Onlar necə qalib oldular?

Onlar necə qalib oldular?
11 aprel 2013
# 07:45

Uğur əslində subyektiv anlayışdır. Çünki kiminsə uğur kimi dəyərləndirdiyini başqası özü üçün uğursuzluq saya bilər.

Həyatda hər kəsin bir hədəfi var, bu hədəfə çatanda uğur qazandığını düşünür.

Bəs uğur qazanmağın yollarını öyrənmək mümkündürmü?

Uğur qazanmağın konkret bir düsturu ola bilməz. Həyat sürprizlərlə doludur və istənilən düsturu darmadağın edə bilər.

Bir dəfə Eynşteyndən xahiş edirlər ki, uğurun düsturunu yazsın. Enşteyn belə bir düstur verir: a (uğur) = x+y+z. Burda X işləməyi, Y əylənməyi və dincəlməyi göstərir. Qulaq asanlardan biri soruşub: “Bəs yaxşı Z nəyi göstərir?”. Eynşteyn cavab verir: “Dilini dinc qoymağı”.

İnsanlar mütləq formulalar axtarırlar. Ən yaxşısı isə praktikadır. Ona görə də gəlin öz sahələrində uğur qazanmış insanları dinləyək.

“Məni uğurlu olmağa uğursuz insanlar vadar edir”

DJ Fateh – aparıcı, baş prodüser. İndiyədək "ANS" Şirkətlər Qrupu, "AB Standard" Şirkətlər Qrupu və "Promo-Vision" PR agentliyində çalışıb. Hazırda "Media FM" radiostansiyasında “Manpası” və Azərbaycan Dövlət Televiziyasında "Breyn-Rinq"in verilişinin aparıcısıdır.

Uğur elə bir şeydir ki, konkret formulu ola bilməz. Əgər formulu universal olsaydı, heç kəs onu əldən verməzdi.

Yaşıdlarıma, bir yerdə böyüyüb başa çatdığım insanlara nisbətən daha çox tanınmağımı nəzərə alaraq düşünürəm ki, mən uğurlu insanam. Çox uzağa getmirəm, götürək elə mənim bacımı. Hər gün minlərlə insanın içdiyi dərmanın Azərbaycan üzrə satışına və tanınmasına rəhbərlik edir. Nə qədər insan məhz həmin dərmanın sayəsində xilas olur, ya da ömrünü uzadır. Di gəl ki, onun barəsində müdirindən və həmkarlarından başqa heç kəs heç nə bilmir. Amma bir şey də var. Qızı bacımın üstünə qaçanda məni fikir götürür ki, bəlkə, əslində elə uğur budur. Bəlkə ən böyük nailiyyət əslində düşündüyümdən fərqlidir. Heç vaxt bilməmişəm ki, nəyə “uğur” deyilir, amma onun dalınca getmişəm. Özü də hər dəfə də kiminsə acığına, ya da hansısa qızın xoşuna gəlmək üçün. İnandırım ki, bundan daha güclü motivasiya yoxdur. Mənim uğur hekayətim 1999-cu ildə radioya gəlişimlə başlayıb.

İlk iş yerimdən üzü bəri, rastıma çıxan hər adam mənə yol göstərib. Həmin adamlar mənim üçün bir məktəb olublar. Açığı, günü bu gün də onlardan nəsə öyrənirəm. Ona görə də, özüm də öyrədəndə xəsislik etmirəm. Kim nə soruşsa, açıb hamısını deyirəm. Məncə, uğur əldə etmək üçün insana üç şey lazımdır – elm, əmək və əzm. Fərdi uğur hekayətlərini isə sevmirəm. Bilirəm ki, hamısı pis tarixçilərin və yaxşı piar-menecerlərin qələmindən çıxmış quru mətnlərdir. Odur ki, mənə daha maraqlı gələn hər hansı şirkətin və ya istənilən digər təsisatın uğurudur. Çünki fərdi uğur şansa bağlı ola bilər, bu baxımdan kollektiv uğur mənə daha cəlbedici gəlir. Bir də uğursuz insanlara marağım var. Məni daha uğurlu olmağa onlar itələyir, əslində, bu və ya digər uğurumu da onlar şərtləndirir. Odur ki, gəlin, bu qədəhi bütün uğursuz insanların şərəfinə qaldıraq. Onlarsız bizim uğurumuz görünməzdi! Öz uğur hekayətimi “Fateh” adlandırardım. Elə bir uğur qazanmalıyam ki, ona bu ad yaraşsın.

“Modelyer olmasaydım da, uğurlu insan olardım”

Fəxriyyə Xələfova – modelyer, rəssam. 1998-ci ildən peşəkar modelyer kimi fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid

ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belorus və Almaniyada nümayiş etdirilib. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub.

Uğur qazanmaq üçün ilk növbədə mükəmməl təhsil, əməksevərlik və vaxtdan düzgün istifadə etmək lazımdır. Mən biologiya, psixologiya və moda üzrə təhsil almışam. 1998-ci ildə moda fəaliyyətimə başlayanda hər moda brendi kimi özümə bir loqotip seçdim. Bu loqotip ad və soyadımın baş hərfləri, yəni “F.X.” və dəfnə yarpağından ibarət idi. Bildiyiniz kimi, dəfnə yarpağı Olimpiya oyunlarının rəmzlərindən sayılır. Heç təsadüfi deyil ki, dəfnə mənə də uğur gətirdi və hələ də məni müşayiət edir. Öz uğur hekayətimi mən “Uğurlu bir eksperiment” adlandırardım.

1998-ci ildə fəaliyyətə başlayanda ölkədə ilk professional modelyer idim. İki il sonra ölkədə ilk moda nümayişini də mən keçirmişəm. Bunları məndən əvvəl heç kim etməmişdi, buna görə də olanlar mənim üçün eksperiment idi. Eksperiment etdim, uğurlu alındı. Əldə etdiyim bütün uğurlara görə valideynlərimə minnətdaram. Mənə dəstəklərini əsirgəməyiblər. Ümumiyyətlə, mənə mənəvi dəstək verən hər kəsə - bacıma, qardaşıma, komandama, xalqıma minnətdaram. Bildiyiniz kimi, mən psixologiya üzrə də təhsil almışam və uğur nəzəriyyəsi haqda çox kitablar oxumuşam. Bu, mürəkkəb nəzəriyyədir. Uğurlu insan o insandır ki, istər gördüyü işlərdə, istərsə də şəxsi həyatında özü və yaxınları üçün müsbət nəticələr əldə edir. Hər kəs o müsbət nəticələrdən fayda görməlidir. “Uğurlu insan” deyəndə ağlıma ilk olaraq elm adamları gəlir. Onlar insanlıq üçün kəşflər edirlər, bizi xəstəliklərdən xilas edirlər. Məncə əsl uğur budur. Keçmişə nəzər salanda düşünürəm ki, mən də bəşəriyyət, elm üçün hansısa ixtiranı edə bilərdim. Özümdə o potensialı görürəm. Elm adamı olsaydım da, uğur qazanırdım. Ancaq hələ də gec deyil. Bunun üçün məndə həm əzm, həm də yüksək savad var.

“Alnına uğur qazanmaq yazılmayıbsa...”

Azər Sarıyev – jurnalist, məmur. Bakı Dövlət Universitet tarix fakültəsində təhsil alıb. 1999-cu ildən 2003-cü ilə kimi “Palitra” qəzetində baş redaktor işləyib, sonra Mərkəzi Seçki Komissiyasında fəaliyyətə başlayıb. Hazırda MSK-nın “Media və ictimai əlaqələr şöbəsi”nin müdiridir.

Açığı, heç vaxt uğur haqda dərin fikirlərə dalmamışam. Uğurun formulları, uğura gedən yollar barədə minlərlə kitablar yazılıb. Məsələn, Deyl Karnegi, D.A. Bentonun bu tipli kitabları çoxdur. Çoxları şablon fikirlər səsləndirirlər ki, uğur qazanmaq üçün gecə-gündüz çalışmaq, çox oxumaq lazımdır, əsas olan istəkdir, insan işini çox sevməlidir, uğur insanın öz əlindədir və s. Mən belə şeylərə inanmıram. Daha fatalist yanaşıram uğura. Məncə, hər şey alın yazısı ilə bağlıdır. Alnında uğur qazanmaq, məqsədini reallaşdırmaq yazılıbsa, bunlar olacaq. İndiyə qədər çox çalışqan, işinin həqiqətən vurğunu olan çox sayda insan görmüşəm. Amma heç cür məqsədlərinə çata, istədiklərini əldə edə - yəni uğur qazana bilmirdilər. Məncə, onlarda çatışmayan yeganə şey – bəxt idi. Axı heç də hamının qarşısına həmişə yaxşı insanlar, situasiyalar çıxmır. Uğur bir az da seçimə bağlı məsələdir. İnsanlar öz potensialların düzgün qiymətləndirə bilmirlər. Biznesmen kimi uğurlu ola biləcək biri gəlib şair kimi uğur qazanmaq istəyir. Əslində, mən tarix fakültəsini bitirəndə təyinatımı rayonlardan birinə vermişdilər. Heç getmək istəmirdim. Dostlarımdan biri jurnalist kimi özümü sınamağı təklif etdi. Yəni jurnalistika mənim nə uşaqlıq arzum idi, nə də sonrakı istəklərim arasında gəlirdi. Özümü daha çox biznes sahəsində, incəsənətdə görürdüm. Rejissor olmaq istəyirdim. Mən jurnalistikaya sadəcə pul qazanmaq üçün gəlmişdim. Bir müddət siyasi partiyalar üzrə müxbir işlədim, sonra baş redaktor oldum. Artıq on ildir ki, MSK-da işləyirəm. Görünür, işimi keyfiyyətli görməyim məni bu vəzifəyə gətirdi. Çünki mənim üçün işdə əsas kriteriya keyfiyyətdir; hansı işi görürəmsə, onu ən yüksək səviyyədə görməyi qarşıma məqsəd qoyuram. Uğurlu insan deyəndə bizim nəsil jurnalistlər arasından ilk olaraq ağlıma Vüsalə Mahirqızı gəlir. O, həm medianı, həm də menecerliyi yaxşı bacarır. Əlini hansı işə qoyursa, uğurlu alınır.

“İşinin fədakarı olmalısan”

Tünzalə Ağayeva – müğənni, əməkdar artist. 2001-ci ildə "Bakı payızı" gənc ifaçılar müsabiqəsinin qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəkarı və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur. 2002-ci ildə "Türksoy" Beynəlxalq müsabiqəsinin laureatı, 2003-cü ildə Beynəlxalq "Yalta-2003" müsabiqəsinin Qran-pri mükafatçısı olub.

Uğur qazanmaq üçün ilk növbədə gördüyün işi sevməlisən, o fədakarlıq etməlisən. Şəxsi mənafe, mənfəətdən əvvəl müəyyən dəyərləri üstün tutmalısan. Düzdür, peşənin içində şəxsi maraqlar da, mənfəət də var. Amma ən birinci vəzifə insanlara xidmət etməkdir. Xüsusən mədəniyyət sahəsindəsənsə, mədəniyyətə bir töhfə verməyə çalışmalısan. O verdiyin töhfəni zaman, tarix, insanlar, sənətkarlar qiymətləndirir.

Daima yeni işlərə can atmaq, düzgün-doğru informasiya axtarışı çox vacibdir. Aldığımız informasiyaları düzgün analiz edib dəyərləndirməliyik. “Bu dəbdir”, “bu sevilir” deyə yolumuzu dəyişməməliyik. Uğura gedən yol – sevgidir, böyük zəhmətdir, dəyərlərdir, alçaqkönüllü olmaqdır. Alçaqkönüllü olmaq deyəndə sadəliyi, “məndən yoxdur” sözündən uzaq olmağı nəzərdə tuturam. Özündən razılıq insanı psixoloji uçuruma aparır, özünə qarşı korlaşırsan. Çox təhlükəli haldır. Qazandığın uğurdan başın fırlanmamalıdır. Xalq arasında buna “ulduz xəstəliyi” deyirlər. Ağac nə qədər bar versə, başı o qədər aşağı olar. Mən bu prinsiplərlə yaşayıram. Hesab edirəm ki, uğurlarımın səbəbi də budur. Çox az insanı misal göstərmək olar ki, hansısa nöqtəyə əziyyətsiz gəlib çatıb. Bütün uğurlar böyük zəhmətin, əziyyətin hesabına əldə olunub. Uğurlu insan deyəndə ağlıma Alim Qasımov, Rəşid Behbudov, həmçinin bu gün yaşayan bir çox xanəndələr, sənətkarlar gəlir. Xarici ulduzlardan Maykl Ceksonu, Stinqi, Tina Törneri, Stiv Uanderi, Barış Manconu misal çəkə bilərəm. Onlar artıq bir modeldir – gənclər, dinləyicilər, sənətçilər üçün nümunədirlər. Çoxlarının həyatından filmlər çəkilib, kitablar yazılıb. Çox dəyərli rejissorlar mənə müraciət edərək həyatım haqqında sənədli film çəkmək istədiklərini bildiriblər. Ancaq mən buna çox ehtiyatla yanaşıram. Mənim hələ özümdən tələb etdiyim o qədər şeylər var ki. Gözləyirəm, hamısını yerinə yetirim, bəlkə ondan sonra özümün hansısa təcrübəmi bölüşməyə hazır bilərəm.

Məncə, hələ edəcəyim çox işlər var. Allah mənə uzun sənət fəaliyyəti qismət etsə, daha böyük layihələrə imza atsam, o zaman film çəkilişinə, yaxud memuarlar yazmaq barədə düşünə bilərəm. Hər şey Allahın əlindədir. Əldə etdiyim hər şeyə görə, öncə Allahıma, valideynlərimə və mənə musiqini öyrədən böyük müəllimlərə borcluyam. Bir də əlbəttə ki, tamaşaçılarıma minnətdaram. Sənəti və sənətkarı yaşadan tamaşaçı sevgisi və alqışıdır. Onlar daima səni axtarır, konsertlərinə bilet alır, sənin üçün narahat olurlar. Bir az efirdə görünməyən kimi: “Tünzalə xanım, niyə görünmürsünüz?” deyə müraciət edirlər. Bax bu diqqət, maraq məni yaşadır, mənə stimul verir.

# 5934 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #