Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi
6 yanvar 2026
# 10:20

Kulis.az Reyhan Məcidlinin "Beşiklə aramdakı məsafə" hekayəsini təqdim edir.


O gün yorğun, taqətsiz, əzgin idim. Bədənim ağrıdan tanınmaz halda olsa da, onu görmək, qucağımda hiss etmək, körpə qoxusunu ciyərlərimə çəkmək üçün içim səbirsizliklə alışıb-yanırdı.

Ayağa qalxa bilmirdim. Ağrıkəsicilər vurulsa da, bütün vücudum sızıldayırdı. İçim oyulur, əndamım sanki məngənə arasında sıxılıb qalmışdı. Gözlərimi qapıya dikib, iflic olmuş kimi uzanmışdım. Onu tez-tez xəyallarımda canlandırır, kimə oxşadığını bilməyə çalışırdım. Bu düşüncə sərtləşən ağrıları az da olsa, yumşaldırdı.

Həmin an qapı açıldı. Tibb bacısı onu içəri gətirdi, şəffaf, kiçik yenidoğulmuş beşiyinə qoydu. Üzümə gülümsədi və səssizcə otağı tərk etdi. Mən isə donmuş halda qadının uzaqlaşmasını izlədim.

Bu qədər?! Qapı bağlandı…

“O, buradadır!” – Tanrının bundan xəbəri yoxmuş kimi – onu bilgiləndirdim.

Doqquz ay təpikləri ilə az qala qarnımı deşən qızım… İndi məndən ayrılıb, buradadır – beşiyində. Bəs onun bundan xəbəri varmı? Onun Anasından xəbəri varmı?

Sükut.

Üzünü görə bilmirdim. “Yun yumağı” tərpənmir, səs çıxarmırdı. Başımı qaldırıb dirsəkləndim, yenə heç nə görmədim. Ağrılarım şiddətləndi. Həyəcan məni tər içində qoydu. Boğazım qurudu, səsim çıxmadı. Əlimi beşiyə uzatmağa çalışdım, çatmadı.

Qəribə hisslər baş qaldırdı. Qorxu məni bürüdü. Qızım bu qədər yaxın idi, amma ona qovuşa bilmirdim. Bu, dözülməz idi. Tıncıxdım, ağladım. O, həmişə mənimlə idi, mənə ən yaxın olan – içimdə… İndi ayrılmışdı və sanki ölçüyəgəlməz bir uzaqlıqda idi. Bu hiss sarsıdıcı idi.

Demişdilər ki, əməliyyatdan sonra qanaxmanın qarşısını almaq üçün qarın nahiyəsinə çoxlu buz qoyulur. İndi isə anlayıram: o zaman hiss etdiyim ağırlıq buzdan deyildi. O, analıq məsuliyyətinin ilk titrəyişləri idi. Tanrının mənə verdiyi missiyanın çiyinlərimə çökmüş ağırlığı idi.

Mən Tanrının nəfəri idim.

Ayağa qalxdım. Kiçik otaq başıma fırlandı. Beşiyi bir deyil, iki gördüm. Bir az səbr edib gözlərimi yumdum, yenidən açdım. Çarpayının yanındakı sudan bir qurtum içib bütün ağrılarımı uddum.

Beşik sanki tərpəndi, ya da mənə elə gəldi.

Hələ də yaxınlaşmağa cürət etmirdim. Otağı bürüyən körpəmin qoxusunu içimə çəkdim. O, elə səssiz idi ki… Sanki onun da ağrıları səngimişdi. Gəlişi ilə dünyanı hay-küyə boğan körpə indi mışıl-mışıl yatırdı. Bu dünyaya göz açmaq taleyi ilə artıq barışmışdı. Geridə isə get-gedə aydınlaşan, faydasız hıçqırıqlar qalmışdı.

Nəhayət, beşiyin içinə boylanmağa özümə cürət tapdım.

İsti örpəyin arasında, uzun, incə barmaqları ilə öz yumru, çəhrayı, pambıq kimi yanaqlarını sanki ovuclayan, mələk kimi bükülüb yatan qızımı gördüm. Qeyri-ixtiyari geriyə çəkildim. Ani hərəkətdən başım yenə gicəlləndi. Beşikdən bərk yapışıb ona baxdım.

O anın görüntüsü hələ də gözümün önündədir.

Qızım qərarlı, qətiyyətli baxışlarla düz gözlərimin içinə baxırdı. Baxışlarda donub qaldım. Cavabsız suallar dənizinə qərq oldum.

Cəmi bir neçə saatdır dünya ilə tanış olan qızım mənə inanılmaz dərəcədə müdrik, kamil görünürdü. Sanki mənə verilən missiya artıq ona da həvalə olunmuşdu.

Reyhan Məcidli
10.12.2025
Ankara

# 1034 dəfə oxunub

Oxşar xəbərlər

Qəzet paylayanın dürüstlüyü - Kurt Vonnequtun hekayəsi

Qəzet paylayanın dürüstlüyü - Kurt Vonnequtun hekayəsi

12:00 11 aprel 2026
"İynə vurdurmasam, gecə yata bilməyəcəkdim" - Əsgərlikdən sonra başıma gələnlər

"İynə vurdurmasam, gecə yata bilməyəcəkdim" - Əsgərlikdən sonra başıma gələnlər

10:00 11 aprel 2026
Uçuş -  Sülhiyyə Şirinovanın hekayəsi

Uçuş - Sülhiyyə Şirinovanın hekayəsi

16:50 10 aprel 2026
"Yaddaş məğlub edə bilməyəcəyimiz yeganə düşmən ordusudur" - Serb yazıçıdan sitatlar

"Yaddaş məğlub edə bilməyəcəyimiz yeganə düşmən ordusudur" - Serb yazıçıdan sitatlar

17:10 9 aprel 2026
Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

12:00 7 aprel 2026
Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

10:10 7 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər