Xalq yazıçısının çəkdiyi film niyə alınmadı?

Xalq yazıçısının çəkdiyi film niyə alınmadı?
30 iyul 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Maqsud İbrahimbəyovun 1977-ci ildə çəkdiyi “De ki, məni sevirsən” filmini təqdim edir.

Süjet: Hadisələr Abşeronun qəsəbələrindən birində baş verir. Yeniyetmələr Samir (Samir Bəbirov) və Səbinə (Səbinə Həsənova) yay tətilini bağda, dəniz kənarında keçirir. Günlərin birində qəsəbəyə müstəntiq gəlir. O, qiymətli balıq növlərinin qeyri-qanuni ovlayan cinayətkar dəstənin izlərini, balıqların saxlandığı anbarı bu qəsəbədə axtarır. Samir və Səbinə özləri də bilmədən istintaqa kömək edirlər. Qonşu bağlardan birində neft borusunun partlaması barədə əlaqədar orqanlara xəbər verirlər. Məlum olur ki, milisin axtardığı balıq anbarı elə bu bağda yerləşirmiş.

Cinayətkar dəstənin üzvlərindən biri Rəsmi (Rəsmi Cəbrayılov) Mayakda işləyir. O, Samirin anası gənc və gözəl qadın Zemfiraya (Zemfira Sahilova) aşiq olur. Onun ərdə olduğunu bilsə də, daim təqib edir, binoklla dənizdə çimməsini seyr edir, vaxtaşırı nərə balığı, kürü hədiyyə verərək qadının sevgisini qazanmağa çalışır...

M.İbrahimbəyovun ”Bayquş gələndə” ssenarisində olduğu kimi burda da vahid süjet xətti ətrafında köməkçi süjet xətləri az deyil. Müxtəlif insanlar, motivlər, onların taleləri, düşdükləri vəziyyətlər bir növ kollajvarı effekt doğurur. Bu mənada film çoxqatlıdır, yəni bir yox, bir neçə problemə-həm şəxsi, həm ictimai, həm əxlaqi, həm də sosial münasibətlərə toxunulur.

Müəllif bu ekran əsərində korrupsiyanı, xalqın malını mənimsəməni bir növ cəmiyyətdə oturuşmuş norma kimi təqdim edir. Restoran müdiri (Tələt Rəhmanov), Rəsmi, həmişə mütaliə edən ziyalı Rafiq (Rafiq Qasımov) korrupsiyanı zərurət, həyat tərzi olaraq görür.

Neft tapılan ərazilərdən sakinlərin bağ evlərinin uyğunsuz yerə köçürüləcəyi ilə bağlı əndisəşi də aktualdır. Hərçənd, deyilən problemlər günümüz üçün aktual olsa belə, müəllifin nəzərdə tutduğu ideyanın kinematoqrafik həlli özünü doğrulda bilməyib. M. İbrahimbəyovun ədəbiyyatda özünəməxsus yeri olsa da, rejissorluq iddiası özünü doğrultmayıb. Film daha çox ssenarinin publisistik, hərfi təsviridir. Bundan başqa təklif olunmuş müxtəlif vəziyyətlər təsvirlə yox, mətnlə həll olunub ya da yarımçıq işlənib. Məsələn, özünü tənha hiss edən, sıxılan Zemfiranın vəziyyəti, ruh halı ötəri verilir. Yeniyetmələr Samirlə Səbinənin sevgi münasibətlərinin dramaturgiyada nəyə xidmət elədiyi, hansı bədii yükü daşıdığı tam aydın deyil, təsirsizdir. Ümumiyyətlə, vahid süjet xəttinin ətrafında birləşən süjet xətləri yamaq kimi görünür, çevikləşmir, əhvalatın zəruri hissəsinə çevrilmir. Rəsminin Zemfiraya sevgisi də dramaturji proseslərdən keçmir.

Bu ekran əsərində diqqəti çəkən odur ki, maraqlı yumorlu dialoqlar var və müəllif mənfi personajlarının müsbət tərəflərini də göstərir. Restoran müdiri həyat tərzindən yorulub doğma kəndinə qayıtmaq istəyir, Rəsmi cinayətkar olsa da qadını doğrudan da sevir.

Amma filmdə ən çox maraq doğuran obraz restoran müdirinin meşşan arvadıdır (Larisa Xələfova). Onun ərinin davranışına, yemək yeməsinə irad tutması az qala absurd həddinə çatır.

“- Yenə kotleti bıçaqla kəsdin? Ağzını marçıldatma, nə vaxtdır tərgitmişdin.

- Rəhmətliyn qızı, sənin bu qaydaların mənim iştahamı tamam korlayıb. Adam gərək yeməkdən ləzzət alsın, xumarlansın”.

“Yenə bu qalstuku taxdın, bu nə rəngdir, köynəyinə düşmür” və çantasından qalstuk çıxarıb, restoranda ərinin qalstukunu dəyişir.

“Başa düş, “təbiətin qoynunda xoşuma gəlir”, deməzlər. Gərək ayrı cür deyəsən, məsələn, təbiətin qoynunda dincəlməyi sevirəm, xəyala dalmağı sevirəm. Qədəhi elə tutma”.

Film Maqsud İbrahimbəyovun böyük kinoda debütü və diplom işidir. Qeyd edək ki, M.İbrahimbəyov Ali rejissorluq kursunu bitirib.

O, bundan başqa “Yarimçiq qalmış mahnı”, “Mezozoy əhvalatı” bədii filmlərinin rejissoru olub.

Müstəntiq rolunu yazıçı Natiq Rəsulzadə ifa edir.

Rəsmi rolunun ifaçısı Rəsmi Cəbrayılov dağıstanlıdır, Rusiyanın əməkdar artistidir, onlarla filmdə rol alıb.

Zemfira Sahilova əslən Şimali Osetiyadandır. Həsən Seyidbəylinin “Sən niyə susursan?” filmində oynadığı Sürəyya rolundan sonra onun kinoda ampluası müəyyənləşdi. Aktrisanı tez-tez cənub, şərq xalqlarını təmsil edən gözəl qadın rollarına dəvət eləməyə başladılar. Hazırda da filmlərə çəkilən aktrisa Rusiyanın əməkdar incəsənət xadimidir.

# 1961 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #