Keçmiş deputat Nazim Məmmədov: “Evdə dovğa bulayıram”

Keçmiş deputat Nazim Məmmədov: “Evdə dovğa bulayıram”
14 iyun 2014
# 07:30

Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı keçmiş millət vəkili Nazim Məmmədovdur. Nazim müəllim müsahibəyə oğlu Cavidlə gəlmişdi. Eks deputatla Nizami Muzeyindən Azərbaycan kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə görüşdük. O, özünə qəhvə, oğluna dondurma mən isə şirə sifariş verdikdən sonra müsahibəyə başladıq.

- Yeməklə aranız necədi?

- Azərbaycan mətbəxi çox zəngin olmasına baxmayaraq, sevdiyim yemək yoxdur, nə bişirsələr onunla da kifayətlənirəm. Daha çox evdə yemək yeyirəm. Restorana adətən xarici ölkələrdən qonağım olanda gedirəm. Həmişə üstünlüyü ev yeməklərinə verirəm. Mən Gədəbəydənəm. Bizim zonanın insanları kimi payızda, qışda qurutlu xəngəl və yayda piknikə gedəndə quzu kababını sevirəm. Artıq çəkiyə meylli olduğum üçün səhər, bir də axşamüstü yeyirəm.

- Kababla aranız necədi?

- Kabab bişirməyi sevirəm. Ailə üzvlərimin ad günündə kabab bişirməyi özümə borc bilirəm.

- Hansı üsulla bişirirsiz?

- Zabrat qəsəbəsində bizim bölgədən olan tanış qəssablar var. Onlardan quzu alıram, sonra həmin quzudan kabablıq hissəni çıxardıram. Mənim üçün kababın xüsusi hazırlanma resepti yoxdur. Bir müddət əvvəl xanımımın ad günü idi. Həmin ad günündə ətə kəklilotu, xanımın özünün hazırladığı alma sirkəsi və bəzi ədvalar vurub yarım saat əti saxladıqdan sonra kabab bişirdim.

- Hansı növ kababı sevirsiz?

- Lülə kababı sevmirəm. Əgər ətdən kabab bişiriləcəksə, o ət tikə kabab olmalıdır. Kababı yeməkdən çox onu bişirməyi sevirəm. Mən adətən kababı manqalın arxasında yeyirəm. Ailə tədbirlərində kababı qayınatamla bişirirəm.

- Dadı damağınızda qalan yemək olub?

- Xatırlamıram. Mən qurman deyiləm. İnsan ac olan vaxt yediyi yemək onun sevdiyi yeməkdir. Mən yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm. Bizim evdə orqanik qidalar olur. Böyüdüyüm kənddən Bakıya köçən insanlar var və onların burda fermaları var. Evə ağartı və ət məhsullarını kəndimizdən olan həmin insanlardan alıram.

- Kababdan başqa nə hazırlayırsız?

- Tələbəlik illərim həm Rusiyada, həm də Bakıda keçib. Bakı Plan Uçot texnikumunda oxumuşam. Sabunçuda evimiz var idi. Amma yolun uzaq olduğunu bəhanə edərək yataqxanada qalırdım. Yataqxanada adətən kartof qızartması, pomidor-yumurta, çığırtma bişirirdim. İndiki Azərbaycan prospektində şahmat məktəbi ilə üzbəüz yaxşı kafe var idi. Bundan əlavə İstiqlaliyyət küçəsində İqtisad universiteti ilə üzbəüz əla sosiska-kolbasa verilən bir kafe var idi. Həmin yerdə kakao ilə bulka və üç dənə sosiska yeyirdim.

Həmin sosiska-kolbasanın dadı hələ də yadımdadır. Amma indi evə o qədər də sosiska-kolbasa almırıq. Çünki o vaxt olan sosiskalar çox keyfiyyətli idi. İndiki kimi mənşəyi bilinməyən ətlərdən hazırlanmırdı.

Bakı o vaxtkı Bakı deyil. Mən 1977-ci ildən 1982-ci ilə qədər Bakıda yaşamışam. Sonra isə hərbi xidmətə və təhsil üçün bir müddət Rusiyada yaşamışam. Biz bu dəqiqə şəhərin mərkəzində oturmuşuq. Burda şəhər əhval-ruhiyyəsi var. Amma məsələn, mənim yaşadığım Nizami rayonunda şəhər əhval-ruhiyyəsi yoxdur. Mərkəzdən başqa Bakının bütün yerləri böyük kəndi xatırladır. Bizim oturduğumuz yerlə üzbəüz böyük qastronom var idi. Orda qəşəng sosiska kolbasa satırdılar. Gənclik illərində olduğum Bakı çox maraqlı idi.

- Tələbəlik illərindən sonra evdə yemək hazırlamamısız?

- Yox. Amma mən o fikirdən uzağam ki, yeməyi ancaq qadın bişirməlidir. Evdə bəzən dovğa bişiriləndə, onu bulamağı öz üzərimə götürürəm. İndi zatən mətbəxdə çox işi - qabın yuyulmasını və digər işləri texnika görür.

- Spirtli içkilərlə aranız necədi?

- Aram yoxdu demək olmaz. Amma içkini aylarla içməsəm yadıma düşməz. Bu yaxınlarda dostum mənə özünün hazırladığı yarım litrlik şaftalı arağı göndərdi. Biz o araqdan 3 nəfərə 250 qram içdik. Amma məclisi dəstəkləmək üçün 100-150 qram içirəm.

- Ən çox içdiyiniz nə qədər olub?

- Gənclik illərimdə içib sərxoş olduğum vaxtlar olub. Hətta bir az ifrat formada. Rusiyada tələbəlik illərimdə normanı bir çoxhallarda gözləməmişəm. Sonuncu dəfə bir neçə il bundan qabaq Gürcüstanda “qırmızı cizgini” aşmışam. Xeyli çaxır içmişdik və bildiyiniz kimi çaxırın sərxoşluğu pis olur. Oteldə bir az diskomfort oldum və gecə narahat yatdım. İçkiyə bir o qədər meylli adam deyiləm. Amma indi çox təəssüf ki, kişilərin olduğu məclis içkisiz ötüşmür. Bu gün gənclərə spirtli içkini normadan artıq içməməyi tövsiyə edirəm. Çünki həmin içkini sonradan bədəndən çıxartmaq problemi var.

Bəzi insanlar deyir ki, mənə təsir eləmir, bəziləri deyir ki, kefdən içmirəm. Bunların hamısı bəhanədir. Xoş gündə, ya bəd gündə içilən bütün spirtli içkilər insan orqanizmi üçün çox təhlükəlidir. İndi keyfiyyətsiz içkilər kifayət qədərdir. Bu gün rus araqları və digər spirtli içkilər əsasən Dağıstanda və digər ölkələrdə keyfiyyətsiz sexlərdə hazırlanan içkilərdir. Fikrimcə, bu gün milli istehsalçılarımızın məhsullarına üstünlük vermək lazımdır.

- Rusiyanın mətbəxi necədir. Orda yaşadığınız müddətdə o mətbəxə öyrəşə bildiz?

- Rusiya mətbəxi tam fərqlidir. Biz sovet dövründə yaşadığımıza görə, müəyyən inteqrasiyalar var. Bir çox salatlar var ki, onları biz rus salatları bilirik. Amma heç də elə deyil. Məsələn, paytaxt salatı. Bu salat fransız salatıdır. Rusiya mətbəxində bizim mətbəxə oxşayan xeyli yeməklər var. Məsələn, düşbərə. O yemək Rusiyada pelmeni adı ilə çox məşhurdur. Sonra xalades. Bizim xaşın soyudulmuş forması. Bu həm balıqdan, həm də donuzdan olur. Xaladesi xoşlayıram.

- İşinizlə bağlı xarici ölkələrdə çox olursuz. Orda sizi təəccübləndirən yemək olub?

- Bir çox xarici ölkələrdə olmuşam. Həmin ölkələrdə məni təəccübləndirən yemək xatırlamıram. Son 6 ildə hər il Polşada oluram. Oranın mətbəxi demək olar ki, Rusiyanın mətbəxi ilə üst-üstə düşür.

- Milli Məclisdə üçüncü çağırışda deputat olmusunuz. Deputat olduğunuz müddətdə hansısa maraqlı hadisə olub?

- Mən Gədəbəy-Tovuz seçki dairəsindən 2005-2010-cu illərdə Milli Məclisə seçilmişəm. Təmsil etdiyim rayonlarda seçicilər əsasən dağ kəndlərindən idi və 110 kəndi əhatə edirdi. Mən o kəndlərin hamısında dəfələrlə olmuşam. Bizim zonada olan evlərin əksəriyyətində ayrıca qonaq otaqları var və o otaqdan qonaq gəlməyənə qədər yataq kimi istifadə olunmur. Biz kəndlərə gedəndə məktəb direktorları, icra nümayəndələri bir sözlə kəndlərin vəzifəliləri evlərinə dəvət edirdilər, amma mən həmişə sadə kənd adamlarının evinə qonaq gedirdim.

Bəzən kəndlərdə olarkən müxtəlif xeyir-şər məclislərinə də rast gəlirdik və demək olar ki, xüsusi dəvət olunmadığım, ancaq rastımıza çıxmış bütün məclislərdə iştirak edirdik. Allah xalqımıza həmişə xeyir qismət etsin, toy məclislərində yeyib-içib, söz deyib, nəmərimizi yazdırıb, çıxırdıq.

Sizə bir xatirəni danışım. Bir neçə il bundan əvvəl Türkiyənin Hüseyn Avni Karslıoğlu adında səfiri var idi. Həmin səfirlə Gədəbəyin Başkənd kəndinə getdik. Kənd Gədəbəyin əzəli torpağı olmasına baxmayaraq, o kəndi 20-ci illərdə ermənilərə veriblər. Həmin kənddə univermaq, istehsal sexləri var idi. Ermənilər o kəndə Qartal yuvası adını vermişdilər və Andranikin heykəlini qoymuşdular. O kəndi hərbiçilər 1992-ci ildə ermənilərdən aldı. Amma indi o kənd xarabalıqdır. Həmin kəndə gedəndə Saratovka kəndində sünnət toyu var idi. Biz səfiri həmin toya dəvət etdik və toyda kiçik bəyi təbrik edib nəmərimizi salıb çıxdıq, hörmətli səfir də mikrofonla təbriklərini çatdırdı.

Mən Milli Məclisdə olanda həm yaxşı, həm də pis hadisələr olub. Ən qalmaqallı hadisə isə bizim dövrümüzdə Milli Məclisdə Hüseyn Abdullayevin deputat mandatının əlindən alınması olub.

- Milli Məclisin bufetində hansı yeməklər verilirdi?

- Milli Məclisin bufetində az olmuşam. İlk ilimizdə yeni korpus hələ tikilmədiyindən yeməkxana köhnə binada idi. Biz həmin köhnə binada bir il qaldıq. Sonra həmin bina və bufet əsaslı təmir olundu. Həmin təmirdən sonra bufetdə də müəyyən dəyişikliklər oldu. Yeməklər həm qiymət baxımında, həm də keyfiyyət baxımından orta səviyyəli restorandan seçilmirdi. Onu da deyim ki, iclas günü qəbula seçicilər çox gəldiyindən, ancaq o günlər Milli Məclisin yeməkxanasından istifadə etməli olurdum.

- Neçə övladınız var?

- İki övladım var. Zeynəb və Cavid.

- Hobbiniz nədi?

- Hobbi mövsümə bağlıdır. Mənim üçün hobbi istirahətə bağlıdır. İstirahəti övladlarım yay və qışda məktəbdən tətilə buraxılanda edirəm. Yay tətilini Gədəbəydə və dənizə görə Türkiyədə keçirirəm.

Hazırda elmi işlə məşğulam, ikinci kitabım çapa verilib. Doktorluq işimi bu ilin fevralında tamamlayıb Sankt-Peterburqun Maliyyə İqtisad Universitetinə təhvil vermişəm. Elmlər namizədi adını mən Voronej Dövlət Aqrar Universitetində işləyərkən müdafiə etmişəm. Doktorluq işimi Milli Məclisdə deputat olduğum vaxtlarda da hazır edə bilərdim. Amma elə başa düşülərdi ki, deputat mandatımdan istifadə edib, elmi dərəcə almışam, ona görə bu fasilədən istifadə etməyi qərara aldım.

Hobbim uşaqların tərbiyəsi ilə məşğul olmaqdı. Amma çox təəssüf ki, iş baxımından uşaqlara çox vaxt ayıra bilmirəm, bu işlə daha çox Fəridə xanım məşğul olur, bütün azərbaycanlı analar kimi (gülür). Çalışıram ki, bazar günü evdən çıxmayım. Ən sevmədiyim şey bazar günü toya çağırılmağımdır. Etiraf edim ki, internet də vaxtımızı çox alır.

- Toylardan danışaq. Sizcə toy necə olmalıdır?

- Mən bir misal çəkim. 2009-cu ildə əvvəllər tanıdığım bir türk iş adamı məni Türkiyənin Balıkəsir şəhərinə qardaşı qızının toy məclisinə dəvət elədi. Yay ayı olduğundan ailəmlə birgə həmin toyda oldum. Toy açıq havada, güllü-çiçəkli, hovuzlu bir bağçada keçirildi. Toyda qarson əlində padnosda yeməklər gəzir. Hər şeydən bir az götürüb yeyirsən. Saat 11-də toy da bitdi.

Həmin toy mənə çox ləzzət elədi. İnsanların normal rəqsi və musiqi tərtibatı hədsiz xoşuma gəldi, hər kəs də toyda bəy və gəlinin necə sərbəst, necə xoşbəxt olduqlarını, toyun da məhz onlara aid olduğunu hiss etdi. Bizim şadlıq evləri həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Toylar artıq hamı üçün bir “işgəncəyə” çevrilib, belə toylardan imtina edilməsinin tərəfdarları da az olmasa da, indi toy formatını dəyişmək ancaq gənclərin üzərinə düşür. Toyu 150 nəfərlik də etmək olar axı, açıq havada da, hovuz başında da etmək olar, səssiz-küysüz, səmərəsiz xərclərsiz, bunu gənclər öz valideynlərinə müəyyən təzyiqlər göstərməklə edə bilər.

- Paytaxt restoranlarına gedəndə əsasən nəyə üstünlük verirsiz? Dəbdəbəyə, ya yeməyin keyfiyyətinə?

- Ailəmlə birgə şəhərə restorana gəlirik. Mən açıq havada olan restoranları, ümumi zalda oturub yemək yeməyi sevirəm. Bu gün paytaxtda kabinet tipli restoranları başa düşmürəm. Xarici ölkələrdə kabinet tipli restoranlar çox azdır, demək olar ki, yoxdur.

- Ovla aranız necədi?

- Mən hərbi xidmətdə olanda “Ovçular cəmiyyətinin ” üzvü idim. Gənc yaşlarımda Gədəbəydə kəklik, dovşan ovuna getməyimi xatırlayırdım. Amma son zamanlar ova getmirəm. Yaxınlarda ovçuluğa başlamaq istəyirəm.

- İlk dəfə restorana nə vaxt getmisiz?

- 1977-1978-ci illərdə tələbə yoldaşlarımla indiki dəmiryol vağzalının 3-cü mərtəbəsində bir restoran var idi ora getmişdik.

- Dieta ilə aranız necədi?

- İndi çəkim bir az artıqdır. Bu da oturaq həyatla bağlıdır. Mütəmadi olaraq idmanla məşğul olmasam da gənclik illərimdə sambo ilə məşğul olmuşam. Voronej vilayətində tələbələr arasında keçirilən yarışda çempion olmuşam.

İndi çəkim 102 kiloqramdır. Üç il bundan qabaq qarşıma məqsəd qoydum və qaçmaqla çəkimi 93 kiloqrama saldım. Yay aylarında ümumiyyətlə çəkini atmaq lazımdır.

- Facebookda aktivsiz.

- Çox təəssüf ki, facebookda müzakirə səviyyəsi çox aşağıdır. Mən 2009-cu ildən facebookdayam. O vaxtlar jurnalistlər millət vəkillərinə sosial şəbəkələrdən istifadə edirsiniz sualını verəndə onlar sosial şəbəkələrə əxlaqsızlıq kimi baxırdı. Amma indi həmin şəxslər özləri facebookdadı.

Facebookda bir status yazırsan və çox təəssüf ki, əksər hallarda şərhlərdə təhqir və söyüş görürsən. Amma mən inanıram ki, müəyyən müddətdən sonra facebookda normal müzakirə olacaq, hətta indi vəziyyət bir neçə il əvvələ müqayisədə də çox müsbətdir. Facebook Azərbaycanda artıq Kütləvi İnformasiya Vasitəsinə çevrilib və mən də orada kifayət qədər aktivəm.

- Ofisianata "çay pulu” verirsiz?

- Hesabın 5-10% -ni ofisianta “çayavoy” kimi verirəm.

# 4572 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #