Teatr niyə yerində sayır? - İsrafil İsrafilov yazır...

Teatr niyə yerində sayır? - İsrafil İsrafilov yazır...
19 sentyabr 2017
# 15:37

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilovun “Mövsüm qabağı düşüncələr” yazısını təqdim edir.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də növbəti 2017-2018-ci ilin teatr mövsümü başlayır. Ötən mövsümün heç nə ilə yadda qalmayan boz, darıxdırıcı sənət imitasiyasının təəssüratlarını birtəhər həzm edib, yeni teatr ovqatına köklənməkdən başqa çarə yoxdur. Ən azı, ona görə ki, milli teatr sivilizasiyalı mədəni gerçəklikdən təcrid olunmuş halda özünün daşlaşmış yaradıcılıq ənənələri ilə mövcudluğunu mühafizə etməkdədir. Və bu vəziyyət cəmiyyətin diqqətindən iraq olub, deyəsən, hamını, elə teatrın özünü də tamamilə qane edir. O, nəinki yeni təkər icad etməyə səy göstərmir, heç öz “mən”ini büruzə verməyə də həvəsli görünmür.

Heç bir səmərə verməyən inzibati nəzarət, sovet dövründəki kimi konyuktura basqısı milli teatrın bütün yaradıcılıq nəticələrini cırlaşdırmış, nəticə etibarilə onu məğmunlaşdırmışdır. Belə ki, mahiyyəti etibarilə azadlıq və yenilik xüsusiyyətlərindən birincisinin sıxıntısı teatrı ikincisindən də, az qala, məhrum etmişdir. Nadir hallarda müşahidə edilən yenilikçi cəhdlər, nəyi və necə etməyi hər kəsdən daha yaxşı bildiklərinə birdəfəlik inanan məmurların sayıq nəzarəti ilə yerindəcə hamarlanır. Qəribədir ki, sovet dönəmində düşüncələrə yeridilən bu təcrübə (dövrün dəyişməsinə baxmayaraq) bu günümüzdə də teatr sənətçiləri tərəfindən təbii qəbul edilərək öz həyati təsir gücünü saxlamaqdadır.

Heç kəs üçün gizli deyil ki, Milli teatr bütün mənalarda asılı vəziyyətdədir və bu sahənin müstəqil fəaliyyət imkanları, demək olar ki, yox dərəcəsindədir. Teatrı qidalandıran dramaturgiyadan başlamış, onun bədii məhsulunun ortaya çıxmasını təmin edən mühəndis-texniki heyətə qədər istedadlı mütəxəssis kadrların qıtlığı açıq-aşkardır.

Çağdaş dövrün sadə olmayan gerçəkliyini, bəşər aləminin qlobal olum, ya ölüm, yaxud məhəlli ideya-fəlsəfi problemlərini ehtiva edən səhnə ədəbiyyatının meydana gəlməməsi, nadir istedad işartıları ilə diqqət çəkən yeni rejissor nəslinin, idman termini ilə desək, oyundan kənar vəziyyətdə qalması, bütövlükdə milli teatr sənətinin müşahidə edilən geriləmə faktları, ötən mövsümün narahatlıq doğuran faktlarıdır.

Bir zamanlar “formaca milli, məzmunca sosialist” düsturu ilə “silahlanan” teatr sənətimizin müstəqillik dövründə məzmunca milli olmaq səyləri heç bir fayda vermir. Musiqili teatrlarımızdan, Kukla və Pantomima teatr kollektivlərindən fərqli olaraq, əksər dramatik teatrlarımız əvvəlki illərdə, lap elə ötən əsrin 60-70-ci illərində qazandıqları sənət mövqeyini itirmiş, hətta akademik teatrımızın belə, yaradıcılıq səviyyəsi baxımdan yalnız adı qalmışdır. Belə ki, ötən mövsümdəki tamaşaları ilə bu teatrın istər rejissura, istərsə də ifaçılıq səviyyəsi etibarilə öz “akademik” statusunu doğrulda bilməməsi göz qabağında idi.

Biri digərini əvəz edən, biri o birindən heç bir xüsusiyyətlə fərqlənməyən teatr mövsümlərinin təhlili elə təsəvvür oyadır ki, teatrların yaxın illəri nəzərdə tutan, konseptual perspektiv proqramları yoxdur. Bəzi insanların bu gün ilə yaşamaq fəlsəfəsi, sanki teatrların da fəaliyyət prinsipinə çevrilmişdir. Halbuki hər bir teatr burada çalışanların, özəlliklə, yaradıcı heyətin perspektiv inkişaf yolunu müəyyən etməli, ayrı-ayrı rejissorların və aktyorların fərdi sənət imkanlarının təzahür etdirilməsinə şərait yaratmalı, bir küll halında götürsək, öz yaradıcılıq məramının maksimum bədii realizəsinə çalışmalı öz estetik simasını formalaşdırmaq qayğısına qalmalı, dövrün və cəmiyyətin inkişaf ahənginə müvafiq sənət prioritetlərini müəyyən etməlidir Rəhmətlik Vaqif İbrahimoğlunun təbirincə desək, “amma və lakin” müşahidə edilən gerçək mənzərə diametral fərqlidir.

Qəribə deyilmi ki, bu gün ölkəmizin dramatik teatrlarına əsasən istedadlı şəxslər, o cümlədən Akademik Milli Dram Teatrına Azər Paşa Nemətov kimi dövrümüzün ən böyük rejissoru, digər teatrlara nisbətən cavan nəslin nümayəndələri, o cümlədən Gənc Tamaşaçılar Teatrına Bəhram Osmanov, Yuğ teatrına Gümrah Ömər, Sumqayıt teatrına Firudin Məhərrəmli, Gəncə teatrına İradə Səyya, Mingəçevir teatrına Xəzər Gəncəli, Şəki teatrına Mirbala Səlimli kimi orijinal istedad sahibləri başçılıq etdikləri halda bu sahə öz yerində saymaqda davam edir. Halbuki adlarını qeyd etdiyimiz rejissorlar, eləcə də həmin teatrlarda çalışan aktyorların əksəriyyəti böyük yaradıcılıq uğuruna imza atmağa qadir insanlardır. Elə isə, nə üçün həmin o böyük yaradıcılıq uğuru gözə dəymir və teatr ictimaiyyəti narazı qalmaqda haqlı görünür.

Teatr sənətinin müntəxabat həqiqətinə görə, rejissor sənətində istənilən təcəssüm işi, əsasən, üç sualı cavablandırmaqla aparılır. Nə? Nə üçün? Necə? Bu, bilməcə olmasa da, şərhə ehtiyacı var. Belə ki Nə-? gələcək tamaşanın mövzusu ilə bağlıdır, Nə üçün-? həmin tamaşanın ali məqsədilə, yəni bu gün bu əsərlə teatr tamaşaçıya nə demək istəyir, niyə onu toplayır öz zalına, niyə bu gün o tamaşa ilə öz pərdələrini açır. Və nəhayət, Necə -? yəni bunu hansı şəkildə, başqa sözlə desək, hansı janrda və bədii formada təqdim edir. Təcəssüm işinin əsil bədii həyatı bundan sonra başlayır. Yəni teatr müəllifin yazdığı pyesi hansı janrda təqdim edəcək və bu janrın ədəbi, bədii, estetik qanunları necə şərtlənir, hansı şəkildə müəyyənləşir və istiqamətlənir. Təəssüf ki, rejissuranın professionallıq xüsusiyyəti olan həmin, ilk baxışda sadə görünən prinsiplər praktik teatr həyatında və estetik niyyətin son nəticəsi olan tamaşaların təqdimatında müşahidə edilmir, beləliklə, hər hansı sənət mesajı öz ünvanına yetişmir.

Biz hər dəfə çağdaş dramaturgiya qıtlığını qeyd edirik, amma klassik repertuarın da aşağı problu tamaşalarda ərsəyə gəlməsi faktları yeni məsələ deyil. Bəlkə bu, tamaşaların həmin teatrların öz daxili imkanları (yəni az vəsait) hesabına hazırlanması ilə bağlıdır? Elə isə, bəs, dövlət sifarişi ilə hazırlanan tamaşaların analoji aqibətini necə dəyərləndirmək olar?

Repertuar tərtibində truppanın yaradıcılıq imkanlarının nəzərə alınmaması, yaxud rol bolgüsündə teatrdaxili “avtoritetlərin” heç nə ilə əsaslanmayan ambisiyalarının təmin olunmasında yol verilən xətaların mövcudluğu da ideya-estetik baxımdan aşağı səviyyəli səhnə işlərinin meydana gəlməsinə səbəb ola bilir. Əlbəttə, indiki maliyyə və inzibati çətinliklərlə bərabər bazar iqtisadiyyatının “sürprizləri” ilə üz-üzə qalan teatr rəhbərləri repertuar, plan, tamaşaçı, reklam və s. məsələlərin tənzimlənməsi işində də irili-xırdalı səhvlərə yol verir, nəticədə teatr tədricən öz yaradıcılıq müvazinətini və labüd olaraq tamaşaçısını itirir.

Parlaq istedadı ilə seçilən yeni aktyor nəslinin səhnələrimizdə görünməməsi ölkəmizin bu sahədəki istedadlarının tükənməsi ilə deyil, başqa səbəblərlə yanaşı maddiyyata bağlanan gələcək həyat düşüncələri ilə də izah edilə bilər. Ötən əsrin romantikası bu əsrin praqmatikliyinə, sənət perspektivi tədbirli hesablamalara, uğurlu yaşam ölçülərinə uduzur. Bir zamanlar “səhnəyə ləyaqətlə gəlib, ləyaqətlə gedən” (K.S.Stanislavski) aktyor şəxsiyyətini gələcəyin yayqın parıltılı xülyaları yox, bu günün konkret və nəğd olanı daha çox cəlb edir. Çünki az maaşla, maddi sıxıntılarla barışmaq məcburiyyətində olan aktyor, öz istedadı ilə bərabər sağlamlığını da xərcləyir və ona bir dəfə verilən ömrünü təsadüflərə, kimlərinsə, nə zamansa onu qiymətləndirəcəyi ümidlərinə bağlaya-bağlaya qocalır. Bunun üstünə teatr rəhbərliyinin və daha yuxarı pillələrdə oturan məmurların ara-sıra təzahür edən qeyri-obyektiv münasibətlərini gələndə mövcud vəziyyəti törədən bəzi səbəblər də aydınlaşır.

Buna bənzər mənzərə çağdaş dramaturgiyanın misalında da özünü göstərir. Biz Şekspirin, Molyerin, yaxud A.Çexovun öz pyesinə görə nə qədər qonorar aldığını bilmirik, amma yaxşı bilirik ki, “yazar sığal sevir” (A.S.Puşkin) və bu gün müəllif böyük zəhmət sərf etdiyi və istedadının bədii məhsulu olan əsərinə layiqli maddi ödəniş ala bilmir.

Belə davam edərsə, çağdaş dövrün həyat həqiqətlərinin, cəmiyyətimizin sosial-mənəvi ovqatının dramaturgiyamızda bədii əksini, səhnə sənətində ifadəsini nə vaxt görəcəyimizi söyləmək çətindir. Bu günümüzün suallarına cavab axtaran, “yerlə əlləşən, göylə çarpışan” (M.Müşviq) müasirimizin səhnə obrazlarının xəyal olaraq qalmasının, milli dramaturgiyamızda janr yeknəsəkliyinin nə zaman bitəcəyini proqnozlaşdırmaq da mümkün deyil. Amma bu da var ki, M.F.Axundzadənin yandırdığı, C.Cabbarlının alovlandırdığı, İ.Əfəndiyevin sönməyə qoymadığı dramaturgiya çırağının bu günümüzdə öləziməyi narahatlıq doğurmaya bilməz.

Azərbaycan teatrının tənəzzülü, aydın məsələdir ki, dünən başlamayıb və sabah qurtarmayacaq. Teatr mütəxəssislərinə, elə teatral tamaşaçılara da bəllidir ki, ümumi tənəzzül halında belə, paytaxt teatrları ilə, bölgə teatrlarının ciddi səviyyə fərqləri var. Və bu hal onilliklər boyu bu sayaq davam etməkdədir. Burada obyektiv səbəblər kimi dəyərləndirilənlər, əslində, subyektiv münasibətlərdən törənən nəticələrdir. İndiki reallıqda həmin səbəblərin aradan qaldırılması, vəziyyəti normallaşdırmaq az qala mümkünsüz görünür. Açıq demək lazımdır ki, ikinci növ sahə qismində baxımsızlıq münasibəti görən bölgə teatrları nə ideya-bədii tutumlu repertuar, nə də belə bir repertuar yükünü daşıya biləcək yaradıcı truppa qura bilməmiş, beləliklə uzun illər ərzində onların yaradıcılıq potensialı tükənmiş, bədii ifadə ustalığı korşalmışdır. Əlavə edək ki, az qala, simvolik əmək haqqı alan həmin teatr kollektivlərinə yerli hakimiyyət orqanları da lazımi qayğı göstərməmişdir. Nəticə isə belədir ki, qeyd etdiyimiz teatrlar nəinki hər hansı inkişaf mərhələsi yaşamır, hətta öz yaradıcılıq ahənginin stabilliyini uzun müddət saxlaya bilməyib, yerində saymaqla biri digərini əvəz edən teatr mövsümlərini başa vurmaqdadır.

Həmin teatrlarda sayca az olsa da özünəməxsus istedad sahibləri olan insanlar fəaliyyət göstərir. O teatrlara ali təhsil almış gənc qüvvələrin gəlişi nadir hadisə olduğu üçün bu gün orada fəaliyyət göstərən truppaların bir müddətdən sonra yalnız yaşlı nəsildən ibarət olacağı qaçılmazdır. Bir tərəfdən teatr təsərrüfatının təmin edilməsi üçün vacib olan maliyyə çatışmazlığı, o biri tərəfdən maaşların kollektivlərin güzəranına ciddi təsiri, tamaşaçı təşkili sahəsindəki deyilməz çətinliklər bölgə teatrlarını çıxılmaz vəziyyətlərə salır. Bu teatrlarda çalışanlar bütün məhrumiyyətlərə rəğmən öz gündəlik işlərini görür, mövcud vəziyyətə qəhrəmancasına dözməkdə davam edirlər. Bu sahədəki vəziyyətin təsirli tədbirlərlə aradan qaldırılmasının vacibliyi şübhə doğurmadığı kimi, müəyyən maddi stimulların tətbiqinin də qısa zaman içərisində öz səmərəsini verəcəyi şübhəsizdir. Çünki bütün indiyədək istifadə olunan ifadə vasitələri əsasında indiyədək fəaliyyət göstərən və az qala illərlə fəxarət nümunəsi sayılan “ənənələr”, qəribə görünsə də, sonralar zərər vermiş, ondan qaynaqlanan teatr fəlsəfəsi öz-özünü tükətmişdir. Odur ki, çağdaş teatr təcrübəsində vaxtı ötmüş formalardan və üslüblardan imtina etmək, prinsipcə mütərəqqi metodlara yiyələnmək, teatr sənətinin yeni bədii ifadə meyarlarını müəyyənləşdirməklə zərərin yarısından qayıtmaq mümkündür.

Müstəqil dövlətimizin humanitar siyasət sahəsindəki icra fəaliyyətində illər boyu buraxılan nöqsanlar təhsildə və səhiyyədə olduğu kimi mədəniyyətdə də müxtəlif problemlərə yol açan fəsadlar törətmişdir. Bəzi məmurların rəqəmlərdə və faizlərdə görünən “uğurları” real mənzərənin staqnassiya vəziyyəti ilə ziddiyyət təşkil edir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasında müşahidə edilən süstlük, hərəkətin dalana dirənməsi, bu sahədə çevik və effektiv fəaliyyətin yoxluğunun sadə sübutudur. Halbuki dövlət başçısının davamlı inkişaf strategiyası sosial-mədəni sahələrin perspektivli fəaliyyəti üçün geniş imkanlar açır.

Dövlətimizin humanitar siyasətinin konseptual mənalarının dərk edilməməsi, onun işlək mexanizminin funksional təminatının naşılıqla icra edilməsi perspektivə hesablanan gerçək effektini təzahür etdirməli olduğu halda, bütövlükdə mədəniyyətdə, xüsusilə də teatr sənətində reqressiv meyilləri gücləndirməklə əks nəticələri labüdləşdirir.

Teatr tənqidi ilə fəal şəkildə məşğul olan tanınmış mütəxəssislər, o cümlədən professorlar İ.Rəhimli, M.Əlizadə, A.Talıbzadə kimi alimlərlə yanaşı cavan nəslə mənsub olan teatrşünaslar tərəfindən bu sahədəki mövcud olan ictimai-kulturoloji öyrənilməsi və elmi dəyərləndirilməsi, mətbuat səhifələrində yer alan ayrı-ayrı çıxışlardakı konkret tənqidi mülahizələr bildirilsə də, sanki sadəcə informasiya kimi qəbul edilir. Görünür, məsələnin ciddiliyi və əhəmiyyəti bəziləri tərəfindən hələ kifayət qədər qiymətləndirilmir. Belə ki, bu xüsusda qeyd edilən nöqsanlara (hətta ən ciddi nöqsanlara) nə yaradıcı kollektivlərin özləri, nə onların rəhbərləri, nə də bu sahəyə nəzarət edən “məmur qardaşlar” (N.V.Qoqol) əhəmiyyət vermirlər, necə deyərlər, dəyirman öz bildiyini etməkdə davam edir və “qılıncdan daha kəskin ulu qüvvət olan” mədəniyyətimiz xalqımızın neçə-neçə nəslinin uzun əsrlərdən bu günümüzə qədər gəlib çıxan misilsiz ərməğanıdır. Halbuki həmin mədəniyyətin ən sevimli övladı olan, yaranmasının 145-ci ilinə qədəm qoyan professional teatr sənətimizin yaşamasının, gələcək əsrlərə sənət zəfərlərilə üz tutmasının hərtərəfli təminatı bu sahədə çalışan hər kəsin məslək borcu, milli şərəf məsələsidir.

# 1330 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #