Türk dilindən yox, rus dilindən tərcümə edək?

Türk dilindən yox, rus dilindən tərcümə edək?
12 yanvar 2015
# 14:15

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” mövzusunun müzakirəsi ilə tanış olmusuz.

İkinci müzakirə mövzusu “İkinci dildən tərcümə problemi” adlanır. Mövzu üzrə məruzəçilər İlqar Əlfi, Saday Budaqlı, Mahir Qarayev, Mirmehdi Ağaoğludur. İlqar Əlifinin məruzəsini təqdim edirik.

İkinci dildən tərcümə problemi

İlqar Əlfi

Son zamanlar tərcümə problemlərinə diqqət davamlı şəkildə artır. Dövlətin bu vacib məsələyə qayğısı təbii ki, kütləvi informasiya vasitələrində, ədəbi ictimaiyyətdə, oxucular arasında bir oyanışa səbəb olub. Artıq tərcümənin dünya ədəbiyyatı xəzinəsinə hələ ki, yeganə açar olduğuna şübhə ilə yanaşanlar barmaqla sayılacaq dərəcədədir. Cəmiyyətin oxuyan qatı arasında bu canlanma biz tərcüməçiləri sevindirməyə bilməz. Nəhayət ki, tərcüməçilər də həmişə məşğul olduqları bir işin əsl dəyərinin verilməsi meyllərindən ürəklənir, daha yaxşı nümunələr ərsəyə gətirməyə çalışır.

Sırf ikinci dildən tərcümə məsələsi, bir qayda olaraq azsaylı xalqlar üçün daha aktualdır. Odur ki, Azərbaycanda da rus dilini çıxmaq şərtilə, digər xarici dillərdən tərcümə olunan əsərlər ümumi tərcümə ədəbiyyatının heç on faizini təşkil etmir və vəziyyət yaxın on il ərzində bu tendensiyadan azad ola bilməyəcək.

Bu yazını hazırlayarkən, çox vaxt sövq-təbii, fəhmlə gördüyüm iş üzərində bir qədər dərindən düşünməyə başladım. Çünki tərcümə ətrafında açılan hər polemikada peşəkar insanların təcrübəsi paylaşılır, bu təcrübədən hamının bəhrələnməsi üçün imkan yaranır. Əslində, ayrı-ayrı mütərcimlərin uzun, empirik yolla seçib gəldikləri qənaət kiçik bir məqalədə təqdim olunur, onlar “mətbəx” sirlərini bölüşürlər.

Yaxşı tərcümə üçün nə lazımdır:

1. Tərcüməçi vicdanı, yəni tərcümə etdiyin yazıçının mənafeyini öz mənafeyindən uca tutmaq; onun başqalarından fərqini, dilinin özəlliyini başa düşüb imkan dairəsində qorumaq;

2. Əsərin yazıldığı dili çox yaxşı bilmək, onun yalnız zahirini yox, alt qatlarını anlamaq; dilimizdə ilk növbədə dəqiq, sonra isə gözəl səslənməsini təmin etmək;

3. Anladığın fikirləri doğma dilində yaxşı yaza bilmək, yəni ən azından, ortabab yazıçı olmaq.

Tezislər:

– Əsərin orijinal dili tərcümənin dilindən həmişə daha canlı, daha çoxqatlı olur.

– Birinci dildən tərcüməni əsərin tərcüməsi saymaq olarsa, ikinci dildən tərcümə çox vaxt dilin tərcüməsi olur.

– İkinci dildən tərcümə həmişə daha asandır, çünki müəllifin bütün sirlərini, mətndəki sətiraltı mənaları açmaq artıq orijinal dildən çevirən tərcüməçinin boynuna düşür.

– İkinci dildən tərcümə etməyə məcbur qalanda, yalnız işlək, cilalı, zəngin dillərdən istifadə etmək gərəkdir. Bu baxımdan bizim üçün ən ideal variant rus dilidir.

Səbəbləri:

– Rusiya tərcümə bazarında rəqabət böyükdür, pis tərcümənin ortaya çıxması mümkün deyil.

– Rus dili çox işləkdir, imkanları genişdir.

– Bizdə rus dilini yaxşı bilənlər daha çoxdur.

İkinci dil kimi türk dilini niyə məqbul saymıram?

Əvvəla, yaxın dillərdən tərcümə ən çətin şeydir. Dillər arasında sərhədlər dövlət sərhədi kimi deyil, onu görmək yox, duymaq mümkündür. Və dillər bir-birinə nə qədər yaxın olsa, sərhədlər də bir o qədər dumanlı olur. Elə buna görə də taciklər postsovet məkanında ən zəif fars dili tərcüməçisi idilər, baxmayaraq ki, əslində, eyni dildə danışırdılar. Odur ki, bizdə də türk dilindən çevirmək ən çətin işdir. Tərcümə ilə məşğul olan bəzi həvəskarlar türk dilini yaxşı başa düşdüklərindən yaxşı tərcümə edəcəklərinə əmindirlər. Amma başa düşməklə tərcümə etmək arasında bərabərlik işarəsi qoymaq mümkün deyil. Anlamaq çevirməyin ən çoxu, yarısıdır.

# 2092 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #