Beyləqan... Şəhərinin mərkəzindən 5 kilometr məsafədə yerləşən Həzrəti Cərciz peyğəmbərin ziyarətgahı... İnsanlar peyğəmbərin nəvəsi, İmam Hüseynin şəhidlik zirvəsinə qalxmasının növbəti il dönümünə hazırlaşır. Günəşli Aşura səhəri iki-iki, üç-üç piyada, avtomobillə ziyarətgaha axın başlayır.
Möhkəm polis nəzarətindəki ziyarətgaha ayaq basar-basmaz təzə-təzə alovlanan samovarlardan qalxan tüstü böyük çinar ağaclarının arasında xırda-xırda buludlar yaratmağa başlamışdı. Bu ziyarətgaha nəinki Beyləqan və onun kəndlərindən, yaxın Ağcabədi, İmişli, habelə Gəncə, Lənkəran və Astaradan gələnlər də az deyildi. Bakının Maştağa kəndindən təşrif buyuran 30-a yaxın insan ehsanlarını elə səhərin ilk saatlarında paylamağa tələsirdi. Çardaqların və ağacların altında düzülmüş masaların üzərini müxtəlif növ şirniyyatlar bəzəyirdi. Artıq uzun müddətdir ki, burda ehsan verən Ələsgər özü şəxsən odun doğrayır, çay paylayır, stəkanları yuyur.
İnsan seli, ağsaqqalı, ağbirçəyi, cavanı, uşağı, sürünəni, dizin-dizin yeriyəni yolunu birinci olaraq Cərciz peyğəmbərin dəfn olunduğu məqbərədən salırdı.
“Ay xanım, ayaqqabını çıxart”, “Ay bacı, içəri sumkayla keçmək olmaz” sözləri qələbəlikdə qulaq deşirdi. Nəzarətçi Mustafanın “Bir dəfə hərlənməyiniz bəsdir!” xitabına isə məhəl qoyan yox idi: “Adi günlərdə 3-4 dəfə hərlənməklərinə bir söz demirik. Amma bu gün basırıqdı”.
Torpaqlarımızın dinc şəraitdə işğaldan azad olunmasını diləyən ağsaqqal insanların məqbərə ətrafında dolanmasının “sirri”ni açmağa çalışırdı: “Sovet vaxtı ciddi nəzarət var idi. Ziyarətgaha gələnlər elə çöldən fırlanıb çıxıb gedirdi. Mən özüm uşaq vaxtı buranın həyətində o qədər gavalı yemişəm ki... Nənəm danlayırdı ki, a bala oğurluq eləməyin. Biz isə məhəl qoymurduq. Uşaq idik də, başa düşmürdük”.
Memar Həsən Təbrizinin 1902-1907-ci illərdə inşa etdiyi məqbərənin qırmızı kərpicləri üzərində yazılmış dualar, fikirlər də diqqətimizdən yayınmadı. “Xahiş olunur divarı yazmayın” xəbərdarlığı və müşahidə kameraları da “rəssamlar”a təsir gücündə deyilmiş. Nəzarətçi Qeysərin dediyinə görə, daha çox “Son zəng” günü bu cür “əl işləri” yaranır: “Divarda gördüyünüz bu sözləri ən çox cavanlar yazır”.
Qeysərin bu fikrinə Mustafa etiraz edir: “Elə böyüklər də yazır. Qardaş, “Allah mənə kömək ol”u bura niyə yazırsan axı? Dilin yoxdu? Allah dil verib də sənə, dilinlə istəyə bilməzsən? Yazırlar, sonra benzinlə, paraşokla da silmək olmur. Kərpic xarab olur”.
Mustafadan qola bağlamaq üçün qara ip də istəyənlər tapılır. Ancaq Mustafa bu qaydanın 6 aydan çoxdur ki, ziyarətgahda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadənin göstərişi ilə yığışdırıldığını deyir: “Bunların hamısı xurafatdır”.
“Gözlərimə şəfa” deyən qadınının dərdinə dərman kimi örpək arzusunu da gözündə qoymur Mustafa: “Xanım, örpək istədi, verdim”.
Adını açıqlamayan başqa nəzarətçi isə insanların kütləvi şəkildə Cərciz peyğəmbərin məzarını ziyarət etməsindən narahatdır. Narahatlığının əsası da var: “Axı bu gün Aşuradır... Cərciz peyğəmbəri adi günlərdə də ziyarət etmək olar”.
Məqbərənin içərisinə çantalarla daxil olanlara da mümkün qədər mane olmağa çalışırlar. Səbəb radikal dini qrupların təxribatından qorunmaqdır: “Sağ olsun, icra hakimiyyəti, polis rəisi, polislərimizi asayişi qoruyurlar”.
Məqbərənin girişində sıxlıq müşahidə olunur. Dar qapıdan girmək istəyənlərlə ziyarətlərini bitirənlər özlərindən asılı olmadan toqquşurlar.
Ortayaşlı bir kişi peyğəmbərin qəbrinin ətrafında təvaf edəndən sonra tez bir guşəyə sığınıb bardaş qurur. Balaca əllərini yuxarı qaldırıb müqəddəs bir dua kimi bu sözləri dəfələrlə təkrar edir: “Allah, özün mənə iki oğlan yetirdin. Xoşbəxtəm ay allah. Bir də suyumu-çörəyimi yetir, ay Allah, ruzimi özümə yetir”.
“Ruzimi özümə yetir, suyumu-çörəyimi yetir” deyən bu balaca əlli, çöldə bayırda işləməkdən üz-gözü qarsaq bağlamış adamın arzularını kaş allah yerinə yetirə deyirik.
Xalq inancına görə niyyət edib məqbərənin ortasından asılmış zəncirə şal atırsan. Niyyətin yerinə yetəcəksə şalın zəncirin ucundakı qarmağa ilişəcək, ilişməsə niyyətin yerinə yetməyəcək. Ziyarətgahda çalışan din adamları məqbərənin günbəzindən zəncir məsələsinə də aydınlıq gətirdilər. Əslində məqbərənin memarı bunu şamdan asmaq üçün asıbmış. Din adamları nə qədər izah etsələr də ziyarətçilər inanclarından əl çəkmirlər.
Məqbərəni tərk edərkən təsadüfən fotosunu çəkdiyimiz uşağın atası həyəcanla bizə yaxınlaşır: “Qardaş, şəkilləri hardan götürə bilərəm?” Biz ona fotonu saytdan rahatca götürə biləcəyini deyirik. Ancaq ikinci xahişini yerinə yetirik. Bu dəfə oğlunu onunla birlikdə bayrağın altında fotokameranın yaddaşına köçürürük.
Ziyarətgahın həyətində foto atelye də fəaliyyət göstərir. Ziyarətə gələnlərin kompleksin istənilən nöqtəsində fotoları çəkilir.
Saat 10 tamamı göstərir. Məscidin qarşısındakı meydanı xeyli insan dövrələyib. Məscidin pilləkənlərində dayanmış mərsiyəxanlar mərsiyə söyləyir. Səsgücləndiricilərdən yayılan mərsiyələr ərəb-fars sözləri ilə zəngin olsa da həm mətn, həm də həzin musiqi insanları kədərləndirir. Sanki bu mənzərə insanları bir anlıq o günlərə, Kərbəlaya qaytarır. Mərsiyələrin təkcə dilənçilərə təsiri yoxdu. Çünki onların öz mətnləri, öz mahnıları var. Hər bir ziyarətgahda olduğu kimi burda da dilənçilər çoxdu.
Meydanın ortasında ələm, Qasım otağı quraşdırılıb. Kişili-qadınlı, cavanlı-qocalı, qızlı-oğlanlı camaat “otağ”ın ətrafında dövrə vurur, “otağ”ın üstünə xalat atır, ələm bağlayırlar. “Otağ”ın yanlarında dəliklər var, burdan nəzir atılır. Qasım imam Hüseynin qardaşı oğlu olub. Kərbəla hadisəsi baş verdiyi gün imam qardaşı imam Həsənin vəsiyyətini yerinə yetirərək onu qızı ilə evləndirir. Lakin Qasım gərdəyə girmədən döyüşə gedib şəhid olur. Bu otaq da həmin hadisəni simvolizə edir. İnsanların xalat bağlamaları da təzə bəyə xələt bağlamaq anlamına gəlir.
Mərasimin sonunda “Qasım otağı”nı qaldırıb gəzdirirlər, insanlar onun altından keçir.
Beyləqandakı Aşura mərasiminə Bakıdan, Qafqaz Müsəlmanları Ruhani İdarəsindən Hacı Fuad da qonaq gəlib. İnsanların qarşısında çıxış edən Hacı Fuad bu günün fəzilətindən danışır, imam Hüseyn və oğlu Əğsərin, qardaşı Əbülfəzin öldürülməsi hadisələrini bədii şəkildə nəql edərək onların şəhadətlərini qardaş-qardaş, ata-oğul sevgilərinə nümunə göstərir.
İnsanların axını isə durmadan artırdı. Artıq məscidin ətrafına insan selindən çəpər çəkilmişdi. Qadınlar, uşaqlar, kişilər hamı meydanın mərkəzinə doğru sıxlaşırlar. Nəzarətçilər insanlardan meydanı boşaltmağı xahiş etsələr də onları eşidən yoxdu.
Budur, sinəzənlər gəlir. Qara geyimli bir dəstə cavan oğlan meydanın ortasında səf qururlar. Başlarına “imam Hüseyn” yazılı sarğılar bağlanıb. Mərsiyənin ritmindən asılı olaraq gah tez-tez, gah da asta-asta sinə vursalar da bunu xüsusi şövqlə edirlər. Əzadarlardan kimsə üç yaşlı oğlan uşağının alnına da eyni sarğıdan dolayıb. Körpənin şəklini çəkirik, ana qayğısı, ata qayğısından başqa dünyada hər şeydən xəbərsiz olan uşaq isə nə fotoaparatımıza fikir verir, nə də sinə vuranlara.
Marat sinə vuran dəstənin rəhbəridir. Yoldaşları taktdan çıxanda, düzgün sinə vurmayanda öz ritmləri ilə onlara yol göstərir, rəhbərlik edir: “Biz məhərrəmlikdən hardasa on gün qabaq yığışıb mərsiyələr oxuyur, məşq edirik. Heç vaxt zəncir vurmamışam. Sinə vurmaq isə həm Müaviyənin, Yezidin zülmünə etirazdır. Həm də imamın şəhadətinə ehtiramdır”. Bunları Marat deyir, o artıq neçə illərdir ki, ibadət edir, hər il Aşurada sinə vurur.
Mərasimin ümumi ahənginin əksinə etiraz edən də tapıldı. Yerli sakinlərdən biri jurnalist olduğumuzu bilib bizə yaxınlaşdı: “Mən sual vermək istəyirəm. Soruşun, görək bax bu “Qasım otağı”na atılan nəzir, qutulara atılan nəzirlər, peyğəmbərin qəbrinə atılan nəzirlər, yığılan, qənd çay, un hara gedir? Öz ciblərinə, yoxsa evsiz-eşiksizlərə xərcləyirlər?”
Biz də dini icmanın rəhbəri Axund Hacı Mir Səccaddan bu barədə soruşuruq. Axund bildirdi ki, yığılan nəzirlər ziyarətgahın ərazisinin abadlaşdırılmasına sərf olunur: “Bundan başqa burada 40 nəfərə yaxın işçi çalışır. Onlara maaşlar ödənilir. Nəzirlərin bir hissəsi isə rayon ərazisində yaşayan imkansızlara, müharibə veteranlarına verilir. Yığılan qənd, çay, un da və sair məhsullar da mütəmadi olaraq yaxın kənd sakinlərinə paylanılır”.