Fəxrəddin Manafovun pis baxdığı şəhər qızı

Fəxrəddin Manafovun pis baxdığı şəhər qızı
6 avqust 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Rasim İsmayılovun 1982-ci ildə çəkdiyi “İşgüzar səfər” filmini təqdim edir.

Süjet: Kənddə yaşayan Ənvər (Fəxrəddin Manafov) nə vaxtsa atasından borc alıb qaytarmayan Ağamehdini (Rəsmi Cəbrayılov) axtarmaq üçün Bakıya gəlir. Qonşusu, yaşlı qadın Firuzə (Siddiqə Heydərova) də Ənvərdən uzun müddətdir şəhərdə milis işləyən, anasını yoluxmayan oğlunu axtarmağı xahiş edir.

Ənvər çətinliklə də olsa Ağamehdini tapır və anlayır ki, o, əslində yaxşı adamdır, onun fırıldaçılıqla əlaqəsi yoxdur. Ənvər bu səfər zamanı təsadüfən Toma adlı gənc qızla tanış olur. Və gənclər arasında isti münasibətlər yaranır.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən filmin əsas qayəsi şəhər və kənd mədəniyyətinin, bu iki dünyagörüşünün toqquşmasıdır.

Ümumiyyətlə, bir kənd adamının şəhərə gəlib yaşaması, onun şəhər mühitinə uyğunlaşma prosesindəki çətinlikləri, kəndin şəhərdən, kəndlinin şəhərlidən üstün tutulması Azərbaycan sovet ədəbiyyatının əsas mövzularından biri olub. Bir qayda olaraq, bu yazıçılar şəhər və kənd mədəniyyətinin toqquşmasını mənəviyyatların qarşıdurması müstəvisinə gətirir, iki mühiti kəskin şəkildə qarşı-qarşıya qoyaraq üstünlüyü kəndə verir, şəhəri, şəhərliləri az qala bədheybət kimi qələmə verirlər.

“İşgüzar səfər” filmində isə mövzuya yanaşma daha fərqlidir. Müəllif obyektiv mövqedən çıxış eləyir, şəhər-kənd konfliktini bədii polemikaya çevirərək problemi fərqli tərəflərdən göstərir, tərəf tutmadan bu əbədi və ədəbi münaqişənin bütün çalarları ilə təsvirinə çalışır.

Ənvərin şəhərə, şəhərlilərə neqativ yanaşmasının səbəbi onun atasına borcunu qaytarmayan Ağamehdidir. Ağamehdi onun üçün fırıldaqçı şəhərlinin simvoludur. O, əmindir ki, şəhərlilər vicdan hissindən məhrumdur, riyakardılar, əxlaqları naqisdir.

Amma filmin ilk epizodlarından birində nurani sifətli Ağamehdi, onun skripka dərsi keçdiyi yeniyetmə şagirdi göstəriləndə artıq tamaşaçı bu personaj haqda ilk müsbət informasiyanı alır. Və sonra tamaşaçı üçün də, Ənvər üçün də Ağamehdi obrazı maraqlı tərzdə yavaş-yavaş açılır. Məlum olur ki, xeyirxah, mərhəmətli qoca hamıya təmənnasız kömək elədiyi, yardım üçün ona üz tutanlara “yox” deyə bilmədiyinə görə borca girir.

Bu, Ənvərin şəhərə nifrətinin sınma nöqtələrindən biridir.

Ənvər xaraktercə dəlisovdur, çılğındır, kobuddur, problemi sözlə yox, qol gücünə həll eləməyə çalışır. Amma eyni zamanda xeyirxahdır, safdır, vicdanlıdır. Və onun xarakterindəki ziddiyyətlər Tomaya münasibətində özünü daha aydın göstərir. Toma zavodda laborant işləyir, voleybol oynayır, kişi dostlarıyla rəqs eləyir. Belə bir müstəqil, azad qadın obrazı hətta müasir dövrümüzdə mühafizəkar düşüncə tərzindən xilas ola bilməyən kişi üçün də çətin qəbul olunandır. Bütün bunlar ona vurulan Ənvəri açmır. Onun təsəvvüründəki qadın tamam başqadır və rejissor onun xəyali qadın obrazını vizual vasitələrlə maddiləşdirir: Toma kəlağıyda, uzun ətəkdə evdə onun yanında müti şəkildə oturub, balaca oğlunu oynadır.

Filmdə bu gün üçün də aktual və tipik olan bir detal var. Toma Ənvərə onun evində yaşamağa icazə verir. O, qızı qucaqlamaq istəyəndə gözlədiyinin əksinə olaraq, onun müqaviməti ilə qarşılaşır.

Aralarında belə bir dialoq gedir:

- Elə bilirsən, şəhərli qızıdı da, nə istəsəm olar?

- Hamınız bir cürsüz.

- Kənd qızları ilə belə eləməzdin.

- Onların da, sizin də beyninizdə ancaq bir şey var, təki ərə gedəsiz... Şəhərliləri yaxşı tanıyıram.

- Sən axı bizim haqqımzıda, şəhər barədə nə bilirsən?

- Əgər qız gecə vaxtı evinə yad kişi gətirirsə onda deməli, məsələ aydındır.

Bu epizodda məsələ şəhər kənd kontekstindən çıxaraq qadın-kişi baxışındakı müstəviyə keçir. Yəni bir qadının kişi dostuna qucaq açması, onun illah da cinsi münasibətə çağırış eləməsi anlamına gəlmir. Toma hər şeydən əvvəl Ənvərdən sevgi, həssaslıq, sayğı gözləyir.

Ənvər Tomaya görə şəhərdə qalmaq, zavodda işə düzəlmək istəyir, amma finalda fikrini dəyişir. Voleybol oynayan Tomanı izləyəndə anlayır ki, aralarında dərin uçurum var, və o, bu uçurumu adlaya bilməyəcək. Ona görə özünü xoşbəxt hiss elədiyi yerə - kəndə qayıdır. Müəllifin də fikri budur ki, insan rahat olduğu, özünü ifadə edə bildiyi, ona xoşbəxtlik gətirən mühitdə yaşamalıdır: kənd, ya şəhər fərq eləməz. Əgər bir məkanda, mühitdə özünü yad hiss edirsənsə, sənə doğma olanı seç.

Süjet xətti ikinci dərəcəli obrazlarla zənginləşib. Anasını yoluxmayan, milis işləyən Həmid (Fikrət Məmmədov) kəndə qayıtmaq istəmir, şəhərin cazibəsinə təslim olur, özünü bu mühitdə daha rahat hiss edir. Kənddən gəlmiş Oqtay (Hacı İsmayılov) heykəltəraşlıqla məşğuldur, amma Rəssamlar İttifaqı diplomu olmadığına görə onu sıralarına qəbul eləmir. Rejissor bununla həm də yaradıcı təşkilatların bürokratiyasına vurğu edir.

Ənvər obrazı Fəxrəddin Manafovun kinoda debütdür. Bu, F. Manafovun kinoda ən yaxşı rollarından biridir. Aktyor Ənvər obrazında o qədər orqanik, plastikdir ki, belə bir istedadlı, güclü potensiala malik aktyorun sonradan “Mahmud və Məryəm”də, “Hökmdarın taleyi”ndə obrazları uğursuz oynamasına təəssüf edirsən.

Toma rolunun ifaçısı Svetlana Rodina hazırda İsveçdə yaşayır, Stokholm universitetində aktyorluqdan dərs deyir.

Filmin rejissoru Rasim İsmayılov peşəcə operator olub, 1977-ci ildən rejissor kimi də işləməyə başlayıb, “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi” filmlərinin müəllifidir.

# 2956 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #