Rayondan gələn tələbənin yaşadığı sirli ev

Rayondan gələn tələbənin yaşadığı sirli ev
12 noyabr 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Cahangir Zeynallının 1989-cu ildə çəkdiyi “Əlaqə” filmini təqdim edir.

Süjet: Ali məktəbə yenicə qəbul olunan tələbə (İlqar Həsənov) paytaxtda kirayə mənzil axtarır. Küçədə rastlaşdığı elan lövhəsində iyirmi mərtəbəli binada, hər cür şəraiti olan, birotaqlı evin elanını görür. Ünvanı yazıb, ev sahibi ilə görüşə gedir. Evin sahibəsi qoca qadın (Aliyə Əliyeva) qədim binalardan birində yaşayır. O, tələbəyə kirayə verəcəyi evin qarşısında görüş təyin eləyir. Tələbə qadının dediyindən anlayır ki, ev onun vəfat eləmiş oğlunundur. Qadın tələbəyə mənzili iki şərtlə verir: mıxla bərkidilmiş qapını açmayacaq və gecələr mətbəxin işığını söndürməyəcək.

Tələbə ilk gündən evdə qəribə hadisələrlə rastlaşır. Divardan asılan şəkillərdəki adamlar dəyişir: orta yaşlı kişi gah bığlı, gah bığsız olur, gah gülümsəyir, gah ciddiləşir, qonşu otaqlardan qəribə səslər eşidilir, xətti kəsilmiş telefon zəng çalır, evdə olmayanda mənzildə kimsə işığı yandırır, divar saatı əksinə işləyir, əşyaları kimsə ağ örtüklə qapadır və s.

Tələbə müəmmanı çözmək üçün qadının qadağan elədiyi mıxlanmış qapını açır və burdan başqa mənzilə girir. Mənzildə fotoda gördüyü kişi (Rafiq Əliyev) ilə rastlaşır. O, qadının oğludur, psixiatrdır, elmi iş yazır. Kirayə verilən ev də onundur. Onun yaşadığı mənzil isə keçmiş arvadınındır. Evlənəndən sonra mənzillərini birləşdirdiyini deyir. Psixiatr tələbəyə izah edir ki, onun yaşadığı mənzil eksperimental tikintidir və burda müxtəlif fokuslar var. Özünün yaşadığı mənzil isə üçüncü mərtəbədə yerləşir, sadəcə, təpənin üstündə tikildiyi üçün iyirmi mərtəbəli bunayla eyni səviyyədədir. Daha sonra tələbənin eşitdiyi əcaib səslərin - xəstələrinin maqnitofona yazdırdığı səsi olduğunu deyir. Saatın əks istiqamətə işləməsini isə psixiatr, bir ay əvvəl ölən saatsaz qardaşının düzəltməsi ilə izah eləyir.

Tələbə şəkillərin dəyişməsi ilə bağlı sualına psixiatrdan cavab almaq istəyir. Psixiatr suala cavab vermir, tələbənin sayıqladığını düşünür və onun psixi problemlərinin olub-olmamasını yoxlamaq üçün müxtəlif suallar verir. Daha sonra psixiatr duş alıb geri qayıdacağını deyir. Amma vanna otağından yoxa çıxır. Tələbə mənzilinə qaydanda hamamda psixiatrla rastlaşır. Amma bu dəfə bığsız və başqa geyimdə. Ondan suallarına cavab tələb edəndə, adam təəccüblənir, astrofizik olduğunu, saatsaz qardaşının olmadığını və bu evin anasının ona kirayə verdiyini söyləyir. O, iştirak elədiyi beynəlxalq konfranslarda uzaq dünyalarla əlaqə yaratmaq problemlərinin araşdırıldığından danışır. Karıxmış tələbə isə nə düşünəcəyini bilmir...

“Əlaqə” filmi janrına görə fantastikadır. Hər halda Vikipediyada belə yazılıb. Hərçənd, filmi janrına görə qarışıq adlandırmaq daha düzgündür: dram, fantastikanın alt janrları olan horror, fantasmaqoriya. Yuxu ilə reallıq arasında sərhədlərin itməsi əsərə bir az da sürreal elementlər qatır. Filmdə həm insanlar arasında ünsiyyətin qırılması, laqeydlik, özgələşmək problemini qoyulur, həm də horrora, fantasmaqoriyaya uyğun olaraq qorxu, həyəcan atmosferi yaradılır, kabuslar, qəribə, zombiləşmiş məxluqlar dolaşır, hansısa fövqəladə qüvvələrə eyham vurulur.

Metoduna görə “Əlaqə” kamera filmidir. Əhvalatda bir neçə aktyor iştirak eləyir, hadisə məhdud məkanda baş verir.

Günümüzdən baxanda “Əlaqə” filmi janrının tələblərinə görə bəsit təsir bağışlayır. Əndişəli atmosfer yaratmaq üçün istifadə edilən təsvirlər, səslər - adamsız küçələr, sakit, minimalist, amma gərginlik ifadə edən musiqi, alaqaranlıq blokda qəfil pişik miyoltusu, balkondan ani görünüb, sonra yoxa çıxan qoca qadın, səssizliyi nəsə baş verəcəkmiş kimi pozan kəfkirli saatın tıqqıltısı, güzgüdə görünən naməlum adamlar və s. bu janrlarda çəkilən filmlərdə çox müraciət olunmuş klişelərdir.

Təsvirlərin eyni zamanda qəhrəmanın daxili monoluqu ilə şərh olunması filmi monoton, yorucu edir, halbuki, çox şeyi elə görüntü deməliydi.

Təsvir baxımından uğursuz, yoxsul olan film elmi fəlsəfi mahiyyətə iddia eləyir və iddianı doğrultmaq üçün vaxtaşırı planet, vulkan püskürmələri və s. göstərilir. Bu təsvirlər informativ verilir, əhvalatın dramaturgiyasına özünə yer eləmir, onunla bütövləşmək haqqını qazanmır, sadəcə, texniki anlam daşıyır.

Tələbə bağlı qapını açanda orda iri planda göz görünür və yada Bunuelin “Əndəlus köpəyi”ndəki ülgüclə kəsilən göz düşür.

Qadın kölgəsi, başı sarıqlı adam, itin kimisə dişləməsi, otağa doluşan ağ göyərçinlər - bir sözlə hər şey filmin adının “Əlaqə” olmasına rəğmən əlaqəsizdir.

Adla mahiyyətdəki ziddiyyət təsadüfi deyil. Filmin bütün məğzi odur ki, uzaq dünyalarla əlaqə qurmağa çalışırıq, amma yanımızdakı adamlarla ünsiyyət, əlaqə qura bilmirik, biganəyik. Müəllif bu kontekstdə Ermənistandan qaçqın düşən adamların portretləri ilə artıq o vaxt yenicə başlayan Qarabağ savaşına da işarə eləyir.

Amma ümumilikdə belə bir ideyanın ekran həlli alınmayıb.

Üstəlik, astrofizikin danışdıqları elmi mülahizə yox, onun son dərəcə bəsit imitasiyası, başqa dünyalarla bağlı deyilmiş fikrilərin sadəlövh ümumiləşməsidir: “Məşhur astrofiziklər neçə illərdi, güclü radioteleskoplar vasitəsilə yaxın qalaktikaları izləyirlər, amma nə olsun?! Nəticə yoxdur ki, yoxdur. Ulduzlar susur. İndi oturub başlarını sındırılar. Doğrudan da uzaq ulduzlarda şüurlu həyat varsa, niyə ordakılar hay vermirlər, nə mane olur onlara. Görünür, bizim şüurumuz əlaqənin tamamilə başqa növünü anlamağa, başqa növ əlaqə prinsiplərini dərk eləməyə qadir deyil. Bizə elə gəlir ki, kosmik əlaqə balıq tutmaq kimi bir şeydi – torunu atıb otur çay qırağında, gözlə haçan balıq gəlib düşəcək. Mənim fikrimin məğzi belədir, kosmik əlaqə başqa cür, tamam gözlənilməz, izaholunmaz şəkildə meydana çıxa bilər”.

“Əlaqə” Anarın eyni adlı povesti əsasında çəkilib.

# 2520 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #