Bu pyesə görə tamaşaçılar da günahkardır

Bu pyesə görə tamaşaçılar da günahkardır
14 fevral 2017
# 09:00

Aliyə yazır

Ölkənin mədəniyyət mərkəzi olan əsas şəhərində - Bakıda teatrların sayı barmaq hesabıdır. Və Akademik Milli Dram teatrından sonra bir də Musiqili Teatr da eyni müəllifin eyni əsərinə müraciət edib. İlyas Əfəndiyevin “Mənim günahım” pyesi. Müəllifin “aktuallaşdırılması” məlum, amma niyə məhz bu əsər?

Akademik teatrın rekvizitlərinə belə heyfim gələn, insanın beyninə, ruhuna hörmətsizlik olan tamaşasından sonra “Niyə?”dən çox “Necə?” sualı verirsən.

Musiqili teatr İradə Sayyanın quruluş verdiyi “Mənim günahım” tamaşasını təqdim edir. Sevgi haqqında pritça kimi.

İlyas Əfəndiyevin pyeslərində ictimai qat qəhrəmanlara həmişə ağırlıq edir - Kişi qəhrəmanları pafosa, qadın qəhrəmanlarısa bu kişilərin pafoslu nitqlərindən əzab çəkməyə məcbur edir.

Çünki qadın qəhrəmanlarda əsasən ictimai təfəkkür özünü göstərmir, bu, bir kişi dramaturqun yanaşmasıdır, dramaturq onlara fəlsəfi-sosial fenomen kimi yanaşmır, heç psixoloji fenomen kimi də dərin qatlar açılmır, onlar yalnız sevgi, sevgi istəyir. Amma yenə də kişilərin saxta ictimai pafosunun yanında qadınlar daha real, inandırıcı alınır.

İradə Sayya pyesdəki konflikti dolaşdıran ictimai motivləri ortadan qaldırıb, mətni ixtisar edib, daha dəqiqi, oradan özünə lazım olan münasibət xəttini götürüb.

Tamaşanın qəhrəmanı balerina Nurcahanın (Xalq artisti Şükufə Yusupova) dərdi fobiya kimi görünür, hər şey tərk edir onu-yaş gedir, səhnəyə daha gənc balerinalar lazımdır, əri Sahibdən (Əməkdar artist İlham Hüseynov) də sevgi gəlmir. Şükufə Yusupovanınn qəhrəmanının dərdi bir qadın, bir balerina faciəsidir. Amma tamaşa irəlilədikcə biz onun bir şəxsiyyət faciəsi yaşadığını görürük. Yəni, qadının dərdi dramaturqun, bəzi kişi tamaşaçıların düşündüyü kimi ancaq sevgi, qısqanclıq deyil. O da bir şəxsiyyət kimi mənəvi böhran keçirir. Ona qısqanclıq və sevgidən başqa günah hissi də əzab verir. Çünki o şərə bulaşıb, əri Sahibin göz yetirdiyi, səhnənin tələb etdiyi balerina Ayqızın (Cəlalə Novruzlu) ayaqqabısına şüşə töküb.

İradə dərinliyini qoruduğu səhnə dekoru ilə, vizual proyeksiya ilə, rəqibi Ayqızın rəqsləri ilə (quruluşçu baletmeysteri Yelena Ağayeva) balerinanı bir şəxsiyyət olaraq rampanın işığına salır, onun qütbdən-qütbə çırparaq psixoloji-fəlsəfi fenomen kimi tədqiq etmək istəyir. Bunun üçün əsəri yüngülcə dekonstruksiya edir. Ora yeni kontekstlər gətirir və bu, əlbəttə, maraqlıdır. Amma görünəni şəxsiyyət problemi-sevgi, nifrət və şəxsiyyət kimi ciddi mövzunu açmağa, bu haqda danışıb göstərməyə daha dərin konfliktlər, ziddiyyətlər, dramaturji material lazımdır. “Mənim günahım” pyesi bunun üçün yetərli deyil, bir balerinanın sevgi və ya şəxsiyyət böhranı kimsəyə toxunmur. Onda rejissor belə bir üsula əl atır-dram balerinanın xəyalı kimi oynanılsın-onun düşüncələri, daxili narahatlıqları qısa bir zaman içində xəyalvari fraqmentallıqla oynanılsın. Bu format çox yaxşıdır. Amma di gəl ki, az zaman üçün də bu şəxsiyyət böhranı məsələsi ağırlıq edir, cızılan zaman çərçivəsinə, daha düzü formatına uyğun gəlmir. Bu isə baş qəhrəmanı oynayan aktrisaya çətinlik yaradır.

Bu ki, sevgi haqqında pritçadır, format da, janr da, mövzu da proqrama yazılıb deyib keçmək də olar, amma İradə Sayya səhnə tərtibatı, temporitm, aktyor oyunundakı çoxplanlılıq, kompozisiya və s. bizi ağır psixoloji drama kökləyir. Gözləntisə özünü doğrultmur. Qısası, tamaşa psixoloji dram, şəxsiyyət böhranı mövzusu üçün format etibarilə yüngüldür, sevgi haqqında pritça üçün ağır və yorucu.

Tamaşa boyunca rejissor Musiqili Teatr üçün yeni sayılan vasitələrdən yararlanır. Nurcahanı bir şəxsiyyət kimi təkləyib göstərmək üçün gah zamanla (saat rəsmi) sıxır, gah güzgü göstərir (o güzgüdə də Ayqız rəqs edir və Nurcahan güzgünü qırmaqla öz böhranını aşkar bəlli edir, özü ilə, öz günahı və qısqanclığı ilə təkbətək qalmağa gücü çatmadığını göstərir) gah da səhnənin bir küncündə çalınan musiqilərlə, qəfil peyda olan xatirələrlə onu haqlayır. Bunlar bədii həll kimi müxtəliflik yaradır, fikri açmaq üçün seçilən, bir az da klişe üsullardır. Və həm də psixoloji konflikti dərinə salmaq cəhdləridir. Balerinanın daxili əzablarına təkanlar seçməkdir. Halbuki balerina psixoloji dramın mərkəzindədir və ətrafdakı hər şey eynən tamaşanın əvvəlindəki musiqi kimi ondan əmr almalıdır, deyə düşünürəm.

Balerina əzab çəkir, qorxur. Amma ən böyük qorxusu yaşlanmaqdırmı, ya ən böyük qorxusu özüdür? Əzabı qısqandığı üçün çəkir, ya günah hissi ona əzab verir? Bunlara tamaşaçın finalında cavab olacaqmı? Bunlar əlbəttə anons sualları deyil, dramaturji vəziyyəti aydınlaşdırmaq üçündür.

Balerinanı bu günah hissindən nə xilas edə bilər? Kiçik bir bəraət. Ki, bu bəraəti tamaşanın sonunda əri Sahib Nurcahana verir: Olub, Ayqızla bir şeylər yaşamışıq, deyir. Nurcahan xanım rahatlaşır, daha “mənim günahım” deyə bir şey yoxdu, hamımızın günahı var. Nə gözəl! Səhnəyə də çıxmaq olar daha, qızlara çımxırmaq da olar, aşağılamaq da, Sahibi atmaq da, tutmaq da. Ayqızı səhnəyə həsrət qoymaq da. Sahibsə, ağıllı-ağıllı qadının nədən belə cılız ola biləcəyini deyən Sahibsə nə istəyir düşünsün (Əslində Nurcahan Sahibin gözündə özünü sevir). Nurcahan öz-özü ilə üz-üzə qalmaq işgəncəsindən qurtulub. Axı tamaşa demək olar ki, Nurcahanın fikrində, xəyalında, düşüncəsində oynanılır - Sahibin ondan çay istədiyi vaxtdan onun qalxıb çay gətirdiyi vaxtadək. Yəni, tamaşanın əvvəlində çay istəyən Sahibə Nurcahan yalnız finalda çay gətirir.

İçin, əziz kişilər, için ki, qadın obrazı ilə, qadın faciəsi ilə bağlı sterotipləriniz möhkəmlənsin (Hərçənd belə istehza yoxdur finalda, bunu mən darıxdığım üçün tamaşaya əlavə edirəm). Qadın qəhrəman yaratmaq çətindir - ona görə yox ki, “Qadın nə istəyir?” sualına cavablar net bir cavab tapılmır, ona görə ki, bu sual necəsə ortaya çıxıb…

Belə tezbazar finaldan tamaşaçılar çaşırlar. Bəs tamaşaçıların günahı nədir? Əlbəttə, vardır. Teatrın bu günündə onların da payı var…

# 1639 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #