Tüstüylə Allah yazanlar

Tüstüylə Allah yazanlar
25 iyun 2014
# 08:00

- Neyləsəz də xeyri yoxdu, yenə yazacam - İbn Müqlə sağ əli Xəlifə əl-Qadirin əmriylə kəsiləndə belə demişdi.

Həqiqətən də yazdı. Sağ əli kəsiləndən sonra sol əllə yazmağı öyrəndi, sol əlindən məhrum olandan sonra isə, qamış qələmi kəsilmiş biləyinə bağlatdırdı, yenə yazdı. Və müsəlman xəttatlığının ana xəttini təşkil edən Xətti-sittəni yaratdı. İbn Müqlənin yaratdığı altı xətt növü («Sittə» ərəbcə altı deməkdir) səkkizinci əsrdən bu günümüzə qədər davam edən müsəlman xəttatlığının özülünü qoydu, islam mədəniyyətinə yeni bir sənət növü bəxş elədi. İbn Müqlə münbit torpağa toxum əkdi, kəsilmiş əllərinin qanıyla suvardı və bu toxumdan minillik tarixi olan Şərq xəttatlığı göyərdi.

Təbii ki xəttalığı sırf islam şərqinin məhsulu hesab etmək hardasa düz olmaz. Qərbi Avropada Kalliqrafiya kimi tanınan bu sənət növü yüzilliklər boyu Çindən tutmuş İngiltərəyə qədər bütün məmləkətlərdə yaşayan katiblərin, mirzələrin arasında yayılmışdı. Hər bir yazı sahibi öz xəttinin başqalarından gözəl olmasına çalışırdı. Lakin müsəlman dünyasında bu kiçik sənət, sadəcə katib əyləncəsi çərçivəsini sındırıb çıxaraq, dünyanın üçdə birini əhatə edən möhtəşəm bir sivilizasiyanın aparıcı incəsənət vasitəsinə çevrilmişdi. Bunun isə bir neçə obyektiv səbəbi var idi.

1.

İslamdan qabaqkı dinlərin hər birində insanların şüurundakı Tanrı obrazı müəyyən konkret atribubtlarla assosiasiya yaradırdı. Məsəlçün, Tanrı dedikdə buddistlərdə göz önünə Buddanın heykəlləri gəlir. Xaçpərəstlərdə isə tanrı konkret insanın, yəni İsa Məsihin şəxsiyyətində maddiləşib. Müsəlmanlarda isə Allah obrazının yeganə təzahürü Qurandı. Yəni Allahla insan arasında vasitə kimi başqa formalar yox, məhz kitab çıxış edir, Allah kəlamının yazıldığı kitab. Müsəlman dünyasında kitaba, yazıya olan xüsusi qayğının bir səbəbi də budur.

2.

İslamın yarandığı ilk yüzilliklərdə insanların içində yenidən bütpərəstlik meyllərinin yaranmasına yol verməmək üçün heykəl düzəltmək, şəkil çəkmək İslam ideoloqları tərəfindən rəsmi surətdə qadağan olunmuşdu. Məhz bu səbəbdən yaradıcı insanların içindəki estetik duyğuların böyük hissəsi məhz xəttatlıq sənətində öz təzahürünü tapırdı. Başqa sözlə desək, islamın ilk yüzilliklərində xəttatlıq həm də rəssamlığı əvəz edirdi.

3.

Xəttatlığın məhz islam şərqində geniş təşəkkül tapmasının bir səbəbi də ərəb dili, daha dəqiq desək, yazışmada işlənən ərəb əlifbası idi. Məlum faktdır ki, başqa əlifbalardan fərqli olaraq, məhz ərəb əlifbası daha çox dekorativ xarakter daşıyır, hərflərin bir neçə yazılış forması var. Ərəb əlifbası özü özlüyündə naxışı, ornamenti xatırladır və buna görə yaradıcı insanın təfəkkürü, fantaziyası üçün ərəb qrafikasında geniş meydan açılır.

Məhz bu səbəblərə görə müsəlman aləmində xəttatlıq ən ali incəsənət növü hesab olunur. Ən böyük hökmdarlar da ustad xəttatların qarşısında baş əyirdilər. Şahzadələrin, əmirzadələrin ibtidai tədris proqramında hüsn-xətt (gözəl xətt) ən əhəmiyyətli dərslərdən hesab olunurdu. Tarix boyu bir çox məşhur hökmdarlar özləri də xəttatlardan dərs almış, çox gözəl xəttat olmuşlar. Misalçün, bir çox mənbələrdə Həzrət Əlinin (ə) çox gözəl xəttə sahib olduğu qeyd olunurdu.

Yaxud XVIII əsr Osmanlı sultanı II Mustafanın hər gün iki saat ərzində böyük həvəslə hüsn-xətt məşqləri keçməsi tarixi mənbələrdə qeyd olunur. II Mustafa xəttatlıq dərsini dövrünün ən məşhur xəttatı Hafiz Osmandan almışdı. Sultan öz ustadının sənətinə o qədər valeh idi ki, onun dəvatı (mürəkkəbqabı) yerə qoymasını rəva görməzdi, ustadının yazdığı müddət ərzində şəxsən öz əlində saxlardı. Bir dəfə ustadının növbəti yazısından vəcdə gələn Sultan həyəcanla demişdi:

- Hafiz Osman kimi ustad xəttatlar daha dünyaya gəlməz.

Xəttat isə hökmdarın bu sözündən təsirlənərək cavab vermişdi:

- Fikir çəkməyin, əlahəzrət. Nə qədər ki dünyada müəlliminin mürəkkəbqabısını öz əlində saxlayan hökmdarlar var, Hafiz Osmanlar da çox olacaq.

İlk hərflər, ilk xəttlər

İslamın yarandığı ilk yüzilliklərdə ərəblərdə əsasən kufi xətt adlanan xətt növündən istifadə olunurdu (xəttin adı Kufə şəhərindən götürülüb). Kufi xətt sonra yarancaq xətt növlərindən maili formaların çox az olması ilə fərqlənirdi. Bütün hərflər düz xətlərin birləşməsindən yaranan düzbucaqlı formaları xatırladırdı, nöqtələrdən də istifadə edilmirdi. Ümumiyyətlə kağızın icad olunmasından qabaq təkcə ərəblərin yox. bir çox xalqların əlifbası məhz bu cür düzxətli formalar əsasında qurulmuşdu. O dövrlərdə yazılar papirusu çıxmaq şərtiylə, əsasən bərk materiyalar (ağac qabıqları, daş lövhələr, qurudulmuş dərilər və s) üzərində yazılırdı. Bərk materiya üstündə isə maili xətləri çızmaq çətin olduğundan hərflər də qeyd edildiyi kimi düz xətlərin müxtəlif variasiyalarda kəsişməsindən təşkil olunurdu. Çin, yapon, qədim hind, slavyan, yunan əlifbaları buna əyani sübutdur.

İlk Quran nüsxələri də məhz kufi xətlə yazılmışdı. Zaman keçdikcə kufi xəttin də müxtəlif versiyaları – Bəsrə xətti, Mədinə xətti, Məkkə xətti yaranmışdı, lakin bunlar mahiyyət etibariylə kufi xəttdən o qədər də fərqlənmirdilər.

Müxtəlif xətt növlərinin yaradılmasından sonra kufi xətt əl yazısından sıxışdırılıb çıxarılmışdı. Lakin bərk materiyaların üstündə yazmaq asan olduğundan, bir çox sahələrdə, məsələn, memarlıqda, daş və taxta üzərində oymalarda kufi xətt növü hətta bizim dövrümüzə qədər aparıcı mövqedə olmuşdu.

IX əsrə yaxın ərəb xilafati artıq əvvəlki kimi təkcə Ərəbistan yarımadasından ibarət deyildi, İspaniyadan, Şimali Afrikadan tutmuş, Hindistana, Çinə qədər böyük ərazilər bir mərkəzdən idarə olunurdu. Belə bir böyük dövləti isə mükəmməl bürokratik apparat olmadan idarə etmək mümkün deyildi. Tədricən çoxsaylı divanlar, vəzirliklər, şuralar yaradılır, sənədləşmələr, yazışmalar aparılırdı. Məhz bu zaman kufi xəttin surətli yazı üçün əlverişli olmadığı meydana çıxdı. Yalnız düzxətli hərflərdən ibarət olan bu xəttdə yazmaqla katiblər çoxlu vaxt itirirdilər, bir adamın görə biləcəyi işi beş adam görürdü. Daha asan yazıla bilən, katiblərin əlini yormayan yeni xətt növlərinə ehtiyac var idi. Yazımızın əvvəlində qeyd etdiyimiz Xətti-sittə - Altı xəttin yaranması məhz bu dövrə təsadüf edir.

Dahi xəttat, fitnəkar vəzir

Kütləvi kitab nəşri epoxasından əvvəl bir çox tarixi mətnlərlə, tarixçilərin kitablarıyla yalnız dar çərçivədə olan insanlar faydalana bilirdilər. Məhz bu səbəbdən Əbu Əli ibn Müqlənin adı orta əsrlərdə xəttatların, katiblərin, mirzələrin arasında əfsanə kimi dolanır, müxtəlif rəvayətlərdə o, yarıreal, yarıəfsanəvi şəxsiyyət kimi təqdim olunurdu. Yalnız XIX əsrdən etibarən qədim ərəb tarixçilərinin əsərləri kütləvi nəşr olunmağa başlayandan sonra, təəssüflər olsun ki, İbn Müqlənin kimliyinə aydınlıq gətirildi.

Kim idi İbn Müqlə? Tarixi mənbələrdə onun miladi tarixilə 886-cı ildə doğulduğu qeyd olunur. Mədrəsə təhsili alandan sonra Bağdadda məşhur vəzir İbn əl-Furatın dəftərxanasında mirzəliyə başlayan İbn Müqlə kiçik zaman kəsiyində böyük sürətlə mənsəb pilləkənləriylə qalxmağa nail olmuş və VIII əsrin əvvəllərində Xəlifə əl-Müqtədirin vəziri təyin olunmuşdu. Hələ adi katib işlədiyi dövrlərdə İbn Müqlə kufi xətlə yazmağın çətinliklirini hiss etmiş, asan yazılan və eyni zamanda gözəl zahiri görünüşü olan xətt növləri yaratmaqçün böyük əziyyətlər çəkmişdi. Nəhayətdə , o, əvvəlki dağınıq xətt növlərini təkmilləşdirərək əsas altı xətt növünü - nəsx, süls, mühəqqəq, reyhani, rüqə, tövqi xətlərini yaratmışdı. Bundan savayı İbn Müqlə hərflərin simmetriyasını, dəqiq ölçülərini də müəyyənləşdirmişdi, başqa sözlə desək xəttatlıq sənətini ilk dəfə sistemləşdirən məhz o olmuşdur. Bu səbəbdən də Əbu Əli İbn Müqlə şərq xəttalığının banisi hesab olunur.

Tarixdə belə paradokslara da rast gəlinir. Böyük bir incəsənət növünün yaradıcısı hesab olunan bu dahi xəttat real həyatda heç də sevilən şəxs olmamışdı. Tarixçilərin hamısı birağızdan onu çox rəhmsiz, tamahkar, rüşvətxor, fitnəkar, cahü-cəlal sevən bir şəxs olduğunu təsdiq edir... Abbasi xəlifələrinin sarayındı həmişə öz fitnəkarlığı ilə seçilən ibn Müqlə üç dəfə vəzirlikdən uzaqlaşdırılmış, lakin müxtəlif intriqalar nəticəsində yenə öz vəzifəsinə qayıda bilmişdi. Kobud dillə desək, onu birdəfəlik yıxmaq o qədər də asan iş deyildi. Abbasi xəlifəsi əl-Qahir 932-ci ildə taxta çıxandan sonra ibn-Müqləni vəzifəsindən kənarlaşdırmağa çalışmış, lakin ibn-Müqlə saraydakı türk qvardiyasının başçısı əl-Mənsurla birləşərək xəlifəni devirmiş, xilafət taxtına əl-Qahirin qohumu əl-Radini çıxartmışdı. Lakin ibn-Müqlə yeni xəlifəni də öz intriqalarıyla bezdirmiş, nəhayət xəlifə ər-Radi böyük əziyyət bahasına da olsa, vəziri yıxmağa müvəffəq olmuşdu. Vəzir olarkən törətdiyi bəd əməllərə görə İbn-Müqlənin əvvəlcə əlləri kəsilmişdi, lakin o yenə də xəlifənin əleyhinə fitnə-fəsadlar törətdiyindən dilini də qopartmışdılar. Onun həmmüasiri olan ərəb tarixçilərindən biri ömrünün son günlərində ibn-Müqlənin qələmi gah kəsilmiş biləyinə sarıtdırdığını, gah da dişiylə sıxaraq yenə də xəttatlıqla məşğul olduğunu xatırlayırdı.

Beləliklə, Abbasilər xilafətinin ən fitnəkar vəzirlərindən biri kimi tanınan İbn-Müqlənin sayəsində şərq aləminin ən möhtəşəm incəsənət növü olan xəttatlığın əsası qoyuldu.

Ümumiyyətlə, müasir Qərb filosoflarının estetika barədə nəzəriyyələrinə görə, insanın içindəki estetika duyğusunun keyfiyyəti onun mənfi energetikası ilə mütənasibdir. Başqa sözlə desək, sənət əsəri estetik cəhətdən nə qədər yüksək səviyyəli olursa, bu, sənətkarın içindəki çirkabdan, üfunətdən xəbər verir. Sanki insanın ruhundakı bütün gözəllik duyğusu yalnız sənətə yönəlir, real həyata qalan isə çirkab və üfunət olur. Xilafət vəziri İbn-Müqlə də bunun real təzahürüdür məncə

Quran səsli mürəkkəb

Xəttalıq uzunmüddətli məşq tələb edən bir sənətdir. Tələbənin bacarığından asılı olaraq tədris prosesi dörd-səkkiz il çəkir. Lakin məşq bununla bitmirdi. Hətta ustad xəttat olandan sonra da gündəlik məşqlərə fasilə verməmək, heç olmasa dörd saat yazmaq tövsiyə olunurdu. Gündə iki səhifə yazmaq böyük ustalıq əlaməti hesab olunurdu.

Bundan başqa yazının keyfiyyəti iş avadanlığından, konkret olaraq mürəkkəbin, qamış qələmin, kağızın və s. keyfiyyətindən də asılı idi. Şərq xəttatlarının bir çox klassik Avropa rəssamları kimi mürəkkəblərini, qələmlərini kağızlarını öz əlinə, yazı üslubuna uyğun düzəldirdilər. Misalçün, çox sürətlə yazan xəttatlar tez quruyan, qatı mürəkkəbə üstünlük verirdilər. Lakin sürəti aşağı olan, hələ təzə məşq edənlərçün duru mürəkkəb düzəldilirdi, çünki qatı mürəkkəb qələmdə çox qalanda quryurdu, həm də duru murəkkəb gec quruduğundan səhv yazılanda kağızdan silmək də asan olurdu. Bundan savayı təzə məşq edənlərçün hazırlanan kağızı da bir qədər çox cilalayırdılar ki, hamar olsun, mürəkkəbi tez özünə çəkməsin, yazıda xəta olarsa, silmək mümkün olsun.

Qeyd edək ki, şərqdə pozandan istifadə olunmurdu. Yazıdakı xətanı aradan qaldırmaqçün xəttatlar, katibələr mürəkkəbi dilləriylə silərdilər. Xəttatın ustalıq səviyyəisni yoxlamaqçün adətən dilinə baxardılar. Əgər dilində mürəkkəb qarasının izi çox olardısa, deməli bu xəttat səhvlərə çox yol verir, türkün sözü, mürəkkəbi çox yalayıb və hələ sənəti tam təkmilləşməyib.

Onu da qeyd edək ki, o, vaxtlar saray sui-qəsdlərində zəhərli mürəkkəblərdən çox istifadə olunurdu ki, süi-qəsd obyekti mürəkkəbi yalayanda zəhər bədəninə nüfuz etsin. Bu baxımdan, sui-qəsddən ehtiyat edən dövlət xadimləri özlərini sığortalamaqçün qrammatikanı çox yüksək səviyyədə öyrənirdilər ki, səhv buraxaraq öz yazılarını «yalamağa» ehtiyacları olmasın.

Şərq xəttalığının maraqlı cəhətlərindən biri də gördüyü işin mahiyyətindən asılı olaraq, iş alətlərinin, avadanlığın seçilməsi idi. Misalçün, adi yazışma, sənədləşmə üçün istifadə olunan alətləri , kağızı, mürəkkəbi Quran yazılarkən istifadə etmirdilər. Bunun üçün xüsusi kağız, mürəkkəb düzəldilərdi. O vaxtlar, məscidlər yağ çıraqlarıyla işıqlandırılarkən çıraqların divara otuzduluması üçün düzəldilən oyuqlardan kiçik tüstüçəkənlər qurulurdu. Oyuqların üst tərəfindən başlanan ensiz borular məscidlərin damında tikilmiş xüsusi otağa aparıb çıxarırdı. Beləliklə, çıraqlar yananda tüstü bu borular vasitəsiylə sovrulur, həmin otağa yığılır və buradakı kiçik bacadan havaya çıxırdı. Təbii ki, bu otağın divarları hisdən qapqara olardı. Həftədə bir dəfə ustalar gəlib divarlarda qalın qat əmələ gətirən hisi qaşıyıb aparar, ondan mürəkkəb düzəltməkçün istifadə edərdilər. Hesab olunurdu ki, bu his-pas məscidlərdə oxunan Allah kəlamının ruhunu öz içinə çəkib. Quranın üzü köçürülərkən məhz bu his qatılmış mürəkkəbdən istifadə edilərdi.

Qələm qəbiristanlığı

Qələmlərin hazırlanmasının da xüsusi qaydaları var idi. Hər xətt növü üçün məxsusi qələmlər yonulardı. Ümumilikdə şərq xəttatları qələmə xüsusi qayğıları ilə seçilərdilər. Misal üçün, çox işləndiyindən istifadəyə yararsız hala düşmüş qələmləri heç vaxt hara gəldi tullamazdılar, həyətin, bağçanın təmiz yerində torpağı azca qazıyıb qələmi orada basdırardılar. Səfəvilər dövrünün məşhur xəttatı Mirəli Gilaninin ölümündən sonra həyətində təmir işləri aparılarkən, ustalar torpağın hansı hissəsinə bel vururdularsa, yerdən qələm qalıqları çıxırdı. Müasirlərinin biri, xətattın həyətini «qələm qəbristanlığı»na bənzətmişdi. Darısqal şəhərdə yaşayan məşhur xəttat Mirəli Təbrizi isə qələmləri bu cür “dəfn etmək” imkanından məhrum olduğundan onları evinin çardağına yığırmış. Tələbələrinin sözünə görə, onun çardağında on mindən çox qamış qələm qalığı varmış.

Ürəkdən qələmə, qələmdən kağıza

Xəttalığı adi katiblikdən fərqləndirən cəhət yazının sadəcə əl işi yox, həm də ruhla, qəlblə, təxəyyüllə və psixoloji əhval-ruhiyyə ilə bağlı olması idi. Usta sənətkarlar xəttə baxan kimi qələm sahibinin yaşını, cəmiyyətdəki sosial statusunu, hansı ruhani vəziyyətdə olduğunu, sevindiyini, kədərləndiyini və bir çox başqa detalları dəqiq müəyyən edə bilirdilər. Misalçün, məşhur Herat xəttatı Seyid Rza ona şah tərəfindən hədiyyə olunan təzkirəni bir müddət vərəqləyəndən sonra demişdi ki, xəttat bu kitabı yazmağa başlayanda subay olub, otuzuncu səhifədən sonra evlənib, yetmiş dördüncü səhifədə isə övladı dünyaya gəlib (Xatırladaq ki, bir kitabın yazılması o vaxtlar aylarla, hətta illərlə vaxt aparırdı).

İndi hamımıza çox adi görünən bir kitab o dövrlərdə onlarla sənətakarın əlindən keçirdi. Kağız bişirilirdi, kəsilib vərəq halına salınırdı, bir müddət möhrə (cilalamaq üçün istifadə olunan hamar dairəvi daş) ilə cilalanırdı, xəttat yazıları yazırdı, ləvvah səhifələrin kənarlarını bəzəyirdi, sonra cildçi açıq vərəqləri tikib kitab halına gətirir və üstünə cild salırdı. Şərq tarixində kitab istehsalı ilə bir çox hallarda bütöv ailələr məşğul olurdu. Ailənin hər bir üzvü bu prosesdə özü üçün ayrılmış işi görürdü.

Məhz bu səbəbdən orta əsrlərdə kitab ən qiymətli, bahalı hədiyyələrdən hesab olunurdu. Elə müasir dövrümüzdə də şərq ölkələrinin çoxunda bu ənənəni saxlayan ailələr mövcuddur və bu cür əlyazma kitablar mütəxəssislər tərəfindən çox yüksək dəyərələndirilir. Misalçün, Türkiyədə təxminən bir ilə hazırlanan müasir əlyazma Quranların qiyməti 30-50 min dollar arasındadır.

Xətlərin ruhu

İstər qədim Avropada, istərsə də dünyanın başqa ölkələrində yazı xətlərinin bu qədər müxtəlifliyinə rast gəlmək mümkün deyil. Əvvəldə qeyd etdiyimiz kimi, Şərqdə şəkil çəkmək (miniatür sənəti) əsasən on beşinci əsrdən sonra formalaşmağa başladığından, ilkin orta əsrlərdə xəttin gözəlliyi həm də rəsmi əvəz edirdi. Məhz bu səbəbdən yazının mahiyyətindən asılı olaraq müxtəlif xətt növləri yaranmışdı. Məsələn, «Nəsx» yazılış və oxunuş üçün çox rahat, asan olduğundan, bu xətti tədris prossesində, adi yazışmalarda daha çox istifadə edirdilər. Quranların kütləvi mütaliəsini nəzərə alaraq bu kitab köçürülərkən də, məhz çox vaxt məhz «Nəsx» xəttindən istifadə edərdilər. Çap mexanizmi icad olunandan sonra da, ərəb çap şriftlərinin əsasını «Nəsx» xətti təşkil edirdi. İndinin özünəcən ərəb qarfikasından istifadə edən ölkələrdə çap məhsullarının böyük hissəsi «Nəsx» xəttindədir.

Qismən maili yazılan «Təliq» xəttində hərflər daha yumşaq, daha zərif, daha sərbəstdir. Bu xətt növü daha çox şeir, qəzəl yazılarkən istifadə edilirdi. «Təliq» xəttindəki sərbəstlik, hərfləri istənilən kimi uzatmağın, yaymağın mümkünlüyü şeirin sətirlərinin sonunu bərabərləşdirməyə imkan verir. Bir çox xəttatlar «Təliq»in biri-birinə sarmaşmış, asudə şəkildə uzanmış hərflərini vüsala qovuşmuş aşiq-məşuqlara, eyş-işrət məclisində, şərab süfrəsi arxasında oturmuş laübali adamlara bənzədirdi. Təbii ki, bu mənzərə sevgi şeirlərinin, aşiqanə qəzəllərin məzmununu vizual olaraq tamamlanmasına xidmət edirdi.

Səfəvilər dövründə «Təliq» xəttinin daha bir neçə variasiyası - «Nəsətəliq», «Şikəstə nəstəliq» və yaradıldı.

«Reyhani» xətt növündə hərflər yarpaqlara bənzədilir, yazı isə ümumilikdə nəbati naxışları xatırladır. Xəttin adı da buradan götürülüb. «Reyhani» xətlə daha çox aşiqanə nəsr nümunələrini, təbiət təsvirlərinin bol olduğu dastanları, mənzum hekayələri yazardılar.

«Divani» xətt növü öz rəsmiliyi, ciddiliyi ilə seçilir. Burada bütün hərflər eyni ölçüdə, eyni boyda yazılır, mətn çox sıx olur. Adından göründüyü kimi «Divani» xəttindən daha çox saray divanlarında, rəsmi idarələrdə istifadə olunurdu.

«Qubari» isə ən kiçik xətt növüdür (Qubar - toz, torpaq dənəsi deməkdir). Bu xətdən boyundan asılan Quranların, kiçik Yasin çərəkələrin, miniatür kitabların yazılışında istifadə edilirdi. «Qubari» xətt növü ən çətin və ən az işlənən xətt növüdür. Həqiqətən də kibrit qutusu boyda kitabda bütöv Quranı yerləşdirmək hər xəttatın işi deyildi. Məşhur türk xəttatı Mustafa İzzət Əfəndi Quranın «Fatihə» surəsini bir tut yarpağı üstünə sığışdıra bilirmiş.

Bunlardan başqa şərq xəttatlığında onlarla başqa xətt növləri də mövcuddur. Lakin hamısının xarakteristikasını vermək, çox vaxt aparacağına görə onların üstündən keçməyə məcburuq.

Hərf içində şəkil – şəkil içində hərf

Hicrətdən yeddi-səkkiz yüz il sonra müsəlman dünyasında bütpərəstlik meylləri tam sovuşduqda, yavaş yavaş rəssamlıq - miniatür sənəti yaranmağa başladı. Lakin bundan əvvəl xəttatlar öz daxillərindəki estetik təxəyyülə, rəsmə olan tələbata başqa cür çıxış tapmışdılar - tuğralar, şəmaillər, müasir dillə desək, pannolar icad etmişdilər ki, bunun da kökü uyğur-çin nəqqaşlığına gedib çıxırdı. Rəssamlığa icazə verilmədiyi vaxtlarda xəttatlar hərflərdən, sözlərdən şəkil çəkdilər və bu şəkillərdə fırça mazoklarının qələm cizgilərinin yerini hərflər tuturdu - əgər «Bismillah» sözüylə məscid çəkilirdisə, «Əlif»lər onun sütunları, «Lam»lar onun günbəzləri, «Hey»lər pəncərələri olurdu və beləcə hərflərdən qurulmuş ecazkar rəsmlər meydana gəlirdi. Xəttatın bir rəsmdə nə qədər çox söz yerləşdirməyi onun ustadlığının göstəricisiydi.

Bir çox hallarda isə, götürülən mətnin məzmununa uyğun şəkil çəkilirdi. Misalçün, əgər Şiri-Xuda (Allahın şiri) ləqəbli Həzrət Əlinin şücaətindən bəhs edən bir hədis, yaxud kəlam götürüləndə, təbii ki, hərflərdən şir şəkli çəkilirdi, yaxud Nuh peyğəmbərin gəmisi haqqında Quran ayəsi yazılırdısa, təbii ki, hərflərin vasitəsiylə gəmi təsviri yaradılırdı.

Bu cür təsvirlər həm kitab səhifələrini bəzəməkçün istifadə olunurdu, həm də böyük ölçüdə çəkilib, çərçivəyə çalınır, divarlardan asılırdı. İndinin özünə qədər müsəlman dünyasında bu cür pannoları dini tədris mərkəzlərində, mədəniyyət ocaqlarında, ən nəhayət isə dindar insanların evlərində görmək mümkündür.

***

«Elm Çində də olsa, onu öyrənməyə gedin» - Məhəmməd peyğəmbərin bu kəlamı ümumilikdə islam aləmində tədrisə, elmə verilən yüksək qiymətin göstəricisidir. Elm, təhsil isə ilk əvvəl yazıdan başlayır, belə demək olarsa yazı elmin açarıdır.

«Alimin mürəkkəbi şəhidin qanı qədər qiymətlidir» - yenə də yazı, yenə də mürəkkəb - adi mürəkkəb yox, şəhid qanı qədər ali, uca tutulan mürəkkəb!

Əlbəttə, kiçik bir yazıda şərq xəttatlığı kimi böyük bir inəsənət sahəsini tam əhatə etmək mümkün deyil. Lakin hazırda haqsız olaraq kölgədə qalmış, bu sənət haqqında oxucularda azacıq da olsa təəssürat yaratmağa çalışdıq. Hər halda yüzilliklər boyu əcdadlarımızın, ulu babalarımızın zəhmətinin, istedadının, təxəyyülünün məhsulu olan gözəl bir sənət növünü unutmaq haqsızlıq olardı. Tarix unudanları sevməz! Necə deyərlər, unutma ki, unudulmayasan!

# 4760 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #