Sevgisindən Tanrı yaradan qadın

Sevgisindən Tanrı yaradan qadın
7 iyul 2018
# 15:30

Bu gün Avstriya bəstəkarı Qustav Malerin doğum günüdür. Kulis.az bu münasibətlə İbrahim Nəbioğlunun "Sevgisindən Tanrı yaradan qadın" yazısını təqdim edir.

“Çoxluq tərəfindən bəyənilmək bəladır”

F. Şiller

Nizami küçəsindəki “Bilik” kino-teatrını xatırlayırsınızmı? Bakının yeganə “non-stop” sineması idi. Seans olmurdu, filmin ortasından da girə bilərdin zala, sonundan da, istəsən axşama qədər də baxa bilərdin. Burada adətən geniş prokata çıxarılmayan, əsasən art-house filmlər nümayiş olunurdu. Bakının o vaxtkı gəncləri Bergman, Antonioni, Tarkovskini ilk dəfə orda izləmişdilər. Keçmişdə qalmış bizim Bakının bir çox parçası kimi ora da yoxdur artıq...

Luçino Viskontinin Tomas Mannın eyni adlı pyesi əsasında çəkdiyi “Venetsiyada ölüm” filminə tələbə vaxtı “Bilik”-də baxmışdım. O vaxta qədər Viskonti seyr etməmişdim. 5 saat zalda qaldığımı xatırlayıram, təkrar-təkrar filmin əsrarəngiz musiqisini dinləmək üçün. Belə bir ovsunlayan musiqi dinləməmişdim. Titrlərdə “Bəstəkar Qustav Maler” yazırdı.

Aktyorların dialoqu yox dərəcəsində azdır filmdə. Bütün film boyu Q. Malerin (Gustav Mahler,1860-1911) 5-ci simfoniyasının IV hissəsi-Adajietto səslənir. İnstrumental lirikanın bənzərsiz örnəyi olan Adajiettoda sadəcə simli alətlər və arfa çalır, bu da musiqiyə elə dərin lirizm yükləyir ki, insanı içindən qoparıb baçqa dünyalara aparır. Zatən Malerin musiqisi də bu dünyanınkı deyil. Ruslar bu avstriyalı bəstəkarı çox da təbliğ etmirdi, tapıb dinləmək də çətin idi o vaxt Maleri....

Pəri kimi doğulmuşdu. İlham pərisi kimi. Uzun həyatı boyunca 9 böyük sənətkarın qadını olmuşdu. Bəzilərinin arvadı, bəzilərinin də məşuqəsi kimi. Sənət tarixçiləri onu sonuncu “femme fatale” adlandırırlar. 1879-da Vyanada rəssam Emil Şindlerin yəhudi ailəsində doğulmuşdu. Tanıdığı ilk erkəklər görkəmli rəssam Qustav Klimt və musiqiçi Aleksander fon Zemlinski idilər. Amma Alma özündən 19 yaş böyük Vyana operasının bədii rəhbəri, gələcəyin dahi bəstəkarı Qustav Maleri seçdi…

51 illik qısa ömründə 9 simfoniya yazıb. Dəli kimi sevdiyi avradı Almaya sadəcə 5-ci simfoniyasını ithaf edib. Evliliklərinin ən xoşbəxt dönəmində yazdığı 2 və 3-cünü deyil, Almanın ona xəyanət etdiyi vaxtlarda yazdığı 5-ci simfoniyanı. Oysa Alma evləndiyində Qustava verdiyi sözə sadiqdir – evdə ərinə baxır, onu mutlu etməyə çalışır. Sözünə sadiq qalır, amma bədəninə və ruhuna yox. Modern memarlığın ən böyük isimlərindən biri, Bauhaus-un qurucusu Valter Qropiusu özünə aşıq etdirir. Alma ilə tanış olanda Qropius gənc bir memar idi. Alma Maler onu zirvələrə daşıdı....

Almanın xəyanəti, övlad acısı Malerin bütün sonrakı yaradıcılığına təsir etmişdir. Qorxunun, yalanın, səksəkənin, ölümün dərinliklərini ələ alır musiqisində. Cənazə marşı ilə başlayır 5-ci simfoniya. Amma getdikcə Maler o məhşur lirizmini işə salır və təlatümün arxasınca arfa qaranlığın içindən günəşi çıxarmağa çalışır sanki. Adajiettoda həsrət, acı, iztirab o qədər dərin və təsirlidir ki, insanın daxilini param-parça edir. Musiqini irəliyə aparmaq, inkişaf etdirmək yerinə Maler tərəddüd edir, geriyə, başdakı akkordlara qayıdır, major və minor bir-birinə qarışır. O ürpərdici musiqi qərar verə bilmir – qaranlıqdamı qalsın, yoxsa işığamı can atsın. Və melodiya sönməyə doğru gedir. Ruhun bədəndən ayrılışını ancaq Maler belə təsvir edə bilərdi. Ölüm əbədiyyətlə dialoqda müvəqqəti bir pauzadır, son deyil.

Tarixdə dahi erkəklərin kölgəsində qalmış çox qadınlar olmuşdur. Amma Alma onlardan deyil. 17 yaşında Vaqner repertuarını əzbərə bilən, 20 yaşına qədər 100-ə yaxın lied bəstələmiş biridir. “Üstün insan” olduğuna inandırır özünü. Qadınlarda nadir rastlanan bu “üstün olma” duyğusu Almanı fərqli qılırdı. Fransuaza Jiru (Giroud) “Anna Mahler ve ya sevilme sanatı” adlı kitabında Almanın bircə qüsurunun olduğunu yazır, o da bir qulağının eşitməməsi. Amma bu onu qarşısındakını elə diqqətlə dinləməyə məcbur edir ki, o insan özünü dünyanın tək varlığı kimi hiss edirmiş. Oskar Kokoşkanı da beləcə dinləyərək, ona önəm verərək sevdirdi…..

Çex əsilli avstriyalı rəssam, yazıçı, keçən əsrin ən böyük ekspressionistlərindən biridir Oskar Kokoşka . Alma onunla da fırtınalı bir eşq macərası yaşayır. Ayrıldıqdan sonra Almanı unuda bilməyən Kokoşka onun natural ölçüdə kuklasını hazırlatdırır, hər yerə onunla gedirmiş. Bunu məhşur “Fetiş” əsərində qələmə almışdır. Ona rəssam kimi dünya şöhrəti gətirən “Rüzgarın nişanlısı” tablosunda Alma Maleri çəkib.

Qropiusla evli ikən Alma onu yəhudi əsilli avstriyalı şair, dramaturq, yazıçı, Vyana ekspressionizminin qurucularından Frans Verfellə aldadır. 50 yaşında da Verfellə evlənir və Amerikaya köçürlər. Əli bu səfər Verfelin üstündədir və “üstün qadın” yeni tanrı yaratmağa başlayır….

Nitşe, Vaqner, Platonla “bəslənmiş” Almanın istedadlı erkəklərə qarşı özəl bir heyranlığı var idi. Bəzi qadınlar daş-qaşa, zinət əşyalarına nə qədər duyarlı və həssasdırsa, Alma da talantlı kişilərə elədir. Almaya ram olmuş erkəklər onlu və onsuz, zatən dünyada bir iz buraxıb gedəcəkdilər. Amma Almanın işığı onların enerjilərini çoxaldaraq istedadlarını göylərə qaldırdı. F. Jirunun dediyi kimi o, hər sevgilisini tanrı yapan tanrıça idi….

“Venetsiyada ölüm”ü seyr etdikdən sonra içərisində pedofilliyə vurğu olan bir filmin (filmdə pyesdəki kimi yaşlı professor fon Auşenbax yeniyetmə bir oğlandan xoşlanır və qarışıq hisslər keçirir) sovet ekranlarına necə yol tapması sualı açıq qalmışdı. Çox sonralar öyrəndim ki, məgərsə Moskva italyan neo-realizminin usta rejissoru L. Viskonti ilə Nobel mükafatı laureatı T. Mannın da həyatlarını “redaktə” etmiş, onların homoseksual kimliklərini gizlətmişdir. Amma əsil gizlətdikləri hər ikisi də kommunist olan bu görkəmli sənətkarların gizlicə SSRİ-yə çalışmalarıymış. Mənfur rejim onlara “şpionluq” edənlərin filminə icazə verdiyi halda Qustav Maleri az qala yasaqlamışdı. Heç Tanrı da yasaqlanarmı……

Maleri Tanrı yapan Almaya olan sevgisinin melodiyası gerçək dünya ilə xəyal dünyası, sevinclə hüzn arasında gedib-gəlir, çözülmür ki çözülmür. Bütün hiss və həyəcanlar bir bütün olaraq sizi sarıb sarmaşıq kimi sarmalamaqdadır. Eynilə həyatın özü kimi…….

(“Ayna” qəzeti)

# 4001 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #