Kulis.az rejissor, filosof Teymur Daiminin Lars fon Trierin məşhur “Antixrist” filmi haqqında yazdığı “Feminizm əleyhinə manifest, ya teoloji kinotraktat?” məqaləsini təqdim edir.
«Antrixrist»
Ssenari müəllifi və rejissor: Lars fon Trier
Prodüserlər: Bettina Brokemper, Madlen Ekman, Meta Luiza Foldaqer
Operator: Entoni Dod Mentl
Aktyorlar: Vilyam Defo və Şarlotta Qensburq
Bu yaxınlarda çox gec də olsa, Lars fon Trierin axırıncı kinoəsəri «Antrixrist»ə baxdım. Gec oldu, çünki müasir dövrün inanılmaz sürətini nəzərə alsaq, film artıq çoxdan köhnə sayılır.
Amma necə deyərlər, gec olmağı heç vaxt olmamağından daha yaxşıdır. Baxdım və qətiyyən heyfsilənmədim – film, baxılmağa layiqdir. Gözlənildiyi kimi, o, sonuncu Kann kinofestivalında çox böyük qalmaqal yaratdı: bəziləri, belə vəziyyətlərdə qəbul olunduğu kimi isterik şəkildə onu lənətlədilər, digərləri isə heyranlıqlarını bildirdilər. Çoxları «Antixrist»i, öz kompleksləri və qorxularından yorulmuş danimarkalı rejissorun dəqiq düşünülmüş təxribatı adlandırdı. Bir sözlə, ən müxtəlif və ən radikal münasibətlər var. Lakin məsələ mətbuatın fikrində və ya publikanın rəyində deyil. Xüsusilə də, müasir kinobiznesin marketinq strategiyasını nəzərə alsaq, güman eləmək olar ki, bu qədər çoxmənalı məhsulun istehsalçıları, üzü üzlər görmüş, qarnıtox Kann auditoriyasında məlum və tanış reaksiyanı doğurmaq üçün yəqin, dəridən-qabıqdan çıxıblar.
Piar kampaniyasının bütün hiylələrini bir kənara qoyub birbaşa deyəcəm: film, həqiqətən, çox əhəmiyyətli və simptomatik alınıb. Bir tərəfdən elə-bil, «Antixrist», son zamanlar dünya ekranlarını doldurmuş, «dünyanın axırı» ilə bağlı populyar və kommersiya baxımından gəlirli mövzudan danışan, ustalıqla qurulmuş dəhşət və qəza filmlərinin cansıxıcı axınına asanlıqla daxil olur. Digər tərəfdən o, daha dərin və daha əhəmiyyətlidir. Yeri gəlmişkən, parıltılı dəbin və kütləvi auditoriyanın infantil ümidlərini təmin etmək kimi yaltaq meyllərdən də tamamilə uzaqdır. Bu film, yaxınlarda yeniyetmələr üçün çəkilmiş «2012» kimi cəlbedici ada sahib, növbəti pop-korn cəfəngiyatı buraxmış Hollivudun sevə-sevə çeynədiyi bayağı mövzu – qlobal fəlakət barədə ah-vay eləmir. Əslində, «Antixrist» nə səthi, nə də göstərişli mövzular haqqındadır. Hərçənd Trier, digər işlərindən fərqli olaraq bu filmdə mürəkkəb, az qala, hollivudsayağı xüsusi effektlərlə məharətlə oynayıb. O, doğrudan da, insanın daxili kollapsına həsr olunmuş dərin fəlsəfi pritçadır. Sanki həmin insana gözlə-qaş arasında həyatın bütün əsas anlamlarını göstəriblər. Sanki o insan, varoluşun ən dərin qatına etdiyi travmatik enişdən sonra yer üzündəki hər şeyin yekun (və labüd) gerçəkliyini anlayıb: o HƏR ŞEYin heç bir anlamı yoxdur (Ş.Qensburqun qəhrəmanının vacib replikalarından biri).
Təsadüfi deyil ki, bu yarıeksperimental fəlsəfi kinopritça, məhz, Lars fon Trier tərəfindən çəkilib. İnanmıram ki, ekssentrik danimarkalı belə bir film çəkərkən adi təxribat yaratmaq məqsədi güdürdü – çətin ki. Bu, belə böyükçaplı rejissor üçün həddindən artıq səthi izahatdır. Şəxsən məndən ötrü onun yaxın keçmişdə xəstəxanada olması faktı daha maraqlıdır. Trier, orda uzunçəkən ağır depressiyadan müalicə olunurdu. Daha bir maraqlı fakt da budur: rejissor, şəxsən bəyan eləyib ki, filmi mənəvi zülmətdən çıxmağın psixoterapevtik üsullarından biri kimi çəkib. Ola bilər ki, mən həddindən artıq sadəlövhəm və bu tip bəyanatlara inanmaq lazım deyil. Amma nevroz-rejissorun son şəkillərindəki qəmgin, əsəbi zahiri görkəmi məndə Trierin səmimi olduğu qənaətini yaradır. Hərçənd, bəlkə bu da çoxgedişli piar strategiyasının bir parçası, incə düşünülmüş oyundur…
Ötən əsrdə psixologiya elmi freydizmi ilahiləşdirəndən sonra hesab edilir ki, çoxları – müasir mədəniyyətin əksər xadimləri gizli qorxularını, komplekslərini öz əsərlərinə tökür, bununla da mənəvi xəstəliklərdən azad olur və ruhən sağalırlar. Yeri gəlmişkən, sağalma prosesi sadəlövh, buna görə də bədbəxt tamaşaçının hesabına baş verir. Çünki o, yeri incəsənət tarixi yox, daha çox psixiatrik xəstəxana olan yarımağıllı müəllifin bütün bu zəhərli horrasını udmağa məcburdur. Bax, burda – bizim situasiyada da belə bir ağrılı əsərin yaranmasını Trierin, «mistik irini» - onu qorxunc, dərin depressiyaya salmış və intihar həddinə çatdırmış daxili kabusların məcmusunu öz içindən çıxarması ilə izah eləmək meyli var. Tutaq ki, elə belədir. Trier, özünün ağır depressiv fantaziyalarının şəklini dəyişib və bu paranormal audiovizual «palçığın» hamısını bizim başıbəlalı hissiyyat orqanlarımızın üzərinə töküb. Məgər iztirablardan yaranmış, tamamilə axmaq, şizofrenik «sənət əsərləri» azdırmı? O əsərlər ki, xəstə müəllifləri onların köməyilə öz daxili psixopatoloji problemlərini həll edirlər?! Bəyəm o əsərlərin hamısı, sadə insanlarla paralel neyro-harmonal eyforiyadan daha çox, incə, ayıq skepsisə meylli təcrübəli intellektualları da ovsunlayan maqnetik xüsusiyyətlərə malikdir? Təbii ki, yox. Müasir incəsənətin bu kateqoriyasına aid olan işlərdən əksəriyyəti - əsl p…r! (Xahiş edirəm, Hitler Almaniyasındakı «degenerativ incəsənət» ideyası ilə qarışdırmayın). Lakin həmin «divanə yaradıcılıq» axını içində nadir hallarda da olsa, sublimasiya məhsulundan əlavə həm də çox mühüm, dəyərli bir nəsnəyə sahib olan ayrı-ayrı istedadlı, yüksək peşəkarlıq nümunələrinə rast gəlinir.
Əsərdə, müəllifin xəstə halı ilə heç bir əlaqəsi olmayan, sənətkarın subyektiv səylərindən üstün cazibədar bir sirr üzə çıxır – metapsixoloji (intertekstual) mahiyyət qismində. Dahası, hərdən bu kobud enerjini incələşdirmək prosesində başdan-ayağa vizioner əsərlər yaranır. Onlar, müəlliflərinin ya şüurlu şəkildə, ya da təsadüfən gerçəkliyin ən ali ruhi səviyyəsini tapdığından və bəlkə də yaradıcı aktın davam etdiyi müddətdə mediatora, hansısa mühüm anlamların və enerjinin bələdçisinə çevrildiyindən danışır. Məsələn, Federiko Fellini avtobioqrafik «8 yarım» filmi üzərində işləyəndə belə olub. Bildiyimiz kimi, «8 yarım», həmin vaxt ağır yaradıcılıq böhranı keçirən, nə çəkəcəyini, yoluna necə davam eləyəcəyini bilməyən rejissorun depressiv vəziyyəti nəticəsində və sayəsində yaranmışdı. Eyni situasiya Vaçovski qardaşlarına və onların 90-cı illərdə əfsanəyə çevrilmiş «Matritsa» filminə də aiddir. Baxmayaraq ki, bu rejissorların ruhi vəziyyətin haqqında heç bir rəsmi məlumat yox idi. Amma mən əminəm ki – «Matritsa» kimi əlamətdar, əhəmiyyətli filmin yaranması yalnız müəyyən bir daxili, mənəvi böhranın aşılması nəticəsində mümkün olub – hətta bu, o qədər aydın görünməsə belə…
Beləliklə, mən güman eləyirəm ki, Lars fon Trierlə də, təxminən, eyni hadisə baş verib – o, «Antixrist»in yaradılması prosesində depressiya halında məcburən öz qeyri-şüurisinin elə dərin qatlarına enib ki, geri qayıdanda dahiyanə də olmasa, çox vacib proqram, özünəməxsus metafizik manifest - ismarış olan məhsul istehsal eləyib. (Ümumiyyətlə, niyə ona qara mistikanın şedevri deməyək?). Başqa sözlə, bu maraqlı, ekssentrik rejissor, qorxunc, təhlükəli Gerçəkliyin tükənməz qatlarından gəlib əksəriyyətimizi əməlli-başlı sarsıdan və dəhşətli lərzəyə salan, az qala ətürpədici reaksiya doğuran şəxssiz mesajı öz içindən keçirib dünyamıza çatdıran mediuma çevrilməli olub… Hərçənd film həddindən artıq gözəl, vizual baxımdan nəfisdir. Filmin sadə süjeti haqqında da bir neçə kəlmə deyək və fikirlərimizi davam etdirək.
«Antixrist» filmi, rapidlə, monoxromatik qammada inanılmaz dərəcədə poetik çəkilmiş çox təsirli proloqla başlayır. Məncə, bu proloq, dramaturgiyası və dolğun məna çalarları ilə özü-özlüyündə ekran sənətinin bitkin, tam əsəridi. Şahanə musiqi tərtibatı altında epizodun qəhrəmanları – orta yaşlı ər-arvad vanna otağında böyük həzlə, hətta ibtidai bir vəhşiliklə sevişirlər (reallığa maksimal yaxınlaşmaq məqsədilə rejissor cinsi orqanları iri planda göstərməkdən belə çəkinməyib. Maraqlı orasıdır ki, bu pornoqrafik detal səhnəni bir damcı da bayağılaşdırmayıb). Elə həmin vaxt onların azyaşlı oğlu beşiyindən çıxıb pəncərəyə dırmaşır (həmin anda yelçəkən pəncərəni açır). Uşaq, pəncərənin lap kənarına yaxınlaşır – hadisə qışda baş verir və hər tərəf qarla örtülüb – aşağı sürüşür və yerə dəyib həlak olur. Beləliklə, dəhşətli faciənin alqoritmi verildi. Daha sonra, gözlənildiyi kimi, körpənin anası çarəsiz depressiyaya düşür, atası isə – yeri gəlmişkən, o, peşəkar psixoterapevtdir – xəstəxanada tətbiq edilən medikamentoz müalicənin işə yaramadığına əmin olaraq qərara gəlir ki, arvadını, psixoanalitik üsulları ilə özü müalicə etsin. Kişi, qadını «Edem» kimi maraqlı isim verilmiş şəhərkənarı evə aparır və əl dəyməmiş təbiətin qoynunda əlacsız arvadını ruhi cəhənnəmdən xilas eləməyə çalışır. Amma zahiri mühit yalnız ilk baxışda idilliyanı xatırladır. Əslində isə «Edem»in təbiəti məkrli tələdir. «Edem», sanki qadının iç dünyasını əks etdirən güzgüyə çevrilir və gözlənilməz sınaqların – ilk növbədə kişi üçün – məşum məkan olur. Onun bütün səyləri nəticəsiz qalır. Dahası, hadisələr inkişaf etdikcə qadın lap çox çılğınlaşır, xəstəliyi təhdidedici xarakter alır. Onun qeyri-insani kədərinə qarşısıalınmaz seksual ehtiras qarışır. Qadın, fürsət tapan kimi ərini azğın, heyvani əlaqəyə zorlayır. Yəni, zaman-zaman onun üzərinə atılaraq sevgisinin sübutunu tələb eləyir. Proses vaxtı qadının yüksək cinsi ehtirası əvvəlcə isterikaya, sonra isə birbaşa aqressiyaya çevrilir. Ən axırda içinə sanki şeytan girmiş bu divanə qadın tamamilə iyrənc şeylər eləyir: ərinin cinsi orqanlarını daşla əzir…, sonra isə özündən yeganə övladını qoruya bilməməyin qisasını alırmış kimi, qayçı ilə klitorunu kəsir (autokastrasiya). Uzun sözün qısası, əlavə bir-iki dəlilikdən, qadının ərini öldürmək cəhdlərindən sonra, bu qorxunc hadisələrin nəticəsində yarımcan qalmış ər, arvadının sağalmasına bəslədiyi bütün ümidlərini itirir, onun şeytani quduzluq səviyyəsinin get-gedə artdığını anlayır və onu öldürərək bu uzun çəkən absurd psixodrama son nöqtəni qoyur. Bütün film qəsdən düşünülmüş çiyrəndirici detallarla müşayiət olunur – az qala, sinik naturalizmlə təsvir edilən işgəncələr, ürəkbulandıran rakurslarda göstərilən əcaib, «bəzən» insan dilində danışan heyvanlar və sair və ilaxır… Bir sözlə, filmin hər hüceyrəsi açıq-aşkar qəddarlıqla, çılpaq, qanlı fizologizmlərlə (cismanilik) nəfəs alır. Təbii ki, bunları nəzərə alanda «Antixrist», əsəbdən zəiflər üçün deyil. Filmə sona qədər sakitcə baxa bilməkdən ötrü xüsusi emosional «soyuqluğa» və böyük səbrə sahib olmaq lazımdı.
Ancaq bütün təfərrüatı və filmin ağır atmosferini bir kənara qoyub qeyd eləmək istəyirəm ki, mənim - ola bilsin, birtərəfli – fikrimcə, «Antixrist»də sirli mistik elmlərə dayanan çox dərin ideyalar sayrışır, rəngdən-rəngə düşür. Məhz, bu, məni vadar eləyir ki, onu ciddi, fəlsəfi, üzərində zamanın işarəsi olan mesaj filmlər kateqoriyasına qoyum. Söhbət hansı ideyalardan gedir? Mən artıq filmdə əks olunmuş ideyaları okkult, əlkimya və hermetik elmlərlə əlaqələndirən bir neçə interpretasiya ilə tanışam.
Hətta filmin qadın qəhrəmanının yazdığı dissertasiya da – ifritə ovu zamanında inkvizisiya tərəfindən edam olunmuş orta əsr qadınları haqqında – təxəyyülü müəyyən assosiasiyalara təhrik edir və kinoşərhçiyə ipucu verir. Lars fon Trierin, məhz, aşağıda sadaladığım konsepsiyaları işlədiyinə iddia eləmədən (artıq dediyim kimi, müəllif, yaradıcı trans prosesində içindən keçib əsərdə əks olunan nəsnəni tam anlamır) cürət eləyib bildirirəm ki, filmin əsas ideyası, İlahi Məxluqun taxtdan salınması və Ruhun (Kişidə təcəssüm olunur) Materiya (Təbiət, Qadın) üzərində final qələbəsidir. Başqa sözlərlə, ortadoksal teologiya baxımından ideya tanrının əleyhinədir və buna görə də əksər tamaşaçılar tərəfindən təhtəlşüur səviyyəsində çox pis qarşılanır. Bəs məni bu cür nəticələr çıxartmağa nə vadar edir?
Gəlin, filmin proloquna diqqət yetirək. Kişi və qadın sevişir, həmin vaxt yeganə oğulları pəncərədən yıxılır. Paradoksal məntiqi tutmadınız? İzah eləyirəm. Kişi və qadın cinsi əlaqəyə girəndə bu, rəmzi anlamda «həyat oyununda üçüncü elementin» - körpənin yaranması deməkdi. Qəddar, köhnə Allah elə belə də deyir: «Doğub törəyin və artıb çoxalın». Yəni bu gözəl, amma qəribə dünyanı təzə-təzə maddi cisimlərlə doldurun. Bu, bioloji perspektivin dəqiq düşünülmüş proqramıdır: yaşam gücünün xarici məkanlara ekspansiyası (yayılması) və gözlə görünən (yaradılmış) dünyada yeni-yeni ərazilərin «işğalı». Amma filmdə əks hadisə baş verir, axı?! Cinsi əlaqə, maddi bədənlərin çoxaldılması və xarici ekspansiyanın davam etdirilməsi üçün deyil. O, sevginin meyvəsini aradan qaldırmaqla nəticələnir. Sanki yeni bir potensial həyat yer üzünə gəlməmək üçün müqavimət göstərir, yaşama daxil olmaq istəmir. Burda biz, ruhun xarici fiziki məkana deyil, əksinə, yaradılan dünyanın geri qayıtma nöqtəsinə doğru hərəkətini müşahidə eləyirik. Məsələn, Varlıq kitablarında yaradılışın sxemi belədi: Cənnət-Adəm-Həvva. Sonra gəlir onların əsil-nəsli və sair. Amma filmdə biz əks hərəkəti görürük…
Yəni, əsas ideya, artıq filmin proloqunda səsləndi. Qalan hissədə isə ideya sadəcə inkişaf etdirilir və məntiqi həddə çatdırılır. Məsələn, dəfələrlə eşitmişik ki, qadın Təbiətin (Həyatın, Varlığın, Dünyanın və s. və i.) mücəssəməsidir. Prinsipcə, doğrudan da, filmin qadın qəhrəmanı kimi «Edem»in təbiətinin də divanə olduğunu görürük. Belə deyək də: Təbiət, Qadının tərəfində oynayır. Amma sonda Kişi Qadını öldürür və deməli, simvolik optikada Təbiətin özünü də aradan götürür. Odur ki, filmin antifeminist, şəxsən Trierin özünün də qadın düşməni olduğunu demək ən azı sadəlövhlükdür, çünki bu, əsərin həddindən artıq bəsit, üzdən oxunuşudur. Halbuki Trier bütün o vulqar-sosial materiyalardan yüksəkdə, cinslərin metafizikası səviyyəsində işləyir. Cəsarətlə demək olar ki, qadın qəhrəmanın məhvi ilə həyatın özü beşiyində öldürülür, özü də biz dünyaya gələn kimi ilk gördüyümüz ontoloji bioformatda. Bax, elə burda da ortadoksal xristianlığın əslində təhlükəli küfr hesab elədiyi gizli, qnostik ideyalarla qarşılaşırıq. Yadımıza salaq. Qnostik elmlərdə Dünyamızın (deməli, həm də həyatın, ümumiyyətlə, Var Olan Hər şeyin) yaradıcısı qüdrətli TANRI ATA yox, qnostisizmdə Demiurq – qəddar tanrı – adı verilmiş Şeytandı (yaradıcı tanrı). Prinsipcə, «bu dünyanın knyazı» teoloji ifadəsi qnostik xarakter daşıyır və məhz, həyatımızın və dünyamızın ağasını, maddi (görünən) kainatın gerçək yaradıcısını nəzərdə tutur. Bu anlamlarda həm də əksər dahi filosofların əsərlərində öz əksini tapmış fundamental pessimizmin kökləri var. Bu intellektual qütbə aid olan bəzi vacib ifadələri xatırlayaq: «Onlar həyatda dərdlərlə üzləşəcək, onu çiyinlərində daşıyacaq yeni doğulana yas tuturdular, əgər kimsə ölümdə iztirablarının sonunu tapırdısa, dostları onu fərəhlə, sevinclə gəzdirirdilər» (Plutarx. «Poetik azadlıqlar haqqında» əsərində belə yazırdı). «İnsanın ən yaxşı seçimi heç doğulmamaq, günü və günəş şüalarını görməməkdi. Amma insan artıq dünyaya gəlibsə, ən yaxşısı, dərhal Aidə enmək və öz əzabkeş bədənini torpağın dərinliklərinə gizlətməkdi» (bu, Feoqnitin misralarıdı). «Birinci ən böyük xoşbəxtlik – heç doğulmamaq, ikincisi isə – doğulandan sonra tez ölməkdi» (bu isə Sofokldandır). Yəni, bu misalları sonsuzluğa qədər davam etdirmək mümkündür, ancaq ümid eləyirəm, fikir aydındır – bu rakurslardan baxanda: bir halda ki, həyatımızın yaradıcısı və ağası «məkrli» Demiurqdu, onda bizim həyatımız heç də qiymətli deyil. O, yalançı və keyfiyyətsiz həyatdır. Hətta heç həyat da deyil, hansısa qlobal saxtakarlıqdı, Lütsiferin idarə elədiyi qorxunc qeyri-insani güclərin biogenetik oyunudur (bu barədə Vaçovski qardaşlarının «Matritsa» filmində ətraflı danışılıb). Bu həyatdan ədalət gözləmək – əsl infantillik, sadəlövhlükdür. Odur ki, müasir «kefqomların» bəziləri çoxlu alkoqol qəbul eləyəndən sonra acı-acı «bütün həyatımız - zibildir» deyəndə əslində o qədər də yanılmırlar. Özü də söhbət bəxti gətirməmiş, məhrumiyyətlərlə dolu kədərli həyat keçirən milyonlarla insandan getmir. Varlı və uğurlu insanların yaşamı da mənəvi keyfiyyətinə görə yarıac-yarıtox sosial autsayderlərdən yaxşı deyil. Ontoloji baxımdan talan etdiyi milyonların içində naz-nemətlə yaşayan oliqarx da, Oksfordun nüfuzlu professoru da, küçədə soyuqdan və aclıqdan ölən insanabənzər bomj da mahiyyətcə eynidir. Onları yalnız bir fakt doğmalaşdırır – Bu Dünyada doğulmaq faktı. Zira radikal qnostik nəzəriyyələr baxımından bura, bu dünyaya gəlişin özü artıq ciddi cəzadır və ona hələ «layiq olmaq» lazımdır. Beləliklə, həyat şərdir və ya ənənəvi dillə desək – şər həyatın bünövrəsində dayanır. Heç bir insani sevinc, xoşbəxtlik ona bəraət qazandıra bilməz, çünki bütün hallarda əzab-əziyyət daha çoxdur. Bu baxımdan, Maarifçilik dövrünün ölçüləri ilə biçilmiş al-əlvan «fəlsəfi» optimizm, həyatın yüksələn xətt üzrə inkişaf edərək get-gedə daha da mükəmməlləşdiyini deyən «tərəqqi» ideyaları, uğur qazanmağın onlardan əmələ gələn sürətli və «təsirli» marketinq strategiyaları, qlamur müsbət düşüncə… - bunların hamısı illüziyaya ehtiyacı olanlar, mənən acizlər, adi insanların xam xəyalları üçün sığınacaqdır. Psixoterapiya, psixoanaliz və ruhi reabilitasiyanın digər üsulları, məhz, çılpaq Gerçəklik – Həqiqətlə birbaşa üzləşməkdən qorxan bu cür insanlar (planetdə onlar çoxluq təşkil edir) üçün nəzərdə tutulub. Dəli olub vaxtından əvvəl intihar etməsinlər deyə…
Yer üzündə mövcud olan bütün pisliklərə görə Tanrıya bəraət qazandıran teodiseya da (dünyada olan ədalətsizliyə bəraət qazandıran və Allahın qadir və mərhəmətli olduğunu deyən dini fəlsəfi görüşlər) özünü doğrultmur. Belə məlum olur ki, şər Tanrının iradəsi və qəribə bir səhlənkarlığı nəticəsində mövcuddur. Teodiseyanın ideyası, sadəlövh və bir az da axmaq sualdan ibarətdir: Axı, hər şeyi bağışlayan və rəhmli Allah, dünyəvi şərin varlığına necə imkan verib?! Amma heterodoksal (həqiqi) teologiya baxımından, bu dünya və bizim yaşamımız yalnız və yalnız sınaqdır. Sınaq isə isti, rahat, əlverişli şəraitdə keçə bilməz. Əksinə, sınaq kimi yaşanan həyat əzabla keçən həyatdır. Ki, bu da şərin fəal rolundan xəbər verir. Lakin teoloji diskursun əsas mahiyyəti aşağıdakılardan ibarətdir: maddi formada yaşadığımız həyat gerçək həyat deyil. Bu, özünəməxsus bir möhlətdir, Sürgün olunmuş Həyatdır (Cənnətdən sürgün olunmuş, yəni, fəlsəfi dillə desək, ayıq şüur vəziyyətindən – Xoşbəxtlikdən – mənəvi korluq və cahillik vəziyyətinə - İztirablara yıxılmaqdır). ƏSL HƏYAT, yalnız varlığın maddi planı məhv ediləndən, geri çevriləndən sonra başlayacaq. Bu həyat sona çatacaq və müqəddəs kitabların hamısında deyildiyi kimi, «yeni yerlər və yeni göylər» gələcək. Ki, onu heç bir vəchlə şəklini dəyişmiş BU dünya ilə qarışdırmaq olmaz. «Yeni yerlər və yeni göylər»in bizim dünya və bu yaxın həyatla heç bir əlaqəsi yoxdur. Bu, tamamilə fərqli konsepsiyadır, tamamilə başqa şeydir, indi və burda çətin təsəvvür olunan, dərkedilməz ölçüdür… Onda növbəti sual yaranır: bəs Sürgün nə üçün idi? Niyə, hansı günahlarına görə insan, Cənnətdən məhrum edilərək tappıltı ilə sonsuz əzab-əziyyətlə dolu eksperimental həyata yıxılıb? Məgər daima Cənnətdə qalmaq və tükənməz Xoşbəxtlik duyğusu ilə yaşamaq mümkün deyildi? Cavab: Yox. Çünki insan yalnız itirdiyinin qiymətini bilir. Bu, həm canlı nəsnələrə, həm də həssas, mənəvi hallara aiddir. Başqa sözlə, Cənnətdə yaşayıb, mütləq xoşbəxtliyin şüalarında çimən insan bunu dərk eləmirdi, ali ruh halını dəyərləndirə bilmirdi. Axı, dəyər yalnız müqayisə zamanı meydana çıxır. Ancaq əks qütblə üzləşəndən sonra Cənnət qütbünün xoşbəxtliyini dəyərləndirmək mümkün idi. Ona görə də biz burdayıq - BU dünyada… Məncə, məntiqlidir. Sadə adamlar üçünsə ilkin günah, Allaha itaətsizliklə bağlı cürbəcür nağıllar uydurulub.
Deyilənlərdən çıxış etsək, insanın Bu dünyadakı yeganə doğru, yaradıcı əməli – operativ mütləq nihilizm aktı - sonsuz əzabları ağırlaşdıran doğuluş və ölüm çarxını dayandırmaq (buddizmə görə), varoluşu-həyatı-dünyanı məhv eləmək, geri çevirmək... və sıfır nöqtəsinə – Ruh aləminə və ya başqa deyimlə, pak, qeyri-maddi Edemə qayıtmaqdır. Amma Lars fon Trierin bizə göstərdiyi dəhşətli və gülünc Edemə yox, əsl Edemə. Elə filmin qəhrəmanı da bunu edir.
Sonda bir neçə kəlmə də filmin stilistikası barədə. Təbii ki, bu cür qeyri-adi qnostik, həyatı inkar eləyən məzmunu adi, ənənəvi kinoformata sıxışdırmaq qeyri-mümkün idi. Fon Trier də qüsursuz audiovizual strategiya seçib – ürəkbulandıran naturalizmin, üzərinə «səxavətlə» ifrat qəddarlıq enerjisi «əlavə olunmuş» qotik mistika ilə sintezi… Bunda Trier Stenli Kubrik, Mel Qibson, Kim Ki Duk, Qaspar Noe, Aleksey German və filmlərində qəddarlığa mühüm yer ayıran başqa rejissorların ənənələrini davam etdirir. Yeri gəlmişkən, Trier, «Antixrist»in finalında Tarkovskiyə sevgisini izhar eləyir (titrlərdə göstərilib ki, o, filmi sovet rejissoruna ithaf eləyir). Bu, çoxlarının çaşqınlığına səbəb olub. Yəni «Bəlkə Trier məzələnir?!». Hərçənd, Tarkovskinin filmlərinə diqqətlə baxanda qeyri-insani qəddarlıq əlamətlərinə xüsusi zərafətlə göstərilən sevgini görməmək mümkün deyil. Bunu, demək olar ki, ciddi sənətkarların hamısı öz əsərlərində büruzə verir. Məsələn, «Andrey Ryublov»dakı yanan inəyin, ya da işgəncə verilən rahibin təsvir olunduğu epizodlar. Kim bilir, bəlkə Tarkovski Qərbdə yaşasaydı, bundan da artığını eləyərdi. SSRİ-də isə təkcə Elem Klimova icazə vermişdilər ki, əfsanəvi «Get və gör» filmində tamaşaçıların əsəblərini azacıq qıcıqlandırsın. Lakin orda seçilmiş formanı məzmun özü tələb eləyirdi…
Beləliklə, razılaşaq ki, «Antixrist»ə diqqətlə baxsaq, onun, öz məşum sirliliyi ilə Andrey Arsenyeviçin filmlərinin ağır atmosferini xatırlatdığını görərik. O filmləri ki, onlarda dəhşət stixiyası pərdələnib və gizli, güclə nəzərə çarpan mediativ formalarda üzə çıxır. Ki, bu da əsərin suqqestiv təsirini gücləndirir. Buna görə də filmin rus rejissoruna ithaf olunması tamamilə məntiqə uyğun və yerindədir. Bəs belə intəhasız qəddarlıq nəyə lazımdır?
Birinci, kim deyib ki, incəsənət mütləq xeyirxahlığı, gözəlliyi, ağlı təbliğ eləməlidir? Yox, yəni aydındır ki, bunu kimsə deyib, ancaq niyə biz buna qanun kimi baxmalı və kor-koranə tabe olmalıyıq? Məncə, insanda gözəllik hissini tərbiyələndirən bu cür aciz incəsənət məxsusi olaraq, yuxarıda xatırlanan milyonlarla qorxaq, sadə bəşər övladları üçün nəzərdə tutulub. Onlar, Nitsşenin «zay çıxmış insan materialı» adlandırdığı həmin «əhəmiyyətsiz adamlar»dırlar. Pop-kornlu, əyləncəli, «hamı üçün» olan kino məhz, bu adamcıqlardan ötrü yaradılır.
Amma mənim əqidəmə görə, əsl sənət, gözəllik hissi yox, hisslər fırtınası, əsəbi titrəyiş, bəlkə kəskin qorxu, hətta (ideal variantda) dəhşət doğurmalıdır. Virtual sərhədsizliyin baş alıb getdiyi müasir dünyada yeganə oyanış nöqtəsi, özünü xatırlamaq üçün məcburi pauza rolunu oynayan neyrofiziki ağrı nöqtəsidir… Burda Antonen Artonun bir cümləsini xatırlamaq yerinə düşər: «İndi içində olduğumuz cırlaşma vəziyyətində metafizikanı yalnız dəridən keçərək ruha girməyə məcbur eləmək olar». Cırlaşma halı, müasir hermetik filosofların «düşüncə nəhəngləri və ruh piqmeyləri» adlandırdıqları nəsnə ilə xarakterizə olunur və çağdaş insanın öz dərin, başlanğıc strukturundan uzaqlaşması nəzərdə tutulur. Bu da mistik ənənəyə söykənən qədim okkult ideyasıdır. Həmin ənənəyə görə, insanın iki şüur mərkəzi var – biri (ay mərkəzi) beyində, digəri (günəş mərkəzi) ürəkdə yerləşir. Beyin düşüncə kateqoriyalarını idarə eləyir, məntiqi manipulyasiyalar yaradır. Ürəyin fəaliyyəti isə «birbaşa müşahidənin düşüncəyə gizli qalan, anlaşılmaz sirlərinə» yönəlib. İnsanı, öz təbiətinin ilkin strukturu ilə bağlayan, məhz, ürəyin enerjisidir. Ancaq müasir insanın ağırlıq mərkəzi ürəyində yox, başındadır. Yuxarıdakı cümlənin birinci hissəsi burdan yaranıb - «Düşüncə nəhəngləri…». Başqa sözlərlə, insan, son üç yüz il ərzində həyat və təfəkkürün aktiv təkmilləşdirilməsi nəticəsində süni, hissiz, virtual konstruksiyalar bataqlığına batıb. O, həmin konstruksiyaların sehrli, şeytani effektlərilə hipnoz olunub. Buna görə də sonsuz kosmik fəzalardan gələn anlaşılmaz, naməlum siqnallara - Pifaqorun «səma qübbəsinin musiqisi» adlandırdığı, dilə qədərki, qeyri-xətti impuls-siqnallara qarşı kar və kor olan miskin «ruh piqmeyi»ndən başqa bir şey deyil. Onu, bu axmaq məişət transının donuq kəmiyyət stixiyasından çıxartmaq, xəyali gerçəkliyin ağır hipnozundan ayıltmaq və özünü dinləməyə məcbur eləmək üçün mücərrəd, sırf intellektual «beyin» vasitələri kifayət deyil. Bundan ötrü şokla möhkəm silkələmək, birbaş sinir sisteminə nokaut eləyən, amansız zərbə endirmək lazımdı. Elə bir zərbə ki, adamın intellegent münasibətə, düşünülmüş reaksiyaya vaxtı qalmasın. Bax, bu halda əsl sənətin yeganə üsulu, şəffaf dərinin zərif, sinirli səthindən keçib tamaşaçının təmizlənmiş ruhuna daxil olan soyuq, metafizik qəddarlıqdır… Həmişə oyun oynayan yarıdivanə, nitsşeçi-körpə Lars fon Trierin, növbəti hiperradikal əsərində bizə göstərdiyi həmin intəhasız qəddarlıq...
Rus dilindən tərcümə etdi: Aygün Aslanlı ("Fokus" kino jurnalı)