“Bu şəhərdə”ni müdafiə edirəm!

“Bu şəhərdə”ni müdafiə edirəm!
11 yanvar 2013
# 08:15

Sevda Sultanova

“Bu şəhərdə”nin bütün proqramlarını izləyirəm. Hər konsert proqramında ən azından iki-üç keyfiyyətli səhnə təqdim olunur. Həmin o iki-üç səhnə beynim üçün “saqqız”dır, istirahətdir və stressi azaltmağa kömək edir.

Buna görə üç istedadlı insana-Rəfaelə, Coşquna, Müşfiqə təşəkkür edirəm, uğurlar arzulayıram və tənqidlərə görə geri çəkilmələrini istəmirəm.

“Bu şəhərdə”ni tənqid edənlərin əsas arqumentlərindən biri aktyorların qadın paltarında çıxış etməsidir.

“Bu şəhərdə” bir formatdır, iki aktyor üzərində qurulduğundan qadın obrazlarını oynamaları da məntiqidir. Həm də bunu deyənlər aktyorların təqdimatındakı kişi obrazlarının mövcudluğunu nəyəsə görə unudurlar.

Məlum arqumenti bayraq edənlər, niyə onların rüşvətxor müəllim, məmur, həkim, polis obrazlarından, Şekspirin “Otello”sunun maraqlı traktovkasından danışmırlar? Bu traktovkada müəllif çox aktual bir məsələyə- prodüserlərin gözəl, amma istedadsız qadınları irəli çəkməsinə, puldan ötrü sənəti şoulaşdırmağına toxunur.

Və ya niyə onların vulqar televerilişləri uğurla parodiya etməsini unudurlar? Yəni səhnəciklərdə yalnız məişətlə bağlı yox, ictimai, sosial mesajlar da var. Təbii ki, anlayan üçün.

Məgər, “Bu şəhərdə”nin proqramları ANS-in meyxana, ucuz, bəsit verilişlərindən daha səviyyəsizdir? Yoxsa Rəfael və Coşqun ANS-in təbliğ etdiyi toy müğənnilərindən istedadsızdır?

Digər iradlardan biri, ”Bu şəhərdə”nin ən çox gəlin-qaynana mövzusu önə çəkməsidir. Tanrı xətrinə, belə riyakar olmayın. Əgər bir ölkədə insanlar üçün toy, qız ərə verib, oğul evləndirmək, övlad toyunda oynamaq, o dünyaya getməmiş nəvə görmək həyati, olum-ölüm məsələsidirsə və bizim bütün mentalitetimiz məişət düşüncəsi üzərində qurulubsa, cəmiyyətdə bu mövzudan təbii və zəruri nə ola bilər axı?

Hələ toydan sonrakı həngamələri, hər xırda dedi-qodunun böyüyüb faciəyə çevrilməyini, ər-arvad qətllərindən danışmıram.

“Bu şəhərdə”ni tənqid edənləri izlədikcə, belə təsəvvür yaranır ki, ölkənin yarıdan çoxu intellektual səviyyəyə malikdir.

Amma nədənsə teatrlarımıza gedən yoxdur, kitab satışı aşağıdır, disk dükanlarında art house filmlərinə tələbat olmadığı üçün satılmır, kino evində təşkil etdiyimiz filmlərin nümayişinə gələnlər azdır. Və nədənsə saytlarda erotik, düşük lirik yazılar, şeirlər çox oxunur, çılpaq müğənnilərin fotolarına çox baxılır. Analitik, informativ, ciddi sənətlə bağlı yazıların oxucuları isə qat-qat azdır.

Əminəm ki, “Bu şəhərdə”ni düşük adlandıranların arasında ona həvəslə baxan, amma “səviyyəsiz” damğası vurulduğu üçün bunu etiraf etməyə çəkinənlər də var.

Hər halda “Bu şəhərdə”nin yaradıcılığına, effektli satirasına, kişi – qadın obrazlarını müxtəlif intonasiyalarda, koloritlə təqdimatına, dişiylə-dırnaqlarıyla qazandıqları populyarlığa böyük sayğıyla yanaşıram.

Yenə də deyirəm, “Bu şəhərdə” bir formatdır, müəlliflər həmin formata uyğun tamaşa sərgiləyir. Sadəcə, problem alternativ variantların yoxluğundadır. Məsələn, haqqında danışılan intellektual yumor. Kimin istedadı varsa, meydana çıxsın, “Bu şəhərdə”yə alternativ ola biləcək, intellektual yumoru təklif edən format yaratsın. İnkişaf yalnız rəqabətlə mümkündür. Rəqabət olsa, hər format öz auditoriyasını tapacaq.

Teatrdan tamaşaçı sayğısızlığı, maddi səbəblər ucbatından gedən, “Bu şəhərdə”ni yaratmağa məcbur olan müəllifləri qınamaqdansa, problemlərin kökünü araşdırmaq və polemikaları da onların əsasında qurmaq daha məntiqlidir.

# 6401 dəfə oxunub

Oxşar xəbərlər

Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

12:30 2 dekabr 2025
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

14:35 1 dekabr 2025
Hiperrealist mum heykəllər məkanı  - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

Hiperrealist mum heykəllər məkanı - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

12:39 1 dekabr 2025
Anar:  "Onların "Kitabi-Dədə Qorqud" səviyyəsində dastanları yoxdur"

Anar: "Onların "Kitabi-Dədə Qorqud" səviyyəsində dastanları yoxdur"

10:00 29 noyabr 2025
"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

13:30 28 noyabr 2025
Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

16:55 27 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər