Satılan uşaqlar haqqında film

Satılan uşaqlar haqqında film
26 sentyabr 2014
# 15:05

“Ən yeni Azərbaycan kinosu” LAYİHƏ

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

Adı: “İnsan alveri nədir?”

Janr: sənədli

Çəkildiyi il: 2012

Xronometraj: 45 dəqiqə

Rejissor: Elcan Məmmədov

Operator: Elman Nəbiyev

Süjet: Amerikanın ABA CEELI (Amerika Hüquqşünaslar Assosiasiyası) təşkilatının dəstəyi ilə hazırlanan film Azərbaycanda insan alveri problemi, onun qurbanları və bu problemdən çıxış yolları haqqındadır.

Dosye: Elcan Məmmədov 1958-ci ildə Gəncədə doğulub. Gəncə Pedaqoji Universitetinin tarix fakültəsini və Bakı Politologiya İnstitutunu (indiki Dövlət İdarəçilik Akademiyası) bitirib. “İnsan alveri nədir?”, “”Görünən və görünməyən azadlıq”, “Bataqlıq, Dəniz və Elmanın arzuları...” filmlərinin müəllifi, “Yaşlıların təhsili”, “O uzaq, yaxın kənd”, “Salam Qafqaz” filmlərinin həmmüəlifidir.

- Sizinlə tanış olanda dediniz ki, bu sahəyə gəlişiniz təsadüf olub. Və rejissor təhsiliniz yoxdur.

- Mən tarix fakültəsini bitirmişəm. Bir müddət müəllim işləmişəm. 1990-cı illərdə hamı kimi mən də vəziyyətdən çıxmağa çalışırdım. 2003-cü ildə “İnternyus” Azərbaycan İctimai Birliyinə dəvət olundum. O vaxt “İnternyus”un bir-iki qəzeti vardı. Regionlarda çıxan iki qəzetin koordinatoru oldum: “Gəncəbasar” və “Sizin Naxçıvan”. Bu qəzetlər bir il çap edildi. “İnternyus”da layihələr bitir və yeniləri yaranır. Günlərin bir günü sənədli filmin çəkilişində köməkçi oldum. Çəkiliş prosesi xoşuma gəldi. “İnternyus”da belə qayda var ki, hansısa sosial çarx və sənədli film sifariş olunanda bütün kollektivə öz təkliflərini demək üçün şərait yaradılır. Mən də öz ideyalarımı verdim. Sonra məni bir sənədli filmə ssenarist kimi dəvət elədilər. 2005-ci ildən özümü sənədli filmə həsr etdim. “İnternyus”da dokumentalistika ilə məşğul olanlar dedilər ki, cəhənnəmə xoş gəlmisiz. Yəni hər şey o qədər də asan deyil.

- Filmlərinizdə insan faktorunu, onun sosial- mənəvi problemlərini araşdırırsız. İnsanın gerçəklikdəki yaşam şərtləri ilə bağlı temaya sənədli kinomuz az müraciət edir. Belə bir çətin sahə niyə diqqətinizi çəkir?

- Həyat təcrübəsi qazandıqca diqqətim bu mövzulara diqqətim artır. Belə qənaətə gəldim ki, əgər sənin işindən kənar paralel dünyan, həyat axtarışı, həyat məktəbi yoxdursa ali təhsilin nə olursa-olsun dolğun iş yarada bilməyəcəksən. Həyat təcrübəsi işimdə çox kömək elədi. Baxmayaraq ki, kino təhsilim yox idi. Nə nəzəri, nə də təcrübi. Çəkdiklərimi həyat məktəbi mənə diktə edirdi. Bunları yaşamısansa, müşahidə eləmisənsə, haradasa səni incidibsə bunu bir şəkildə ekrana gətirirsən. O, insanları, yaşananları işıqlandırıb hədəfləri göstərməilsən. Çəkdiklərim həyatımızın bir hissəsidir. Bir növ tamaşaçını faciəli insan talelərində mənəvi iştirakının təmin edirsən.

- Sənədli film təmkin, zaman tələb edir, həm də pulun olmadığı sahədir. Hansı şərtlərdə işləyirsiz? Necə hazırlaşırsız?

- Birinci qəhrəmanlarla tanış oluram. Tanışlıq zamanı diqqətli və ehtiyatlı olmaq lazımdır.

- Tanışlığa kamerasız gedirsiz, yoxsa birbaşa kamera ilə?

- Bəzi filmlərdə birbaşa kamera ilə getmişəm. Riski gözümə almışam. Ümumilikdə isə situasiyadan asılıdır. “Bataqlıq, Dəniz ve Elmanın arzuları...” filmində birbaşa getmişəm. Film hələ bitməyib. Mənə dedilər ki, qəribə bir yer var, bataqlıq, qamışlıq, orda qaçqınlar yaşayır-filan. Məkanı təsəvvür edəndə gözümün önünə dərhal “Stalker” filmi gəldi. Getdim, o yerə baxdım, zəif pikselli kamera götürmüşdüm. Sənədli kinoda belə fikir var ki, pis kamera ilə çəkmək daha yaxşıdır, nəinki yaxşı kamerayla lazım olanı çəkməmək. Məni hər şeydən əvvəl insan faktoru maraqlandırırdı. Əvvəlcə məkanla tanış oldum, müəyyən çəkilişlər oldum. Həmin keyfiyyət olmasa da filmə salmışıq. Qərar verdik ki, filmi çəkək, orda yaşayan uşaqları axtaraq. Yəni vəzifəmiz bəlli idi. Amma çəkmək istədiyimiz insanlar orda olmaya, situasiya dəyişə bilərdi. Hər şey ola bilərdi. Amma biz hər şeyə hazır idik. Artıq yolda gedişimizə, söhbətlərimizə qədər prosesin özünü, çəkilişdən sonra təəssüratlarımızı bölüşməyimizi lentə alırdıq. Yəni proses başlayan andan çəkirik, çəkiliş bitir, amma kameranı söndürmürük. Çəkiliş zamanı fasilə versək də kamera söndürülməməlidir. Hər an bir hadisə ola bilər və olub belə şeylər. Bunu filmə daxil eləmişik.

- Sərbəst qrafiklə işləyirsiz?

- Azad işləyirəm. Adətən operatorla ikimiz gedirik çəkilişlərə. Bəzən üçüncü adam da olur, ya jurnalist, ya da sifarişçi baxmaq istəyir. Amma sifarişçi ilə getmək çətindir. Düzdür, o da istehsalatın seqmentidir. Amma kino adamlarının öz dili var və biz bir –birimizi dərhal başa düşürük.

- “İnsan alver nədir?” filminin qəhrəmanları taleyi çətin adamlardır. Hansısa gözlənilməz hallar oldu?

- Qadınlardan biri mikrofonu çıxarıb atdı, doluxsunub dedi ki, yanıma heç kəs gəlmir, heç kimim yoxdur. Operator dedi ki, biz neyləyəcəyik. Dedim səbirli olmalıyıq. Çünki bu, həssas qrupdur. İnsanlar danışdıqca öz talelərinə qayıdırlar, onlar üçün bu, ağrılı qayıdışdır. Biz onu saat yarım gözlədik. Uşaqlarla bağlı hissə mənim üçün filmin zirvə hissəsidir. Balaca qız ağlayanda müsahibə bitmişdi, və kameranı söndürməmişdik. Və nəticədə bu səhnə alındı. İkinci çətinlik o idi ki, onların həyəcanı, ağrısı üzlərində, gözlərinin ifadəsində idi, üzləri çox şey deyirdi, amma biz qadınların və uşaqların üzünü göstərmədik. Kino dilində bu, cinayətdir. Amma beynəlxalq kodeks var ki, insan alverinin qurbanlarının üzü göstərilməməlidir.

- Yeri gəlmişkən, bizim telexəbərlərin əməkdaşları kameranı az qala pul qarşılığında bədənini satan qadınların gözünə soxurlar, nə olursa-olsun üzlərini göstərmək istəyirlər. Bunun özü də insan haqlarının pozulması deyilmi?

- Əslində bu, xəyanətdi. Kamera güclü silahdır. Amma o gücdən insana basqı kimi istifadə etmək düz deyil.

- Filmin sifarişini kim vermişdi?

- Amerikanın Hüquqşünaslar Assosiasiyası. Burda hüquqi təlimlər keçirlər. Faydalı layihələri olur. Onlar 2012-ci ildə tender elan etdilər və biz o tenderin qalibi olduq. Bundan öncə qapalı auditoriya, sosial işçilər üçün lentə aldığım üç filmim vardı. Yəni həmin filmlər daha çox təlim tədris vəsaiti üçündür. “İnsan alveri nədir?” filmi də maarifləndirici xarakter daşıyır. Onu Bakı Dövlət Universitetinin hüquq fakültəsində nümayiş etdirdik. Nümayişdən sonra tələbələrin çoxu diplom işinin mövzusunu dəyişib “insan alverini” seçdilər. Yəni bu o deməkdir ki, hədəfimizə çatmışıq.

- Filmin qəhrəmanlarını çəkilişə necə razı saldınız?

- Əvvəlki filmlərimdə taleyi ağır insanlarla işləmək təcrübəm vardı. Narkotikdən əziyyət çəkən qadınlardan “Ağrı” adlı film çəkmişdim. Onlar öz məclislərini həvəskar kamera ilə çəkmişdilər. Bu film də qapalı auditoriya üçün nəzərdə tutulub. Montaj elədikcə, bu cür insanlarla ünsiyyət, necə rəftar etmək təcrübəsini qazanırdım, yaxından tanıyırdım. Əməkdaşlıq etdiyim adamlardan məsləhət alırdım. Amma onlarla münasibət qurmaq, etibarını qazanmaq üçün onlar olmaq lazımdır. Hiss eləməlidir ki, sən onun bir hissəsisən. Bunu hiss etməsə münasibət qurmaz. Çox səmimi olmaq lazımdır. Əgər rejissor qəhrəmanı ilə bir yerdə ağlamırsa, o, rejissor deyil.

- İlk tanışlıqda onlara yanaşmanı necə edirsiniz? Hər halda dərhal “çəkiliş üçün gəlmişəm” demirsiz yəqin?

- Ədəb qaydalarından başlayıram. Ədəblə, hörmətlə yanaşıram. Ona münasibət təmiz, səmimi olmalıdır. Çox sual vermirəm. Əvvəlcə mehribanlaşma gedir. Məcburiyyət qətiyyən yoxdur. Amma təslim də olmuram. Onları dilə gətirmək üçün sevgi ilə yanaşıram. Sevgi olmasa ən gözəl operator da nəsə edə bilməz. Temperaturu da, mühiti də, sevgini rejissura yaratmalıdır. Elə olur ki, bir sual verirəm. Əsas çətinliyimiz o idi ki, dəqiq, vaxtında gəlmirdilər. Bəzən üç saat, bəzən üç gün gözləyirdik, “kapriz” edirdilər. Bütün qəhrəmanları ümumilikdə 20 gün gözəmişik.

- Daim işlədiyiniz operator var?

- Daha çox Elman Nəbiyevlə işləyirəm. Təvazökar insandır. Təqdimatlara da gəlmir. “Nabat”ın ssenaristlərindən biri, operator Elxan Nəbiyevin qardaşıdır. Elman vaxtilə montajçı olub. Kino araşdırmaları göstərir ki, montajçının operator olması daha yüksək nəticələrə gətirir. Bir də komandanın daimi üzvü montajçı Sərxan Vəliyevdir.

- Çəkiliş zamanı düşünülmüş şeylər edirsinizmi, məsələn, işığı qurursunuzmu və ya interyerdə hansısa dəyişikliklər edirsizmi?

- Qətiyyən. Bu qəhrəmanı itirmək təhlükəsi deməkdir. Olanlarla kifayətlənirəm. Quramalara vaxt ayırsam qəhrəmanı itirə bilərəm. Onun fikri yayına, ovqatdan çıxa, atmosfer dəyişə bilər.

Kadr arxası mətnlərdən istifadə etmirəm. Çox nadir hallarda. Çalışıram ki, müəllif şərhi olmasın. Hər şeyi təsvir desin və filmin ssenaristləri qəhrəmanlar özü olsun.

- Bədii film çəkmək istərdiz?

- İstərdim. Amma bu praktika yoxdur məndə. İndi bədii filmin çəkilməsi də problem deyil. İnternetdə filmlərin çəkiliş prosesinin baxıb öyrənmək olar. Qısa bədii filmi çəkməyə isə problem yoxdur.

- İndi nə üzərində işləyirsiz?

- Bir sənədli filmi tamamladıq. Qarabağ müharibəsində olan bir hadisə ilə bağlıdır. Müstəqil müəllif işimdir. “Bataqlıq, Dəniz və Elmanın arzuları...” filmi hazırdır. “Tamaşadan sonra” filmini tamamlamaq üçün maliyyəmiz yoxdur. 2007-ci ildə yeniyetmələrin cəza çəkdiyi həbsxanada onların bir qisminin iştirakı ilə tamaşa hazırlanır. Tamaşanın quruluşçu rejissorlarından biri İntiqam Soltan və məşqləri, tamaşanı lentə alan yaradıcı qrupumuz 7 ildən sonra onların axtarışına çıxır. Məqsəd onların sonrakı taleyindən xəbər tutmaq və əgər alınarsa yenidən tamaşa hazırlamaqdır.

# 4630 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #