“Qadın bezlərinin reklamı süni alınır”

 “Qadın bezlərinin reklamı süni alınır”
6 mart 2013
# 08:30

Kulis.az reklam prodüseri Zamiq İbrahimovla müsahibəni təqdim edir.

- Bizdə reklam prodüseri peşə kimi geniş yayılıb?

- Bizdə prodüser anlayışı sıfıra bərabərdi. Çünki hansısa bir müğənninin meneceri də özünə prodüser deyir, serial inzibatçısı da, böyük film prodüseri də. Ona görə də çox qarmaqarışıq vəziyyət alınıb. Sözün əsl mənasında bu günə kimi sırf prodüser işi görmüşəm və indi də bu işlə məşğulam. Dəfələrlə reklam prodüserliyi etmişəm.

- Azərbaycanda ildə nə qədər reklam çəkilir?

- Çox reklam çəkilir. Ümumiyyətlə, reklamlar informasiya verən və yaradıcı olmaqla iki hissəyə bölünür. Bizdə reklamların 90-95 faizi informasiya xarakterli olur. Dəqiq rəqəmlər deməyə çətinlik çəkərəm. Son vaxtlar isə reklam çəkilişləri daha da artıb.

- Sifarişçilər kimlərdi, yerli şirkətlər, yoxsa xarici şirkətlər?

- Daha çox yerli şirkətlər, holdinqlərdi. Onların sifariş etdiyi reklamlara promaksiyalar, reklam çarxları, verilişlərə sponsorluqlar da daxildi.

- Sponsorluq da reklam sayılır?

- Bu praktikada mövcuddur. Reklamın bu növü bizdə üstünlük təşkil edir. Şirkət hər hansı bir verilişə sponsorluq edirsə, o zaman veriliş ərzində onun məhsullarının reklamı gedir, aparıcı bu barədə danışır, reklam blokları nümayiş olunur.

- Xarici şirkətlərlə əməkdaşlıq olurmu?

- Nəhəng şirkətlərin reklamları əsasən xaricdə çəkilir. Daha sonra bizdə dublyaj olunur. Çox vaxtı da dublyajlar biabırçı olur.

- Niyə?

- Bizdə bəzi kanallar qadağalar qoyur; bu sözü, bu fikri işlətmək olmaz. Bəzi reklamlarda elə fikirlər işlədilir ki, kanallar bu sözlərin işlədilməsini yolverilməz hesab edir və mətni sözbəsöz tərcümə edirlər.

- Reklam çarxlarını televiziya kanalları özləri tərcümə edirlər?

- Yox agentliklər, prodakşn şirkətləri edir. Müəyyən prodakşnlar var ki, sırf dublyajla məşğuldurlar və distribütörlərin xaricdən gətirdikləri reklamları dublyaj edirlər.

- Bəzən tərcümələrdə axsamalara, natamamlığa rast gəlinir? Niyə görə? Dublyaja qeyri-peşəkarlar cəlb edilir?

- Bizdə hər hansı bir reklam dublyaj olunanda onu milli

dəyərlərimizə, milli auditoriyamıza uyğun şəkildə səsləndirib mətn yazdığımız üçün bəzən alman dilində, rus dilində, ingilis dilində

olan mənası itir. Mənanı saxlayanda kanallar qəbul eləmirlər.

- Qadın bezlərinin reklamlarının dublyajı zamanı problemlər yaranmır ki?

- Problem yaranmır. Amma özümüzdə çəkilməyəndə süni alınır.

- Bizdə qadın bezi məsələsi qadınların geniş auditoriyada, rahat şəkildə müzakirə elədikləri mövzu deyil axı.

- Reklam əslində qışqırmaq, yüksək səslə danışmaq deməkdir. Spirtli içki reklamları qadın bezlərindən daha təhlükəlidi. Onlara da saat məhdudiyyətləri qoyulur. Kanallar bununla bağlı o qədər də problem yaratmırlar.

- Azərbaycan televiziyaları prezervativ reklamları da verməzlər.

- Verməzlər.

- Bəs sosial reklam olsa necə?

- Biz “KVN”-də çıxış edəndə Mədəniyyət Nazirliyinin dəstəyi ilə belə bir sosial reklam həyata keçirmişdik. Mövzu belə idi: “Qorunaq ki, qoruyaq”. Onda bütün tamaşaçılara prezervativlər paylandı. Əvvəl bir az birtəhər qəbul eləsələr də sonradan alışdılar. Yəni bu cür kreativ üsullarla nəyi desən reklam etmək mümkündür.

- Şirkətlərdən birinin konservləşdirilmiş ət – “tuşonka” reklamı var. Ciddi bir yerdə çalışan ər yoldaşına zəng edib deyir ki, axşama dostumla şama gələcəyik. Yoldaşı da işləyir. Qadın da işdən çıxır və tələsik “tuşonka” alaraq evə gətirir. Qonağın qabağına “tuşonka” qoyurlar. Bu reklam Azərbaycan reallığına heç cür uyuşmur. Çox gülüncdü. İş adamları yerinə tələbələr olsaydı daha real olardı. Bu cür süjetlər kimin ağlına gəlir? Reallığa adekvat deyil axı.

- Burda problem nə rejissordadı, nə də ssenaristdə. Bütün problem pulun üstündədi. Reklama büdcə ayrılanda hamı büdcədən müəyyən qədər qopartmaq istəyir. Bizə az bir məbləğ gəlib çatır.

- Kimlər edir bunu?

- Məsələn, bir şirkət öz məhsulunu reklam etmək istəyir. Müəyyən bir büdcə ayrılır, tutalım on min manat. Bu məbləğdən birinci menecerlər öz faizini götürür, bank xərcləri çıxılır. Sifarişi götürən şirkət də öz xeyrini götürür. Beləliklə ilkin məbləğ yarıbayarı azalır. Məbləğdən rejissorla ssenarist də öz payını götürəndən sonra yerdə 2000-3000 manat qalır. Bu məbləğə çəkilən reklam nə olar? Üstəgəl burda aktyorların, operatorun xərcləri var. Bu məbləği də rejissor, aktyor, səs rejissoru, redaktor, işıqçı arasında böləndə onlara çox az düşür. Ona görə də bu məbləğə razı olan insanlarla işləyirlər. Təbii ki, az məbləğə işləməyə razı olan insanın yaratdığı reklam da bu cür bəsit olacaq.

- Bəs şirkət ödədiyi məbləğin qarşılığında əldə elədiyi reklama qane olurmu? Özünə hörmət edən şirkət bu cür reklamla qane olmalı deyil.

- Azərbaycanda ümumiyyətlə rejissorlar arasında əvvəllər belə bir qayda-qanun var idi ki, guya kim efirə çıxırsa, o güclü rejissordur.

Bu steriotiplər çoxdan qırılıb. Cənab prezidentin sərəncamından sonra serialların çəkilməsi üçün vəsait ayrıldı. Bundan sonra serial rejissorlarının da yeri bilindi, film rejissorlarının da, klip rejissorlarının da, reklam rejissorlarının da. Bunlar hamısı bölünməlidi. Kriminal, triller janrında film çəkən rejissorun hansısa komik bir reklamı çəkməsi özü gülməlidi. Əlbəttə, serial rejissoru da reklam çəkə bilər. Amma hər kəs öz işində püxtələşsə daha yaxşı olar.

- Bizdə reklam şirkətləri çoxdu?

- Xaricə baxanda o qədər də çox deyil.

- Bəs qonşu dövlətlərlə, Gürcüstanla müqayisədə necə?

- Gürcüstanla müqayisədə çox böyük fərqlər var. Gürcüstanlı rejissorlar Kanadaya, Rusiyaya, Türkiyəyə baxanda zəif olsalar da çox inkişaf ediblər. Adi Gürcüstandan gələn rejissorlar bizə çox böyük dərs keçdilər. Şəxsən mən bir çox ölkələrin rejissorları ilə işləmişəm, gürcü rejissorların necə peşəkar olduqlarını gördüm. Bank reklamı çəkirdik. Rejissorla ssenarini müzakirə edirdik. Rejissor aktyorların şəkillərinə baxıb deyir ki, mənə bu aktyorlar lazımdır. Həmin rejissor nə aktyorları tanıyır, nə də işlərinə baxıb, nə tanışıdı, nə də qohumu. Sadəcə rejissor kimi o ssenaridə bu aktyorları görürdü. Onun seçdiyi aktyorlar da çox peşəkar idilər, reklama çox baha qiymətə çəkilirlər. Əslində bizim üçün bahadır, başqa ölkələrlə müqayisədə çox ucuz qiymətə çəkilirlər. Prodakşn da o aktyorlara yüksək məbləğ vermək istəmədiyi üçün mənə bildirdilər ki, rejissorla danışım başqa aktyorlar seçsin. Təbii ki, o rejissor da buna razı olmadı.

- Reklam yazan ssenaristlər sırf reklam ssenaristləridirlər, yoxsa ümumiyyətlə ədəbiyyat və ya teatr-kino adamlarıdırlar?

- Sizə bir nümunə çəkim. İlqar Fəhmi yaxşı yazıçıdı, film ssenarisi yaza bilər, amma reklam ssenarisi yox. Reklam onluq deyil. Düzdür, onunla işləməmişəm, amma bilirəm ki, onluq deyil. Bizdə professional reklam ssenaristləri var. Ələkbər Əliyev, Tural Sevdimalı peşəkar ssenaristdirlər. Ələkbər də, Tural da əvvəllər KVN üzvü olublar. Rusiya, Ukrayna, Belarusiya səhnələrini görüblər. Kifayət qədər təcrübələri olduğu üçün reklam ssenarisi yazmaq çox asandı. Onlar misal üçün hansısa mobil operator müəyyən bir mövzu ətrafında reklam verəndə saatlara fikirləşmirlər. Amma film, serial ssenaristləri bunu yazmaqda çətinlik çəkirlər.

- Kopirayter deyilən peşə var-reklam yazarlığı. Olduqca kreativ və yazıçılığa yaxın bir peşədi. Deyirsiz İlqar Fəhmi reklam yazarlığı edə bilməz, amma kifayət qədər nümunələr var. Frederik Beqbeder adlı fransız yazarı var. İlk romanı “99 frank”ı reklam şirkətində kopirayter olan zaman yazmışdı, bundan sonra da işdən qovulmuşdu. Əslində kopirayterlik də elə yazıçılıq xüsusiyyətlərini daşıyır. Qısaca olaraq bir cümlədə reklamın bütün məğzini verməlisən və reklam da vurucu, təəccübləndirən olmalıdır.

- Belə götürsək bir bənd meyxana ilə meyxanaçılar da reklam deyə bilərlər. Kopirayterlər üçün əsas iki şey vacibdir: dünya görüşü və bir də romantik yox, realist olmaq.

- Şadlıq evləri reklamları niyə belə olur?

- Şadlıq evi reklamlarının əksəriyyəti informativ reklamdır, çox cüzi reklamlar var ki, onları kreativ reklamlara aid etmək olar.

- Bir reklamda Zamiqlə Sevda çəkilmişdi. “Sehrli xalat” filminin əsasında çəkilmiş reklamdı. Bax o maraqlı ideya idi.

- O reklam çox maraqlı, kreativ idi. Elə böyük xərc də tələb olunmamışdı. Biri də var boş zalı göstərəsən, menyuları təqdim edəsən, masaları çəkəsən, “800 nəfərlik zalımız var”, “dadlı yeməklərimiz var” nə bilim daha nə.

- Beqbeder “99 frank”da deyir ki, biz istədiyimiz “zibil”i reklam edə bilərik, məsələ istehlakçının nə istəməsində deyil, bizim ona nə satmaq istəməyimizdədir. Elə buna görə də reklam şirkətindən qovulmuşdu.

- Reklamın gücü böyükdür. Ümumiyyətlə reklamın pisi-yaxşısı olmur. Əgər anti-reklam özü də reklamdırsa, deməli gücü çox böyükdür. Reklama bəsit bir şey kimi baxmaq olmaz. Reklamda aktyorun işlətdiyi hər hansı bir jest böyük bir kütləni arxası ilə apara bilər.

- Brendlərini yaratmaq istəyən bütün şirkətlər gəlirlərinin çox hissəsini reklama ayırırlar.

- Reklam adətən ikibaşlı olur. Birincisi, gündəmdə qalmaq üçün çəkilir. Bunlar adətən gündəmə hesablanmış reklamlardı. Reklam həm də çirkli pulların yuyulması üçün çox gözəl vasitədir. Şirkətlər çirkli pullarını reklam vasitəsilə yuyurlar.

- Azərbaycanda da bu cür təcrübə var?

- Bu haqda dəqiq bir söz deyə bilmərəm.

- Açıq-saçıq, “intim” mövzuları əhatə edən reklamlar çox olur? Dediyim odur ki, biz məsələnin “mətbəx”indən xəbərsiz olduğumuza görə bilmirik çox olur, yoxsa az. Bir ara “viaqra” preparatlarının reklamı var idi. Bunların efirə buraxılmasında problem yaşanmır?


- Təbii ki, bu cür reklamlar çoxdu. Bəzən efirə verilməsi zamanı problem yaranır. Bu reklamların efirə verilməsində qadağan yarananda sosial şəbəkələrdə, “Youtube”da yerləşdirirlər. Saytlarda və “Youtube”da qadağalar olmadığı üçün bu cür reklamlar virtual aləmdə daha rahat yayılır. Məxsusi virtual aləm üçün çəkilən reklamlar da var. Araq reklamları, qadağan olunmuş məhsulların reklamları, pornoindustriya məhsulları, erotik məhsullar reklam olunur. Amma televiziya kanalları belə şeyləri vermir. Buna həm mentalitet imkan vermir, digər bir tərəfdən isə Milli Televiziya və Radio Şurası da icazə vermir. Bizdə belə hesab edirlər ki, Qafqaz kişiləri temperamentli olur, onlara “viaqra” gərək deyil.

- Mobil operator reklamları xaricdə çəkilir?

- Bəzi roliklərini yerli şirkətlər çəkirlər. “Məhəllə”də Rusiki oynayan İlham Qasımov bir mobil operatorun çox reklamlarını çəkib. Mən deyərdim ki, Elxan Cəfərov da Azərbaycanın bir nömrəli rejissorudur. O filmlərlə, kliplərlə yanaşı bir sıra reklamlar da çəkib. Aqil M. Quliyev də pis rejissor deyil.

- Bir sıra tanımış adamlar var ki, reklamlarda onların səsindən istifadə olunur.

- Bəli, elə biri Aqil M. Quliyev. Aparıcı Tural Əsədovun da səsindən geniş istifadə olunur.

- Səslərinə görə çox qonorar alırlar?

- Yox, ola bilsin Azərbaycan üçün çoxdu, amma dünya üçün çox kiçik məbləğlərdi.

- Bəzən seriallarda sponsorların reklamları gedir. Bu da o qədər naşıcasına verilir ki, o dəqiqə ssenaridən yayınma hiss olunur. Ümumiyyətlə, dünyada belə nümunələr varmı, serialların arasında ssenarinin tərkib hissəsi kimi məhsul reklamları getsin?

- Prodüserlər sponsor olan şirkətlərə bu cür reklam növlərini təqdim edirlər. Komik seriallarda bu tərz hardasa özünü doğruldur.

- Xarici serial və filmlərdə çox vaxt brendlərin, firmaların loqolarını gizlədirlər...

- Komik seraillarda reklamı ssenariyə salmaq olar, daha çox ssenaristlərdən asılıdı. Amma ciddi, detektiv seriallarda bunu eləmək çətindir.

- Bir az da sosial reklamlardan danışaq.

- Sosial reklamları daha çox nazirliklər, komitələr sifariş verirlər. Sosial reklamları sifarişləri verən təşkilatlar çarxların süjetindən tutmuş çəkilişinə qədər hər şeyə nəzarət edirlər. Sosial reklamlar daha çox təbliğat xarakteri daşıyır, buna görə də o reklamlara sifarişçilər daha çox diqqət edirlər. Reklam hazır olandan sonra isə ya prodakşn özü efirə verir, ya da sifarişçilər məhsulu əldə edib yayımını həyata keçirirlər.

- Bred Pitt “Şanel” firmasının simasıdır və ya Bekhem, Messi reklamlara çəkilir. Türkiyədən Cem Yılmazın adını çəkmək olar. Dünya praktikasında aktyorların, sənət adamlarını reklama çəkilməsində elə də problem yoxdu, onlar bunu sevə-sevə qəbul edirlər. Bizdə isə aktyorlar sanki reklama çəkilməklərini qəbahət sayaraq deyirlər ki, bunu dolanışıq üzündən edirəm. İmkanım olsa çəkilmərəm. Hələ də bu cür stereotiplər qalıbmı?

- İmkansızlıqdan çəkilən də olur. Amma artıq bu stereotiplər qırılmağa başlayıb. Bunu daha çox yaşlı nəsil aktyorlar deyir. Onlar ancaq teatrda, kinoda çəkilmək istəyirlər. Cavanlarda belə kompleks yoxdu. Hal-hazırda gündəmdə olan aktyorlar yüksək məbləğə çəkilirlər. Müğənnilər isə aktyorlara baxanda daha yüksək məbləğə çəkilirlər. Yenə deyirəm ki, bu da Azərbaycan üçün yüksək məbləğdi. Bizdə əsasən mobil operatorlar və banklar aktyorlarla müqavilə bağlayıb silsilə reklamlara çəkilirlər. Hazırda Rafaellə Coşqun bir mobil operatorun simalarıdır. Bir müddət əvvəl başqa bir mobil operator şirkəti 4 aktyoru çəkmişdi. Tanınmamış aktyorları reklama çəkmək bir az risklidi. Çünki tamaşaçıların gözü onları hələ almayıb.

Tanınmış simaları reklama çəkəndə tamaşaçılar daha tez qəbul edirlər. Bir məsələni də qeyd edim, bəzi rejissorlar var ki, yaşlı aktyorları çəkməkdən imtina edirlər. Misal üçün, Qoxmaz Əlili kimi aktyoru reklama çəkməyə çəkinirlər. Bunun da əsas səbəbi odur ki, rejissorlar aktyorlardan savadsız, təcrübəsiz olduğunu bilir və pavilyonda biabır olmamaq üçün onları çəkilişə dəvət etmirlər. İndi o qədər rejissor ortaya çıxıb ki. Əvvəl falçılıq edən də rejissor olub. Onlar da nə sənətə qiymət verirlər, nə reklama. Belələri 150-300 manata reklam çəkməklə bu sektoru da gözdən salırlar.

- Reklam çəkilməsi üçün məbləğlərin aşağı-yuxarı sərhədi nə qədər olur?

- Dediyim kimi 150 manata da reklam çəkən var. Amma reklam təkcə rejissor işi deyil; bunun ssenaristi var, işıqçısı var, operatoru var, aktyoru var. Bəs onlar nə qazanacaq? Azərbaycanda barmaqla sayıla biləcək qədər ssenarist var; Mütəllib Həsənov, Tural Sevdimalı, Ələkbər Əliyev, Məmməd Kazımov. Bu insanlar öz sahələrində artıq peşəkardırlar.

- Xarici ölkələrdən də sifariş olur?

- Nadir hallarda olur. Bizdə əsasən çəkilişə tək-tək çağırırlar. Kollektiv halında olmur. Operator Nadir Mehdiyevi tez-tez dəvət edirlər. Elxan Cəfərov da çoxlu dəvət alıb. Reklam agentliklərinə, prodakşnlara isə belə sifariş verilmir.

# 5854 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #