"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?
5 yanvar 2026
# 15:00

5 yanvar XX əsr İran poeziyasının görkəmli şairi Füruğ Fərruxzadın doğum günüdür.

Kulis.az bu münasibətlə Ömer Ciftçinin "Füruğ Fərruxzad: Feminist üsyanın simvolu" yazısını təqdim edir.

...Füruğ özünü axtarırdı. Şeirlərində qadın subyektivliyi məsələsi mərkəzdə olduğu üçün, onun poeziyası əslində özünü axtarmaqdan heç vaxt imtina etməyən bir “mən”in ifadəsidir. İran cəmiyyətində müzakirələri alovlandıran və yaradıcılığının qəbulunda onu iki yerə bölən əsas yenilik də məhz bu idi.

Füruğ Fərruxzad 1935-ci ildə mühafizəkar bir ailədə, dini baxımdan sərt bir cəmiyyətin içində dünyaya gəldi. Hərbçi olan atası savadlı və oxumuş biri olsa da, Füruğu həyatının bütün sahələrində məhdudlaşdırmağa çalışırdı. Ata ilə olan bu ziddiyyətli münasibət sonradan ciddi daxili sarsıntılara səbəb oldu.

Faciənin mənasını çox erkən yaşda dərk edən Füruğ 16 yaşında özündən 15 yaş böyük olan, satirik yazıçı və eyni zamanda qohumu sayılan Pərviz Şapurla evləndi. Bu evlilik ona atasının nəzarətindən qurtulmaq imkanı versə də, axtardığı azadlığı təmin etmədi.

Bu evlilikdən Kamyar adlı bir oğlu dünyaya gəldi. Boşandıqdan sonra isə oğlundan məhrum edildi. Çünki İran qanunlarına görə qəyyumluq hüququ anaya deyil, ataya verilirdi.

Boşanma ilə nəticələnən bu evlilikdən sonra, uşaqlıqdan sevdiyi şeiri həyatının mərkəzinə qoydu.

Şeir Füruğ üçün müqavimət vasitəsi idi. Füruğ şeiri cəmiyyətin vəhşiliyinə və həyatın sərt mübarizələrinə qarşı varlığını qorumaq üçün bir silah kimi istifadə etdi. Duyğularına əsaslanan poetik baxışı onu duyğuları ram edən, dövrün romantik şairlərinin klişelərindən uzaq, yeni bir poetik dilə gətirdi.

Onun şeirləri xüsusilə ehtiras və seksuallıq mövzularında bütün “qırmızı xətləri” aşdığı üçün İran cəmiyyətində böyük səs-küy yaratdı. Füruğ cilovlanmayan qadın duyğularını açıq şəkildə ifadə etdi. O dövrdə İran qadınları bu cür duyğuları ifadə etməyə cəsarət edə bilmirdilər.

İranlı rejissor Abbas Kiyarüstəmi deyirdi: “Hər millətin mədəni simvolları var. Məsələn, ingilislər üçün Şekspir nədirsə, çağdaş iranlılar üçün də Füruğ Fərruxzad odur. O, İran poeziyasının müasir kimliyini formalaşdıran şəxsdir. Saçları, ölkəmizdə həqiqəti deyən son insan idi”.

1954-cü ildə atasına yazdığı bir məktub onun şeirə nə qədər bağlı olduğunu açıq şəkildə göstərir:

“Gecəm-gündüzüm indiyə qədər heç kimin demədiyi yeni və gözəl bir şeir yazmaq düşüncəsi ilə keçir. Özümə qapandığım və şeir haqqında düşünmədiyim bir gün mənə boşuna keçmiş kimi gəlir. Ola bilsin ki, şeir məni xoşbəxt etmir kimi görünür, amma mən xoşbəxtliyi başqa cür anlayıram. Mənim üçün xoşbəxtlik gözəl paltarlar, yaxşı həyat və ya ləzzətli yeməklər deyil; mən ruhən sakit olanda xoşbəxtəm və şeir ruhumu sakitləşdirir. Əgər məni ehtirasa sürükləyən bütün gözəllikləri verib, şeir yazmaq qabiliyyətimi əlimdən alsalar, özümü öldürərəm. Mənə bir az vaxt verin, qoy başqalarının gözündə bədbəxt və dağınıq olum; görəcəksiniz ki, həyatım barədə heç vaxt şikayət etməyəcəyəm”.

“Roşənfekr” jurnalında “Günah” adlı şeiri dərc olunduqdan sonra onun həyatı tamamilə dəyişdi. Əri və atası ilə münasibətləri pozuldu. Artıq Füruğ üçün heç nə əvvəlki kimi olmayacaqdı. Psixoloji problemlər və intihar cəhdləri bir-birini izlədi.

Ləzzətlə dolu bir günah işlədim
Titrəyən, sərxoş bir bədənin yanında
Tanrım, nə bilim nələr etmişəm
O qaranlıq, susqun sığınacaqda...

Bu şeirdən sonra üç illik evliliyi tamamilə dağıldı. İran qanunları oğlunu əlindən aldı və Füruğ onu bir daha görə bilmədi. Bu həsrət onun şeirlərində açıq şəkildə hiss olunur:

Laylay, balaca oğlum,
Gözlərini yum, gecə düşüb
Bu qara div, gözlərində qan
Dodaqlarında təbəssümlə gəlib...

Füruğ ətrafındakı münasibətlərdə, həssas və vicdanlı bir qadının, xalqın ağrılarına laqeyd, sərt bir sistemlə toqquşmasını yaşayırdı. O, dar bir dünyada sıxılmış qadınların narahatlıqlarını, dramlarını, gündəlik həyatın yorucu tərəflərini şeirə gətirdi.

Onun şeirlərində müasir baxışla danışan, üsyankar, etirazçı və əzab çəkən bir qadın obrazı var. Pəhləvi dövrünün cəmiyyətini metaforalarla təsvir edən Füruğ, patriarxal sistemi və qadına qarşı ayrı-seçkiliyi kəskin şəkildə tənqid etdi:

Və bu mənəm
Tənha bir qadın
Soyuq bir mövsümün astanasında
Yer üzünün çirklənmiş varlığını anlamağın başlanğıcında
Və göy üzünün sadə, kədərli ümidsizliyi
Və bu beton əllərin acizliyi...

Füruğ feminist “mən”i açıq şəkildə ifadə edən, lakin bunu birbaşa siyasi inqilab iddiası olmadan edən ilk şairlərdəndir. O, şeir və həyat arasındakı məsafəni təkcə “qadın poeziyası” səviyyəsində deyil, İran müasir poeziyası miqyasında dəyişdirən şəxs idi.

1970-ci illərin Fransadakı feminist hərəkatından xeyli əvvəl, daha ənənəvi bir cəmiyyətdə qadın kimliyi və azadlığı barədə danışmağa cəsarət edən bir fiqur idi. Bədənin həzzi və kişi mərkəzli mədəniyyətin diktə etdiyi sosial məhdudiyyətlər onun poeziyasına yeni tənqidi ölçü qazandırdı.

Füruğ qısa, lakin üsyan və yaradıcılıqla dolu bir həyat yaşadı. Bir neçə şeir kitabının nəşrini gördü.

Boşandıqdan sonra yazıçı və rejissor İbrahim Gülistanla münasibəti ona yeni psixoloji sarsıntılar yaşatdı. Eyni zamanda kinoda rol aldı və cüzam xəstələri haqqında film çəkdi.

Onun adı Şöhrab Sipehri ilə birlikdə müasir İran poeziyasının ən böyük iki simasından biri kimi qəbul edilir. Şeirləri bir çox dillərə çevrildi.

Bir məktubunda belə yazırdı:

“Bu pozulmuş mühitdə yaşamağın və mənəviyyatı qorumağın nə qədər çətin olduğunu bilirəm. Buna görə həyatımı sənətimə bağladım. Sənətim üçün yaşamaq istəyirəm və zəncirləri qırmağın qaçılmaz olduğuna inanıram”.

O, sakit və xoşbəxt bir həyat arzulayırdı. Bir dəfə belə yazmışdı: “Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur".

# 551 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər