Soyuducunu iki arağa satdıq  

Soyuducunu iki arağa satdıq  
10 may 2013
# 10:41

Layihə-Mənim universitetim

Bizim tələbə yataqxanamız belə idi-liftdən çıxanda koridorun sağ tərəfində qızlar, sol tərəfdə isə oğlanlar yaşayırdı. Dördüncü, beşinci və altıncı mərtəbələrdə institutun tələbələrini, yeddinci mərtəbədə isə iki illik Ali Ədəbiyyat Kursunda (AƏK) oxuyanları yerləşdirmişdilər.

AƏK-da oxumaq üçün SSRİ Yazıçılar İttifaqının üzvü olmaq şərt idi. Orada monqol, ərəb, hind, nikaraqualı, polyak, bolqar, özbək, azərbaycanlı, qazax, erməni, gürcü, latış, çeçen, tatar... tələbələr görmüşəm.

Volodya Şipilov adlı bir rus yazıçı dostumuz da AƏK-da oxuyurdu. Volodya həm də “Literaturnaya uçeba” adlı jurnalla əməkdaşlıq etdiyindən bizlə müqayisədə pulu çox olurdu. Qonorar alanda, əlinə pul keçəndə dərhal məclis qurardı. Biz onu familiyası ilə uzlaşdırıb “Şpil” deyə çağırırdıq.

Əslən Novosibirskdən olan Şpil lopabığ, bəstəboy, gülərüz, dava-dalaşla arası olmayan xoşxasiyyət bir adam idi. Əsasən nəsr yazsa da gitarada öz şeirlərini də oxuyurdu. Onu hərdən televiziya verilişlərinə də dəvət eləyirdilər. Şpil o vaxtlar Rusiyanın tanınmış yazarlarından sayılırdı.

Biz tələbələri otaqlara iki-iki yerləşdirsələr də AƏK-nın hər bir tələbəsinə ayrıca otaq verirdilər. Otaqların pəncərələri ikiqat olduğundan havaların şaxtalı vaxtı pəncərənin arasını soyuducu kimi istifadə eləyirdik. Qışda otaqlar yaxşı qızdırıldığından ərzağımızı pəncərənin arasında saxlayırdıq.

Havalar bir balaca istiləşən kimi başımızı pivə içməklə qatır, havalar soyuyan kimi isə yenə arağa qayıdırdıq. Neçə ki, pəncərənin arxasında qar, şaxta, çovğun görünürdü, biz yalnız araq haqda düşünürdük.

Gecə saat 11-dən sonra yataqxananın növbətçi qarıları qapını bağlayıb tələbələri çölə buraxmazdı.

Andropovun vaxtında işimiz lap zülm oldu. Mağazalarda arağı yalnız axşam saat 6-dan 8-ə qədər satırdılar ki, guya rus fəhlələri işi buraxıb araq arxasınca qaçmasın. Ona görə mağazaların qarşısında mavzoleyə olan növbədən də uzun növbələr olurdu.

Qışın soyuğunda araq növbəsinə dayananlar əsəbdən itə dönürdü. Həmin vaxtlar taksi sürücüləri araq alverinə başladılar. Gecələr lazım olanda yataqxananın yaxınlığında yerləşən taksi parkında soyuqdan donmamaq üçün motoru işlək saxlayan taksi sürücülərindən ikiqat qiymətinə araq alırdıq.

Gecə vaxtı araq almaq lazım olanda aşağı mərtəbəyə gəlib köməkləşərək, dabanı birdəfəlik mıxlanmış pəncərələrin nəfəsliyindən birini bayıra buraxırdıq. Sonra araq arxası ilə gedəni oradaca gözləyirdik ki, qayıdanda onu nəfəslikdən dartıb içəri sala bilək.

Günlərin bir günü, altı-yeddi nəfər tələbə yoldaşlarımızla Şpilin otağına yığılıb “alkaşlıq” eləyirdik. Gecənin bir vaxtı arağımız qurtardı. Nə etməli? Heç kim də kampaniyanı tərk eləmək istəmirdi. Belə hallarda, adətən, Şpil otağındakı qiymətli kitablardan bir neçəsini dəyər-dəyməzinə verib araq alardı. Hamı fikirləşə-fikirləşə qalmışdı. Birdən Şpil sevincək dilləndi: “Ooo! Necə ağlımıza gəlməyib, soyuducu! Soyuducunu satmaq lazımdı!”

O vaxtlar hər tələbənin soyuducusu olmazdı, əsasən, abırlı görünmək istəyən qızların otağında soyuducusu görünərdi.

Şpilin soyuducusu balaca və təzə idi. Andrey slavyan tələbə qızları üzrə, mən isə Orta Asiya və Qafqaz tələbə qızları üzrə “nümayəndə” idim. Yəni belə vaxtlarda o qızlardan borc pul almağa mən gedirdim, çünki onlar rus tələbələrə etibar eləyib borc vermirdilər.

Hərə bir tərəfə dağılışıb soyuducuya müştəri axtarışına getdi. Gecə yarı hansısa tələbə qızın qapısını döymək centlmenlikdən sayılmasa da əlacımız yox idi.

Mən bir az fikirləşdikdən sonra kurs yoldaşım dağıstanlı Gülbikənin qapısını taqqıldatdım. Bəxtimdən Gülbikə yatmırmış, içəridən “kimdi?” deyə soruşdu. Dedim, mənəm. Qapını azacıq aralayıb: “Nolub bu gecə vaxtı?” dedi. Dedim, Şpilin soyuducusunu satmaq istəyirik, pul lazımdı. Gülbikə vəziyyəti başa düşmüşdü. Dedi, axı məndə pul çox azdı. Dedim, iki araqlıq pulun varsa verə bilərik. Gülbikə gedib pul qabını eşələdi və bizə taksi parkdan iki araq almaq üçün pul verməyə razılaşdı.

Mən sevinmiş bu şad xəbəri uşaqlara çatdırdım. Saşa ilə Andrey soyuducunu götürüb Gülbikənin otağına apardılar. Biz soyuducunu onun otağında quraşdırıb aradan çıxdıq.

# 4014 dəfə oxunub

Oxşar xəbərlər

Müharibə tablosunda düşmənə hörmət, aliləşdirilən gündəlik həyat... - Dieqo Velaskesin məşhur əsərləri

Müharibə tablosunda düşmənə hörmət, aliləşdirilən gündəlik həyat... - Dieqo Velaskesin məşhur əsərləri

15:45 6 avqust 2026
Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam  - İlya Repinin 3 məşhur əsəri

Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri

14:40 5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər