il noyabrın 23-də keçirilən dindirmədə o göstərdi ki, təşkilatın sədri Rəhimov İsmixan və katibi Vahidov Aydın olub. Təşkilat gizli şifrli əlifba düzəltmək istəyirdi və adsız sənədlərin nəşri üçün mətbəə axtarırdı.

Ümumiyyətlə istintaq materiallarından və ifadələrdən məlum olur ki, İsmixan Rəhimov və şair Gülhüseyn Hüseynoğlu təşkilatın işində daha fəal olub. Aydın məsələdir ki, təşkilatın Səməd Vurğuna məktub yazması da onun ideyasıdır...

Cəza və bəraət

1949-cu il martın 22-də keçirilən son iclasda prokuror Ramazanov gənclərə iş istəyir: “Müqəssirlərə isnad edilən cinayəti kafi dərəcədə sübuta yetirilmiş hesab edirəm. Ona görə xahiş edirəm onları müqəssir bilib, Rəhimov İsmixanı – 25 il, Abdullayev Gülhüseyni – 25 il, Zeynalov Hacını – 25 il, Əliyev Kamalı – 10 il, Vahidov Aydını – 10 il, Ələsgərov Azəri – 10 il və Abdullayev Musanı – 10 il müddətinə azadlıqdan məhrum etməklə, hər birinin 5 il seçki hüquqlarını alasınız və əmlaklarını 100 faiz müsadirə edəsiniz. Rzayev Kamili – 8 il müddətinə azadlıqdan və 3 il müddətinə seçki hüququndan məhrum etməklə əmlakını 100 faiz müsadirə etməklə cəzalandırılmalarını tələb edirəm”.

1949-cu il 21 fevral tarixli qərarla “İldırımçıların” SSRİ DİN xüsusi dustaq düşərgələrinin birinə göndərilməsinə qərar verilir və məhkumlar “ictimaiyyət üçün təhlükəli şəxslər” hesab edilir. Üç nəfər 25 illik sürgünə göndərilir, qalan beş nəfər isə 10 illik həbsə məhkum olunur. Beləliklə, məhkumlar ən uzaq və sərt iqlimli dustaq düşərgələrində öz günlərini saymağa başladılar.

1953-cü il martın 27-də SSRİ Ali Sovetinin “Amnistiya haqqında” fərmanı dərc olundu. 1955-ci ilin əvvəlində məhkumların qohumları yuxarı təşkilatlara göndərdikləri şikayətlərdə yazırdılar ki, onların məhkum olunan qohumlarının heç bir təqsiri yoxdur və onların məhkum edilmələri respublikanın ifşa olunan keçmiş rəhbərlərinin fitnəsi idi. Buna görə məhkumların əfv olunmasını xahiş edirlər.

1956-cı il iyulun 22-də SSRİ Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyası Rəhimov İsmixanın, Abdullayev Gülhüseynin, Zeynalov Hacının, Vahidov Aydının, Ələsgərov Azərin, Abdullayev Musanın, Əliyev Kamalın və Rzayev Kamilin işlərində cinayət tərkibi olmadığı üçün Azərbaycan SSR Ali Məhkəməsinin 1949-cu il 21-22 mart tarixli hökmünü və həmin Ali Məhkəmənin 1955-ci il 9 aprel tarixli qərarını da ləğv etdi və onlar haqqında cinayət işi xətm olundu.

1956-cı ilin iyul və avqust aylarında “İldırım” adlı “antisovet millətçi gənclər təşkilatının üzvləri” bütün hüquqlarının bərpa edilməsi haqqında arayış alırlar.

# 1656 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #