“Yarımçıq xatirələr” nəyə görə yaxşı alınıb?

“Yarımçıq xatirələr” nəyə görə yaxşı alınıb?
22 may 2017
# 12:53

Şənbə-bazar məşğuliyyətlərimdən biri də filmə baxmaqdır.

Bu dəfə özümüzdən bir film seçdim. Adətən bizim filmlərə az baxıram. Çünki işin mətbəxindən halıyam deyə ciddi heç nə gözləmirəm. Bizdə film o vaxt uğurlu alına bilər ki, filmə ayrılan pulu yemək istəyən adamların arzu və istəkləri ilə, yaxşı film çəkmək ideyası üst-üstə düşsün. Bu da nadir hallarda olur. Elə ona görə, nadir hallarda yaxşı film çəkə bilirik.

Sənət elə əclaf şeydir ki, öz üzərində başqa bir arzu və istək qəbul eləmir. İllah da pul-para dağıtmaq istəyi ola...

Adamı küsdürürlər. Hətta iyrəndirilər. Hər şeydən. Yazıdan-pozudan, filmdən-teatrdan... Ölkənin ən tanınmış yazıçısı 80 yaşında durub deyir ki, ədəbiyyat hakimiyyətə qulluq eləməlidirmi, ya yox, çox çətin sualdır. Sən də qalırsan qırıla-qırıla. Adamlara başa sala bilmirsən ki, bu qafada olan adamdan yazıçı, düşünür, yenilikçi olmaz. Bu feodal qafasıdır. Bu heç hakimiyyətin özünə də sərf etməyən, oxuyan və eşidənlərdə yalnız ikrah hissi doğuran müddəti keçmiş yaltaqlıqdır.

Amma ümidini üzmürsən. Necə deyirlər? Ümid yoxsulun əkməyidir.

Və elə bu ümidlə də yenə oxuyursan, yenə baxırsan, yenə axtarırsan. Haqq üzülmür axı. Vəziyyət nə qədər çətin olur-olsun həqiqət son işartısınacan sönmür. O son işartıdan da mütərəqqi hadisələr, dəyərli yaradıcılıq nümunələri yaranır.

Image result for elxan cəfərov

Elxan Cəfərovun “Yarımıq xatirələr” filmi məni sevindirdi. Ən azı normal film kimi qəbul edib axıracan baxmaq mümkündür. Zamanın konyuktura maşını bir neçə yerdə tozanaq qaldırsa da filmin ümumi ruhunu öldürməyib. Yaradıcılıq və yeni yanaşma tərzi ağır basır.

Dövlət sifarişi ilə film çəkməyin məşəqqətli şərtləri altında “Yarımçıq xatirələr”i ərsəyə gətirmək hardasa inanılmaz işdir.

Filmin ssenari müəllifi Yavər Rzayevdir. Kino həvəskarları onu məşhur “Sarı gəlin” filmindən tanıyırlar. “Sarı gəlin” müharibəyə sənətkar baxışına görə diqqəti cəlb edir və başqa filmlərimizdən seçilir. Eyni yanaşma “Yarımçıq xatirələr”də də var.

Baxanda inanmırsan ki, Azərbaycan filminə baxırsan. Döyüş səhnələri dünya üçün olmasa da, bizim üçün orijinal, inandırıcıdır. Rejissor ilk dəfə bu ustalığını yazıçı Aqil Abbasın ssenarisinə çəkdiyi “Dolu” filmində göstərmişdi.

Aktyor heyətinin - Mixail Kaminskiyin, Gülzar Qurbanovanın və Şamil Süleymanovun işi də yüksək səviyyədədir.

Söhbət nədən gedir...

Qarabağda ermənilər tərəfdən döyüşən rus komandir onlara müqavimət göstərərək qəhrəmancasına şəhid olan azərbaycanlının Böyük Vətən Müharibəsi veteranı olduğunu öyrənir və onun gündəliyini tapır. Gündəliyi oxuyanda veteranın, babası ilə müharibə yoldaşı olduğunu görür. Sarsılır. Çalışır ki, onun meyitini Azərbaycan tərəfə qaytarsın. Ermənilər razılaşmır. Rus komandir ləyaqətli bir savaşa başlayır. Axırda istəyini reallaşdırır, ancaq bu istəyinin qurbanı olur.

Bəli, rejissor müharibəyə insan kontekstindən baxır. Filimin ən böyük dəyəri də budur.

Filmi dəyərli edən, indiyə qədər çəkilən ekran əsərlərindən fərqləndirən keyfiyyətlərdən biri də rus komandirin gündəliyi oxuduqca xəyalında canlanan 1941-45 müharibəsidir. Bu, sadəcə yaddaşa qayıdış xarakterli deyil, paralel süjet xarakterlidir və tamaşaçı eyni anda iki film, iki hadisə izləyir.

Yadıma xalqa yazıçısı Sabir Əhmədlinin əsərlərinin birində istifadə etdiyi oxşar detal düşür. İşğalçılar Azərbaycan kəndinə daxil olurlar, bir müddət sonra kənd geri alınır. Orda hər şeyi dağıdıblar, ancaq Böyük Vətən Müharibəsi abidəsinə dəyməyiblər. Yazıçı demək istəyir: “Axı biz bir zamanlar dünyanı taun kimi bürüyn faşizmə qarşı çiyin-çiyinə vuruşurduq, bir-birimizə qardaş, dost deyirdik, indi nə olub belə? Niyə çevrilib düşmən olmuşuq?”

Elxan Cəfərov da filmi ilə belə bir bədii sual verir və bütün dəyərli sənət adamları kimi müharibəyə qarşı çıxır.

Passifist ruh kadrarxası səslə açıq mətn şəklində çatdırılıb filmin bədii siqlətini azaltsa da haqlı qənaətdir.

Bizim yazıçılar da, rejissorlar da, dramaturqlar da bəzən bir məsələdə ifrata varmaqla sənətə uduzurlar. Onlara elə gəlir ki, ermənini nə qədər qaniçən, nə qədər vəhşi qələmə versək, əsərimiz o qədər güclü alınacaq. Belə deyil. Unutmayaq ki, biz zorla cəlb olunduğumuz bu müharibədə ədalətli tərəfik. Torpağı gedən, yurd-yuvasından qovulan bizik. Bunu hamı bilir. Dünya da, erməni də, erməni tərəfdən bizə güllə atan rus da. Kimin nə deyib, necə hərəkət etməsindən asılı olmayaraq həqiqət budur. Və həqiqət siyasətçilərin gözündən “yayınsa” da, kameranın, qələmin gözündən heç vaxt yayınmır. Biz hadisələrə olduğu kimi, obyektiv, onu duyaraq, içdən hiss edərək yanaşsaq, hər şey öz yerini alacaq. Nəinki əvvəldən düşünülmüş, beynimizi yerləşdirilmiş önyarğılarla...

Elxan Cəfərov Azərbaycan reallıqlarının verdiyi imkan sərhədlərini zorlayaraq mümkün qədər azad olmağa, hadisələrə sənətkar baxışı sərgiləməyə nail olub.

Rejissoru təbrik edirik və hər kəsi bu filmi izləməyə çağırırıq.

Və bir də kinoya “sağılan inək” kimi baxan ixtiyar sahiblərinə heç olmasa bu imkanı yaratdıqları üçün təşəkkür edirik.

Olmasa nə edəsiydik ki?!

Filmi burdan izləyin.

# 2101 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #